Qloballaşma və Azərbaycan dili tarixi

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumda demişdir: "Bizim ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, ana dilimiz, milli dəyərlərimiz vardır. Bizim milli dəyərlərimiz ümumbəşəri milli dəyərlər əsasında qurulmuşdur. Qloballaşan dünyada gənc nəsil üçün milli-mənəvi dəyərlər xüsusi rol oynayır və oynamalıdır. Lakin başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə olan hörmətdən başlayır".

 

Bəli, qloballaşan dünya bizim milli-mənəvi dəyərlərimizi, o cümlədən dilimizi əlimizdən almır, qlobal dünya bu vaxta qədər imperiyalar və super dövlətlər içində əriyən dilimizlə (mədəniyyətimizlə, tariximizlə və s.) incə yollarla daha dərindən maraqlanır. Öyrənmək istəyirik ki, onlar üçün yeni dünya (ölkə, məmləkət) hansı özəlliklərə səbəb olmuşdur, super dövlətin tərkibində hansı xüsusi çəkiyə malik olmuşdur, onun üçün imperiya daxilində özünəməxsus nəyi olub və ya nəyi olmayıb. Və biz böyük cəsarət və əminliklə super dövlətlər daxilində öz dilimizin, öz mədəniyyətimizin xüsusi çəkisini dünya mədəniyyəti (eləcə də iqtisadiyyatı və s.) müstəvisinə çıxarmağa hazır olmalıyıq və demək olar ki, buna hazırıq, çünki bu halda dünya mədəniyyətinə, sivil dünyaya göstərəcək faktlarımız çoxdur.

Bunlardan birincisi özümüzü türksoylu Azərbaycan xalqı kimi  təqdim etmək bacarığıdır. Bunun üçün ilkin şərt, əlbəttə ki, özümüzə məxsus dilimizin və onu dünya səviyyəsinə çıxarılmağa layiq dahi söz ustalarımızın olması faktıdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 24 may 2012-ci il tarixli Sərəncamında göstərilən "Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır" fikrini əməli fəaliyyətimizlə doğrultmalıyıq.

Hələ sovet dönəmində siyasi idarəçiliyin ustadı (Karaulov: "master vlasti") kimi tanınan Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi 30 ildən artıq bir zaman kəsiyində ana dilinin hərtərəfli inkişafı adına görünməmiş uğurlara rəvac verdi. Onun imzaladığı qərar və fərmanlar (Türk xalqları arasında inteqrasiyanı təmin etmək üçün latın qrafikalı əlifbanın bərpası haqqında (1 avqust, 2001), Ana dili gününün təsis edilməsi haqqında (9 avqust, 2001), dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında (iyun, 2001), Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu (2003) və s. ana dilinin hərtərəfli inkişafında ulu öndərin qarantı olduğunu təsdiqlədi. Məhz bu fərmanlar işığında Azərbaycan dili respublikanın dövlət dili kimi ictimai həyatın bütün sahələrində intensivliklə tətbiq olundu.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin ana dilinin qorunub inkişaf etdirilməsi uğrunda mücadiləsi yalnız Şah İsmayıl Xətayinin ana dilinə xidmətləri ilə müqayisə oluna bilər: XV-XVI əsrin əvvəllərində Azərbaycan türk dilinin dövlət dili səviyyəsinə qaldırılması, məlumdur ki, tariximizin şərəfli səhifələrindəndir. Qeyrətli babamız Şah İsmayıl Xətayi - Səfəvi öz hökmdarlıq missiyasından və Azərbaycan türk dilinin geniş əhatədə yayılmasından yararlanaraq onu dövləti işlərdə, dövləti yazışmalarda, dövləti görüşlərdə, hətta saray məişətində istifadəyə cəlb etdi. Bu, Azərbaycan türk dilinin rəsmi dairələrdə ilk uğuru idi. Azərbaycan dilinin ikinci böyük uğuru ümummilli liderimiz Heydər Əliyevin və onun bütün ideya və arzularının qarantı möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır.

Prezident İlham Heydər oğlu Əliyev, ulu öndərimiz kimi, öz təməl qanunlarını dil siyasətinə də yönəldir, bu siyasətin həyata keçməsinə hər cür şərait yaradır.

Vaxtilə ümummilli liderimiz Azərbaycanın dahi şairlərinin - Nəsiminin 600 (1973), Füzulinin 500 (1994), Kitabi-Dədə Qorqudun 1300 illiyini (1999) UNESCO xəttilə dünya səviyyəsində keçirərkən onun mənəvi-mədəni mənasından az vacib olmayan siyasi mahiyyətinin aktuallığını nəzərdə tutaraq, qloballaşmağa doğru gedən dünyaya göstərmək istəyirdi ki, Azərbaycan xalqı sivil xalqdır, onun belə mənəvi zənginlikləri var. Bu gün biz əminliklə deyə bilərik ki, ulu öndərin arzuları çin olur: bu gün Azərbaycan dünyanın ən tolerant ölkəsi kimi multikulturalizmin ən rahat, heç bir maneəyə tuş olmadan sərbəst şəkildə inkişaf etməsini nümayiş etdirir. Təsadüfi deyil ki, Beynəlxalq Humanitar forumlar məhz Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilir.

Bütün bunlar Azərbaycanın qloballaşmağa hazır olduğunun göstəriciləridir.

Lakin o da var ki, biz qloballaşmaya sivil ölkə kimi getməliyik. Bunun üçün bizim hər cür imkanlarımız vardır.

İlk öncə Azərbaycan türk xalqını dünyanın mədəni xalqları cərgəsində durmağa haqq verən dahi şairləri olmasını və onların yer üzünün yarısını təşkil edən Şərqin üç dilində yazıb-yaradan poliqlot şairləri Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli kimi dünyanın ilk poliqlot şairlərinin vətəni olmasını nümayiş etdirmək vacib şərtlərdəndir. Məlumdur ki, bunlar nəinki Azərbaycanın doğma övladı, həm də Yaxın və Orta Şərqin nəhəng şairləri olmuşlar. Eyni analogiyanı mədəniyyət və ədəbiyyat tariximizin başqa sahələri ilə əlaqədar olaraq da gətirmək olar. Dünyanın bu nəhəng şairlərinin məhz Azərbaycan türk xalqına mənsub olması, fikrimizcə, qloballaşan dünya üçün maraq doğuran tarixi faktlardandır.

Ulu öndərin təməl proqramlarını ardıcıllıqla yerinə yetirən Prezident İlham Əliyev Azərbaycan klassiklərinin yubileylərinin qeyd edilməsilə əlaqədar və ən başlıcası, gənc nəslin onları unutmaması məqsədilə müxtəlif sərəncamlar imzalayaraq Azərbaycan dilinin tətbiqinin daha əhatəli və istifadə masştabının genişlənməsi üçün hər cür şərait yaradır. Onun imzaladığı Nizami Gəncəvinin 870 (23 dekabr, 2011), M.F.Axundzadənin 200 (13 aprel, 2010), Xurşidbanu Natəvanın 180, Üzeyir Hacıbəylinin 125, C.Məmmədquluzadənin 140, M.S.Ordubadinin 140, M.Ə.Sabirin 150, C.Cabbarlının, H.Cavidin, Rəsul Rzanın, M.Müşfiqin 100 (6 fevral, 2009) illik yubileylərinin keçirilməsi haqqında sərəncam və fərmanları Prezidentimizin Ana dilimizə müntəzəm qayğı və diqqətinin təzahürüdür. Bununla belə, ölkəmizdə ictimai-siyasi, mədəni-iqtisadi hadisələrlə əlaqədar Azərbaycan dilinin istifadəsi və yayılması ilə bağlı bir sıra arzuolunmaz hallar da müşahidə olunur.

Dilimizin müasir səviyyəsinin daha uğurlu inkişafı üçün onun tarixinin öyrənilməsini günümüzün ən prioritet məsələsi hesab edən Prezidentin 24 may 2012-ci il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" imzaladığı Sərəncamda deyilir: "Bəzən dilimizin tarixinə aid səslənən səhv fikirlərə vaxtı-vaxtında cavab verilmir və bu dilin keçdiyi inkişaf mərhələlərini etibarlı tarixi mənbələr əsasında dolğun əks etdirən fundamental əsərlər yaranmır. Elmi tədqiqatlar üçün bəzi hallarda müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən xeyli geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir".

Əslində bu Sərəncam ulu öndərin xalqımızın tarixi ilə bağlı vaxtında böyük müdrikliklə dediyi "Öz tarixini bilməyən millətin gələcəyi də yoxdur" kəlamının yerinə necə yetirilməsi narahatlığından meydana gəlmişdir. Ulu öndər deyirdi: "Ana dilini bilməyən gənc Nəsimini oxuya bilməyəcək, Füzulini oxuya bilməyəcək, Vaqifi oxuya bilməyəcək, Sabiri oxuya bilməyəcək, Cəlil Məmmədquluzadəni oxuya bilməyəcək. Əgər bunları oxuya bilməsə, demək tariximizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mənəvi dəyərlərimizi-ənənələrimizi bilməyəcək".

Göründüyü kimi, bu kəlamlar öz xalqının, millətınin gələcək taleyi üçün xalq oğlunun narahat qəlbinin sarsıntılarıdır. Uzaqgörən ulu öndər özünəməxsus siyasi həssaslıq və duyumla bilirdi ki, qloballaşma dövründə milli mənsubiyyət, milli özünəməxsusluq vacib amil olaraq hər bir xalq kimi Azərbaycan xalqını da milli müəyyənləşmə, milli özünü mühafizə etmə məsələləri ilə üz-üzə qoya bilər. Belə bir vəziyyətdə milli mənəvi dəyərlərə, onun ilkin vasitəsi olan ana dilinə, onu tarixən inkişaf və təmsil edən mədəni-yazılı abidələrimizə böyük ehtiyac olar, çünki bu xəzinə bizim tariximizin və gələcəyimizin qarantıdır! Axı bizim bugünkü Azərbaycan dili "Xalqımızın ana dili olmaqla ümumxalq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu bünövrə üzərində Azərbaycan yazılı ədəbi dili səviyyəsinə qalxanadək uzun bir təşəkkül tarixindən keçmişdir. (Azərbaycan ədəbi dili tarixi, I c. Bakı: Şərq-Qərb, 2007, s. 2).

Qloballaşma şəraitində dilimizin hərtərəfli inkişafı üçün hər cür imkanlar və imtiyazlar yarandığı belə bir dövrdə milli müəyyənliyimizi və milli mədəniyyətimizi qorumaq xüsusi aktuallıq kəsb edir. Bu gün qloballaşma insanlar, xalqlar arasında rəqabət, dartışma yox, yaxınlaşma, anlaşıqlı münasibətlər yaratmaq məqsədinə üstünlük verir və bu məqsədə xidmət edir. Çünki bu gün dünyanı qorumaq, onu gələcək nəsillərə olduğu kimi çatdırmaq bütün bəşəriyyəti düşündürən qlobal məsələdir. Bunun üçün xalqlar arasında ümumi bəlalara (məsələn, ekologiya problemlərinə) qarşı birgə düşünmək və belə problemlərin çözülməsi məsələlərində fikir yaxınlaşmalarına üstünlük vermək lazımdır. Belə vəziyyətdə bir nəfər hamı üçün, hamı bir nəfər üçün prinsipi aktuallıq kəsb etməyə başlayır: indi "bir xalqın mədəni irsi bütün xalqlar üçün, bütün xalqların mədəni irsi bir xalq üçündür" devizi özünü tamamilə doğruldur.

Sovet dönəmində qapalı şəkildə qalmış Azərbaycanın öz mədəni irsi ilə bu gün qloballaşma işığında digər xalqlara qovuşmaq, inteqrasiya olmaq üçün daha geniş, daha əhatəli şəkildə qloballaşan dünyaya qovuşması və inteqrasiya olunması bəşəri məzmun kəsb etməyə başlayır.

Azərbaycanın dahi söz ustadları -bədii sözün klassikləri Şərqin üç dilində yazıb-yaratmış, "Divan" bağlamışlar. Öz bədii-fəlsəfi yaradıcılıqları ilə məktəb yaratmış mütəfəkkirlərin bədii-fəlsəfi irsinin, dil-nitq səviyyələrinin elmi-linqvistik tədqiqi qloballaşma şəraitində ikiqat aktuallıq qazanır. Çünki onlar "öz əsərlərində Şərqin və Qərbin sintezinin nəticəsi olaraq şeirin, elmin, fəlsəfənin ən yüksək zirvələrinə çatmış" (H.Əliyev) mütəfəkkir filosof olmuşlar. Onlar bəşəri, humanist, fəlsəfi ideyaları ilə, gizli deyil ki, dünya mədəniyyəti tarixinin, dünya mədəni irsinin zənginləşməsində sanballı mövqe qazanmışlar və dünya bunu etiraf etmişdir.

Məhz bu mənada 24 may 2012-ci il tarixli Prezident Sərəncamında vurğulanan dilimizin tarixi qaynaqları, ilk növbədə Azərbaycan türk xalqının görkəmli söz ustadlarının, Azərbaycan klassik ədəbiyyatının dahi simalarının bədii-söz sənəti irslərinin yeni rakursdan, yeni istiqamətlərdə elmi-nəzəri tədqiq edilməsini aktual və vaxtında verilmiş sərəncam hesab edirik və onun həyata keçməsi ulu öndərin müqəddəs ruhuna ən real alqış olardı.

Bununla əlaqədar olaraq bəzi düşüncələrimizi təklif olaraq diqqətə çatdırmaq istərdik:

Qloballaşma şəraitində tarixi-milli-mənəvi-mədəni dəyərlərimizin bariz göstəricisi və qoruyucusu kimi

1.Azərbaycan klassiklərinin dili və üslubu problemlərinin elmi-nəzəri tədqiqi məsələlərinə diqqətin gücləndirilməsi;

2.Azərbaycan xalqının mentaliteti, onun bədii sözə və bədii yaradıcılığa xüsusən meyilli olması həqiqəti nəzərə alınaraq texniki və bütün qeyri-filoloji ali məktəblərdə "Azərbaycan ədəbi dili tarixi", "Azərbaycan nitq mədəniyyəti tarixi" fənlərinin tədris edilməsi üçün dərslik və monoqrafiyaların hazırlanması məsələsi;

3.Orta məktəb müəllimlərinin, şagirdlərinin və ümumən xalqın ehtiyacını nəzərə alaraq milli-mənəvi dəyərlərimizin ən gözəl mənbələrinin -Azərbaycan klassiklərinin poetik dilinin leksikoqrafik tədqiqi problemi məsələsi;

4.Qloballaşma şəraitində Azərbaycan xalqının milli mentalitetinin ilk göstəricisi olan ana dilinin tarixinin, çağdaş durumunun və gələcək taleyinin qarantı olaraq yuxarıda sadalanan məsələlərin zəruri olaraq aktuallığının nəzərə alınması məsələsi.

Bütün bunlar klassik ədəbiyyata olan marağa qarşı çevrilmiş hər cür maneənin qarşısını almış olar.

 

 

Sevil MEHDİYEVA,

AMEA Nəsimi adına Dilçilik İnstitutu

Azərbaycan dili tarixi şöbəsinin müdiri,

filologiya elmləri doktoru, professor

 

Elm.- 2013.- 31 yanvar.- S.12.