KLASSİK İRSİMİZİN YORULMAZ TƏDQİQATÇISI

 

Elmdə yüksək pillələri qət etmək hər bir tədqiqatçı alimin arzusudur, lakin bu, hər kəsə nəsib olmur. Belə bir mərtəbəyə çatmaq isə xüsusi istedad tələb edir. Məhz belə bir yüksək istedad sahibi olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, filologiya elmləri doktoru, professor Əlyar Səfərli müasir Azərbaycan ədəbiyyatşünaslığının və mətnşünaslığının ən tanınmış nümayəndələrindən biri və birincisidir.

 

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əlyar Qurbanəli oğlu Səfərli 1937-ci il dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Anabat kəndində anadan olmuşdur. 1943-1951-ci illərdə orta məktəbdə oxumuş, 1951-1955-ci illərdə isə Ordubad şəhər pedaqoji məktəbində təhsilini davam etdirmişdir. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) şərqşünaslıq fakültəsində təhsil almış, 1960-cı ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1966-cı ildə "Məsihi və onun "Vərqa və Gülşa" poeması" mövzusunda namizədlik, 1982-ci ildə isə "XVII-XVIII əsrlər Azərbaycan epik ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, dosent, professor və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışmışdır. Alim 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 1994-1998-ci illərdə İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışmışdır. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində professor və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 2006-cı ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş elmi işçi vəzifəsinə təyin olunmuşdur. 2009-cu ildən isə həmin şöbənin müdiri vəzifəsində çalışır.

Artıq yarım əsrdən çoxdur ki, Əlyar Səfərli klassik Azərbaycan ədəbiyyatının müxtəlif sahələri ilə bağlı araşdırmalar aparmış, bu sahənin görkəmli tədqiqatçılarından biri kimi şöhrət qazanmışdır. Onun 500-dən artıq elmi məqaləsi və "XVII-XVIII əsrlər Azərbaycan epik şeiri" (Bakı, 1982), "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" (X.Yusifli ilə birlikdə) (Bakı, 1982), "Azerbaydjanskaya epiçeskaya literatura XVII-XVIII vekov" (Baku,1986), "Məsihi" (Bakı,1992), "Azərbaycan türk ədəbiyyatı" (X.Yusifli ilə birlikdə)  (Ankara, 1993), "Azərbaycan ədəbiyyatı tarixi" (X.Yusifli ilə birlikdə) (Tehran, 1997), "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" (X.Yusifli ilə birlikdə) (Bakı, 1998), "Azərbaycan ədəbiyyatı tarixi" (Qədim və orta əsrlər ədəbiyyatı) (X.Yusifli ilə birlikdə) (Bakı, 2008)  və s. bu kimi monoqrafiya və dərslikləri işıq üzü görmüşdür. Göründüyü kimi, Əlyar Səfərlinin Xəlil Yusifli ilə birlikdə ali məktəb tələbələri üçün yazdığı dərslik tez bir zaman ərzində geniş yayılmış və ən sanballı dərslik kimi tələbələrin stolüstü kitabına çevrilmişdir. Həmçinin təsadüfi deyil ki, gənc nəsil 10 ildən artıq bir müddətdə, yəni 1994 - 2005-ci illər arasında klassik Azərbaycan ədəbiyyatını Əlyar Səfərlinin Xəlil Yusifli ilə birlikdə müəllifi olduğu Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə çap olunan orta məktəblərin 9-cu sinfi üçün "Ədəbiyyat" dərsliyindən öyrənmişdir.

Klassik ədəbiyyatın tədqiqi mətnşünaslıqla vəhdət təşkil edir. Əlyar Səfərli bu iki sahəni öz elmi fəaliyyətində bir-birindən ayırmamışdır. Əsası Salman Mümtaz və akademik Həmid Araslı tərəfindən qoyulan Azərbaycan klassik abidələrinin nəşri və tədqiqi sonralar Əlyar Səfərli tərəfindən uğurla davam etdirilmişdir. Alim bütün elmi yaradıcılığı boyu dünyanın müxtəlif kitabxana və muzeylərində ədəbi və elmi ictimaiyyətə məlum olmayan nadir əlyazma nüsxələrini axtarıb tapmış, onları ön söz və şərhlərlə tərtib və nəşr etdirməklə geniş oxucu kütləsinə tanıtmış, eyni zamanda həmin ədəbi abidələrin geniş və hərtərəfli araşdırılması üçün şərait yaratmışdır. Əlyar müəllimin tərtibi ilə çapdan çıxmış kitablara nəzər saldıqda qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının mənzərəsi göz önündə canlanır. Onların içərisində Q.Bürhanəddin. "Gülşənə gəl, nigara, bülbülü gör" (Bakı, 1976), Məsihi. "Vərqa və Gülşa" (Bakı, 1977), "Dastani-Əhməd Hərami" (Bakı, 1978), Əmani. "Əsərləri" (Bakı, 1983), Məhcur Şirvani. "Qisseyi-Şirzad", Hamidi. "Seyfəlmüluk" (Bakı, 1985), Məhəmməd. "Şəhriyar" (Bakı, 1987), Q.Bürhanəddin. "Divan" (Bakı, 1988), Şah İsmayıl Xətayi. "Keçmə namərd körpüsündən" (X.Yusifli ilə birlikdə) (Bakı, 1988), Məhəmməd Füzuli. "Hədiqətüs-süəda" (M.Nağısoylu və N.Göyüşovla birlikdə) (Bakı, 1993), Məhəmməd Füzuli. "Qoy məni dərdimlə" (Bakı, 1996), Məsihi. "Divan" (Tehran, 1998), Məsihi. "Divan" (Bakı, 2012) və s. kimi kitablar xüsusi qeyd edilməlidir.

Əlyar Səfərli klassik irsin ədəbi örnəklərlə gənc nəslə yaxından çatdırılmasında da əvəzsiz xidmətləri olan bir  alimdir. Belə ki, onun "Məktəb kitabxanası" seriyasından olan onlarla kitabı, o cümlədən Məhəmməd Füzuli. "Seçilmiş əsərləri" (Şərhlərlə) (1983), İmadəddin Nəsimi. "Seçilmiş əsərləri" (Şərhlərlə) (1985),  İmadəddin Nəsimi. "Mən bu cahana sığmazam" (Şərhlərlə) (1991), Füzuli. "Şikayətnamə" (1992), eləcə də ali məktəb tələbələri üçün qədim və orta əsrlər ədəbiyyatı müntəxəbatı kimi nəzərdə tutulmuş "Hikmət xəzinəsi" (X.Yusifli ilə birlikdə) (1992) kitabları bu sahədə sayılıb-seçilən vəsaitlərdəndir.

Əlyar Səfərlinin tədqiqat palitrasında klassik Azərbaycan ədəbiyyatının söz sərrafı Məhəmməd Füzulinin xüsusi yeri vardır. O, Füzuli irsinin tədqiqi və nəşri sahəsində bir çox əməli işlər görmüş, onun geniş oxucu kütləsinə və məktəblilərə daha yaxından çatdırılması sahəsində dəyərli əsərlər ortaya qoymuşdur. Orta və ali ixtısas məktəbləri üçün yazmış olduğu yuxarıda adı çəkilən dərsliklər vasitəsilə Füzulini xalqa daha yaxından tanıdan alim öz tərtibləri ilə də bu işi davam etdirmiş, onun ədəbi irsindən təqdim olunan örnəklərin şərh və izahları ilə  (Məhəmməd Füzuli. "Seçilmiş əsərləri" (Şərhlərlə) Bakı, 1983) bu işin öhdəsindən uğurla gəlmişdir. Əlyar Səfərli keçən əsrin 80-ci illərində hər il may ayında Bakıda keçirilən "Füzuli poeziya günləri"nin fəal təşkilatçılarından biri kimi də böyük şairə olan dərin hörmət və məhəbbətini ifadə etmişdir. Bütün yaradıcılığı boyu yeni cığırlar açmağa, yeni söz deməyə can atan alim Füzuli irsi ilə bağlı da bir sıra yeni yol və istiqamətlər müəyyənləşdirmişdir. Bunlardan biri də, heç şübhəsiz ki, dahi şairin sabiq sovet dönəmində yasaq olunaraq işıq üzü görməyən "Hədiqətüs-süəda" əsəri idi. Əlyar Səfərli müstəqilliyimizin ilk illərində - 1993-cü ildə Möhsün Nağısoylu və Nəsib Göyüşovla birlikdə Füzulinin "Hədiqətüs-süəda" əsərini nəşr etdirməklə Azərbaycan füzulişünaslığında yeni bir istiqamətin əsasını qoymuş oldu. Sovet dövründə sırf dini əsər kimi təqdim olunan "Hədiqətüs-süəda" bu nəşrlə özünün Azərbaycanda layiqli qiymətini aldı və eyni zamanda onun geniş və hərtərəfli tədqiqi üçün imkan yaranmış oldu. Əlyar Səfərli "Hədiqətüs-süəda" əsəri ilə bağlı silsilə məqalələr çap etdirərək abidənin mövzu, mənbə və ideya qaynaqlarını üzə çıxarmış, onun haqqında bir sıra qiymətli fikirlər söyləmişdir. Alim "Hədiqətüs-süəda" əsərinin nəşri sahəsindəki fəaliyyətini sonralar da davam etdirmişdir. 2005-ci ildə latın qrafikası ilə nəşr olunmuş Füzuli əsərlərinin altıcildliyinin altıncı cildinə daxil olan bu əsərin təkmilləşmiş yeni mətni də Əlyar Səfərlinin tərtibi ilə çapdan çıxmışdır.

Əlyar Səfərli bu gün də klassik irsimizin yorulmaq bilmədən çalışan tədqiqatçısı və tanınmış mətnşünası kimi fəaliyyətini davam etdirməkdədir. Onun 2012-ci ildə "Elm" nəşriyyatında latın qrafikası ilə çapdan çıxmış Məsihi "Divan"ı uzun və gərgin əməyin nəticəsi olub, klassik Azərbaycan ədəbiyyatının nəşri və tədqiqi sahəsində əvəzsiz xidmətlərindən biridir.

Tale elə gətirmişdir ki, XVII əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Şeyx Məsud Rüknəddin Məsihinin ədəbi irsini tapıb üzə çıxarmaq və geniş oxucu kütləsinə çatdırmaq missiyası Əlyar Səfərlinin üzərinə düşmüşdür. Belə ki, Əlyar müəllimin ilk tədqiqat işinin mövzusu Məsihinin "Vərqa və Gülşa" poeması idi. O, əsər üzərində tədqiqata başlayanda Məsihinin "Vərqa və Gülşa" poemasının məlum olan və bütün tədqiqatçılar tərəfindən istifadə edilən yeganə  əlyazma nüsxəsi İngiltərənin Britaniya muzeyində qorunub-saxlanılırdı. Lakin Əlyar Səfərli əsərin yeni, həm də daha mükəmməl bir əlyazma nüsxəsini Tehran Universiteti Mərkəzi kitabxanasından aşkar edərək elm aləminə tanıtdırdı. Alim həmin əlyazma əsasında əsəri ilk dəfə ətraflı şəkildə araşdırdı və çapa hazırlayaraq elmi ictimaiyyətə təqdim etdi. Məsihinin "Vərqa və Gülşa" poeması kimi, uzun illərdən bəri tarixin qaranlıqlarında itib-batmış lirik şeirlər "Divan"ının tapılması və nəşr olunaraq işıq üzü görməsi də AMEA-nın müxbir üzvü Əlyar Səfərlinin adı ilə bağlıdır. Şairin lirik şeirlər "Divan"ını İranda səfir işləyərkən tapıb üzə çıxaran alim 1998-ci ildə onun Tehranda ərəb əlifbası ilə nəşrinə nail olmuşdur. Lakin həmin nüsxənin sayca azaldığını və geniş oxucu kütləsi arasında çox da yayılmadığını nəzərə alan tərtibçi onu latın qrafikası ilə yenidən nəşr etdirmişdir. Kitabın sonuna əlavə olunan "Divan"ın əlyazmasının fotofaksimilesi də olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, bu, "Divan"ın həm də dil tarixi baxımından öyrənilməsi üçün geniş imkanlar açır. Məsihi "Divan"ının latın qrafikası ilə nəşri olduqca əhəmiyyətli olub, ədəbiyyat və dil tariximizin öyrənilməsi üçün qiymətli bir mənbədir. "Divan"ının latın qrafikası ilə nəşri həm də mətnşünaslığımızın son nailiyyətlərindən biri kimi dəyərləndirilməlidir.

Əlyar Səfərli eyni zamanda Azərbaycanda bir sıra gənc elmi kadrların yetişdirilməsində də səmərəli fəaliyyət göstərmişdir. Hal-hazırda ədəbiyyatşünaslıq sahəsində çalışan orta və gənc nəsil arasında az tədqiqatçı tapmaq olar ki, Əlyar Səfərli onun universitet müəllimi olmasın. Əlyar Səfərlinin mühazirələrini dinləməyən tələbələr isə ən azı onun dərsliyi vasitəsilə klassik Azərbaycan ədəbiyyatını öyrənmiş, onun dərinliklərinə bələd olmuşlar. İndiki vəziyyətdə Əlyar müəllim öz keçmiş tələbələri ilə institutda, eyni şöbədə çiyin-çiyinə çalışır, onun rəhbərliyi ilə "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsində ədəbiyyat tariximizin az öyrənilmiş sahələri araşdırılır, yeni-yeni ədəbi abidələr nəşrə hazırlanır. Əlyar Səfərlinin rəhbərliyi altında 10-dan artıq namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Onu da xatırladaq ki, həmin kadrların hamısı bilavasitə vaxtilə onun universitetdə dərs dediyi tələbələr olmuşdur. Bir alim və müəllim üçün bundan da dəyərli qürur mənbəyi ola bilər mi? Şübhəsiz ki, yox!

Əlyar müəllim həmişə gənclər üçün yol açmış, onların səmərəli şəkildə fəaliyyəti üçün şərait yaratmışdır. O, universitetin fars dili və ədəbiyyatı şöbəsini bitirsə də, elmi fəaliyyətinin əsas hissəsini, demək olar ki, türkdilli müəlliflərin, türkdilli ədəbi abidələrin öyrənilməsinə, onların tədqiq və nəşrinə həsr etmişdir. Əski türk və fars dillərini, o cümlədən qədim xətt növlərini yaxşı bilən Əlyar müəllim uzun illər dünya kitabxanalarında və muzeylərində əlyazma şəklində geniş oxucu kütləsindən gizli qalan bir çox ədəbi abidələri nəşrə hazırlayaraq onlara yeni bir həyat vermişdir. Alim fars dili və ədəbiyyatı ilə bağlı əldə etdiyi biliklərdən türkdilli abidələrin tədqiqi və nəşri işində bir vasitə kimi istifadə etmişdir.

Müasir milli ictimai fikrimizin inkişafında xüsusi yeri olan Əlyar Səfərlinin yaradıcılıq fəaliyyətinin bir qolunu da güney Azərbaycanı ilə bağlı əsərlər təşkil edir. Sanki ustad Şəhriyarın "O tay-bu tay fərqi yoxdu, Vətəndir" kəlamını özünə fəaliyyət devizi edən alimin yaradıcılığının böyük bir hissəsini bütöv Azərbaycan idealı təşkil edir. Əlyar müəllim 1994-1998-ci illərdə İran İslam Respublikasında  fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışarkən də öz fəaliyyətini təkcə diplomatik işlərlə məhdudlaşdırmamış, İran kitabxanalarında çalışaraq bir sıra türkdilli abidələrin yeganə əlyazma nüsxələrini üzə çıxarmışdır. Eləcə də o, səfir işlədiyi müddət ərzində güney azərbaycanlıların ədəbi-mədəni, ictimai-siyasi və sosial durumu ilə yaxından tanış olmuşdur. Alimin "Yaralı Azərbaycan", "Dərdli Azərbaycan", "Bölünmüş Azərbaycan" və "Həsrətli Azərbaycan" adlı kitabları bilavasitə Azərbaycanda millətin, gənc nəslin milli şüurunun inkişafına, ictimai fikrinin tərəqqisinə yönəlmişdir. Əlyar müəllimin 1993-cü ildə Ankarada, 1997-ci ildə isə Tehranda çap etdirdiyi "Azərbaycan ədəbiyyatı tarixi" (X.Yusifli ilə birlikdə) dərsliyi dünya azərbaycanlılarının ana dilində işıq üzü görən ilk dərslik nümunəsi kimi də önəm daşıyır.

Bu günlərdə elmi ictimaiyyət tanınmış alim, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əlyar Səfərlinin 75 illiyini qeyd edir. Respublikanın bütün ziyalıları və klassik ədəbiyyat həvəskarları adından Əlyar müəllimi təbrik edir, qadir Allahdan ona uzun ömür, cansağlığı arzulayırıq. İnanırıq ki, görkəmli alim bundan sonra da böyük səylə, qətiyyətlə çalışacaq, Azərbaycan ədəbiyyatşünaslığının və mətnşünaslığının inkişafı, klassik irsin tədqiqi və təbliği sahəsində yüksək vətənpərvərlik nümayiş etdirəcəkdir.

 

 

Ataəmi MİRZƏYEV,

filologiya üzrə fəlsəfə 

doktoru, dosent

 

Elm.- 2013.- 31 yanvar.- S.10.