Azərbaycanın
görkəmli geoloq aliminin xatirəsinə
həsr olunmuş tədbir keçirilmişdir
Yanvarın
29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət
Heyətinin binasında görkəmli geoloq, geologiya-mineralogiya
elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının
ilk azərbaycanlı müxbir üzvü Əli Əmiraslanovun
xatirəsinə həsr olunmuş tədbir
keçirilmişdir.
Azərbaycanın elm salnaməsində
özünəməxsus yeri olan görkəmli geoloqu elmi
ictimaiyyətin nümayəndələri böyük iftixar və
qürur hissi ilə anmış, xatirəsini dərin hörmət
və ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə
açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov
bildirmişdir ki, şərəfli ömür yolu
keçmiş görkəmli geoloq alim, bacarıqlı təşkilatçı,
gözəl insan Əli Əmiraslanov Azərbaycanın elm
tarixində silinməz iz qoymuşdur. Bununla yanaşı, o, həyatının
çox hissəsini geologiya elminin inkişafına, o cümlədən
əlvan, nadir və nəcib metalların xammal bazasının
yaradılması işinə həsr etmiş, tədqiqatları
ilə dünya elm xəzinəsinə əvəzsiz töhfələr
vermişdir.
AMEA-nin prezidenti xüsusi olaraq qeyd
etmişdir ki, ölkənin mis və polimetal
yataqlarının öyrənilməsi və istismara verilməsi
sahəsində Əli Əmiraslanovun əməyi çox
olmuşdur. O, mütəxəssislər arasında mis və
polimetal yataqlarının mahir bilicisi sayılırdı.
Ölkə üçün daha böyük əhəmiyyətli
yataqların seçilməsində, mədən müəssisələrinin
inşası üçün layihə təşkilatlarına
tövsiyələr verilməsində, ümumiyyətlə, əlvan
metallurgiya ilə bağlı dövlət planlarının
işlənib hazırlanmasında böyük əmək sərf
etmişdir. Onun bu sahədə apardığı tədqiqatlar,
bütövlükdə elmi irsi bugünkü gənc geoloqlar
üçün əvəzsiz mənbədir.
Sonra AMEA Yer Elmləri Bölməsinin
akademik-katibi, akademik Arif İsmayılzadə Əli Əmiraslanovun
həyatı və elmi-pedaqoji fəaliyyəti barədə məruzə
ilə çıxış etmişdir.
Bildirmişdir ki, Əli Əmiraslanov
1900-cı il dekabrın 22-də Zəngəzur qəzasının
(Qubadlı mahalının) Balahəsənli kəndində
anadan olmuşdur. O, çox erkən yaşlarında valideynlərini
itirmiş, nənəsinin himayəsi altında
böyümüşdür. İlk təhsilini əvvəlcə
kənd, sonra Şamaxı realnı məktəbində
almışdır. 1925-ci ildə Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsində təlimatçı
vəzifəsində çalışmışdır. Həmin
ilin sonunda Respublika Xalq Təsərrüfatının Ali
Şurasına şöbə müdiri təyin olunmuşdur. Ə.Əmiraslanov
işləyə-işləyə hazırlıq kursunda
oxumuş və Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan
Texniki Universiteti) daxil olmuşdur. 1926-cı ilin
payızında köçürmə yolu ilə Moskva
Dağ-Mədən Akademiyasının geoloji-kəşfiyyat
fakültəsinə qəbul edilmişdir. 1930-cu ildə təhsilini
uğurla başa vurub mühəndis-geoloq ixtisasına yiyələnmişdir.
Ə. Əmiraslanov A.Pavlov, P.Lavrov, İ.Qubkin, A.Arxangelski,
S.Nametkin, V.Obruçev kimi görkəmli alimlərdən dərs
almış, onlardan geologiya elminin sirlərini öyrənmişdir.
Qeyd olunmuşdur ki, gənc geoloq 1930-cu
ildə Moskva Geoloji Kəşfiyyat İnstitutunun təşkilində
fəal iştirak etmiş və orada böyük elmi
işçi kimi fəaliyyətə
başlamışdır. Bununla yanaşı, Ümumittifaq
Mineral Xammal İnstitutunda geoloji-kəşfiyyat dəstəsi
və ekspedisiyasının rəhbəri işləyən Ə.Əmiraslanov
həmin illərdən həyatını keçmiş
SSRİ-nin əlvan metallurgiyasının mineral-xammal
bazasının öyrənilməsinə, inkişafına və
möhkəmləndirilməsinə həsr etmişdir. O,
1936-cı ilədək Şərqi Qazaxıstan, Ural,
Zabaykalye, Orta Asiya, Şimali və Cənubi Qafqazda dəyərli
metalların axtarışını aparmışdır.
Diqqətə
çatdırılmışdır ki, Ə.Əmiraslanov, eləcə
də Gədəbəyin, Qərbi Azərbaycan torpaqları
olan Qafan və Qacaranın mis yataqlarının tədqiqini
daim diqqət mərkəzində saxlamış və Cənubi
Azərbaycan torpaqlarında da axtarışlar
aparmışdır. 1937-ci ildə alim Beynəlxalq geoloji
konqresin çağırılması və Moskvada
keçirilməsi ilə bağlı təşkilat komitəsinə
dəvət edilmişdir. O, XVII Beynəlxalq geoloji konqresin elmi
katibi və rəyasət heyətinin üzvü təyin olunmuşdur.
1938-ci ildə Elmi-Tədqiqat Qızılın Geoloji Kəşfiyyatı
İnstitutuna elmi işlər üzrə direktor müavini
göndərilmiş, 1939-cu ilin avqust ayında əlvan
metallurgiya xalq komissarının əmri ilə həmin
komissarlığın Baş Geologiya İdarəsi rəisinin
birinci müavini - baş mühəndisi təyin edilmiş,
1947-ci ilədək bu məsul vəzifədə uğurla
çalışmışdır. Bilavasitə onun
iştirakı ilə yeddi sənaye əhəmiyyətli əlvan
metal yatağı kəşf edilmiş və istismara
verilmişdir.
A.İsmayılzadə demişdir ki,
görkəmli geoloqun fəaliyyəti yalnız SSRİ məkanının
geologiyasını öyrənməklə məhdudlaşmamışdı.
O, eləcə də Çin, İran, Rumıniya, Polşa,
Macarıstan, İsveç və digər ölkələrdə
geoloji işlərlə məşğul olmuş, həmin
ölkələrin metallurgiya sənayesinin inkişafına
töhfələr vermişdir. Ə.Əmiraslanov tutduğu
yüksək vəzifələrdən asılı olmayaraq
daim elmi-tədqiqat işləri aparırdı. Zəngin nəzəri
biliyə, elmi bazaya və praktik iş təcrübəsinə
malik alimin araşdırmaları Uralın mis-kolçedan
yataqlarının, habelə Qazaxıstanın və Orta
Asiyanın qurğuşun-sink yataqlarının tədqiqinə
həsr olunmuşdur. 1937-ci ildə Uralın mis-kolçedan
yataqlarının geologiyası sahəsindəki orijinal elmi əsərə,
yəni yataqların mineraloji xarakteristikasının ətraflı
tədqiqinə görə ona geologiya-mineralogiya elmləri
namizədi alimlik dərəcəsi verilmişdir. Ə.Əmiraslanov
ittifaq miqyasında yüksək səviyyəli geoloq, geoloji
xidmətin istedadlı təşkilatçısı və
yataqların geoloji-kəşfiyyat işlərinin ümumi nəzəri
məsələlərini konkret praktiki tapşırıqlarla
həmahəng həll etməyi bacaran mütəxəssis kimi
nüfuz qazanmışdır.
Görkəmli alimin sanballı elmi-tədqiqat
əsərlərindən danışan A.İsmayılzadə
bildirmişdir ki, keçmiş mis yataqlarının
geologiyası və mineralogiyasına, mis filizinin genetik tiplərinə
və SSRİ ərazisində perspektivin dəyərləndirilməsinə
həsr etdiyi monoqrafiyasında Ə. Əmiraslanov ittifaq
miqyasında əldə edilmiş faktiki materialları
araşdırmış, hətta xarici ölkələrin mis
yataqları ilə müqayisələr aparmışdı. Həmin
monoqrafiyada mis filizi yataqlarının geoloji-iqtisadi təsnifatı
əhatəli şəkildə, geniş miqyasda verilmiş,
mis axtarışı və kəşfiyyatı üzrə
başlıca istiqamətlər düzgün
seçilmişdir. Məhz bu sanballı monoqrafiyanın əsasında
o, doktorluq dissertasiyası müdafiə edərək
geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi
almışdır. Ə.Əmiraslanov həmin ixtisas üzrə
professor elmi adına da layiq görülmüşdür.
Geologiya-mineralogiya elminin inkişafında, eləcə də gənc
geoloqlar nəslinin yetişməsində xüsusi xidmətləri
nəzərə alınaraq, 1953-cü ildə professor Ə.Əmiraslanov
SSRİ Elmlər Akademiyasına (EA) müxbir üzv
seçilmişdir. O, SSRİ EA-ya müxbir üzv
seçilmiş ilk azərbaycanlı olmuşdur. Alim
ömrünün sonunadək elmi axtarışlarını
davam etdirmiş, irihəcmli əsərlər qələmə
almışdır. Onun rus dilində yazdığı və
Moskvada nəşr olunmuş monoqrafiyalarından "Qurğuşun
və sink yataqlarının əsas tipləri (Axtarış,
kəşfiyyat və qiymətləndirmə metodları)"
(1957), "Avstriyanın qurğuşun-sink yataqları (Geoloji
səciyyə və yerləşmə
qanunauyğunluqları)" (1960, əsəri N.İvanovla birgə
yazmışdır), "Faydalı qazıntıların axtarışının
mütərəqqi metodları" (1961) geniş rezonans
doğurmuş və dəyərli vəsaitə
çevrilmişdir.
Eyni zamanda, Ə. Əmiraslanovun rəhbərliyi
ilə istehsalat və elmi-tədqiqat təşkilatlarının
mütəxəssisləri tərəfindən qalay-sink
yataqlarının geologiyası mövzusunda irimiqyaslı tədqiqatların
aparıldığı, SSRİ-nin ayrı-ayrı filiz
yataqları haqqında monoqrafik materialların tərtib
olunduğu diqqətə çatdırılmışdır.
Vurğulanmışdır ki, bu cür nəhəng
miqyaslı işlərin öhdəsindən məhz
istedadlı alim, peşəsinin vurğunu olan zəhmətsevər
insan gələ bilərdi.
İstedadlı alim, vətənpərvər,
xeyirxah insan Əli Əmiraslanov ömrünün 62-ci
baharında dünyasını dəyişmişdir.
Tədbirdə görkəmli azərbaycanlı
geoloq alimin ömür yolundan bəhs edən "Kremlin
müşaviri" sənədli filmi nümayiş
etdirilmişdir.
Filmin ssenarisini alimin qızı,
tanınmış yazıçı-publisist Elvira Araslı və
jurnalist Müşfiq Əliyev yazmışlar. Filmdə
dünya şöhrətli alimin geniş elmi və təşkilatçılıq
fəaliyyəti, zəngin mənəvi dünyası,
doğma Vətəni Azərbaycana məhəbbəti konkret
fakt və detallarla əksini tapmışdır.
Mərasimdə akademik Akif Əlizadə,
AMEA-nin müxbir üzvü Vasif Babazadə, Qazaxıstanın
ölkəmizdəki səfiri Serik Primbetov, professor Şirindil
Alışanlı, Qubadlı Rayon İcra Hakimiyyətinin
başçısı Malik İsaqov çıxış edərək
sovet geologiya elmində yeni mərhələ
açmış, yüzdən çox monoqrafiya və məqalənin
müəllifi olan dünya şöhrətli azərbaycanlı
alimin ömür yolundan və geniş elmi fəaliyyətindən
danışmışlar.
Qeyd olunmuşdur ki, dünyanın elm
korifeyləri ilə müqayisə edilən, Vətənə
vurğunluqla bağlı olan, Moskvada həmvətənlərinə
həmişə arxa duran Ə. Əmiraslanov
xalqımızın qəlbində əbədi yaşayacaq, dəyərli
əsərləri ilə elmi ictimaiyyətin mənəviyyatına
həmişə işıq saçacaqdır.
Mərhum alimin ailəsi adından
çıxış edən diplomat Elman Araslı diqqətə
çatdırmışdır ki, Əli Əmiraslanov
ömrünün çox hissəsini Vətəndən
uzaqlarda yaşasa da, Azərbaycanı heç zaman
unutmamış, onun qəlbi daim doğulduğu Qubadlı
torpağı ilə bir döyünmüşdür.
Azərbaycanda elmə və təhsilə
yüksək diqqət göstərildiyini vurğulayan E.Araslı
demişdir ki, bugünkü mərasim də bunun bariz nümunəsidir.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti
nəticəsində Əli Əmiraslanovun yubiley tədbirinin
yaxın gələcəkdə Balahəsənli kəndində
də keçiriləcəyinə əminliyini bildirmişdir.
G.ƏNSƏRLİ
Elm.- 2013.- 31 yanvar.- S.2.