Adımız,
soyadımız və milliyyətimiz
Milli mədəniyyətin əsas
göstəricilərindən olan dil onu yaradan
və o dildə danışan xalqın tarixi, ictimai şüuru, təfəkkürü və səviyyəsi
ilə sıx əlaqədədir. Dil öz lüğət tərkibi ilə ictimai şüuru, milli özünüdərki ifadə edir. Məhz bu səbəbdən
dil cəmiyyətdə və dövlətdə
tarixən ictimai-siyasi mahiyyət
daşımışdır. Tarixdə millətlərin assimilyasiya prosesləri dil
vasitəsi ilə baş vermişdir.
Misal
üçün, etnogenetik
cəhətdən slavyan olmayan
türk tayfası bulqarlar
(müasir bolqarlar) provaslav-xristian dinini qəbul
etməklə slavyan dilinə keçmiş və slavyanlaşmış (bu hadisə ruslara və
ukrainlərə də aiddir), ərəb olmayan Şimali Afrika xalqları (Misir, Əlcəzair,
Liviya, Tunis, Mərakeş)
İslam dininə və din
vasitəsilə ərəb dilinə keçməklə
ərəbləşmişlər. Bu
sıraya, başda məmlüklər olmaqla, İslam ordusunun əsasını təşkil etmiş muzdlu
oğuz-qıpçaq tayfalarını da
əlavə etmək olar. Hun imperiyasının konfederativ tayfalarından olan
və Atillanın göstərişi ilə İranla
sərhədlərdə yerləşdirilmiş qədim türk tayfaları talaslar
(Orxon-Yenisey yazılı abidələrdə
taliş), kurtlar (kürd), tatlar (müq. et: tatar)
farslarla etno-linqvistik təmaslar
nəticəsində irandilli olmuş, Şimali Qafqazda yerləşdirilmiş bir
çox qədim türk
tayfaları (avarlar, qırızlar, saxurlar və s.) yerli dillərə keçməklə
"dağıstanlılaşmışlar". Bu qəbildən olan hadisələr
dünya tarixində öz
əksini tapmışdır.
Qədim
zamanlardan dil məsələsi
Avropa cəmiyyətlərində
aktuallıq kəsb etmişdir. Dilə nəzarət
baxımından XVII-XVIII əsrlərdə Aleksandriya
qrammatikasında qrammatik norma
koyne, Gənc qrammatiklər dövründə
uzus adlandırılırdı. Bu gün bir
çox Avropa ölkələrində
dilə nəzarət edən qurum linqvistik polis adlanır. KİV-də, bədii ədəbiyyatda dil baxımından yol verilmiş bircə səhvə görə belə,
vətəndaş məhkəmədə iddia
qaldırarsa və onun iddiası mütəxəssislər
tərəfindən təsdiq edilərsə, məhkəmənin
qərarına əsasən günahkar tərəfindən
iddiaçının nəfinə cərimə köçürülür. Fransada
hansısa yeni bir termin, yaxud neologizm parlamentdə xüsusi
komissiyada müzakirə olunur
və rəy verilir. Deyilənlərdən
belə bir nəticə çıxarmaq olar ki, yaxud
demək olar ki, dil uşaq kimidir
- onu nəzarətsiz qoymaq
olmaz! Prezidentimiz cənab İlham Əliyevin
2012-ci ilin may
ayında dilimizlə bağlı imzaladığı sərəncam
dil tariximizdə böyük
hadisədir. Ümid edirəm ki, bu sərəncama əsaslanaraq,
əlaqədar təşkilatlar ölkədə dil situasiyasına nəzarət edəcək və
hüquqi baxımdan səlahiyyətli olacaq mərkəz yaradacaqlar.
Bu gün
ölkədə dil situasiyasına nəzarət edən
orqanın olmaması üzündən bu
sahədə böyük problemlərimiz var. Radio-telekanalların, reklamların, hətta
dərsliklərin (!) dilində, küçə (Sverdlovski-!), meydan,
ictimai-iaşə ("Monte-Karlo"),
ticarət obyektlərinin (Oboy evi), yaşayış məntəqələrinin
(Badamdar), müəssisə, təşkilat,
idarə (Milli Raketdən Müdafıə
Qoşunları-!) adlarında ciddi problemlər
var. Təsəvvür edin ki, cənub
rayonlarından birində, Azərbaycan toponimiyasında, xəritələrdə
həmişə Bolqarçay (qədim türk bulqar tayfası) kimi qeydiyyatda olan hidronim kimlər tərəfindənsə,
hansısa məqsədlə dəyişdirilərək, çay kənarındakı lövhələrdə
Balharu yazılmışdır! Oxşar misallar çoxdur. İmkan olanda bunlardan bəziləri
haqqında fikirlərimi KİV-də dəfələrlə
bildirmişəm. Bu məqalədə isə
həm dilimizlə, həm mədəniyyətimizlə, həm
də nüfuzumuzla bağlı olan, eyni zamanda
dilçiliyin obyekti olan antroponim və etnonim məsələlərinə toxunmaq istəyirəm.
Hər
bir dilin onomastik leksikasında antroponim,
toponim və etnoqrafizmlər dil daşıyıcılarının tarixinin araşdırılmasında zəngin faktik material mahiyyəti
daşıyır. Bu baxımdan, antroponimləri
xüsusi qeyd etmək
lazımdır. Antroponimlər dil
daşıyıcılarının etnik mənşəyi,
etnopsixologiyası, dünyagörüşü,
inancları və mədəni səviyyəsi ilə sıx
bağlıdır. Hər bir xalqın
antroponimləri onun mənəvi və maddi dünyası ilə, ayrıca götürülmüş bir
şəxsin mənsub olduğu nəslin,
ailənin səviyyəsi, cəmiyyətdə tutduğu
mövqeyi ilə sıx
bağlıdır.
Bəzi
xalqların şəxs adları əsasında yuxarıda
deyilənləri nəzərdən keçirək. Müasir alman antroponimiyasında qədim germanlarda müqəddəs heyvanlar
anlayışı ilə bağlı Wolfraban (wolf- "qurd/canavar" + -raban "qarğa" (qədim german
mifologiyasına əsasən, tanrı Odinin
hər çiynində bir qarğa
oturur; onlar
gördükləri, eşitdikləri hər şey
barədə onun qulağına
pıçıldayırlar; tanrının
qarşısında iki canavar/qurd olur), Eberhard
(eber- "qaban"), Berhard (ber- "ayı"), Arnbrecht (arn- "qartal") kimi şəxs
adları mövcuddur. Müasir ərəblərdə
Tinqiz (türkizm
"dəniz", müq. et:
Tengiz, Çingiz), Əsəd, Abbas,
Arslan (türkizm - slavyan dillərində, o
cümlədən, rus dilində söz önündə a səsi işlənmədiyindən
türk dilindən alınma Arslan antroponimi - Ruslan şəklinə düşmüşdür
(müq. et: türk altun rus latunğ)) "aslan, şir", Arslan-Tuqmas (türkizm - "aslan doğmuş") kimi adlarla yanaşı, tərkibində
kərtənkələ, ilan, əqrəb,
it, tülkü, meymun, eşşək, donuz
(!) və s. anlayışlı tərkibləri olan zooantroponimlər
də var.
Rus
antroponimiyasında quş, qarğa, toyuq, durna və s. ornitonim, ağcaqanad,
milçək, çəyirtkə və s.
həşərat adları, şir, canavar/qurd, qoyun,
keçi, donuz və s. zoonim, çəkic, bel, biz, malakeş
və s. alət adları, corab,
papaq, kürk, beret və s. geyim adları, açar, qutu, balış, tava və
s. ev əşyaları,
çörək, kolbasa (türkizm), kisel, pivə, sala, bublik və s. yemək adları, baraban,
skripka, duda (türkizm tütək) və s.
musiqi alətlərinin adlarından
yaranmış soyadları mövcuddur. Oxşar soyadları yunanlar
üçün də səciyyəvidir.
Qeyd etmək lazımdır ki, rus antroponimiyasında
ağcaqayın, göbələk, turp, gicitkan və s. fitonim tərkibli çoxlu
sayda antroponimlər olduğu
halda, qadın adlarında gül
adı tərkibli bircə ad belə, yoxdur. Roza
"qızıl gül", Jasmin "yasəmən"
adları, müvafiq olaraq,
Avropa və türk mənşəlidir.
A.V.Superanskaya qeyd edir ki, rus
və ərəb antroponimiyasında fiziki
çatışmazlıqları əks etdirən şəxs
adları çoxluq, gözəlliklə
bağlı adlar isə azlıq təşkil
edir. Aşağıda isə Azərbaycan
antroponimiyasını nəzərdən keçirək.
Adımız.
Qədim türk antroponimiyasının bariz nümunəsi Oğuz
xaqanın oğullarının adlarıdır:
Gün xan, Ay xan, Ulduz
xan, Göy xan, Dağ xan
və Dəniz xan. Oğuz
(~ öküz) zooetnonimi
qədim türklərin öküz
totemindən yaranmışdır. İçərişəhərin
Qoşa qala
qapısının üstündəki lövhədə oyulmuş, sağında və solunda
aslan olan öküz tarixi
faktdır. "Oğuz kağan"
dastanında çəkilmiş göy öküz şəkli Tanrının
yaratdığı yerin rəmzidir. Öküz həm də mifoloji
ananın atributu kimi
çıxış edir. Bunu
mifoloji ananın digər atributu
olan Umayın (qədim türklərdə
öküz zooniminin sinonimi olan Buğa
antroponimi də olmuşdur)
üçbuynuzlu olması da təsdiqləyir. Qədim
türklərə görə, öküz
yerin, suyun hamisidir və türklərin mifoloji
inanclarında yer göy
öküzün üstündə qərar
tutmuşdur. Öküz
türk mifoloji
sistemində göylə bağlı şəkildə təqdim
olunur. Əski çağlarda
türklər Ayı göy saqqallı öküz şəklində təsəvvür
edirdilər. Bunu Türkmənistanda Altıntəpə (e.ə.
III-II miillik)
qazıntıları zamanı tapılmış, alnında
firuzədən düzəldilmiş Ay təsviri
olan qızıl öküz
başı da təsdiq edir
[Füzuli Bayat].
Məhz bu səbəbdən
qədim zamanlardan müasir
dövrədək türk xalqlarında, o cümlədən azərbaycanlılarda
sözügedən səma cismləri və dənizlə
bağlı adlar (Aygün,
Ayxan, Günəş, Günay,
Gündüz (Günel,
Elgün antroponimlərində isə gün formantı qəd.
türk kün "el, oba, yurd,
dövlət" sözünün fonetik variantıdır. S.Vurğun
bu sözü sinonimik cərgəyə
salmışdır: "Elim, günüm, obam sənsən".
Qədim türk küntegin (kün "el, oba, dövlət" +
tegin "şahzadə") sözü fonosemantik diferensiallaşmaya məruz qalaraq
müasir dil
daşıyıcıları tərəfindən Güntəkin
"günə oxşar" mənasında
qavranılır), Ulduz, Çingiz
tengiz ~ dəniz və s.)
geniş yayılmışdır.
Tarixən qədim türk antroponimiyasının böyük
əksəriyyətini zoonim (buğa, bars "pələng",
arslan, tonqa "bəbir",
durna, laçın və s.),
metal (altun, dəmir, polad, bağır "mis"
və s.), qiymətli daş
(almaz, yaqut, inci və s.), rütbə
(xaqan, xan, erkin "general", xatun və s.), müsbət
keyfiyyət, mənşə bildirən (bilgə "müdrik", alpan, bahadur "igid", inancu "etimadlı, etibarlı", tat "yad",
qıpçaq, səlcuq və s.) anlayışlı sözlərdən
yaranmış kişi və qadın
adları təşkil etmişdir. Lakin tarixin müəyyən mərhələlərində
yəhudi dinini qəbul etmiş
türklərin (xəzərlər, karaimlər)
antroponimiyasında yəhudi mənşəli,
xristianlığı qəbul etmiş
türklərin (çuvaşlar, qaqauzlar, Sibir türkləri)
antroponimiyasında xristian, xüsusən də,
rus mənşəli ad
və soyadları vüsət aldı.
İslamı qəbul etmiş türk xalqlarının antroponimiyasına külli miqdarda ərəb
mənşəli adlar daxil
olmağa başladı. Qeyd
etmək lazımdır ki, tarixən ərəb
antroponimiyasına daxil olmuş
yəhudi mənşəli (Qabriel - Cəbrayıl,
Avraam - İbrahim, İonis - Yunis, İosif - Yusif (Yusuf, Usub) Asif, Solomon
- Salman Süleyman, Samuel - İsmayıl
və s.) adlar da, mexaniki olaraq, türklər tərəfindən
"müsəlman adları" kimi
alınmışdır. Ərəb
mənşəli adlar sırasında, bütün müsəlmanlarda olduğu
kimi, statistik
baxımdan, Peyğəmbərin (məncə, müsəlman
aləmində Peyğəmbərin
adının qoyulması qadağan
olunmalı idi, çünki
bilmək olmaz ki, bu uşaq böyüyəndə
hansı tərbiyənin, davranışın, peşənin,
məşğuliyyətin sahibi olacaq...) (Muhammad Məhəmməd / Məmməd / Maqomet / Mehmet / ... ), ilkin xəlifələrin
- Əbubəkr, Ömər, Osman, Əli
adları üstünlük təşkil edir. Qəribəsi budur ki, şiə təriqətindən
olanlar İslam ordusuna rəhbərlik etmiş,
Peyğəmbəri iki dəfə xilas etmiş və
Peyğəmbərin vəsiyyətinə görə, qəbirləri
yan-yana olan II xəlifə
Ömərin, İslam mədəniyyətinin
inkişafında (Qurani-Kərimin ilk nəşri,
rəsədxanaların tikilməsi, mədrəsələrin
yaradılması) xüsusi rolu olmuş III xəlifə
Osmanın adını uşaqlarına qoymurlar,
şiə imamlarının (Əli, Həsən, Hüseyn, Cəfər, Rza
və s.) adlarına üstünlük
verirlər.
XIX
yüzilliyin sonlarından, XX yüzilliyin əvvəllərindən başlayaraq Azərbaycanda və Türkiyədə
milli təfəkkür sahəsində
özünütanıma prosesləri başlayır. Məhz bu dövrlərdə şair
və yazıçılarımızın əsərlərində,
xüsusən də, baş surətlərin
adlarında türk mənşəli adlar vüsət alır. Təkcə
C.Cabbarlının əsərlərində özünün
yaratdığı çoxlu türk özəlli adlar var (Almaz, Yaşar,
Aydın, Sevil və b.).
H.Cavid oğlunu Ərtoğrul,
qızını Turan
adlandırmışdı. Tanınmış rəssamımız
Toğrul Nərimanbəyovun da adı (anası fransız olmasına baxmayaraq) həmin illərdə qoyulmuşdu. Həmin illərdə
Azər, Aslan, Şahin,
Qorxmaz, Polad, Çingiz, Aygün, Sevinc, Sevil, Gözəl, Arzu və
s. milli
adlarımızın sayı artmağa
başlayırdı. Lakin keçən əsrin
30-uncu illərində sovet rejimi
tərəfindən ziyalı təbəqəsinin məhv edilməsi
nəticəsində antroponimiya sahəsində
də milliləşmə prosesi sönməyə
başladı. Məhz bu vəziyyətin
nəticəsi olaraq, antroponimiyamızda Sovet, Oktyabr, Yanvar, Traktor, Kombayn (Qambay), Vilen (Vladimir İliç Lenin), Vladlen (Vladimir Lenin), Mels (arks,
Engels, Lenin, Stalin), Sveta (
Azərbaycan ziyalılarını kütləvi surətdə
məhv etmiş Stalinin
qızı Svetlananın şərəfinə!), sovet məmurunun
vəzifə adı Narkom kimi siyasi mahiyyət daşıyan adlar
peyda olmağa
başladı. Bundan başqa,
tarixi saxtalaşdırma, ruslaşdırma
siyasətinin nəticəsi olaraq,
sonrakı illərdə rus əyan
rütbəsi Knyaz, Xəzərin Azərbaycan
sahillərində talançılıqla, qarətçiliklə,
dinc əhalini qırmaqla
məşğul olmuş dəniz quldurunun adı - Razin, motivi aydın olmayan Prikaz "əmr" və s.
kişi adları, Alla,
Nataşa, Tanya, Maya, Novella, Natella və s. qadın
adları, "müasirləşmə" yönündə
Otello, Hamlet, Elton, Emil, Edison, Edelman (sonuncu iki "ad" Avropa mənşəli soyadlarıdır) kimi Avropa mənşəli
adlar ayaq tutub yeriməyə başladı. Sovet sistemində formalaşmış, milli şüurdan uzaq düşmüş bəzi
valideynlər uşaqlarının adlarının etnolinqvistik, etnopsixoloji tərəflərini
düşünməmişlər. Sual olunur: ruslar, avropalılar öz uşaqlarına Azərbaycan mənşəli
adlar qoyarlarmı? Yaxud,
Sofiya, Afina, Tehran, İsfahan, Tiflis (hətta Yerevan!) şəhərlərinin sakinləri
uşaqlarını Bakı, Naxçıvan, Şuşa,
Təbriz, Ərdəbil, misirlilər, əgqanlar
uşaqlarını Azərbaycan, Türkman
adlandırardılarmı?
Son dövrlərdə,
xüsusən də müstəqillik illərində şəxs
adları sahəsində nəzərəçarpacaq
dərəcədə ziddiyyətlər yer
almışdır. Bir tərəfdən mənası şəffaf, ürəkaçan,
türk mənşəli Atilla,
Alpər, Elsevər, Uğur, İlkin, Ümid, Erkin, Türkan, İnci, Tuncay,
Banuçiçək, Burlaxatun, Taclıbəyim
və s. adlar, digər
tərəfdən, mənəvi-etik cəhətdən
yolverilməz, Məşuqə, Cəllad, gələcəkdə
gülüş obyekti
olacaq Sərxoş, Limonad,
Limonə kimi adlara rast gəlirik. Övladına, heç
bir mənası olmayan,
özü dediyi kimi, "qəşəng səsləndiyinə
görə" Nani adı qoyan valideyn
düşünməlidr ki, gələcəkdə
bu qız uşağının adı bağçada, orta, ali məktəbdə dostları
arasında gülüş obyekti olacaq. Kimisi onu nənə, kimisi nanə, kimisi nənni,
kimisi də nyanya (rus. "dayə") çağıracaq. Bu qız böyük
yaşlarında da öz
adından utanacaq, kiməsə özünü təqdim edərkən
sıxılacaq, onda əksiklik kompleksi yaranacaq! Bu silsiləyə heç
bir mənası olmayan,
yalnız səs yığımı olan Elmar, Elnar, Elnarə,
Gülmirə, Aynel, Aelin,
Elina, Elvin, Elvina, Elvir, Elvira və s. adları da əlavə
etmək olar. Məlumdur ki, ərəb dilində cins
kateqoriyası zəminində ərəb mənşəli Cəmil,
Firuz, Adil, Kamil, Ramiz və s. kişi adlarına
qadın cins göstəricisi -ə (tə-mərbutə)
əlavə etməklə Cəmilə,
Firuzə, Adilə, Kamilə, Ramizə və s.
qadın adları yaranır. Bu qəbildən
olan qadın adlarını türklər
(təkcə türkiyəlilər yox, bütün türklər nəzərdə tutulur) ərəblərdən tarixən bu şəkildə almışlar. Lakin son dövrlərdə
dilində cins kateqoriyası olmayan türklərdə,
o cümlədən, azərbaycanlılarda
türk mənşəli kişi
adlarına sözügedən -ə sonluğu
qoşmaqla qadın adı yapmaq
dəbə düşmüşdür. Misal üçün, Anarə, Turanə (Turan toponimi ana vətən anlayışı ilə
bağlı olduğu üçün
H.Cavid qızına Turan adı qoymuşdu.
Türkiyəlilərə gəlincə, Turan - oğlan, Nəriman
isə qız adıdır!), Şahinə, Etibarə,
İlqarə və s. İş
burasındadır ki, etibar
və ilqar ərəb mənşəli
sözlər olsa da, ərəblərdə
belə şəxs adları yoxdur. İstisna olunmur ki, belə getsə, Çingizə, Yaşarə,
Aydınə, Teymurə və s. kimi "adlar" da meydana çıxacaq! Vacib bir məsələni
də qeyd etmək lazımdır: bizdə
son illərdə bəzi adlar
həm qızlara, həm də oğlanlara
qoyulur (Məhəbbət, Ədalət,
Qüdrət, Şəfaqət, Şirin,
Almaz, Günəş, Arzu,
İzzət və b.). Belə ikitərəfliliyin
həmişə ad
daşıyıcısının adı ilə bağlı
mübahisələrə, sıxıntılara,
narahatlıqlara səbəb olduğunun şahidi olmuşuq. Başqa xalqların antroponimiyasında belə
təzadlara rast gəlməmişəm. Təəssüflər olsun ki, tarixən fars dilindən
alınma, mənfi mənalı sərbəst "başı
bağlı" (sərbəst olmayan), gümrah "yolunu itirmiş", "azmış" kimi sözləri semantik cəhətdən
təhrif edərək müsbət məna
aşılamışıq! Bəzi adlarımız da həmin yolu keçmişdir, misal üçün, səs baxımından
gözəl səslənən Afət adı.
(ardı var)
Etibar
İNANC,
AMEA Dilçilik İnstitutunun
böyük elmi işçisi, filologiya
üzrə
fəlsəfə
doktoru
Elm.- 2013.- 23 yanvar.- S.14.