Azərbaycan etnoqrafiya elminin banisi

 

İnsanlığın tarixinə nəzər salmaq, onun inkişaf mərhələlərinə səyahət etmək olduqca mənalı və maraqlıdır. Çünki bu inkişaf yollarında bəşər sivilizasiyasının əsasları həkk olunmuşdur. Eyni zamanda, ayrı-ayrı dahi insanların, xüsusilə alimlərin keçdiyi mənalı həyat yolunu öyrənmək və təbliğ etməyin müasir dövrümüzdə olduqca mühüm əxlaqi-mənəvi əhəmiyyəti vardır. Xüsusilə böyüməkdə olan gənc nəsil üçün akademik Teymur Əmiraslan oglu Bünyadovun keçdiyi mənalı həyat və elm yolu örnək olmalıdır. Bu günlərdə görkəmli etnoqraf alim, akademik T.Ə.Bünyadovun 85 yaşı tamam olmuşdur.

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işlədiyim 45 il ərzində yaxından tanıdığım, tarixi, arxeoloji, etnoqrafik əsərlərini və həmçinin bayatılarını sevə-sevə oxuduğum, çıxışlarını maraqla dinlədiyim Teymur müəllimin keçdiyi həyat yolu olduqca mənalı, çoxşaxəli və zəngindir.

Akademik Teymur Bünyadov uşaqlıq illərini Azərbaycanın ən gözəl və səfalı diyarlarından biri olan Qazax rayonu ərazisində keçirmişdir. Göz açdığı dağlar qoynu, təbiətin yaratdığı möcüzələr, göylərə baş çəkən Göyəzən dağı Teymur müəllimin ilham aldığı məkanlar olmuşdur.

Teymur müəllimin uzun illər yuxusuz gecələri, dərin zəhmətkeşliyi ilə tariximizi, etnoqrafiyamızı, arxeologiyamızı və folklorumuzu tədqiq etməyə başlamış, nəticədə elmlər namizədi, elmlər doktoru, professor və nəhayət, akademik zirvəsinə yüksəlmişdir. O, elmin zirvəsinə qalxdıqca sadəliyi və müdrikliyi daha da artmağa başlamışdır. Teymur müəllim gözəl insan, zəhmətkeş alim, həqiqi tarixçi, hazırda Azərbaycan etnoqrafiya elminin patriarxıdır desək, heç də səhv etmərik. Onun çap etdirdiyi əsərlərində tarix, etnoqrafiya və arxeologiya elmlərinin aktual problemləri geniş şərh olunur.

Akademik T.Bünyadovu yaxından tanıyanlar gözəl bilirlər ki, o, həyatda, cəmiyyətdə və ailəsində də özünün sadəliyi və zəhmətkeşliyi ilə seçilir. Teymur müəllim gün ərzində yorulmadan işləməyi sevir və heç vaxt elmi fəaliyyətindən doymur. O, dəqiqliyi sevən adamdır, yazdığı hər bir məqaləni diqqətlə nəzərdən keçirməsə, çapa təqdim etmir.

Akademik T.Bünyadov elm sahəsində çalışdığı 65 il ərzində 500-dən artıq elmi məqalə, çoxsaylı kitab və monoqrafiyalar yazıb çap etdirmişdir. Onun yazdığı əsərlərin ana xəttini Azərbaycan xalqının tarixi, arxeologiyası, etnoqrafiyası və folklorunun tərənnüm olunması təşkil edir. Teymur müəllim yazdığı əsərlərdə arxeoloji və etnoqrafik mənbələrə üstünlük verir. Çünki arxeoloji və etnoqrafik mənbələri saxtalaşdırmaq qeyri-mümkündür. Məhz buna görə də arxeoloji və etnoqrafik mənbələr tarixin güzgüsü hesab olunur. Arxeoloji mənbələr əsasında bəşər tarixinin keçdiyi inkişaf yolları maddi mədəniyyət qalıqları vasitəsilə tədqiq olunur.

T.Bünyadov həm arxeoloq, həm tarixçi və həm də gözəl etnoqraf alimdir. Etnoqrafiya elminin başlıca vəzifəsi xalqı öyrənmək, tarixini tədqiq etmək, adət ənənələrini daha da zənginləşdirməkdən ibarətdir. Etnoqrafiya tarix elminin təkib hissəsidir. Əgər arxeologiya elmi tarix elminin ixtiraçısı hesab olunursa, etnoqrafiya  isə onun bərpaçısı funksiyasını daşıyır. Ona görə də hər bir tədqiqatçı tarixin tədqiqi zamanı arxeoloji və etnoqrafik mənbələrə üstünlük verməlidir. Teymur müəllim məhz bu prinsipə sadiq olduğu üçün onun əsərləri tədqiqatçılar tərəfindən həmişə yüksək qiymətləndirilir və Azərbaycanın ali məktəblərində tədris prosesində həmin əsərlərdən istifadə olunur.

Akademik Teymur Bünyadovun rəhbərliyi altında bu yaxınlarda üçcildlik "Azərbaycan etnoqrafiyası" adlı kitab çapdan çıxmışdır. Azərbaycan xalqının etnoqrafiyası onun tarixi qədər zəngin və qədimdir. Heç də təsadüfi deyildir ki, son 10 ildə Avropa alimləri ilə birgə aparılmış beynəlxalq İNTAS-2000 proqramının tədqiqi zamanı respublikamızın ərazisində ibtidai insanların məskunlaşmağa başlamaları tarixinin 2,5 milyon ilə bərabər olması sübuta yetirilmişdir.

Üçcildlik "Azərbaycan etnoqrafiyası"nda xalqımızın ən qədim keçmişindən başlamış bu günümüzədək olan təsərrüfat həyatı, ovçuluq, üzümçülük, ipəkçilik, arıçılıq mənəvi mədəniyyət və digər sahələri Teymur Bünyadovun rəhbərliyi altında geniş və elmi faktlarla şərh olunmuşdur. Hazırda Teymur müəllimin elmi fəaliyyəti nəticəsində Azərbaycan etnoqrafiya elminin əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə geniş şöhrət tapmışdır.

Akademik Teymur Bünyadovun Bakı, Moskva, Sankt-Peterburq, Tbilisi, Paris, Kiyev və digər şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda etdiyi  elmi məruzələri  ilə elmi ictimayyət tərəfindən rəğbətlə qarşılanmışdır. O, geniş və hərtərəfli məruzələri ilə alimlər içərisində böyük nüfuz qazanan şəxsiyyətlərdəndir. Bu yaxınlarda Teymur Bünyadov Azərbaycan Albaniyasının paytaxt şəhəri olan Qəbələyə həsr etdiyi sanballı kitabı sona çatdırmış və çapa təqdim etmişdir.

Görkəmli alim elmi tədqiqat işləri ilə yanaşı uzun illər ərzində ali məktəblərdə Azərbaycan tarixi, Qafqaz tarixi, arxeologiyanın əsasları və etnoqrafiya elminin ayrı-ayrı problemlərinə aid mühazirələr oxumuşdur. Respublika televiziyasında uzun müddət "Əsərlərdən gələn səslər" adlı verilişin aparıcısı olmuşdur.

Akademik Teymur Bünyadovun rəhbərliyi altında respublikamızda 50-dən çox elmlər doktoru və fəlsəfə doktoru dissertasiya müdafiə edərək alimlik dərəcələri almışlar. Onun rəhbərliyi altında müdafiə etmiş tədqiqatçılar respublikamızın müxtəlif tədris ocaqlarında səmərəli fəaliyyət göstərir və sevimli ağsaqqal müəllim olan Teymur Bünyadovun yaratdığı Azərbaycan etnoqrafiya məktəbinin nailiyyətlərini şərəflə təbliğ edirlər.

Akademik Teymur Bünyadov həm də şair təbiətli alimdir. Onun yüzlərlə bayatıları, deyimləri artıq dillər əzbəri olmuşdur. 2004-cü ildə "Səda" nəşriyyatında çap etdirdiyi "Xan çinar kölgəsində" adlı ikicildlik əsərini oxuduqca insanda yaşatmaq, yaratmaq eşqi oyanır və bunları yazan Teymur müəllimə heyran olmaya bilmirsən. Teymur müəllimin bədii əsərlərində eşq, məhəbbət, sevgi mövzuları böyük üstünlük təşkil edir. Onun əsərlərinin birində oxuyuruq: "Dünya durduqca, insanlıq yaşadıqca məhəbbət də, eşq də, sevgi də yaşayacaq və yaradacaq. Tanrı kimi, ay kimi, günəş kimi, ulduz kimi, sönməz məşəl kimi". Yenə onun: "Yar gülər, diyar gülər iki könül bir olsa, Yar sevinər, yar gülər". Mən isə buna əlavə edərək belə deyirəm: Teymur müəllim gülər, sevinər şanlı yubileylərində...

Akademik Teymur Bünyadov elm və təhsil sahəsilə yanaşı, respublikanın ictimai-siyasi həyatında da səmərəli fəaliyyət göstərir. O, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur. Bu illərdə Teymur müəllim Milli Məclisin Elm və təhsil komissiyasının sədri kimi öz faydalı tövsiyələrini vermişdir. Teymur müəllim eyni zamanda ümummilli liderimiz H.Ə.Əliyevin və onun davamçısı İ.H.Əliyevin prezident seçkilərində vəkili olmuş, Azərbaycan ərazisini gəzərək onların xidmətlərini ətraflı şərh etmişdir.

Teymur müəllimin işgüzar xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Şöhrət" ordeni ilə təltif olunmuş və "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülmüşdür.

Akademik Teymur Bünyadova yeni-yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı arzulayır və 85 illik yubileyiniz mübarək olsun deyirəm.

 

 

Əsədulla CƏFƏROV,

AMEA Arxeologiya və

Etnoqrafiya İnstitutunun şöbə

müdiri, tarix elmləri doktoru,

professor

 

Elm.- 2013.- 31 yanvar.- S.13.