AMEA KİMYA ELMLƏRİ BÖLMƏSİNİN 2012-ci ildəki ELMİ VƏ ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİNİN YEKUNLARI HAQQINDA HESABAT

 

Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) AMEA Rəyasət Heyətinin Kimya Elmləri Bölməsinin 2012-ci il üçün hesabatına həsr olunmuş iclası keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə NKPİ-nin foyesində Bölmə institutlarının 20 ildə əldə etdikləri elmi nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov gündəlikdəki məsələlər barədə məlumat vermişdir.

Sonra AMEA KEB-in akademik-katibi, akademik Nadir Seyidov Bölmə institutlarının 2012-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir (Məruzəni diqqətinizə təqdim edirik).

AMEA Kimya Elmləri Bölməsi (KEB) və onun elmi müəssisələri 2012-ci ildə öz elmi fəaliyyətini elmin inkişafi üzrə Milli Strategiyanın və Dövlət Proqramının müvafiq müddəalarını rəhbər tutaraq davam etdirmişdir.

Hesabat ilində Bölmənin institutlarında 18 problemi əhatə edən 44 mövzu üzrə tədqiqatlar aparılmış və 4 mövzu tamamlanmışdır.

KEB-in elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri fundamental və tətbiqi tədqiqatlar sahəsində 22 mühüm nəticə əldə etmişlər.

2012-ci ildə KEB üzrə 12 işin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirilmişdir. Onlardan 3 iş tətbiq edilmiş, 8-i plan həcmində yerinə yetirilmişdir.

Tətbiq olunmuş işlər aşağıdakılardır:

-"Xəzər-24" deemulqator-inhibitorunun istehsalının təşkili (NKPİ);

-"Xəzər-24" deemulqator-inhibitorunun neftçıxarma sənayesində istifadəsi (NKPİ);

- Yülsək dispersiyalı maye və bərk maddələr əsasında elektromaqnit şüaları əks etdirməyən (udan) təbəqələrin işlənib hazırlanması (KPİ).

2012-ci ildə Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) tərəfindən 30.000 manat, Aşqarlar Kimyası İnstitutu (AKİ) tərəfindən 600 manat məbləğində təsərrüfat müqavilələri bağlanılmışdır (cəmi - 30.600 manat). Ümumiyyətlə, bağlanmış müqavilələrdən il ərzində 1 172 188  manat vəsait daxil olmuşdur.

NKPİ-nin Təcrübi Sənaye Zavodunda morfolin formiat ion maye tərkibli ekstragentlə AK-15 yağ distillatının təmizlənməsi məqsədilə ion maye ekstragenti almaq üçün qurğu yığılmış və ekstragentin 100 kq təcrübə-sınaq nümunəsi alınmışdır. Hazırda mövcud qurğuda sınaq işləri davam etdirilir.

Bakı Yod Zavodunun Suraxanı və Ramana istehsal sahələrində yaranmış ekoloji vəziyyəti öyrənmək üçün həmin ərazilərin neft və ağır metallarla çirklənmə səviyyələri Mineral Xammal Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji  Bürosu  tərəfindən tədqiq edilmiş və ərazinin ekoloji nöqteyi-nəzərdən müxtəlif istehsal tullantıları ilə ağır çirklənməyə məruz qaldığı müəyyənləşdirilmişdir.

Bölmənin  institutlarında 28 ədəd patent alınıb.

Hesabat ilində Bölmənin institutlarında Dövlət Proqramları üzrə elmi-tədqiqat işləri mövzu planına daxil edilmiş və hal-hazırda da icra edilir:

-"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması";

-"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf";

-"2008-2015-ci illərdə Azərbaycan Respublikasının əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair".

Bunlardan əlavə, AMEA tərəfindən xüsusi maliyyələşdirilən aşağıdakı 3 elmi-texniki proqram üzrə NKPİ-də işlər yerinə yetirilmişdir:

-"Bitki oduncağı əsasında yanacaq və sürtkü yağları komponentləri almaq üçün katalitik sistemlərin yaradılması" (2012-2016-cı illər üçün);

-"Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının azaldılması və onların səmərəli emal texnologiyalarının işlənib hazırlanması" (2012-2015-ci illər üçün);

-"Bitki mənşəli yağlar, neft turşuları və biratomlu spirtlər əsasında ekoloji təmiz motor yanacaqlarının alınması texnologiyasının tədqiqi, mövcud avadanlıqlardan istifadə etməklə neftdən alınan yanacaqların dünya standartları səviyyəsinə qaldırılması və polimer tullantılardan neft emalı və neft kimya məhsullarının alınma texnologiyalarının işlənib hazırlanması".

Həmçinin, Bölmənin institutları "Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün"   "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndlərinin icra edilməsində iştirak edirlər.

Hesabat ilində Bölmənin 5 Ümumi Yığıncağı və 12 Büro iclası keçirilmişdir.

Ümumi Yığıncaqda k.ü.e.d. E.Zeynalovun "Nanokarbon materialların karbohidrogenlərin oksidləşməsi proseslərində istifadəsi perspektivləri" adlı məruzəsi dinlənilmişdir.

AMEA-ya seçkilərin keçirilməsi ilə əlaqədar verilmiş elana əsasən sənədləri qəbul edilmiş namizədlərin məruzələri Bölmənin Ümumi yığıncaqlarında dinlənilib.

Bölmənin Büro iclaslarında Respublika Prezidentinin, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrası, institutlarin elmi-tədqiqat planları, kadr məsələləri, struktur dəyişiklikləri, konfrans və simpoziumların keçirilməsi, təltiflər və s. məsələlər müzakirə olunmuşdur.

Bunlarla yanaşı, Büro iclasında Azərbaycan  Dövlət Neft Şirkətinin Elm Fondunun Kimya Elmləri Bölməsi  üzrə  aşağıdakı elmin prioritet istiqamətləri təsdiq olunmuşdur:

1. Dünya standartlarına cavab verən mühərrik yanacaqlarının və yağlarının alınması üçün mütərəqqi texnologiyaların yaradılması, neft emalının dərinləşməsi.

2.  Alternativ xammal növlərindən istifadə etməklə neft emalı və neft-kimya məhsullarının alınması.

3. Olefinlər əsasında  yüksək aktivliyə malik olan yeni katalizatorların, yüksək xassələrə malik məhsulların alınması və səmərəli emal üsullarının işlənib hazırlanması.

Respublika Prezidentinin AMEA-da, o cümlədən Bölmənin institutlarında iş şəraitinin yaxşılaşdırılması haqqında verdiyi sərəncamların icrası ilə bağlı:

- Aşqarlar Kimyası, Kimya Problemləri və Polimer Materialları institutlarında ötən ildə başlanmış əsaslı təmir işləri davam etdirilmişdir;

- 2012-ci ildə  ARDNŞ tərəfindən Neft-Kimya Prosesləri İnstitutunda əsas bina və laboratoriyaların əsaslı təmir işləri aparılmış, laboratoriyalar yeni avadanlıqla təchiz olunmuş, onlar quraşdırılmış, yeni anbar və iclaslar korpusu tikilərək istismara verilmişdir. Eyni zamanda, AMEA-nın rəhbərliyinin razılığı ilə İnstitutun bir korpusunda ARDNŞ-in Bakı Ali Neft Məktəbi təsis olunmuş və fəaliyyətə başlamışdır.

Neft-Kimya Prosesləri və Kimya Problemləri institutlarının strukturunda qismən dəyişikliklər aparılmışdır (yeni şöbə və laboratoriyalar yaradılmışdır). Kimya Problemləri və Aşqarlar Kimyası institutlarının elmi şuralarının tərkibi  yenilənmişdir.

Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının nəzdində elmi istiqamətlər üzrə aşağıdakı kimya profilli Problem Şuraları fəaliyyət göstərir:

-Neft kimyası və neft emalı;

-Qeyri-üzvi, analitik və fiziki kimya;

-Yüksəkmolekullu birləşmələr;

-Üzvi kimya;

-Kataliz.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında yaradılacaq yeni  Neft-Qaz və Neft-Kimya Kompleksinin (NQNK) təklif olunan layihəsinə rəy verilməsi üçün Neft-Kimya Prosesləri İnstitutunun 11 nəfər əməkdaşı daxil olmaqla İşçi qrupu yaradılmışdır. 2012-ci ildə NQNK-nın layihəsinin konfiqurasiyasının optimallaşdırılması üzrə bir neçə iclas keçirilmiş və kompleksin razılaşdırılmış optimal quruluşu təklif olunmuşdur. Bu işçi qrupu yerli və xarici mütəxəssislərlə (UOP, Texnipin, Foster, Willer, Fluor, AzGPP, İNBC Consulting, "Azərneftyağ", "Azərkimya") birlikdə keçiriləcək tenderin nəticələrinə əsasən NQNK-nın konfiqurasiyasına daxil olan texnoloji proseslər üzrə lisenziyar şirkətlərin seçilməsinin həyata keçirilməsi işlərini Fluor şirkətinə həvalə etmişdir.

İclaslarda bütün müzakirə olunmuş məsələlər üzrə Neft-Kimya Prosesləri İnstitutu öz təkliflərini vermişdir.

Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən görkəmli alim, dövlət və ictimai xadim akademik Y.Məmmədəliyevin kabinet-muzeyində əsaslı rekonstruksiya işləri aparılmış, ekspozisiya yeni bədii-dijital üslubda tərtib edilmiş, muzey müasir texniki avadanlıqla təchiz olunmuş və  bir çox dəyərli xatirə əşyaları ilə zənginləşdirilmişdir.

AMEA-nın müraciəti ilə Mədəniyyət və Turizm Nazirliyi muzeyin fəaliyyət dairəsinin genişləndirilməsi, gənc nəslin, elm adamlarının maarifləndirilməsi, turistlərin muzeyə cəlb olunması işinin təkmilləşdirilməsi məqsədi ilə muzeyi rəsmi reyestrə salmış  və ikili tabeliyə keçirmişdir.

Oktyabr ayında Neft-Kimya Prosesləri İnstitutunda neft kimyası üzrə VIII Bakı Beynəlxalq Məmmədəliyev Konfransı keçirilmişdir.

Konfransın keçirilməsində əsas məqsəd dünyada neft kimyası elminin və sənayesinin ən yeni nailiyyətlərinin müzakirəsi, ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli texnoloji proseslər tətbiq etməklə neft məhsullarının perspektiv alınma üsullarının araşdırılması olmuşdur.

Bunlarla yanaşı, ali və ümumtəhsil müəssisələrində kimyanın tədrisinin problemləri də müzakirə  olunmuşdur.

Konfransın işində dünyanın müxtəlif ölkələrindən - Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Gürcüstan və s. ölkələrdən 20 görkəmli alim iştirak etmişdir.

Konfrans yüksək səviyyədə keçmiş və onun gedişi kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır. Eləcə də "Xalq" və "Bakinskiy raboçiy" qəzetlərində konfrans, onun məqsədi və əhəmiyyəti haqda məqalələr dərc olunmuşdur.

İyun  ayında Aşqarlar Kimyası İnstitutunda görkəmli alim, Aşqarlar Kimyası İnstitutunun yaradıcısı və ilk  direktoru olmuş akademik Əli Quliyevin 100 illik yubileyinə həsr olunmuş "Materialların keyfiyyətini yaxşılaşdıran və onları mühafizə edən aşqar və reagentlər" mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Konfransın işində AMEA, sahə institutları və Təhsil Nazirliyinin institutlarından 200-dən çox mütəxəssis iştirak etmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar may ayının 10-da "Heydər Əliyevin azərbaycançılıq məfkurəsi" mövzusunda NKPİ-  geniş seminar təşkil olunmuşdur. İnstitutun gəncləri bu seminarda fəal iştirak etmiş və çıxışlar hazırlamışlar.

Noyabr ayında NKPİ-də respublikada metanolun istehsalatının yaradılması ilə əlaqədar olaraq AzMeCo şirkəti ilə birgə Ümumbakı seminar-müşavirəsi keçirilmişdir. Bundan başqa, institutda Almaniyanın Rostok Universitetinin professoru İqon Hassel  ilə də görüş keçirilmişdir.

Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universiteti ilə birgə "Monomerlər və polimerlər kimyasının müasir problemləri" mövzusunda II Respublika elmi konfransı keçirmişdir.

XVIII "Xəzər, neft, qaz, neftayırma və neft kimyası" sərgi-konfransında Neft-Kimya Prosesləri İnstitutunda işlənmiş proses və məhsullara hazırlanmış reklam prospektləri və institutun əməkdaşlarının 2010-2012-ci illərdə çapdan çıxmış kitabları nümayış etdirilmişdir.

Hesabat ilində akademik N.Seyidovun 80, akademik K.Sadıxovun 85, müxbir üzv V.Abbasovun 60, müxbir üzv N.Canıbəyovun 70 illik yubileyləri qeyd olunmuşdur.

Akademik Nadir Mir İbrahim oğlu Seyidov Prezident təqaüdünə layiq görülmüşdür.

Müxbir üzv Fəzilə Səmədova Beynəlxalq Biznes Klubunun Ekspert Şurasının üzvü seçilmiş, Azərbaycan Respublikası "Avropa mətbu evi"nin qızıl medalı ilə, Avropa Təbiətşünaslıq Akademiyasının Elmi Şurasının qərarı ilə təbiətşünaslıq elminə verdiyi töhfələrə görə A.Humbolt adına medalla təltif olunmuş və "Avropanın fəxri alimi" adına layiq görülmüşdur (Almaniya, Hannover şəhəri).

Müxbir  üzv Vaqif Abbasov, tex.ü.e.d. Azadə Hüseynova,  p.ü.e.d. Mütəllim Abbasov Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.

Avropa Elmi Cəmiyyətinin Elmi Şurası və Avropa Akademiyasının  (Almaniya) Təbiət Elmləri üzrə Rəyasət Heyətinin qərarına əsasən  t.ü.f.d. Təranə Məmmədova Hannover şəhərində keçirilən "AvroEco 2012" Beynəlxalq simpoziumunda Gotfrid Vilhelm fon Leybnis adına medalla və "Avropanın fəxri alimi" diplomu ilə təltif olunmuşdur.

Hesabat ilində akademik N.Seyidov, akademik K.Sadıxov, m.üzv V.Abbasov, m.üzv N.Canıbəyov, k.ü.e.d. E.Süleymanova, k.ü.e.d. L.Medyakova, k.ü.f.d. M.Səfərova yubileyləri ilə əlaqədar AMEA-nın fəxri fərmanları ilə təltif olunmuşlar.

Keyfiyyətin, elmi yeniliklərin və yeni texnologiyaların inkişafı sahəsində əldə etdiyi nailiyyətlərə görə Aşqarlar Kimyası İnstitutu Biznesin Təşəbbüs İstiqamətləri Beynəlxalq Təşkilatı tərəfindən 2012-ci ildə "Brilyant kateqoriya" beynəlxalq mükafatına layiq görülmüşdür.

Neft-Kimya Prosesləri İnstitutunun 14 gənc alimi Bakıda keçirilmiş Azərbaycan Respublikasının  Prezidenti yanında Elmin İnkişafı Fondunun "Gənc alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası" çərçivəsində "Yeni çağırışlar: müasir şəraitdə elmi-innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları" mövzusunda gənc alimlərin elmi konfransında məruzələrlə iştirak etmişdir. Məruzələrin  müsabiqəsi nəticəsində İnstitutun gənc alimləri:  Sevinc Hacıyeva 1-ci və  Lalə Əfəndiyeva 2-ci yerləri tutmuşlar. 8 nəfər isə həvəsləndirici mükafat almışlar.

Kimya Problemləri İnstitutunda fəaliyyət göstərən Gənc Alimlər Şurası tərəfindən institutun əməkdaşı Şamo Tapdıqov II Respublika "İnnovativ ideya yarmarkası" adlı elm festivalına göndərilmiş və orada "Gənclər günü" ilə əlaqədar olaraq "İlin gənci" mükafatına layiq görülmüşdür.

Həmin institutun iki gənc alimi Ülviyyə Məmmədova və Fikrət Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Metanın asetilenə katalitik oksidləşdirici çevrilməsi reaksiyasının öyrənilməsi" adlı qrantına layiq görülmüşlər.

Gənc alimlərin, doktorantların, mütəxəssislərin ixtisaslarının artırılması məqsədilə Neft-Kimya Prosesləri İnstitutunun ingilis dili kursları 2012-ci ilin  əvvəlindən etibarən fəaliyyət göstərməyə başlamışdır.

Hesabat ilində Bölmənin institutlarında beynəlxalq və elmi-iqtisadi əlaqələr davam etdirilmişdir.

Rusiya Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında bağlanmış əməkdaşlıq sazişi çərçivəsində Rusiya Elmlər Akademiyasının institutları ilə Bölmənin institutları arasında elmi-tədqiqat işlərinin aparılması davam etdirilmişdir.

Neft-Kimya Prosesləri İnstitutu və Almaniyanın Rostok Universitetinin Texniki Termodinamika kafedrası ilə müştərək qrant-layihələrin tərtibatı, elmlər və fəlsəfə doktorlarının ixtisaslarının artırılması məqsədi ilə Almaniyaya ezamiyyətlərin təşkili üzrə  müqavilələrin bağlanmasının zəruriliyi qərara alınmışdır.

Akademik V.Fərzəliyev İstanbul şəhərində Türkiyənin bəzi şirkətləri (Petrol ofisi, Pet. Holdinq, "Altintaş" Kimya, Aqasis Limited və s.) ilə Aşqarlar Kimyası İnstitutunun elmi-tədqiqat işlərinin nəticələrinin tətbiq imkanlarını müzakirə etmişlər. Minsk şəhərində Belarus Elmlər Akademiyası ilə elmi əməkdaşlıq proqramının müzakirəsində, İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun növbəti iclasında iştirak etmişdir.

Müxbir üzv M.Əhmədov Rusiya EA-nın Metallurgiya və Əlvan Metallar, Üzvi Kimya institutları ilə qarşılıqlı müqavilə əsasında aparılan işləri müzakirə etmək üçün Moskva şəhərinə ezam edilmişdir.

Müxbir üzv V.Abbasov "Türkmənistanın təbii ehtiyatlarının emalında innovativ texnologiyanın tətbiqi" adlı elmi konfransda iştirak etmək məqsədilə Aşqabad şəhərinə ezam olunmuşdur.

Bölmənin alimləri respublikanın elmi müəssisə və müxtəlif təşkilatlarından başqa Gürcüstan EA-nın Fiziki və Üzvi Kimya İnstitutu, Rusiya EA-nın Kimyəvi fizika, Üzvi kimya və Silikatlar kimyasi institutları, Türkiyənin Sakarya Universiteti, İran İslam Respublikasının Gilan Universiteti, Ukrayna Elmi-Texnoloji Mərkəzi, BMEA-nın Fiziki-Üzvi Kimya İnstitutu, Tbilisi Dövlət Universiteti, Tbilisi Dövlət Texniki Universiteti və s. ilə sıx elmi-texniki əlaqə saxlayırlar.

Neft-Kimya Prosesləri İnstitutunda hesabat ilində "Yeni katalitik kompleksin iştirakı ilə  pirolizin maye məhsullarının emalı" və "Yüksək oksidləşmə stabilliyinə malik oliqoalkilnaften yağlarının istehsalı üçün yeni katalitik sistemlərin işlənməsi" qrantları üzrə işlər başa çatdırılmışdır.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan alınmış aşağıdakı qrantlar üzrə işlər davam etdirilmişdir.

-"Nanostrukturlaşmış FeO3 tərkibli katalizatorların sintezi və onların sudan hidrogenin alınması reaksiyasında tədqiqi";

-"Müasir və perspektiv texnikanın tələblərinə cavab verən mürəkəb efir tipli yeni sintetik sürtkü yağlarının yaradılması";

-"Plazma-kimyəvi funksionallaşdırılma və piroliz yolu ilə odadavamlı, antioksidləşdirici və yüksək katalitik xassələrə malik müxtəlif növ karbon nanostrukturların alınması";

-"İon-maye tərkibli ekstragentlə yağ fraksiyalarının selektiv təmizlənmə texnologiyasının elmi əsaslarının işlənib hazırlanması".

Hesabat ilində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondundan aşağıdakı üç qrant alınıb:

-"Metal saxlayan nanostrukturlu katalizatorların iştirakı ilə sintetik neft turşularının alınması və onların əsasında yeni korroziya inhibitorlarının yaradılması" (m.üzv V.Abbasov);

- J.G. Speitin "Neftin kimyası və texnologiyası" adlı kitabının 954 səhifədən ibarət olan 4-cü nəşrinin (2006-cı il) ingilis dilindən Azərbaycan dilinə tərcüməsi və nəşri (m.üzv V.Abbasov);

-"CO2 və H2O-nun karbohidrogenlərə birgə termokatalitik çevrilməsi" (m.üzv A.Əzizov).

Hesabat ili ərzində Kimya Problemləri İnstitutunun əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 3 qrantının aşağıda göstərilən mövzuları üzrə elmi-tədqiqat işlərini yerinə yetirmişlər:

-"Çoxkomponentli üzvi və piqment qalıqlarının su mənbələrindən ekstraksiya üsulu ilə ayrılması və onların resirkulyasiyası texnologiyasının işlənilməsi";

-"Merkaptanlı neft məhsullarının demerkaptanizasiyası üçün yeni ekoloji təmiz katalitik sistemlərin yaradılması";

-"Pestisidlərin saxlanılma yerlərində çirklənmiş torpaqlarin təmizlənməsinin elmi əsaslarının işlənilməsi".

Aşqarlar Kimyası İnstitutunun alimləri 2012-ci ildə 3 qrant layihəsi üzrə elmi-tədqiqatlar yerinə yetirmişlər:

-"Müasir və perspektiv tələblərə cavab verən aşqar, sürtkü yağları, yanacaq və xüsusi mayelərin yaradılmasının beynəlxalq standartlara uyğun maddi-texniki təminatı";

-"Gücləndirilmiş gəmi dizelləri üçün yerli xammal əsasında M-20B2F tipli motor yağının yaradılması";

-"Yağlar, yanacaqlar və yağlayıcı-soyuducu mayelərin effektiv mühafizə vasitələrinin işlənib hazırlanması".

Hesabat ilində Azərbaycan Respublikası  Dövlət Neft Şirkətinin Elm Fondundan  1qrant layihəsi qazanıb: "Neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi" (elmi rəhbər - akad.V.Fərzəliyev).

Polimer Materialları İnstitutunda aşağıdakı qrantlar üzrə elmi-tədqiqat işləri davam etdirilib:

- "Zərif üzvi sintezin mikroorqanizmlərin iştirakı ilə inkişaf etdirilməsi";

-"Təsir müddəti uzun olan farmakoloji fəal polimerlərin işlənib hazırlanması". Ukrayna Elmi Texnoloji Mərkəzi tərəfindən MXKE Tİ XKTB bir qrant qazanıb:

-"Xüsusi sintetik çuqunun idarə olunan texnologiyasının işlənməsi" (elmi rəhbər k.ü.f.d. Q.Həsənov).

Neft-Kimya Prosesləri İnstitutunun TSZ-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən alınmış "Yeni nəsil nanostrukturlu poliefiruretan əsaslı örtüklərin sintezinin elmi-texnoloji əsaslarının işlənməsi və tətbiqi" qrant üzrə elmi-tədqiqat işləri davam etdirilmişdir.

Bölmənin elmi müəssisə və digər təşkilatlarında 1716 əməkdaş fəaliyyət göstərir, onlardan  108-i elmlər doktoru, 386-i fəlsəfə doktorudur. KEB-in tərkibində 10 həqiqi üzv və 18 müxbir üzv fəaliyyət göstərir.

Bölmə institutlarının ixtisaslaşdırılmış müdafiə şuralarında 26 fəlsəfə doktoru və 6 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.

Hesabat ilində Bölmə institutlarının əməkdaşları tərəfindən 3 elmlər doktoru və 11 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.

2012-ci ildə doktoranturaya 23 fəlsəfə doktoru (9 əyani, 14 qiyabi), dissertanturaya 22 fəlsəfə doktoru və 10 elmlər doktoru qəbul olunmuşdur.

Hazırda Bölmə institutlarında 55 fəlsəfə doktoru təhsil alır (28 əyani, 27 qiyabi).

2012-ci ildə kimyaçı alimlər tərəfindən hazırlanmış 10 kitab və monoqrafiya çapdan çıxmışdır:

1. "Neft və neft-kimya məhsullarına Azərbaycan Respublikasının dövlət  standartları". V.Abbasov, F.Səmədova, Q.Qasımov, L.Əliyeva, C.Quliyeva;

2. "Ultrabənövşəyi spektroskopiya və kimyəvi birləşmələrin tədqiqində onun  rolu".  R.Cəfərova  (NKPİ);

3. "Novel corrosion inhibitors for protection from CO2 corrosion". H.Abd.El-Lateef, V.Abbasov, L.Aliyeva. Almaniya, LAP Lambert Academic Publishing,

4. "Penopolimernıe neftənıe sorbentı. Gkoloqiçeskie problemı i ix reşenie". Ö.Kaxramanlı ("Glm");

5.Materialı  "VIII Bakinskoy  Mejdunarodnoy Mamedalievskoy  Konferenüii   po  Nefteximii".  -"Qoliaf" qrupu;

6.Neft-Kimya Prosesləri İnstitutunun bukleti. - "Qoliaf" qrupu.

7. "Sənaye tullantı sularının təmizlənmə texnologiyasında kütlə mübadiləsi prosesləri". Q.İ.Kəlbəliyev, G.Z.Süleymanov ("Elm");

8."Mejfaznıe əvleniə v metalliçeskix i ionnıx jidkostəx" İ.Mextiev, A.Mamedov. - "Qoliaf" qrupu;

 

9.Akademik  Əli Quliyev. -  "Elm-Təhsil"

10.Pervıy uçenıy-ximik.  - "Səda"

(Möhsün bəy Məhəmməd bəy oğlu Xanlarov haqqında Avropa standartlarına uyğun ilk miniatür kitab)

İnstitutların əməkdaşlarının məqalələri respublikada nəşr olunan jurnallardan başqa bir sıra xarici mötəbər jurnallarda çap olunmuşdur.

İnstitutların əməkdaşlarının elmi işlərinin nəticələri respublikada keçirilən konfranslardan başqa bir sıra beynəlxalq konfrans, konqres və simpoziumların materiallarında öz əksini tapmışdır.

Hesabat ilində 907 məqalə və tezis, onlardan 335-i uzaq xaricdə və MDB ölkələrində nəşr olunmuşdur.

Yuxarıda göstərilən müsbət nəticələrlə yanaşı, Bölmə institutlarının işində keçən illərdə olan bir sıra problemlər  hələ də qalmaqdadır:

-Bölmə institutları tərəfindən aparılan elmi-tədqiqat işləri müasir tələblərə uyğun olaraq daha perspektiv problemlərin həllinə yönəldilməlidir.

-Müasir fiziki cihazlara və dünya standartlarına (ASTM, İSO) uyğun tədqiqatlar aparmaq üçün neft və neft məhsullarının əsas göstəricilərini təyin etmək üçün lazım olan bir sıra aparatların əldə edilməsinə böyük ehtiyac duyulur;

-İnstitutlarda elmi-texniki fondların, qrantların alınması və qabaqcıl elmi mərkəzlərlə birgə tədqiqatların aparılması üzrə fəaliyyətin gücləndirilməsi məqsədi ilə ezamiyyətlərə ayrılan maliyyə vəsaitinin artırılması vacibdir;

-İnnovasiya xarakterli beynəlxalq və daxili patentlərin alınması və saxlanılması üçün maliyyə vəsaitinin artırılması tələb olunur;

-İnstitutlarda yaradılan innovasiyaya qabil texnologiyaların tam işlənib hazırlanması məqsədi ilə TSZ-də təcrübə sınaqlarının keçirilməsi üçün maliyyə vəsaitinin ayrılması məqsədəuyğun hesab edilir;

-İnstitutların laboratoriyalarının lazımi reaktiv və reagentlərlə vaxtlı-vaxtında təmin olunmasına imkan yaratmaq məqsədilə respublikada kimyəvi reagentlərin əldə edilməsi üzrə vahid mərkəzin yaradılması vacibdir (əvvəllər mövcud olan Ximreaktiv   Soyuzreaktiv qurumlarına bənzər).

 

***

 

Hesabat məruzəsi ilə bağlı müzakirələrdə akademiklər Mahmud Kərimov, Vaqif Fərzəliyev, Ağadadaş Əliyev, AMEA-nın müxbir üzvləri Vaqif Abbasov, Abasqulu Quliyev və başqaları çıxış edərək öz fikir və təkliflərini bildirmiş, gənc kimyaçı kadrların elmə cəlb edilməsinin zəruriliyini qeyd etmiş və Bölmənin illik hesabatını qənaətbəxş hesab etmişlər.

AMEA Rəyasət Heyəti Kimya Elmləri Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını dinlədikdən və müzakirə etdikdən sonra əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın təsdiq olunması haqqında qərar qəbul etmişdir.

 

 

Elm.- 2013.- 31 yanvar.- S.3-4.