İrəvan
xanlığının işğalından 185 il keçir
Ermənilərin Qərbi Azərbaycan ərazisində
görünmələri 1441-ci ildə erməni
katolikosluğunun Kilikiya ərazisindən Qərbi Azərbaycan
ərazisinə, Qaraqoyunlu dövlətinin torpaqlarına -
Üçkilsəyə köçürülməsindən
sonra başlamışdır.
Ermənilərin
İrəvan xanlığı ərazisindəki Azərbaycan
torpaqlarını, mülklərini hansı yolla ələ
almaları Mateadaranda qorunan 1687-ci il tarixli sənəddə
açıq şəkildə göstərilir: "biz (ermənilər
nəzərdə tutulur) bu xanlığın ərazisindəki
torpaqları ya satın alır, ya işğal edir, ya da
sahibinin əlindən çıxarır, ya rüşvət
verib alır, ya bəxşiş kimi əldə edir və
yaxud zorla ələ keçiririk".
Hüseynəli
xanın hakimiyyəti dövründə (1762-1783) İrəvan
xanlığının sərhədləri daha da genişlənərək
Şorayel bölgəsinə qədər uzanmışdı.
İrəvan şəhəri şimaldan Qırxbulaq, qərbdən
və cənubdan Zəngibasar mahalları, şərq tərəfdən
isə onu Qərbibasar (Körpübasar) mahalından ayıran
Oxçubert dağının daşlı pillələri ilə
həmsərhəd idi.
Rusiya
çarizminin İrəvan xanlığını zəbt etməsi
dövründə yalnız İrəvan şəhərində
8 məscid var idi. 1804-cü ilin mayında rus ordusu general Pavel
Sisiyanovun başçılığı ilə İrəvan
xanlığının ərazisinə hərəkət etdi.
Burada ruslar 12 top, 3572 piyada, 3 eskadron, 300 kazak və knyaz
Orbelinin başçılığı ilə 200 nəfər
gürcü knyazı və əyanlarından ibarət
qüvvə cəmləşdirdilər.
1804-cü
il iyulun 24-də rus qoşunları İrəvana hücuma
keçdilər. İrəvan qala qarnizonu 60 top və 7000 əsgərə
malik qüvvə ilə rus döyüşçülərinə
qarşı kəskin mübarizəyə qalxdı. Mənbələrin
yazdığına görə, İrəvan qalasının
birinci mühasirəsi vaxtı ruslar 2000-ə yaxın
döyüşçü itirdilər.
Tarixi mənbələrdə
İrəvan xanlığına rusların ikinci
yürüşünün qraf Qudoviçin
başçılığı ilə 1808-ci il oktyabrın
30-da olduğu qeyd olunur. İrəvan xanı Hüseynqulu xan rus
ordusuna qarşı Gərniçay sahilində gedən
döyüşdə məğlub oldu. Qudoviçin
qoşunları oktyabrın 3-də Zəngi çayını
keçərək İrəvan xanlığını
mühasirəyə aldı və şəhərin
komendantı Həsən xan Qacardan təslim olmağı tələb
etdi. 1808-ci il noyabrın 17-də
İrəvan qalasına rusların hücumu zamanı
döyüşçülərin sayı 3000 nəfərə
yaxın idi. Döyüşdə ruslar 1000 nəfərə
yaxın itki verib döyüşü dayandırmağa məcbur
oldular. Mənbələrin məlumatından aydın olur ki,
rus qoşunundan 17 zabit, 269 əsgər
öldürülmüş və 829 əsgər yaralanmışdı.
1808-ci il noyabrın 30-da Qudoviçin komandanlığı
altında ruslar Tiflisə qayıtmağa məcbur oldular.
1809-cu ilin
fevralında Qudoviç erməni mənşəli Tormosovla əvəz
olundu. Tormosovun 17 noyabr 1808-ci ildə İrəvan
xanlığını almaq cəhdi də baş tutmadı.
Rus
çarına sadiq qalan general İ.Paskeviç Qafqazda yerləşən
rus ordularının baş komandanı vəzifəsinə təyin
edildi.
İrəvan
qalasının üçüncü mühasirəsi
zamanı əhali 1827-ci il aprelin 27-dən iyunun
23-nə qədər təslim olmadı, mübarizəni
davam etdirdi.
Üçkilsədə
yığılan rus qoşunları 1827-ci il oktyabrın 29-da
Sərdarabad qalasını tutmağa və ələ
keçirməyə çalışdılar.
İrəvan
xanlığının müdafiəsini Hüseynqulu
xan və qardaşı Həsən xan öz qüvvələri
ilə təşkil etmişdilər.
Xanlığın qala hissəsi
1827-ci il sentyabrın 15-dən topa tutuldu. Sentyabrın
20-də rus qoşunları qalaya girə bilməsələr də, hərbi sursat və
ərzaq, 13 top, 14000 çetvert
buğda ilə dolu anbar, pambıq parça ələ
keçirdilər. "İrəvan xanlığı"
(Bakı, 2010) kitabında Paskeviçin
törətdiyi azğınlıqlar, dağıntılar,
şəhərin divarlarının dağıntıları
ətraflı şəkildə verilmişdir.
Rus qoşunlarının komandiri Paskeviç 1827-ci
il sentyabrın 21-də artilleriya
birləşmələrini Üçkilsəyə tərəf
yönəltdi. Qalanın müdafiəsinə xanın
qardaşı Həsən xan Qacar başçılıq edirdi.
İrəvanın rus orduları tərəfindən yenidən
mühasirəsi 24 sentyabr 1827-ci ildə
başladı. 3 gün ərzində qala artilleriya atəşinə
tutuldu, qala bürcləri
dağıldı. Ordu generalı Paskeviçin əmri ilə İrəvan
qalasına 40 top 1000-dən artıq mərmi
yağdırdı.
Qalada olan ermənilərin satqınlıq edərək
düşmənlə əlaqəyə girmələri vəziyyəti
daha da çətinləşdirdi.
Erməni çavuşları generalla əlaqəyə
girərək qalada yerləşən
müdafiəçilərin mövqeyini,
sayını, topların və hərbi sursatın yerini onlara bildirdilər.
Qalada
xanın təcrübəli topçuları
olmadığından atılan mərmilər başqa
əraziyə düşürdü. Bəzi
topların arxasında ermənilər durduğundan
onlar topları rus
qoşunlarına doğru deyil,
boş ərazilərə
tuşlayırdılar.
Qaladan kənarda
olan ermənilər də qalanın
tutulması üçün ruslara kömək edirdilər.
Erməni
satqınları oktyabrın 1-də yenə də
işğalçı rus qoşunu
ilə əlaqə yaradaraq qiyama qalxdılar. Onlar Həsən
xandan tələb edirdilər ki, qalanı ruslara təslim
etsin. Xanlığın şimal
qapılarını erməni satqınları rus
ordularının üzünə açdılar. Darvazalar açıldı və rus qoşunları qalaya soxuldular. Həsən xan etibar etdiyi adamları ilə
məsciddə müdafiə olunurdu. 6 günlük mühasirədən sonra qalanın divarları
dağıdıldı və 6 qvardiya
alayı şəhərə daxil oldu. Həsən xan
Qacarla bərabər qalanın
komendantı Sübhanqulu xan,
Təbrizli Əlimərdan xan, xüsusi tabor komandiri Qasım xan və
başqaları tutuldu. 1828-ci il martın 1-də çar
I Nikolayın xüsusi fərmanı ilə
rus işğalçıları qədim
Azərbaycan torpağı olan İrəvan
və Naxçıvan xanlıqları ərazisində
"Erməni vilayəti" adlı qondarma
qurum yaratdılar. Beləliklə, sonralar bu torpaqlarda
erməni dövlətinin, eləcə də Cənubi Qafqaz bölgəsində yeni
münaqişə ocağının yaradılmasının əsası
qoyuldu.
Ruslar
İrəvan qalası darvazasının
açarlarını, qala divarlarından ələ
keçirilmiş dörd
bayrağı şəhərin böyük
küçələrində nümayiş
etdirdilər. İrəvan qalasının ələ
keçirilməsi xəbərini eşidən çar
I Nikolay Riqadan tələsik
Peterburqa döndü.
Noyabrın 8-də qalanın işğalı
münasibətilə bütün ailə
üzvləri ilə birlikdə Qış sarayı kilsəsində
dua oxuma mərasimi keçirildi.
Erməni
satqınlığı, xəyanəti nəticəsində ordu generalı Paskeviç
qraf titulu aldı. Paskeviçin əmri ilə 1827-ci il oktyabrın 2-də İrəvan
qalasının ruslar tərəfindən işğal olunması ilə əlaqədar rus qoşunlarının "qələbə"
paradı keçirildi. Parad keçirilən zaman
İrəvanın qala divarlarının böyük bir hissəsi tarixin ədalətsizliyinə tab
gətirməyərək uçdu və onun dağıntıları altında çoxlu sayda
işğalçı rus döyüşçüsü
qalıb məhv oldu.
Beləliklə,
çox keçmədən Şimali Azərbaycan torpaqları çar Rusiyasının, Cənubi Azərbaycan
torpaqları isə İranının əsarəti altına düşdü.
Firudin CÜMŞÜDLÜ,
ADPU-nun Azərbaycan
tarixi kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
Elm.- 2013.- 31 yanvar.-S.15.