Adımız, soyadımız və
milliyyətimiz
(əvvəli ötən
sayımızda)
Soyadımız. Bütün dünya xalqlarında qədim
zamanlarda soyadları olmamışdır. Avropada orta əsrlərdə
soyadları yalnız zadəganlarda olurdu. Sonrakı zamanlarda tacirlərin, bir
qədər sonralar orta təbəqədən olan şəhər
əhalisinin də adlarına soyadları əlavə
olunmağa başlamışdı. Həmin dövrlərdə
aşağı təbəqədən olan şəhərlilərin
və kəndlilərin soyadı olmurdu. Maraqlıdır ki,
İslandiyada müasir zamanda da antroponimiya sistemində
soyadı yoxdur. Rusiyada XV yüzillikdən başlayaraq knyaz təbəqəsindən
olanlarda soyadları dəbə düşmüşdü.
XVI-XVIII yüzilliklərdə zadəganların, XVIII-XIX
yüzilliklərdən başlayaraq tacirlərin adlarında
soyadları meydana gəldi. Kəndlilərə isə
soyadı yalnız 1861-ci ildə təhkimçilik hüququ ləğv
olunduqdan sonra verilməyə başlandı. Sibir
xalqlarının isə keçən yüzilliyin 30-cu illərinədək
soyadı olmamışdır.
Türklərdə,
o cümlədən, azərbaycanlılarda tarixən şəxs
adı ilə yanaşı ayama/ləğəb (Dədə
Qorqud, Dəli Domrtul, Uzun Həsən, Keçəl Həsən,
Topal Teymur və b.), titul (Küntegin,
Xan Asparux, Çingiz xan,
Şah İsmayıl, Nadir şah və b.), etnonim-ayama
(Qıpçaq Məlik, Ağa Məhəmməd şah
Qacar, Nadir Şah Əfşar və b.) işlətmək ənənəsi
olmuşdur. Orta yüzilliklərdə İslamı qəbul
etmiş türklərdə zadəganlar, alimlər, şairlər
7 tərkibli (ad, ata, baba adları, doğulduğu yer adı) ərəb
antroponimik sistemindən istifadə etməyə
başladılar. Misal üçün, Əbu Bədil Əfzələddin
İbrahim ibn Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanül-əcəm
Xaqani Şirvani. XIX yüzillikdə
Rusiya imperiyasına qatılmış Quzey Azərbaycan zadəganları,
ziyalıları tədricən rus antroponimik sisteminə
keçirdilər (Bakıxanov, Axundov, Tağıyev,
Nağıyev, Şıxlinski, Naxçıvanski, Xoyski, və
b.). Sovet dövrünün əvvəllərində
başlanmış pasportlaşdırma prosesində, mənfur
qonşularımız, gürcülər, sonralar Baltikyanı
ölkələr də istisna olunmaqla, əhalisinin əksəriyyəti
müsəlman (Şimali Qafqaz, Tacikistan), türk olan
respublikalarda, məcburi qaydada,
rus antroponimiya sistemi tətbiq edilməyə
başlandı. Bu sistemə əsasən, soyadının əsası
ata, yaxud baba adından götürülür və sonuna -ov /
-yev sonluğu əlavə edilir. Avropa standartlarından fərqli
olaraq, geniş xalq kütləsinin sənədlərində
birinci soyadı, ikinci şəxs adı,
üçüncü ata adı qeyd olunurdu. Lakin sovet rəhbər
vəzifəlilərinin antroponimiyasında isə birinci - ad,
ikinci - ata adı, sonda isə
soyadı yazılırdı/deyilirdi (misal üçün,
Leonid İlğiç Brecnev və b.). Təəssüflər
olsun ki, bu ənənə bu gün də ölkəmizdə
davam etməkdədir. Dünyada əksər ölkələrdə
isə sənədlərdə əvvəlcə şəxsin
adı - "first name - birinci ad" (çünki insan, əsasən,
adı ilə tanınır), ikinci - ata adı "patronymic -
ata adı", yaxud "middle name - orta ad",
üçüncü isə - "surname - soyadı" qeyd
olunur. Xalqımız müstəqillik əldə etdikdən
sonra soyadı sahəsində də milliləşmə prosesləri
başlamışdır. Lakin bu məsələdə də
problemlər var. Xalqa təklif olunan -lı, -soy, -zadə
soyadı formantları, -ov / -yev sonluqlarının
atılması problemi həll etmir. Bəzi gözəl səslənən
soyadları istisna olmaqla (Şahpələngov Şahpələng, Qacarov Qacar, Yüzbaşov Yüzbaşı), çox
yayılmış ad əsaslı soyadlarında təkrarçılığa
yol verilir (Məmmədov Məmməd Məmməd Məmməd, Həsənov
Həsən Həsən Həsən
və s.). Statistikaya görə, məlum səbəblərdən,
bizdə Məmmədov, Həsənov, Hüseynov, Abbasov və
bu qəbildən olan soyadları çoxluq təşkil etdiyi
üçün, ölkə əhalisinin çox hissəsi Məmmədli,
qalan hissəsi isə, əsasən, Həsənli,
Hüseynli, Abbaslı ... olacaq. -zadə sonluğu da -ov / -yev
kimi bizə yaddır. Bəzi soyadlarında -lı, -soy
sonluqları qəribə səslənər (Atalı,
Balalı, İbişli, Məmişli, Qulusoy, Abbassoy və s.). Məhz bu səbəblərdən
əksər vətəndaşlar köhnə soyadlarında
qalmağa üstünlük verirlər.
Soyadı məsələsində
keçən yüzilliyin Türkiyə təcrübəsindən
yararlanmaq lazımdır. Nəsil, peşə, yer adlarından
savayı dilçilərin yaratdıqları soyadları (Dəmirəl,
Dəmirqol, Açıqgöz, Çətinqaya, Ərdoğan
və b.) Dil qurumu tərəfindən xalqa təklif olunurdu və
vətəndaş bəyəndiyini seçirdi. Tarixi,
tanınmış şəxsiyyətlərimizin
soyadlarını nəsilləri ücün (Şıxlinski,
Bakıxanov, Hacıbəyov, Ləmbəranski, B. Vahabzadə, H. Əlivev və b.) qorumaq şərtilə,
müvafiq qurumların nəzarəti altında, xalqa sərbəstlik,
təkliflər və seçim hüququ vermək
lazımdır. Niyə də vətəndaş nəsl
adını (Adıgözəluşağı, Əlimərdangil,
Xanəhmədevi, Sarıcalılar və b.), yer adını
(Şuşalı, Qubalı, Novxanlı, Şəkili və
b.), peşə adını (Balıqç?, Dərzi, Dəmirçi,
Baltaçı və b.) soyadı kimi götürməsin?
Milliyyətimiz.
Tarixən biz özümüzü oğuz, türkman, XX
yüzilliyin əvəllərinədək müsəlman da adlandırmışıq.
Hal-hazırda farslar və mənfur qonşular bizi türk, ərəblər
türkman, ruslar yaxın keçmişədək,
gürcülər isə bu gün də tatar
adlandırırlar. XX yüzilliyin əvvəllərində
türk-tatar terminindən də istifadə olunurdu. Cümhuriyyət
dövründə türk etnonimi
qanunlaşdırılmışdı. Lakin sovet dövründə,
1937-ci il sovet konstitusiyasında, Stalinin şəxsi təşəbbüsü
ilə, milliyyətimizin adı dəyişdirilərək azərbaycanlı,
dilimiz isə Azərbaycan dili
kimi təsdiq edilmişdi. Bu ənənə bu gün də
davam edir. Əvvəla, azərbaycanlı etnonimi bakılı,
lənkəranlı, ağdamlı, rossiənin
"rusiyalı", american "amerikalı", [irani]
"iranlı" sözləri
kimi etnik yox, coğrafi anlayış mahiyyəti
daşıyır. Milliyyətindən asılı olmayaraq, Azərbaycanda
doğulub yaşayan vətəndaşlar hamı azərbaycanlı,
Bakıda doğulub yaşayanlar bakılı, Tehranda
doğulub yaşayanlar tehranlılardır və s. İkincisi
və əsası (!) - beynəlxalq səviyyədə
"Ermənistan azərbaycanlıları",
"Gürcüstan azərbaycanlıları" ifadələri
bizimkilərin bu torpaqlara Azərbaycandan köçdükləri
- gəlmə olduqları haqda "faktlar" verir! Azərbaycan
toponiminin əsası azər formantıdır (H.Cavid surətlərindən
birini Azər adlandırmışdır). Etnik mənsubiyyətindən
asılı olmayaraq, xalqımızın hər bir nümayəndəsinin,
vətəndaşı olduğu torpağın - Azərbaycanın
adı ilə bağlı olaraq, azəri etnonimi ilə, Azərbaycan
dilinin də azəri dili / azəricə
adlandırılması bütün aspektlərdə məqsədəuyğundur.
Etibar
İNANC,
AMEA
Dilçilik İnstitutunun
böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə
doktoru
Elm.- 2013.- 31 yanvar.- S.12.