İQLİM
DƏYİŞMƏLƏRİ: MİF VƏ REALLIQLAR
(əvvəli
ötən sayımızda)
İqlimin uzunmüddətli proqnozu mümkündürmü
və AOÜDQM nədir?
İqlim çox mürəkkəb fiziki
sistemdir. O, atmosferlə okean
səthinin, dəniz buzlarının, kontinentlərin səthləri
və buzlaqların, həm də biosferin
qarşılıqlı təsiri ilə
təyin olunur. Bu
qarşılıqlı təsir nəticəsində iqlim sisteminin özündə
zaman miqyası bir
neçə həftədən on və yüz illərə qədər dəyişən
mürəkkəb təbii rəqslər yaranır. Sistem günəş radiasiyası
axınının dəyişməsi, vulkan
püskürməsi zamanı atmosferə qaz
və aerozolların atılması kimi təbii
təsirlərə məruz qala bilər.
Nəhayət, son məlumatlara görə,
insanın fəaliyyəti iqlimə xeyli təsir
göstərir.
Belə
mürəkkəb sistemi anlamaq
və onun dəyişməsini
proqnozlaşdırmaq üçün atmosfer və okeanın ümumi
dövranının qlobal modelindən
(AOÜDQM) istifadə edirlər. Belə modellərlə hesablamalar nəhəng hesablama
resursları tələb etsə də, onlara
alternativ yoxdur. Müasir
AOÜDQM iqlimin dəyişməsinin əsas
xüsusiyyətlərini özündə əks etdirsə də,
ayrı-ayrı rayonların iqlimini və
onların dəyişmələrini kifayət qədər
keyfiyyətli hesablaya bilmədiyindən
onların sonrakı təkmilləşməyə ehtiyacı
vardır. Bundan əlavə, model orta qiymətləri dəqiq verməklə
yanaşı, ekstremal hallar
bizim həyatımıza və təsərrüfat
fəaliyyətinə güclü təsir
göstərdiyindən, havanın ekstremal
rejimlərinin təkrarlanma dəyişkənliyini də dəqiq
verməlidir.
İqlimin gələcək
dəyişmələri üçün
AOÜDQM ilə alınmış proqnostik
qiymətləri nə dərəcədə etibarlı saymaq olar? Belə hesablamalarda əsas iqlimyaradıcı prosesləri
təsvir edən tənliklər bir
neçə on ilə və yaxud yüz ilə inteqrasiya olunurlar. Bu səbəbdən sistematik
səhvlər yaranır və onlar da proqnozun dəqiqliyinə
təsir göstərir. Onların içərisində ən
əhəmiyyətliləri aşağıdakı səbəblərdən
ola bilər.
Birincisi, dünya cəmiyyətinin texnoloji
inkişaf tendensiyasını və ətraf
mühitin dəyişməsini böyük dəqiqliklə uzun
müddətə qiymətləndirmək olmur.
Bunun nəticəsi kimi
də atmosferdəki istixana
qazlarının və aerozolun
konsentrasiyasının dəyişməsini qiymətləndirmək
çətinləşir.
İkincisi,
müasir AOÜDQM-lər nisbətən kiçik zaman
ayırdediciliyinə malik olduğundan
və qlobal və regional
iqlimin antropogen təsirə
həssaslığını müəyyən edən vacib iqlim proseslərini
yaxşı təsvir etmədiyindən kifayət qədər
kamil deyillər.
Şərh-xülasə
Beləliklə,
yuxarıda təqdim olunmuş məlumatlara görə, qlobal
istiləşmə probleminə elmi nöqteyi-nəzərdən
yanaşdıqda belə bir sual ortaya çıxır:
doğrudanmı, istiləşmə baş verir? Nə qədər
təəccüblü olsa da bu adi suala birmənalı şəkildə
cavab vermək olmur. Şübhəsiz, qlobal istiləşmənin
xeyrinə olan çoxlu sayda sanballı faktlar mövcuddur,
ancaq onların heç biri yüz faiz inandırıcı
deyil, hər birinin bir "əmması" var. Ən vacib
fakt son 150 ildə temperaturun 0,70C artmasıdır, hansı ki
bu, iqlim normalarına görə az kəmiyyət deyildir.
Buradaca həmin artımın daimi (davamlı)
olmadığını qeyd etmək lazımdır: yəni
göstərilən müddətdə iki istiləşmə
və sonra soyuma sikli müşahidə olunmuş,
üçüncü istiləşmə 1970-ci ildə
başlamış və hələ də davam edir. Belə
temperatur dalğalarının mövcudluğu bizi bir qədər
ehtiyatlı olmağa çağırır. Ona görə
ki, sənaye tullantılarının həcmi fasiləsiz
(daimi) artmışdır və bunu məşhur "xokkey
klyuşkası" (yuxarıdakı qrafikə bax), İngiltərədə
"sənaye inqilabı" dövründə atmosferdə
karbon qazının konsentrasiyasının
sıçrayışla artması təsdiq edir.
İqlimin
istiləşmənin xeyrinə olan əlamətlərdən
biri buzların əriməsidir. Hazırda ən çox əriyəni
dağlardakı buzlaqlardır, ancaq planetar miqyasda dağ
buzlaqlarında buzlar elə də çox deyildir. Ən samballı
fakt Yer örtüyü buzlarının səkkiz faizini təşkil
edən Qrenlandiya buzlağının əriməsidir, son
yarım əsrdə onun qalınlığı on dörd metr
azalmışdır! Arktika dəniz buzları da son əsrin
axırıncı iyirmi ilində öz sahəsinin iyirmi
faizini itirmişdir. Antarktidanın şelf buzlaqları da hiss
olunacaq dərəcədə əriyir. Amma vacib odur ki,
Antarktida şelf buzları təkcə ərimir, belə
görünür ki, hətta artır (akademik Dobretsov). Hələlik
biz bilmirik, o nə qədər intensiv artır, ancaq
mümkündür ki, bu artım bütün Yer kürəsindəki
istiləşməni kompensasiya edə bilər. Beləliklə,
yuxarıda sadalanan faktlardan heç biri birmənalı şəkildə
Yerin bu və ya digər regionunda müşahidə olunan
istinin həqiqətən qlobal və həqiqətən
davamlı olmasını, lokal və müvəqqəti
olmadığını təsdiq etmir.
Yuxarıda
qeyd olunduğu kimi, müasir iqlimşünaslıqda qlobal
istiləşmə probleminə bir neçə yanaşma
vardır və onlardan əksəriyyəti həlledici rolu
karbon qazına, onun texnogen mənşəyinə verirlər.
Karbon qazının rolunun olmadığını deyib,
üstünlüyü günəş və aerozol nəzəriyyələrinə
çevirənlərdə vardır. Bəzi nüfuzlu alimlər
iqlimin dəyişməsinin əsas səbəbini okean-atmosfer
sistemindəki avtorəqslərdə görürlər. Nəhayət,
qlobal istiləşmənin olmadığını
inandırmaq istəyən orijinallar da vardır və
maraqlıdır ki, onların da ciddi arqumentləri
mövcuddur.
Ən
çox diskussiya obyekti olduğundan, sonda atmosfer
qazlarının yaratdığı istilik effektinə bir də
baxaq. Özlüyündə istilik qazları Yer
üçün çox böyük müsbət əhəmiyyət
kəsb edir: onsuz Yerin orta temperaturu müsbət on beş dərəcə
yox, mənfi on səkkiz dərəcə olardı. İstixana
effektindən danışanda əsas istixana qazının
karbon qazı deyil, su buxarı olduğu az yada salınır və
ya heç qeyd olunmur. Su buxarının istixana effekti o biri
qazların hamısının payından xeyli çoxdur, o
bütün istixana effektinin altmış faizini verir. Bəzi tədqiqatçılar
bu faizi səksənə qaldırır. Karbon qazı bu prosesdə
xeyli geridə qalır və ikinci yerdə durur. Bu qaz həmişə
dövrandadır: fotosintez prosesində su və yerüstü
bitki örtüyü tərəfindən udulur, bitki
qalıqları çürüdükdə isə atmosferə
qayıdır. Və yanacaq
yandırılan zaman yaranan antropogen karbon qazının
payı burada azdır, üç faizdən çox deyil.
Beləliklə,
biz qlobal istiləşmənin səbəbinin birmənalı
olmadığını sübut etməyə
çalışdıq. Amma geniş ictimaiyyət daha bir
çaşqınlığa da aludə olmuşdur: nəyə
görəsə belə hesab edirlər ki, Yerin iqlimi Allah tərəfindən
bizə bir dəfə, bu şəkildə və həmişəlik
verilmişdir. Yəni hesab edirlər ki, iqlimin tamamilə
müəyyən bir "normal" halı vardır,
hansını ki, insan öz eqoist məqsədlərinə
çatmaq üçün tam dağıda bilər və
yaxud əksinə istəsə eqoist olmaz və vəziyyəti
düzəldə bilər. Beləliklə, problem elm sahəsindən
sosial və hətta mənəvi müstəviyə
keçir.
Ancaq
paleoiqlim məlumatları yerin iqliminin bir yox, bir neçə
davamlı halının və hazırkı vəziyyətin
onlardan birinin olduğunu göstərir. Əgər temperaturun daha böyük dövrdə
gedişinə baxsaq (məsələn, son altmış
beş milyon il ərzində) görərik ki, bu dövrdə
biz ən soyuq vaxtda yaşayırıq. Eotsen optimumu adlanan maksimum temperatur əlli beş
milyon il əvvəl qeyd olunmuşdur. Və nəhayət,
Yerin temperaturuna, onda həyatın mövcud olduğu
üç milyard il üçün
baxsaq, onda temperaturun kəskin rəqs etdiyini və onun
müasir qiymətinin bütün period üçün
hesablanmış orta qiymətə kifayət qədər yaxın olduğunu görərik.
Nəticə
Yuxarıda deyilənlərdən
aşağıdakı nəticələri
çıxarmaq olar. Yer iqliminin indiki vəziyyəti unikal deyildir, Yer
üzərində həyat mövcud olandan bəri
dövrün orta temperaturuna yaxındır. Buz kernlərinin məlumatları bizim dördüncü
dövrdə iqlimi stabilləşdirən mexanizmlərin
olduğunu göstərir. Müasir istiləşmə
dövrü qeyri-adi şəkildə uzanmış, yəni
bizim buzlaqlararası dövr (holosen) artıq 11 min ildir davam
edir, bütün əvvəlki holosenlər isə 4-5 min il
davam etmişdir. Biz istiləşmənin zirvəsində
çox qalmışıq, gələcəkdə insan istiləşmədən
yox, soyuqlaşmadan qorunmalıdır: gec-tez yeni buz
dövrü gəlməlidir. Elə Robert Emmeriksin filmində də son nəticə
yeni buzlaşma dövrünün başlanmasıdır.
Bəzi tədqiqatçıların
istiləşmə faktını
inkar etdiyini biz yuxarıda qeyd etmişdik. Onların arqumentlərindən bəziləri
də aşağıdakından ibarətdir: yerüstü
meteostansiyaların məlumatları temperaturun davamlı surətdə
artdığını göstərsə də, son 20 ildəki
peyk ölçmələri belə artımı göstərmir.
Onlar bu paradoksu onunla izah edirlər ki, yerüstü stansiyalar əvvəllər
şəhərlərdən kənarda idi, indi isə onlar
asfalt və betonun içərisindədir, yəni temperaturun
"artması", onun ölçmə şəraitinin dəyişməsi
ilə əlaqədardır.
Karbon qazının konsentrasiyasının artdığına
heç kim etiraz etmir, ancaq bu artmanın səbəb
yox, nəticə oduğunu sübut edən sanballı əsas
vardır: daha yüksək temperaturda okeandan karbon qazı
ayrılır (yuxarıda qeyd olunub). Bu nəticə Antarktida
buz kernlərinin məlumatları ilə də təsdiq olunur:
əvvəlki epoxalarda əvvəlcə istiləşmə
baş vermiş, ancaq ondan sonra karbon qazının
konsentrasiyası çoxalmışdır.
Buzlaqların əriməsi də şübhə
altına alınmır, amma bunun nəticəsində
okeanın səviyyəsinin xeyli qalxacağı sual
doğurur. Məsələ ondadır ki, üzən buzların
əriməsi ümumiyyətlə okeanın səviyyəsini
dəyişməz (Arximed qanunu), Qrenlandiya buzlaqlarının əriməsi
isə, yuxarıda qeyd olunduğu kimi, Antarktida
buzlaqlarının artması ilə kompensasiya olunur.
Model hesablamalarının adekvatlığı
da böyük
şübhə yaradır. Mövcud modelləri
keçmiş və müasir verilənlərə tətbiq
etmək doğru nəticə vermir. Modellər vasitəsi
ilə əvvəllər proqnozlaşdırılmış
istilik baş vermədi, karbon qazının havadakı
konsentrasiyası proqnozlaşdırılandan iki dəfə az oldu. Tənliyə daxil olan istilik və
kütlə mübadiləsi kimi vacib parametrlər yaxşı
məlum deyil, adətən, "havadan"
götürülür. Orta müddətli (illər və onillər) iqlim proqnozunu vermək mümkün deyil. Çünki ona təsir edən amillərin
özünü necə aparacağı məlum deyildir. Vulkanların püskürməsi və günəş
aktivliyi ümumiyyətlə proqnozlaşdırılmır.
Və ən əsası, atmosfer və okeanda gedən
proseslər qeyri-xəttidir, ona görə də çətin
modelləşdirilir (daha doğrusu, heç modelləşdirilmir).
Antropogen amil həqiqətən
iqlimdə həlledicidirsə,
onda istənilən halda onu Kioto
protokolunda göstərilmiş 20% miqdarında azaltmaq fayda
verməz. Nəzəriyyə göstərir ki,
onu ancaq bir neçə dəfə azaltmaq nəticə verər.
Aydındır ki, belə kəskin azaltma
insanın təsərrüfat fəaliyyətini iflic edər.
Ən maraqlısı odur ki, insanın bütün təsərrüfat
fəaliyyəti dayandırılsa da, başlanmış istiləşmə
(əgər həqiqətən o başlayıbsa) okeanın
istilik inersiyası sayəsində hələ yüz və hətta
iki yüz il davam edə bilər.
Bəzən deyirlər ki, antropogen istiləşmə
ideyasını irəli sürənlərin özləri də
karbon qazının atmosferə atılmasının
azaldılmasının absurd olduğunu bilirlər. Ancaq bunu dillərinə gətirmirlər,
ona görə ki, iqlimin istiləşməsi ilə mübarizənin
faydasız və perspektivsiz olmasını etiraf etmək
ümumiyyətlə iqlimşünaslıq tədqiqatlarının
maliyyələşdirilməsini xeyli azaltmış olardı.
Abstrakt akademiya elmi bir, insanın yaşaması isə başqa problemdir.
Heç bir elmi mərkəzin rəhbəri
tutduğu vəzifəyə görə bu etirafı etməz
və heç öz əməkdaşlarına da rəva bilməz.
Bəs nə etməli? Sadəcə olaraq vəziyyətə
uyğun işlər görülməli, Yerin iqliminə təsir
göstərmək üçün istifadə olunan hədsiz
və faydasız xərclər əvəzinə onun təbii
dəyişmələrinə hazır olmaq lazımdır.
Subasmaya məruz qala bilən ərazilərdən
çəkilmək (məsələn, Xəzər dənizinin
sahil zonasının mənimsənilməsində xüsusi
strategiya işləmək), intensiv şəkildə Azərbaycanın
arid zonalarında meşə salmaq və gözlənilən
qlobal ekoloji problemlərə qarşı beynəlxalq əməkdaşlığı
inkişaf etdirmək gərəkdir. Burada
tələsməyə ehtiyac yoxdur, onları tədricən,
ehtiyac və imkan olduqca həyata keçirmək
lazımdır.
Və nəhayət, sonuncu. Belə bir qorxu var ki, gözlənilən istiləşmə
Yerin iqlim balansını pozacaq, dəhşətli vəziyyət
yaranacaqdır. Bu zaman elə hesab edirlər
ki, Yerin hazırkı iqlimi onun mümkün olanlarından ən
yaxşısıdır. Ancaq paleoiqlim tədqiqatları
göstərir ki, Yerdə ən fəal həyat, yəni
biokütlənin ən yüksək olduğu vaxt, 50-100 milyon il əvvəl (yuxarıda qeyd olunan eotsen
optimumu) baş vermiş maksimum temperatur perioduna
düşür. Onda temperatur indikindən xeyli
yüksək idi və təbiət dinozavrlara böyük
şans vermişdi, lakin onlar bundan tam istifadə edə bilmədilər.
Bəlkə, təbiət yeni temperatur optimumu
hazırlamaqla insana - homo sapiensə ikinci belə şans verir,
Yerdə daha komfort şərait yaradır. Deməli, qlobal istiləşmə baş versə,
biz ondan qorxmalı deyilik, onu məmnunluqla qəbul etməliyik.
Belə yanaşmada baxılan problem başqa
müstəviyə keçir.
Və ən nəhayəti,
beynəlxalq ekoloji təşkilatların
mövqeyi diqqəti çəkir. Bu təşkilatların
mövqeyinə görə, "İstixana qazlarının
azaldılması üçün aparılan mübarizə
istənilən halda az xeyir gətirməyəcəkdir.
O enerji effektiv texnologiyaları tətbiq, bərpa olunan
energetikanı inkişaf etdirməklə, iqtisadiyyatın
innovasiya yoluna keçməsinə zəmin yaradır. Hətta iqlimin dəyişməsi problemi olmasa da, bu
tələblər aktualdır". Dünya
iqtisadiyyatının əsaslandığı üzvi yanacaq əbədi
deyil. Gec və ya tez o tükənəcək.
Kimsə buna hazır olacaq, kimsə də
ekoloqların ümumdünya qəsdində olduğunu
müzakirə etməklə heç nəsiz qalacaqdır.
Sual budur.
R.M.MƏMMƏDOV,
AMEA akademik
H.Ə.Əliyev adına Coğrafiya
İnstitutunun direktor əvəzi,
AMEA-nın müxbir üzvü,
professor
Elm.- 2013.- 31 yanvar.- S.11.