XIX yüzillikdə Osmanlı dövlətində  "erməni məsələsi"nin ortaya çıxarılmasında xarici dövlətlərin missionerlik fəaliyyətinin rolu

 

Erməni soyqırımı iddiası və ya qondarma "erməni soyqırımı" - Birinci Dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən əsassız  iddiadır. Hal-hazırda  türk milləti bir əsrə yaxındır ki, ədalətsiz olaraq "erməni soyqırımı"  ittihamları ilə  narahat edilməkdədir. Bu  iddiaların yayıldığı və  sıx olaraq gündəmə gətirildiyi areal Avropa və Amerika, bu arealdan  kənarda isə Rusiya və Livandır.

 

Beynəlxalq təşkilatlardan "erməni soyqırımı"nı tanıyan təşkilat Avropa Parlamentidir. 1981-ci ildə fransalı parlamentar Jage "Erməni xalqının durumu" adlı layihə hazırlayaraq Avropa Parlamentinə təqdim etmiş və  Türkiyə Avropa Birliyinə üzvlük niyyətini açıq ifadə etməyə başladığı bir ərəfədə - 1987-ci il iyulun 18-də Avropa Parlamenti "erməni soyqırımı"nı faktiki tanıyan qərar qəbul etmişdir. Ermənilərin və erməni lobbisinin əsas  hədəfi  "soyqırım"ın dünyanın, eləcə də Türkiyənin tanımasında, Türkiyənin "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsində və Türkiyənin şərqində ermənilərə torpaq verilməsi  kimi tələblərinin yerinə yetirilməsindədir. Və onlar  bu hədəflərə çatmağa ciddi cəhd edir və demək olar ki, faktiki olaraq yaxınlaşıblar. Ermənilər sadəcə soyqırımın tanınması ilə kifayətlənməyiblər, adı çəkilən ölkələrin əksəriyyətində "soyqırım" abidələrinin qoyulmasına nail olublar, iddialarını təbliğ edən 45000 sayt yaradıblar, filmlər çəkdiriblər, bəzi ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə salıblar, kitablar yazdırıblar və indi də demokratik  Avropa dövlətlərində "soyqırım yoxdu" deyənin cəzalandırılmasının qanuniləşdirilməsi istiqamətində fəaliyyət davam edir.

Türkiyəli mütəxəssislərin fikrincə, dünya ölkələrinin "soyqırım" qərarlarını qəbul etməsində bir sıra səbəblər mühüm  rol oynayır: həmin ölkələrdəki erməni azlığının təsiri; Türkiyəyə düşmən münasibət; Türkiyəni Avropa Birliyində görməmək istəyi; özünün törətdiyi soyqırıma günahkar ortaq axtarmaq cəhdi və din amili.

Mövcud faktlar səbəbindən asılı olmayaraq dünyanın 20 ölkəsinin qanunverici orqanı erməni iddialarını qəbul edib. Lakin bu proses  əks istiqamətdə də gedir. Belə ki, qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarların beynəlxalq səviyyədə ləğv olunması ilə bağlı da ilk addımlar atılır. Məsələn, Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası 2010-cu ildə qondarma "erməni soyqırımı"nın tanınması haqqında qəbul etdiyi 2009-cu il tarixli qərarı ləğv edib. Yəni məsələyə münasibət birmənalı deyil.

Müxtəlif ölkələrdə nüfuzlu elm adamları soyqırım iddiasını erməni uydurması hesab edirlər. Məsələn, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt  uydurma "erməni soyqırımı"nı tanımadığını bildirərək 1915-ci il hadisələrinin soyqırım kimi qiymətləndirilməsinin doğru olmadığını qeyd edir: "Konqresin üzvü kimi heç vaxt "erməni soyqırımı" haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm".

1915-ci ilədək Osmanlı dövlətində qondarma "erməni soyqırımı"nın yaranmasına təsir edən amillərə və xarici dövlətlərin bu istiqamətdə göstərdikləri məqsədyönlü fəaliyyətlərinə nəzər salaq.

XIX əsrdə "erməni məsələsi"nin ortaya çıxmasında bir çox amillər vardır. Osmanlı dövlətinin sahib olduğu geosiyasi və geostrateji əhəmiyyəti onu XIX əsrin sonlarında Qərb dövlətlərinin maraq mərkəzinə çevirdi. Nəticədə Qərb dövlətləri "Şərq məsələsi"ni ortaya ataraq, Osmanlı dövlətinin torpaqlarını öz mənfəətlərinə uyğun bölüşdürmək qərarına gəldilər. Osmanlı dövlətinin mərkəzi hakimiyyətinin zəifləməyə başlaması ilə Qərb dövlətləri Osmanlı dövlətinə qarşı apardıqları siyasətlə ondan siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə müxtəlif yollarla torpaq əldə etmə səyini davam etdirməyə çalışır, eyni zamanda hər dövlət daha çox pay əldə edə bilmək üçün rəqib dövlətlərin inkişafı əleyhinə mübarizə aparırdı.

Osmanlı dövlətində uzun sürən  təhdidləri doğuran  ən əsaslı amillərdən biri  bu torpaqlarda bir neçə istiqamətdə (katolik, ortodoksal, protestant)  icra edilən  missionerlik fəaliyyəti idi (S. Deringil. İktidarın Sembolleri ve İdeoloji II. Abdülhamid Dönemi 1876-1909, Çev: Gül Çağalı Güven, İstanbul: Yapı Kredi Yayınları, 2002, s. 119). XIX əsrin sonlarında xüsusi maraqları olan bu dövlətlər onlara xidmət edə biləcək, dininə, məzhəbinə, siyasi hədəflərinə və mənfəətlərinə uyğun olan milləti təyin etdilər. Beləcə, fransızlar katolikləri və erməniləri, ingilislər protestantları və erməniləri, amerikalılar protestantları və erməniləri, ruslar ortodoksalları və erməniləri himayə altına aldılar. Aydın görünür ki, hər bir dövlət  öz siyasi hədəfləri və maraqları istiqamətində ermənilərdən istifadə etmək istəyirdi. Bunun nəticəsində qriqorian təriqətindən olan ermənilər Qərb dövlətlərinin və Amerikanın, Rusiyanın imperialist siyasəti nəticəsində katolik, protestant və qriqorian olmaq üzrə üç məzhəbə ayrıldılar (K. Çelik. Ermeni sorunu göçettirme (tehcir) sözde soykırım iddiaları və gerçekler, s. 6).

Məsələyə aydınlıq gətirmək üçün Osmanlı dövlətində yaşayan ermənilərin hüquqlarına qısaca nəzər salaq. Etibarlı hüquqi sənədlərdə Türkiyə Respublikasının qurulmasına qədər olan bir dövrdə ermənilərə verilən imtiyazlarda göstərilirdi ki, ermənilər dini və dünyəvi işlərini icra etmək üzrə patriarx seçmək hüququna və eləcə də bir sıra hüquqlarla yanaşı, məktəblər açmaq, təhsil vermək  hüququna malik idilər. Cinayət törədən din adamlarının andlı ifadələri məhkəmə tərəfindən təsdiq edildikdə həbs edilir, cinayətin mahiyyətindən asılı olaraq (əgər dini isə dini məclisdə, dünyəvi isə qarışıq məclisdə) mühakimə edilirdi. Sis və Eçmiədzin kilsələrinin İstanbulun Erməni Patrikliyi üzərində müəyyən qədər ruhani üstünlüyü davam etsə də, verilən bir çox imtiyazla, onun bütün ermənilər üzərindəki siyasi və mədəni üstünlüyü son zamanlara qədər davam etmişdir.

Bütünlükdə Osmanlı dövlətinin I Dünya Müharibəsinə daxil olmasıyla birlikdə əks blokda  yer alan dövlətlər yalançı "erməni məsələsi"ndən yenidən istifadə edərək Osmanlı dövlətini Şərqi Anadoluda sıxışdırmağa çalışırdılar. Ermənilər Osmanlı dövlətinə qarşı müstəqil bir erməni dövləti yaradılması  vədi ilə  aldadılaraq onları hərbi birliklərə könüllü qoşaraq türklərə qarşı müharibəyə cəlb edirdilər. Belə ki, I Dünya Müharibəsində ermənilərin qırğınlar etdikləri yerlərdə əvvəlcədən açılmış olan, müharibə zamanı isə ərazi və sursat anbarı olaraq istifadə edilən qriqorian ermənilərinə aid məktəblərin sayı 1145-dir. Katolik erməni məktəbləri, protestant erməni məktəbləri və xüsusi erməni məktəbləri də bu rəqəmə əlavə olunarsa, rəqəm bir xeyli artmış olar. Missioner məktəblərində ermənilərə erməni millətçiliyi aşılanırdı. İmperialist dövlətlərə görə Osmanlı imperatorluğu süqut etdiyi halda hər bir dövlət bu mirasdan özünə daha çox pay ala bilmək üçün müxtəlif siyasi oyunlarla erməni millətçiliyinin oyanmasında kilsəyə kömək göstərdilər. Yəni erməni məktəblərindən Qərb dövlətlərinin və Rusiyanın imperialist fəaliyyətləri və mənfəətləri istiqamətində istifadə edilir, məqsədə çatmaq üçün dəstək alınırdı.

 

(ardı var)

 

 

Gülzar İBRAHİMOVA,

siyasi elmlər doktoru, AMEA İnsan Hüquqları İnstitutu

 

Elm.- 2013.- 31 yanvar.- S.15.