MİLLİ
FOLKLORUMUZUN FUNDAMENTAL NƏŞRİ: "NAXÇIVAN
FOLKLORU" ÜÇCİLDLİYİ
Elmi ictimaiyyətin, xüsusilə
folklorşünasların, o cümlədən geniş oxucu
kütləsinin maraqla gözlədiyi və izlədiyi "Azərbaycan
folkloru antologiyası" seriyasından "Naxçıvan
folkloru" üçcildliyinin sonuncu cildi də çapdan
çıxdı (Azərbaycan folkloru antologiyası. Naxçıvan
folkloru. Naxçıvan, "Əcəmi" nəşriyyatı,
I cild-2010; II cild-2011; III cild-2012). Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil
və Ədəbiyyat İnstitutu Folklorşünaslıq
şöbəsinin hazırladığı üçcildliyə
dünyanın ən qədim sivilizasiya mərkəzlərindən
olan Naxçıvanın zəngin folklor mühitindən
toplanılmış qiymətli və əvəzsiz folklor
örnəkləri daxil edilmişdir.
Cildlərin
baş məsləhətçisi Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, rəyçilər
AMEA-nın həqiqi üzvləri İsa Həbibbəyli və
İsmayıl Hacıyev, tərtibçiləri Məhərrəm
Cəfərli və Rafiq Babayevdir.
Üst-üstə
1500 səhifədən ibarət olan üçcildlik,
sözün həqiqi mənasında, Azərbaycan mənəviyyat tarixinə
qoyulmuş abidədir. Uydurduqları on-on beş səhifəlik
"Sasunlu Davud" mətni ilə dünya epos xəzinəsində
özlərinə yer tutmağa çalışan, özlərini
qədim epos, arxaik dastançılıq ənənəsinə
malik xalq kimi təqdim edib, türklərə qarşı saxta
iddialarla çıxış edən ermənilər
qarşısında nəhəng "Naxçıvan
folkloru" antologiyası onu yaradan xalqın yaradıcı
dühasını, sinəsində minillər boyu qoruyan,
yaşadan və gələcək nəsillərə müqəddəs
əmanət kimi ötürən insanların milli
yaddaşının əzəmət və qüdrətini
bütün dünyaya nümayiş etdirən misilsiz və
inkarolunmaz söz xəzinəsidir. Bu xəzinənin
bütün gücü, bütün qüdrəti onun hər
bir incisi ilə Azərbaycanın qədim diyarı
Naxçıvan torpağına
bağlılığındadır. Üçcildlikdəki
saysız-hesabsız folklor incilərinin hər biri milli
varlığımızın bu torpaqdakı ilahi
yaradılışını təsdiq edən inkarolunmaz sənəddir.
Təbiətin hər gülü, hər çiçəyi
onu yetirən torpağa bağlı olduğu, o torpaqdan güc
aldığı kimi, cildlərdəki folklor nümunələri
də Naxçıvan torpağına, bu ulu yurdun
daşlarına, qayalarına, meşələrinə,
bulaqlarına bağlıdır.
Üçcildlik
dünyaya gözlərini ana sevgisi ilə açan, mayası
laylalarla yoğrulan, torpağın şəhdi-şərəsini
ana südü ilə canına çəkən, yurd
yaddaşını laylalarla, bayatılarla canına hopduran,
nağıl, dastanla, tapmaca, əfsanəylə böyüyən
bir Azərbaycan oxucusu üçün, sadəcə, bədii
zövq, estetik qida mənbəyi olsa da, bu cildi araya-ərsəyə
gətirən tədqiqatçılar, alimlər və
özünün bütün siyasi-inzibati iradəsiylə onun
arxasında duran dövlət üçün həm də
ideoloji mübarizə silahı, torpaqlarımızın
bütövlüyü uğrunda aparılan mücadilənin
üzvi tərkib hissəsi, beynəlxalq məclislərdə,
siyasi diplomatiya meydanlarında Azərbaycanın haqq
mövqeyini sübut edən inkarolunmaz sənəddir.
Çünki folklor ilk növbədə torpağa
bağlı yaddaşdır: varlığın hər bir
ünsürü torpaqdan cücərib boy atdığı
kimi, mənəviyyat da torpaqdan baş qaldırır.
Naxçıvan folklorunun bütün bədii gözəlliyi
– yurdun gözəlliyinə, bütün mənəvi-əxlaqi
dəyərləri – torpağın saflığına,
bütün coşub-daşan, qəlblərdə yaşamaq,
yaratmaq, insanı və dünyanı sevmək duyğuları
oyadan poetik ruhu – torpağın ruhuna bağlıdır:
Torpaq varsa –
ondan yoğrulan insan var;
İnsan varsa
– onun ruhundan yoğrulan mənəviyyat var;
Mənəviyyat
varsa – ondan yoğrulan folklor var.
"Naxçıvan
folkloru" antologiyası məhz bu böyük həqiqəti
– torpağın, insanın, mənəviyyatın və
folklorun varlığını təsdiq edən əzəmətli
abidə olduğu qədər bu torpağa iddia edən ermənilərin
saxtakar və yalançı olduğunu ifşa edən
"siyasi" sənəddir. Hər sözü, hər
cümləsi ilə Naxçıvan tarixinə bağlı
1500 səhifəlik mənəviyyat xəzinəsi ilə
müqayisədə 15 səhifəlik həqiqi folkloru olmayan
ermənilər bu böyük abidə qarşısında tam
rəzil duruma düşmüşlər. Ermənilər
bütün tarixləri boyunca nökərçilik etdikləri
(indi də etməyə məhkum olduqları)
havadarlarının dəftərxana sənədlərində,
vergi siyahılarında müxtəlif saxtalaşdırmalar
aparıb, tariximizi öz xeyirlərinə təhrif edərək,
Azərbaycanın Qarabağ və Naxçıvan kimi
torpaqlarının onlara məxsus olduğunu "sübut edən"
saxta dəlillər hazırlasalar da, üçcildlik
"Naxçıvan folkloru" antologiyası onların əsrlər
boyunca həyata keçirdiyi siyasəti darmadağın
etmişdir. Üçcildliklə sübut olunmuşdur ki, ermənilər
nəinki Naxçıvanda, ümumiyyətlə Qafqazda tamamilə
yad və antibəşəri ünsürdür.
Naxçıvanın torpaq yaddaşını bir güzgü
kimi inikas edən folklor nümunələrində erməni
adlı element yoxdur. Bu torpağın yaddaşı türklə
nəfəs almış, türkün torpaq, yurd, insan sevgisi
ilə yoğrulmuşdur. Bu, son dərəcə böyük
amil olub, "Naxçıvan folkloru" üçcildliyi kimi
monumental söz abidəsinin yaranmasını şərtləndirən
siyasi-inzibati iradənin – Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Azərbaycanın müasir siyasi kursunun
yaradıcısı və lideri Heydər Əliyevin "Hər
bir xalqın özünə, öz tarixi köklərinə, əcdadları
tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə
bağlılığı böyük amildir" fikrinin
milli-mənəvi dəyərlərə
münasibətdə həqiqi prinsipə və əməli
reallığa çevirməsinin parlaq ifadəsidir.
"Naxçıvan
folkloru" üçcildliyi mühit folklorunu sistemləşdirən
antologiya kimi mükəmməl elmi əsaslara malikdir.
Üçcildliyin elmi məziyyətinin ən bariz göstəricisi
onun Naxçıvan folklor mühitinin janrlar sistemini
bütöv şəkildə əks etdirməsində ifadə
olunur. İstər hər bir cild, istərsə də
bütövlükdə antologiya Naxçıvan folklor regionu
üçün xarakterik və tipik nümunələr əsasında
tərtib olunmuşdur. Toplama prosesində folklor mətnlərinin
saflığını qorumaq kimi çətin bir işin
öhdəsindən uğurla gəlmiş
folklorşünas-toplayıcılar və toplanmış nəhəng
mətn bazası üzərində seçmə və sistemləşdirmə
kimi ağır bir iş aparmış folklorşünas-tərtibçilər
son dərəcə məsuliyyətli bir vəzifəni həyata
keçirməyi bacarmışlar: onlar mühit
insanının sinəsində minillərdən bəri nəsillərdən-nəsillərə
müqəddəs əmanət kimi ötürülərək
yaşayan folklor mətnlərini zədəsiz, təhrifsiz,
onun poetik strukturunun heç bir elementini korlamadan, kənar
müdaxiləyə yol vermədən, bədii ruhuna, müqəddəsliyinə,
poetik bakirliyinə ziyan vurmadan toplamışlar. Bütün
dünyada, o cümlədən Azərbaycanda da ən müxtəlif
səbəblərdən saxta folklor mətnlərinin
yaradılmasının təəssüfdoğuran praktikaya
döndüyü hazırkı şəraitdə AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsindəki
həmkarlarımızın gördüyü bu iş elm
qarşısında alim məsuliyyətinin parlaq örnəyi,
xalq qarşısında milli fədakarlığın bariz
nümunəsidir.
Bütöv
Azərbaycanın folklor mühitləri içərisində
Naxçıvan bölgəsi qədimliyi və müasirliyi,
arxaizmi və çağdaşlığı unikal şəkildə
qovuşduran mühitdir. Bölgənin mənəvi
dünyasının, yaşam tərzinin bütün təzahür
nümunələrində tarixi potensiya müasir formaların
ruhunu və canını təşkil edir. Bölgə
insanı çağdaş dünya mədəniyyətinin
heç bir nailiyyətini milli tarixi dəyərlərlə
qovuşdurmadan, onları milliləşdirmədən qəbul
etmir. Bölgədə bədii söz örnəklərindən
başlamış memarlıq abidələrinə, müasir
şəhərsalma arxitekturasına qədər hər yerdə
keçmişlə bu gün, milliliklə bəşərilik
başbaşa, çiyin-çiyinədir. Bu cəhət
bölgədə hələ də canlı olan folklor
düşüncəsi üçün də aktualdır.
Bölgə insanının şüuru müasir dünya dəyərlərinə
açıq olduğu kimi, minilliklərin mənəviyyat
yükünü özündə daşıyan folklor əxlaqını,
mental-folklor davranışını da eyni canlılıqla
yaşadır. Antologiya tərtibçilərinin elmi hünəri
həm də onda ifadə olunur ki, onlar təkcə mətnlər
seçmək və sistemləşdirməklə məşğul
olmamış, eyni zamanda növlərin və janrların
kombinasiyasında bölgə folklorunun canlı ruhunu, həyat
döyüntülərini təcəssüm etdirməyə
çalışmışlar. Bu cəhətdən
antologiyanın hər bir cildində və ümumən
üçcildlikdə növlərin və janrların təqdimi,
folklor mətnlərinin düzümü ciddi elmi prinsiplərə
söykənir. Tərtibçilər sistemləşdirmə
zamanı miflərdən lətifələrədək elə
bir düzüm prinsipi tətbiq etməyə
çalışmışlar ki, bu zaman Naxçıvan
torpağının bütün tarixi əzəməti
(inkişaf diaxroniyası) və müasir düşüncə
tərzi (mənəviyyat sinxroniyası) orada öz əksini
tapa bilsin.
Bütün
cildləri miflər, əfsanələr və rəvayətlərlə
başlayan tərtibçilər burada, sadəcə, ənənəvi
prinsiplərə əməl etməklə kifayətlənməmişlər.
Onların modelləşdirməsində Naxçıvan
torpağının yaranma tarixi bəşər tarixinin ən
ilkin və müqəddəs dəyərləri olan Nuh
peyğəmbər, əfsanəvi əcdad Oğuz xan, ulu
yaddaşın başlancığı Türk, bəşər
tarixinin ortaq ilahi dəyəri Süleyman peyğəmbər,
Xızır peyğəmbər və s. kimi dəyərləri
də öz içərisinə alır. Başqa sözlə,
burada "Nuhdan və mifdən başlanan" Naxçıvan tarixi
dünyanın yaranma tarixi kimi təqdim olunmaqla
"Naxçıvan folkloru" antologiyasının
özünü də "bəşəriyyətin
yaranışının folklor tarixi" kimi təsdiq edir.
Digər tərəfdən
nümunələrdəki sellərə qərq olan Sara, əjdaha
ilə vuruşan Fərhad, müqəddəslər pənahgahı
Əshabi-Kəhf, Nuh peyğəmbərin ilk dəfə qədəm
qoyduğu Nuhdaban, Koroğlunun nal daşı və s. kimi
obrazlar Azərbaycan folklor düşüncəsinin
Naxçıvan kodunun mükəmməlliyini, əsil-kökünü,
bu torpağın tarixinə bağlılığını nümayiş
etdirməklə yanaşı, eyni zamanda onun kamil
düşüncə kodu kimi dünya mədəniyyətinin
sağlam, humanist, bəşəri düşüncəsi
olduğunu təsdiq edir.
Antologiyada
verilmiş lirik janr nümunələri ana laylalarından
tutmuş mərasim nəğmələrinə qədər
Azərbaycan insanının daxili mənəviyyat aləminin nə
qədər saf və təmiz olduğunu, nə qədər
ali və ülvi hisslərdən yoğrulduğunu
nümayiş etdirir. Bu nümunələrdə canlı şəkildə
öz təcəssümünü tapmış ana sevgisi,
oğul həsrəti, yar intizarı, yurd yanğısı,
arzu qubarı, murad sevinci və s. kimi hisslər
Naxçıvan torpağı üzərində gəzən
hər bir azərbaycanlının münis, incə, humanist
duyğulara malik olan insan kimi təkcə bu ölkənin
yurddaşı olduğunu yox, həm də bütün
dünyanın namuslu vətəndaşı olduğunu, ona
verilmiş ömrü və dünyanı halallıqla
yaşadığını, qəlbinin sülh və
barış, sevgi və məhəbbətlə
aşıb-daşdığını təsdiqləyir. Lakin
antologiyadakı qəhrəmanlıqla, yurd, vətən sevgisi
ilə süslənmiş lirik, o cümlədən digər
növlərdə olan nümunələr bölgə
insanı üçün vətənin bütün dəyərlərdən
yüksəkdə durduğunu, torpağın ana qədər
müqəddəs olduğunu və lazım gələndə
hər bir insanın "Azərbaycan" adını bu
torpaqda əbədi yaşatmaq naminə öz şirin
canını verərək, hər an əbədiyyətə
qovuşmağa hazır olduğunu da nümayiş etdirir.
Əlbəttə,
"Naxçıvan folkloru" antologiyasının elmi və
mənəvi məziyyətləri danışmaqla tükənən
deyil. Tükənməzlik antologiyanı canlı, nəfəs
alan, ürəyi döyünən varlığa – möhtəşəm
söz abidəsinə çevirən folklordan gəlir. Folklor
hər an canlıdır: onu yaradan və yaşadan xalqın
ürək döyüntülərinə bağlıdır.
Bundan dolayı üçcildlik haqqında bizim bu
yazımız da daxil olmaqla yazılan və yazılacaq
heç bir yazı bu məna tükənməzliyini tükətmək,
bu sonsuz gözəllik aləminin sonuna çatmaq qüdrətində
deyil. Bu səbəbdən əsas qənaətlərimizi qeyd
etmək istərdik:
1.
Üçcildlik "Naxçıvan folkloru"
antologiyası nəşrinin başa çatması ilə Azərbaycan
folklor dünyasının qədim və zəngin bölgələrindən
olan Naxçıvanın folklor nümunələrinin elmi
prinsiplərlə toplanması, tərtibi və nəşri
sahəsində fundamental layihə həyata
keçirilmişdir. Antologiyanın çapı folklor
nümunələri ilə son dərəcə zəngin olan
mühitdə hələ bundan sonra aparılacaq işlər
üçün etibarlı nəzəri-praktiki baza
yaradır.
2.
Üçcildliyin toplayıcı və tərtibçilərinin
antologiyanı müasir folklorşünaslığın elmi-nəzəri
prinsipləri əsasında hazırlaması onu ölkə
elminin dünya miqyaslı uğuruna çevirmiş olur.
3. Antologiyada
folklorşünaslığın elmi norma və prinsiplərinin
yüksək şəkildə gözlənilməsi, mətnlərin
milli poetik ruhunun zədəsiz və təhrifsiz halda milli
düşüncə dövriyyəsinə daxil edilməsi
"Naxçıvan folkloru" üçcildliyini folklorun
toplanması və çapı sahəsində böyük
uğurlara imza atmış milli folklorşünaslıq
elmimizin də fundamental nailiyyəti kimi səciyyələndirməyə
imkan verir.
3. Antologiyada
bölgə folklorunun növ və janrlar sisteminin mükəmməl
şəkildə əks olunması, mühitin folklor
dünyasının bütün tarixi inkişaf dinamikası və
müasir həyat ritminin onda təcəssüm olunması
üçcildliyi "Naxçıvanın Folklor Tarixi"
kimi də təsdiq etməyə imkan verir.
4.
Üçcildlikdə təqdim olunan folklor nümunələrində
Azərbaycanın milli-mənəvi dəyərlər
sisteminin əks olunması, milli tarix və düşüncəmizin
müqəddəs dəyərlərini səciyyələndirən
milli və ümumbəşəri obrazların aparıcı
fonu təşkil etməsi antologiyanı "Azərbaycanın
Milli Kimlik Kitabı" kimi də təsdiq etməyə imkan
verir.
5.
Antologiyadakı nümunələrin mənəvi saflıq və
paklığı, onlarda insana və torpağa olan sevginin sərhəd
tanımaması, bu sevginin Azərbaycanın sərhədlərini
aşaraq bütün dünyanı və bütün
xalqları əhatə etməsi üçcildliyi həm də
"Bəşəriyyətin İnsanlıq kitabı"
kimi təsdiq etməyə imkan verir.
6.
"Naxçıvan folkloru" antologiyası xalqın minillərdən
bəri "yazdığı" və sinəsində
yaşatdığı bədii tarix kitabıdır. Bu
kitabın hər səhifəsi, hər sözü, hər
cümləsi Azərbaycan insanının Naxçıvan
adlı torpaqda "Nuhdan və mifdən başlanıb"
günümüzədək davam edən və əbədiyyətə
qədər yaşayacaq tarixindən bəhs etməklə
antologiyanı torpaqlarımıza göz tikən, tamah salan
düşmənlər qarşısında "Azərbaycanın
Zəfər Qalası" kimi də təsdiq etməyə imkan
verir.
7.
"Naxçıvan folkloru" antologiyasının yüksək
poliqrafik təqdimatı, üçcildliyin hər kitabında
və hər vərəqində təcəssüm olanan
milli-siyasi məsuliyyət onu dövlətin milli-mənəvi
dəyərlərə hörmət və
qayğısının parlaq nümunəsi kimi də təsdiq
etməyə imkan verir.
8.
"Naxçıvan folkloru" antologiyası
ömrünü, gününü xalqının müqəddəs
söz yaddaşını zərrə-zərrə, dənə-dənə,
gilə-gilə toplamağa həsr edən bölgə
folklorşünaslarının, konrket olaraq AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin
araya-ərsəyə gətirdikləri bu abidəni millətə
və elmə xidmətin fədakarlıq nümunəsi kimi təsdiq
etməyə imkan verdiyi kimi, eyni zamanda Azərbaycan elminin bu ləyaqətli
alimləri və el-obanın bu fədakar
övladlarının hər cür mənəvi hörmət
və mükafata layiq olduqlarını da təsdiq edir.
Seyfəddin RZASOY,
AMEA Folklor İnstitutu
Mifologiya şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru
Elm.- 2013.- 31 yanvar.- S.14.