Azərbaycanda ingilis dilində nəşr edilən ilk "Məhkəmə təbabəti" kitabı

 

 Məhkəmə-tibbi ekspertiza hüquq-mühafizə orqanlarının fəaliyyəti zamanı ortaya çıxan  tibbi-bioloji xarakterli sualların öyrənilməsi və cavablandırılması ilə məşğul olan ekspertiza sahəsidir. Onun elmi bazasını isə məhkəmə təbabəti elmi təşkil edir. Odur ki, hüquq və tibbin sərhədində yerləşən bu elm sahəsinin yaxşı mənimsənilməsi həm tibb, həm də hüquq fakültələrinin tələbələri üçün vacibdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da ali məktəblərin tibb, stomatologiya və hüquq fakültələrinin sonuncu kurs tələbələrinə məhkəmə təbabəti fənni tədris olunur.

 

Məhkəmə təbabəti elmi hüquq elminin tələblərinə uyğunlaşaraq inkişaf etdiyindən bəzən onu "hüquqda təbabət" də adlandırırlar. Məhkəmə ekspertizaları elminin bir sahəsi olan məhkəmə təbabətinin respublikamızda inkişafda olması çox vacibdir. Həyat və sağlamlıq əleyhinə olan cinayətlərin açılmasında məhkəmə-tibbi ekspertizanın xüsusi yeri vardır. Odur ki, hüquq və tibb fakültələrinin tələbələri bu fənni yaxşı mənimsəməlidirlər.

Qeyd edək ki, ölkəmizdə məhkəmə təbabəti fənni üzrə Azərbaycan və rus dillərində ədəbiyyat olsa da, xarici dildə ədəbiyyata böyük tələbat yaranmışdır. Bu tələbat ondan irəli gəlir ki, son illər Azərbaycanın ali hüquq və tibb təhsili müəssisələrində xarici ölkələrdən gəlmiş yüzlərlə əcnəbi tələbə ingilis dilində təhsil almalarına baxmayaraq universitetlərimiz onları ingilisdilli dərsliklərlə təmin etməkdə çətinlik çəkirlər. BDU və ATU-nun professoru, tibb elmləri doktoru Vüqar Məmmədov bu tələbatı nəzərə alaraq bu yaxınlada 536 səhifədən ibarət ingilis dilində "Forensic Medicine" ("Məhkəmə təbabəti") dərsliyini çap etdirmişdir. Bu dərslik ilk növbədə Azərbaycan təhsil sisteminin və alimlərimizin əcnəbi tələbələr qarşısında imicinin yüksəlməsinə xidmət edir. Bu kitab həmçinin məhkəmə təbabəti mövzusu ilə ingilis dilində məşğul olmaq arzusunda olan yerli tələbələr, doktorantlar və mütəxəssislər üçün də faydalıdır. Professor V.Məmmədovun dərslikdə əhatə etdiyi mövzular həm hüquq, həm də tibb fakültələrinin tələbələri üçün əhəmiyyətlidir.

9 fəsildən ibarət olan bu dərslik məhkəmə təbabəti sahəsində ingilis dilində tərtib olunmuş vacib tədris vəsaiti olmaqla yanaşı, mühüm praktiki və tətbiqi əhəmiyyətə malikdir, tədris prosesi zamanı böyük ehtiyac tələb olunan kitabdır. Çox sadə bir dildə, strukturlaşdırılmış şəkildə yazıldığı üçün, əminik ki, geniş oxucu auditoriyasının marağına səbəb olacaq. Hər fəsildə məhkəmə təbabətinin bir sahəsi (məhkəmə-tibbi tanatologiya, travmatologiya, toksikologiya, identifikasiya və s.) geniş şəkildə əks olunur. Bu kitab azərbaycanlı alim tərəfindən ingilis dilində məhkəmə təbabəti sahəsində yazılmış ilk əsərdir. Kitabın nəşrində müəllifə "İrəli" İctimai Birliyi, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Azərbaycan Gənclər Fondu maliyyə dəstəyi göstərmişlər.

Xarici və yerli mütəxəssislər tərəfindən dərsliyə ümumilikdə 11 müsbət rəy verilmişdir. Buna misal olaraq Dünya Tibbi Hüquq Assosiasiyasının fəxri prezidenti, UNESCO-nun Bioetika Kafedrasının rəhbəri, İsrailin Hayfa Universitetinin hüquq fakültəsinin professoru Amnon Karmi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasının müdiri, akademik Yuri Piqolkin və ABŞ Məhkəmə Elmləri Akademiyasının fəxri prezidenti, Amerika Tibbi Hüquq Assosiasiyasının İdarə Heyətinin rəhbəri, professor Siril Vextin rəylərini göstərmək olar. Bu 3 alim dünyada məhkəmə təbabəti və tibbi hüquq üzrə ən çox tanınan aparıcı mütəxəssislərdir. Belə ki, hal-hazırda rus dilində olan məhkəmə-tibbi dərsliklərin əksəriyyəti akad. Piqolkinin rəhbərliyi altında nəşr olunur. Prof. Karmi UNESCO-nun tibbi hüquq sahəsinə aid əksər elmi ədəbiyyatın və dərsliklərin müəllifidir. Prof. Vext isə Amerika və dünya məhkəmə təbabətinin son 50 ildəki ən gökəmli nümayəndəsidir. Onun yazdığı beşcildlik "Məhkəmə elmləri" dərsliyi  son 25 ildə hər il yenidən nəşr olunaraq ingilisdilli dünya üçün əsas dərs vəsaiti kimi yayılır. O, rəyində qeyd edir ki, son 50 ildə 18000 autopsiya keçirmiş və 38000 məhkəmə-tibbi ekspertizanın məsləhətçisi, o cümlədən prezident Con F.Kennedinin, senator Robert F.Kennedinin, Elvis Preslinin, Maykl Ceksonun və bir çox başqa məşhur şəxslərin ölümü ilə əlaqədar olan məhkəmə tibbi ekspertiza komissiyalarının rəhbəri olmuşdur. Professor Siril H.Vext öz rəyində qeyd edir ki, ABŞ Məhkəmə Elmləri Akademiyasının aktiv üzvü olan azərbaycanlı alim, prof. Vüqar Məmmədovun "Məhkəmə təbabəti" kitabı tələbələr, həkimlər, hüquqşünaslar və bu sahənin mütəxəssisləri tərəfindən rəğbətlə qarşılanacaq. Amerikalı mütəxəssisin qeyd etdiyi kimi, həm Böyük Britaniyada, həm də ABŞ-da məhkəmə təbabəti, cinayət prosesi və ədliyyəsi sahəsində zəruri hazırlıq və təcrübə keçmiş prof. Vüqar Məmmədov bu mühüm nailiyyətinə görə tərifə layiqdir. Prof. Vextin rəyi tam şəkildə kitabda verilmişdir.

"Forensic Medicine" dərsliyinin Azərbaycanda rəsmi instansiyalardan keçib nəşr olunması üçün kitab ingilis dilindən Azərbaycan dilinə tərcümə olunub. Tərcümə əsasında Azərbaycan dilində də "Məhkəmə təbabəti" dərsliyi 521 səhifədə işıq üzü görmüşdür.

Yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd etmək istərdik ki, dünya və Avropa Tibbi Hüquq assosiasiyaları idarə heyətlərinin üzvü, UNESCO-nun eksperti, tibb elmləri doktoru, professor Vüqar Məmmədovun ingilis dilində çap etdirdiyi "Forensic Medicine" ("Məhkəmə təbabəti") dərsliyi dinamik inkişaf edən Azərbaycanın çağdaş dövrünün tələblərinə yüksək səviyyədə cavab verir. Ümid edirik ki, bu dərslik ondan istifadə edəcək azərbaycanlı və xarici tələbələrin məhkəmə təbabəti fənnini rahatlıqla mənimsəmələrinə,  cəmiyyətdə hüquq, tibb, ümumiyyətlə, məhkəmə təbabəti anlayışının qavranılmasına öz dəyərli töhfəsini verəcəkdir.

 

 

Ə.İ.ƏLİYEV,

Bakı Dövlət Universitetinin

hüquq fakültəsinin dekanı,

h.e.d, professor

 

Elm.- 2013.- 31 yanvar.- S.16.