Qədim Çinin terrakot ordusu

 

Kiçik ölçülü terrakot plastikası Neolit dövrünün bütün mədəniyyətləri üçün səciyyəvidir. Qədim Yunanıstanda, Çində, Hindistanda, Amerikada və Romada məbədlərin tikintisində bu materialdan geniş istifadə edilmişdir. Tsin sülaləsinin (Çin) məşhur terrakot ordusu qədim terrakot heykəltəraşlığının ən bariz nümunəsidir.

 

Çin kəndliləri Sian ətrafında tez-tez qəribə gil kəllələr tapırdılar. Kəndlilər qədim tapıntıları uğursuzluq rəmzi hesab etdiklərindən onlara toxunmurdular.

Lakin 1974-cü ildə sadə Çin kəndlisi Yan Ci Van həyətyanı sahəsində su quyusu qazmaq qərarına gəlir. O, 5 m dərinlikdə tam ölçülü qədim döyüşçü heykəli ilə qarşılaşır. Arxeoloqlar kəndlinin bu tapıntısından heyrətə gəlirlər. Artıq kompleks qazıntılar zamanı alimlər buradan bütöv bir ordu - minlərlə fiqur üzə çıxardırlar. Şübhəyə yer qalmamışdı - gil əsgərlər Çinin əfsanəvi hökmdarlarından biri olan Tsin Şixuandinin ölümündən indiyədək 2 min ildən artıq bir dövrdə torpaq altında olmuşlar.

Hal-hazırda həmin bu tarixi tapıntının yerində böyük bir şəhər yaranmışdır. Üç böyük  pavilyon ilk Çin imperatorunun yeraltı ordusunu yağıntılardan və qarətçilərdən qoruyur. 25 ildən artıq bir dövr ərsində davam edən qazıntıların sonu görünmür. 1980-ci ildə alimlər ikinci cərgənin qazıntısını başa çatdırmışdılar - burada 2 min fiqur, 1994-ci ildə isə yeraltı baş qərargah- yüksək rütbəli hərbi rəislərin heykəlləri aşkar edildi. Sənətşünaslar hesab edirlər ki, Tsin dövrünə aid olan bu parkın inşasına 30 ildən artıq vaxt sərf olunmuşdur. Qədim dünyanın möcüzələrindən hesab olunan bu terrakot ordunun yaradılmasına 700 min usta cəlb edilmişdir. Çinliləri bu nəhəng kompozisiyanın yaradılmasına böyük güc və vəsait sərf etməyə nə vadar edirdi? Və bu yerlərin qumsal torpaqları daha nələri gizli saxlayır?

Bu suallara cavab tapmaq üçün ilk Çin imperatorunun zamanına müraciət etməli oluruq.

Yeddi çarlıq arasında uzun müddət davam edən qanlı mübarizə Tsinin mütləq qələbəsi ilə tamamlandı.  Çin tarixində ilk dəfə olaraq torpaqlar vahid hakimiyyət altında birləşdirildi.  Gənc, təkəbbürlü Çin Şixuandi özünü imperator elan edərək islahatlar yolu ilə dövləti möhkəmləndirməyə başladı. Gələcək parçalanmaların qarşısını almaq məqsədilə imperiya hərbi və mülki iki canişin tərəfindən idarə olunan 36 dairəyə bölündü. Məğlub edilmiş çarlıqların əlyazmaları və kitabları yandırıldı, yeni rejimi qeyri-qanuni hesab edən 460 alim edam edildi.

Böyük Çin səddi məhz bu dövrün məhsuludur. O, indiyədək dünyanın ən nəhəng tikililəri sırasındadır. Eyni zamanda, yüz minlərlə fəhlə Tsin üçün sərdabə tikintisinə cəlb edildi. Hal-hazırda hündürlüyü 47 metr olan kurqanın ilk hündürlüyü 120 metr olmuşdur. Ətrafda həcmi çətinliklə təsəvvür olunan ölülər şəhəri yaradılmışdı. 1974-cü ildə aşkar edilmiş terrakot ordu bu  nəhəng kompleksin cüzi bir hissəsi imiş. Qədim Çin ənənəsinə görə, imperator özü ilə bərabər 4 000 gənc əsgəri də axirətə aparmaq niyyətində imiş.  Lakin müşavirləri onu bu fikirdən uzaqlaşdıra bilmişdilər. Bu cür ağlasığmaz addım çevrilişə səbəb ola bilərdi.  Elə həmin dövrdə də canlı adamların yerinə gil heykəllərin dəfni planlaşdırılır. Beləliklə, zərgər dəqiqliyi ilə hazırlanmış 8 000 üzü şərqə tərəf çevrilmiş əsgər heykəli "dəfn edildi". İmperatorun darmadağın etdiyi çarlıqların ərazisi məhz şərqdə yerləşirdi. Əsgərlərin heç biri digərinə bənzəmir. Bu da ilk növbədə çoxmillətli imperiyanın göstəricisidir: onların arasında təkcə çinlilərə deyil, monqollara, uyğurlara, tibetlilərə və s. rast gəlmək mümkündür. Geyimlər, ayaqqabılar, yaraq-əsləhə o dövrün dəbinə münasib seçilmişdir. Heykəltəraşlar yalnız əsgərlərin boyunda mübaliğəyə yol vermişlər - heykəllərin hündürlüyü 1,90-1,95 metrdir. Əlbəttə, Tsinin əsgərlərinin boyu bu dərəcədə hündür olmamışdır. Hazır heykəllər böyük sobalarda yüksək temperaturda bişirildikdən sonra ölkənin ən yaxşı rəssamları tərəfindən təbii boyalarla rənglənirdilər. Qazıntılar zamanı hələ də parıltılı boya qalıqlarına rast gəlmək mümkündür.  Təəssüf ki, açıq havada boyalar bir neçə dəqiqədən sonra yoxa çıxır.

Məqbərə enli divarlarla 11 dəhlizə bölünmüşdür. Tsin Şixuandinin ölümündən sonra hakimiyyətə gələn oğlu gücsüz və iradəsiz Er Şixuandinin fəaliyyəti xalqın qəzəbinə səbəb oldu.  Genişlənməkdə olan kəndli üsyanını yatırtmaq mümkün olmadı. İlk məğlubiyyətə uğrayan da elə imperatorun terrakot ordusu oldu. Hiddətlənmiş kütlə "hərəkətsiz" ordunu darmadağın etdi, yandırdı, torpaq altında gizlədilmiş 8 000 əsgərə məxsus yay, ox, qılınc və qalxan və s.-dən ibarət silah dəsti ələ keçirildi. Qeyd etmək lazımdır ki, bu yalnız məntiqsiz vandalizm deyildi,  dağıntı sırf praktiki mahiyyət kəsb edirdi: üsyançılar silah əldə etmək üçün yalnız bu yoldan istifadə edə bilərdilər. Tsin Şixuandi öz hakimiyyətini sığortalamaq məqsədilə əhalidə olan bütün silahları yığdırmışdı. Beləliklə, hakimiyyət qoşunları darmadağın edildi, böyük imperatorun fərsiz oğlu saray əyanlarından biri tərəfindən öldürüldü.

Uzun əsrlər boyu qarətçilər imperator sərdabələrində xəzinə axtarışında olmuşlar. Bəzilərinin axtarışları həyatı bahasına başa gəlmişdir. Arxeoloqların məlumatına görə, qazıntılar zamanı bir dənə də olsun insan skeleti tapılmamışdır. Bu gün Tsin Şixuandi dövrünə aid olan bir gil kərpicin qiyməti on minlərlə dollara bərabərdir. Yalnız bir kərpicə malik şəxs Pekin ətrafında əməlli-başlı mülk ala bilər. Qədim mənbələrə görə, Tsinlə bərabər böyük bir xəzinə də dəfn edilmişdir. Lakin nə bu xəzinə, nə də birinci imperatorun qiymətli tacı indiyədək tapılmışdır. Bəzən imperatorun əslində tamamilə fərqli bir yerdə dəfn edildiyini və haqqında bəhs olunan sərdabənin dekorasiya olduğunu iddia edirlər. Bunun həqiqət olub-olmadığını müəyyənləşdirmək isə arxeologiya elminin üzərinə düşür.

 

 

İnternet materialları əsasında hazırladı: Ülviyyə MƏMMƏDOVA

 

Elm.- 2013.- 23 yanvar.- S.16.