AMEA YER ELMLƏRİ
BÖLMƏSİNİN 2012-ci ildəki ELMİ VƏ ELMİ-TƏŞKİLATİ
FƏALİYYƏTİNİN YEKUNLARI HAQQINDA HESABAT
Yanvarın
18-də Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Rəyasət Heyətində
Yer Elmləri Bölməsinin (YEB) və Respublika Seysmoloji Xidmət
Mərkəzinin (RSXM) 2012-ci il üçün hesabatına həsr
olunmuş iclas keçirilmişdir.
Tədbir
iştirakçıları əvvəlcə Rəyasət
Heyətinin foyesində Bölmə institutlarının 20 ildə
əldə etdikləri elmi nailiyyətləri əks etdirən
sərgi ilə tanış olmuşlar.
Elmi
müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin
iştirak etdiyi iclası giriş sözü ilə açan
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov gündəlikdəki
məsələlər barədə məlumat vermişdir.
Sonra
AMEA YEB-in akademik-katibi, akademik Arif İsmayılzadə Bölmə
institutlarının 2012-ci ildəki elmi və elmi-təşkilati
fəaliyyəti haqqında hesabat məruzəsi ilə
çıxış etmişdir (Məruzəni diqqətinizə
təqdim edirik).
AMEA Yer Elmləri Bölməsinin (YEB)
elmi müəssisələri 2012-ci ildə elmi və elmi-təşkilati
fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarından irəli gələn
sənədləri, Dövlət Proqramlarını və
fundamental elmi-tədqiqat işlərini əsas tutaraq
qurmuşlar.
Geologiya
İnstitutunun 2012-ci ildəki fəaliyyətini 75
illik yubileyə hazırlıq mərhələsi kimi qəbul
etmək olar. Bütün bu dövr boyu Geologiya İnstitutu
elmi irsin ənənələrini qorumaqla, aktiv və məhsuldar
mövqeyə sadiq qalmaqla, alimlərə, dünya geologiya
elminə mühüm töhfələr verməyə imkan
yaratmışdır.
Fundamental
elmi tədqiqatların təşkili istiqamətində 2012-ci
ildə İnstitutda üç Dövlət Proqramı
üzrə elmi-tədqiqat işləri
aparılmışdır. "2007-2014-cü illər ərzində
Cənubi-Xəzər çökəkliyinin Azərbaycan hissəsinin
karbohidrogen potensialının və geodinamikasının
öyrənilməsi Proqramı" adlı prioritet neft istiqaməti
üzrə elmi-tədqiqat
işi:
- Cənubi
Xəzər çökəkliyinin (CXÇ) yeni
geoloji-geofiziki modelinin yaradılması sahəsində
aparılmış işlər başa
çatdırılaraq, yeni geoloji modelin əsas xüsusiyyətləri
müəyyən edilmişdir;
- Yer
qabığının, "qranit" və "bazalt" təbəqələrinin,
Moxo səthinin, "qranit" təbəqəsinin yayılma
sərhədləri müəyyən edilərək uyğun
xəritələr tərtib olunmuşdur;
-Karbohidrogen
potensialının qiymətləndirilməsi sahəsində üzvi maddənin izotop-geokimyəvi
analizi nəticəsində və həmçinin
paleocoğrafi rekonstruksiyalara əsasən mezo-kaynozoy
çöküntülərində neftgenerasiya xarakterli
komplekslər ayrılmış, hövzənin dəniz hissəsində
çöküntülərin generasiyaedici səciyyəsi
proqnozlaşdırılmışdır. Axtarış-kəşfiyyat
qazıması və geofiziki işlərlə Azərbaycanın
quru və dəniz ərazilərinin öyrənilmə dərəcəsi
qiymətləndirilərək, perspektivlik dərəcəsinə
görə, qazılmaya hazırlanmış strukturların
ardıcıllığı təyin olunmuşdur;
-
Geodinamik tədqiqatlar və monitorinq sahəsi üzrə yeni
nəzəri işləmələr və müasir
geoloji-geofiziki məlumatlar əsasında CXÇ-də tədqiq
olunan obyektlərin birölçülü və
ikiölçülü seysmo-geoloji modelləri
yaradılmışdır. Seysmik və quyu geofiziki
materiallarının işlənilməsinin, geoloji şərhinin
və elastiklik parametrlərinin həqiqi və effektiv qiymətlərinin
təyini nəzəri əsaslarla işlənilmiş və müasir interaktiv kompüter proqram
paketi hazırlanmışdır.
"Azərbaycanın
filiz yataqlarında təbiətə ziyan vurmadan metalların
çıxarılma texnologiyasının tədqiqi, işlənilməsi
və tətbiqi"nə həsr edilmiş ikinci Dövlət
Proqramı üzrə işlər
başa çatdırılmışdır.
Aparılmış elmi-tədqiqat və eksperiment işləri
göstərdi ki, işlənib hazırlanmış texnoloji
metodlar seçilmiş filiz obyektləri üçün qənaətbəxşdir.
Elmi-tədqiqat və təcrübə işlərini davam
etdirmək məqsədilə, filiz yataqlarının birində
xüsusi Poliqon və yarımsənaye Pilot kompleksinin
yaradılması üçün AR Nazirlər Kabinetinə
layihə hazırlanıb təqdim olunmuşdur. Layihə
dörd nazirlik tərəfindən dəstəklənmişdir
.
"Azərbaycan
Respublikasında nadir geoloji obyektlərin qorunması və
uzunmüddətli istifadəsi"nə həsr edilmiş
üçüncü Dövlət Proqramı üzrə
respublikada ilk dəfə olaraq geokonservasiyanın metodiki əsasları
işlənilmiş, nadir geoloji obyektlərin beynəlxalq səviyyədə
tanınması istiqamətlərində addımlar
atılmışdır. İşlərin mühüm nəticəsi
kimi nadir geoloji obyektlər siyahısına daxil edilmək
üçün təklif olunan 484 geoloji obyekt elmi cəhətdən
öyrənilmiş və onların təsnifatı
aparılmışdır. O cümlədən 11 obyektin
dünya səviyyəli, 31 obyektin Qafqaz üzrə unikal
olduğu, 82 obyektin isə ölkə səviyyəli, unikal
olduğu müəyyən edilmişdir.
İnstitutun
elmi-tematik planına gəldikdə, 2012-ci ildə tədqiqatlar
13 mövzunu və 24 elmi-tədqiqat işini əhatə etməklə,
5 problem üzrə aparılmışdır. Bu il 8 elmi-tədqiqat
işi başa çatdırılmışdır. Onlardan
2-si Dövlət Proqramı üzrə
aparılmışdır.
"Dünya
palçıq vulkanları Atlası" nın tərtibi
üzrə işlər Alp-Himalay və Sakit okean
qırışıqlıq
qurşaqlarında, qitələrin passiv kənarlarında
yerləşən dünyanın 37 ölkəsi, habelə
Aralıq və Qara dənizlərin
dərin zonalarında intişar edən palçıq vulkanları üzrə materiallar
ümumiləşdirilib ətraflı şərh edilib.
Ümumi sayı 2000-ə çatan və tədqiq edilən
dünya palçıq vulkanları, Azərbaycan ərazisində
olduğu kimi, genetik cəhətdən bir-biri ilə əlaqədar
olan iki tipə - palçıq vulkanları və palçıq
vulkan təzahürlərinə aid edilir.
"Neft-qaz
yataqlarının üçölçülü
geoloji-geofiziki modellərinin tərtibi və onların işlənməsinə
nəzarət metodikasının təkmilləşdirilməsi"
işi sona çatdırılaraq, geofiziki, mədən
geologiyası və 3D seysmik məlumatları kompleks şəkildə
araşdırılaraq yeni üçölçülü
petrofiziki modellər tərtib edilmişdir.
2012-ci
ildə neft və qaz yataqları işlənilməsinin nəzəri
və tətbiqi sahəsində 4 elmi-tədqiqat işi
başa çatdırılmışdır.
"İşlənmə
prosesində süxurları qeyri-elastiki deformasiyaya uğrayan
neft və qaz yataqlarının müxtəlif rejimlərdə
quyular sistemləri ilə istismarı modellərinin və
onların realizasiyası üçün kompüter
proqramlarının hazırlanması" işində
alınmış hesablama nəticələrinə uyğun
olaraq müəyyən edilmişdir ki, süxurların relaksasiyalı və
sürüşkəcli deformasiyası işlənilmə
göstəricilərinə kifayət dərəcədə təsir
göstərir.
"Süxurları
qeyri-elastiki deformasiyaya uğrayan yataqlarda süzülmə
prosesinin hidrodinamik modelləşdirilməsi
üsullarının inkişafı" işində
müasir idarəetmə nəzəriyyəsi əsasında
deformasiya olunan məsaməli mühitdə qazlı mayenin
quyular sisteminə qərarlaşmamış axını
zamanı faktiki mədən məlumatlarını nəzərə
almaqla nisbi
faza keçiricikləri funksiyalarının identifikasiyası
məsələsinin həllinə baxılmışdır.
Qoyulmuş
məsələnin alqoritmi əsasında həll üsulu
seçilərək tətbiqi proqram paketi
yaradılmışdır. Konkret misallar timsalında
çoxvariantlı riyazi eksperimentlər aparılmış və
praktiki nəticələr əldə edilmişdir.
"Qeyri-bircins
qazkondensat yataqlarında flüidlərin çoxkomponentli
çoxfazalı süzülməsinin fəza modelləşdirilməsi
və onun müxtəlif işlənilmə texnologiyalarına
tətbiqi" mövzusunda elmi-tədqiqat işi İnstitutun
"Neftqaz hasilatının texnologiyası" və
"Layın hidroqazdinamikası" şöbələri ilə
birlikdə yerinə yetirilmişdir. Sayklinq proses, laya qaz və
suvurma prosesinin birgə tətbiqi və layın
sulaşmış hissələrində qalan qazın və
kondensatın çıxarılması prosesinin məsələləri
araşdırılmışdır.
"Elmi-tədqiqat
işlərinin nəticələrinin effektivliyinin elmimetrik
analizi və patentqabiliyyətli işlərin mühafizəsi"
mövzusunda elmi-tədqiqat işi AMEA Geologiya İnstitutu ilə
AMEA İnformasiya Texnologiyaları İnstitutu birlikdə yerinə
yetirmişlər.
Onların
fəaliyyətlərinin effektivliyinin müqayisəsi həm
bütövlükdə təbiət elmləri bölməsi
və eyni zamanda ayrı-ayrı bölmələr üzrə
aparılmışdır. Qeyd
edilmişdir ki, Institute for Scientific Information (İSİ)/Tomson
Reuters Essential Science Indicators (ESI) məlumatlar bazasına daxil
olan məqalələrin 55%-dən çoxu AMEA-nın alimlərinin
öhdəsinə düşür.
Beynəlxalq elmi əlaqələr.
Bu sahədə görülən işlər
beynəlxalq elmi əməkdaşlıq çərçivəsində
ikitərəfli müqavilə əsasında Yer elmlərinə
aid problemlərin geniş dairəli məsələlərinin
tədqiqi ilə bağlıdır. Bu əlaqələr
aşağıda göstərilən mövzular üzrə
aparılmışdır: "Qafqaz regionunun müasir
geodinamikası, flüid rejimi və
neft-qazlılığı" Rusiya EA ilə,
"Elektromaqnit üsulları ilə Pirəkəşkül
palçıq vulkanları qrupunun dərinlik quruluşunun tədqiqi"
Köln Universitetinin nəzdindəki Geofizika və Meteorologiya
İnstitutu ilə, "Abşeron yarımadasının
seysmikliyinin məkan-zaman xüsusiyyətləri və seysmik təhlükənin
qiymətləndirilməsi (Azərbaycan)" İtaliyanın
Milli Elm Şurası ilə, "Cənubi Xəzərin Azərbaycan
sektorunun neft-qazlılıq perspektivlərinin müasir vəziyyətinin
regional qiymətləndirilməsi" üzrə
"Rosneft" Rusiya neft şirkətilə birlikdə, BTC
boru kəmərinin Azərbaycan hissəsi boyunca və ətraf
ərazilərin geodinamik monitorinqi BP Exploration (Caspian Sea) LTD
şirkətilə birgə davam etdirilmişdir. Beynəlxalq elmi əməkdaşlıq çərcivəsində
aparılan tədqiqatlarda alınan nəticələr hesabatda
və bir sıra məqalələrdə öz əksini
tapmışdır.
Geologiya İnstitutu qrant layihələri
çərçivəsində elmi tədqiqatları davam
etdirmişdir. O cümlədən: "İsveçrə
metodologiyası və təcrübəsinin istifadəsilə
Azərbaycanda radonun paylanmasının xəritə və
kadastrının yaradılması" qrant layihəsi Radon
Competence Centre, University of Applied Sciences of Southern Switzerland
(SUPSI) (Klaudio Valsangiakomo) ilə birgə; "Qafqazın
tektonikası" adlı beynəlxalq layihə Cənubi
Qafqaz, Rusiya Federasiyası və İsveçrə mütəxəssislərinin
iştirakı ilə; "DARİUS 2009-2013" layihəsi
üzrə tədqiqatların yerinə yetirilməsində
Böyük Qafqazın Azərbaycan hissəsinə aid
geoloji-geofiziki materiallar toplanmış və sistemləşdirilmişdir,
həmçinin respublika ərazisinin tektonik
rayonlaşdırma sxemi və 1:1000000 miqyaslı tektonik xəritəsi
tərtib edilmişdir.
"Maykop və erkən miosen
dövründə Paratetisin bir hissəsi kimi, Xəzər dənizinin
geodinamikası və paleoiqlimin təkamülü" bölməsi
üzrə işlər Utrext (Hollandiya) və Buxarest
(Rumıniya) universitetlərinin alimlərilə birlikdə
davam etdirilmişdir. Yeni
maqnito-stratiqrafik məlumatlarla, ağcaqıl
transqresiyasının, əvvəllər məlum olan tektonik gərginliklərlə
əlaqədar olmasını (korrelyasiyasını) bir daha təsdiqləyir.
Ukrayna Elmi-Texnologiya Mərkəzi tərəfindən
maliyyələşdirilən (UETM-AMEA) qrant layihəsi -
"Distansion zondlama və dəniz tədqiqatları məlumatlarından
istifadə etməklə Xəzər dənizi ətraf
mühitinin vəziyyətinin GİS analizi" üzrə tədqiqatlar
davam etdirilmişdir.
"Azərbaycanın məhsuldar
kollektorlarının etalon xüsusiyyətlərinin
çoxkomponentli tədqiqat texnologiyası" qrant layihəsi
üzrə termobarik şəraitdən asılı olaraq
petrofizik səciyyələrin dəyişkənlik
dinamikası tədqiq olunmuş, daha bir layihə "Azərbaycanın
istilik sahəsinin yeni QİS xəritə və modellərinin
tərtibi və geotermal enerji resurslarının qiymətləndirilməsi"
üzrə geotermik modellərin və xəritələrin tərtib
olunması işləri yerinə yetirilmişdir.
Həmin fondun maliyyə dəstəyi ilə
həyata keçirilən "Şərqi Qafqaz - Cənubi Xəzər
geodinamik sisteminin müasir tektonikası və alp təkamülü
üzrə GİS modellərinin işlənib
hazırlanması" layihəsi çərçivəsində
elmi-tədqiqat işləri davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən
maliyyələşdirilən "Bakı şəhəri ərazisinin
mikrotremor ölçü məlumatları əsasında
mikroseysmik rayonlaşdırılması" qrant layihəsi
üzrə tədqiqatlar şəhərin seysmik zəif sahələrini
müəyyənləşdirmək və seysmik davamlı
tikintilərin layihələşdirilməsində istifadə
etmək məqsədilə qruntun dominant tezlik, güclənmə
əmsalları və maksimal təcil xəritələri
hazırlanmışdır.
Elmin İnkişafı Fondu tərəfindən
maliyyələşdirilən "Azərbaycan nefti" pilot
layihəsi və "Qafqaz-Xəzər regionunun paleo və
müasir dinamikası" layihəsi üzrə aparılan
işlər təşkilati məsələlərin həlli
mərhələsindədir.
Geologiya İnstitutunun alimləri 2012-ci ildə
yeni qrant layihələrinin hazırlanması istiqamətində
Elmin İnkişafı Fondu, ARDNŞ-nin Elm Fondu və müxtəlif
beynəlxalq fondlardan 13 qranta dəstək almışdır.
Hesabat ilində elmi işlərlə
yanaşı, həmçinin təsərrüfat müqaviləsi
əsasında 8 iş yerinə yetirilmişdir.
Cənubi-Qafqaz dövlətləri və
Fransanın Elmi Tədqiqatlar üzrə Milli Mərkəzi
(CNRS-İNSU) ilə birgə maliyyələşdirilən
"Cənubi Qafqaz üzrə geoloji elmlər" beynəlxalq
layihəsi çərçivəsində dəmir filizləşmənin
mövqeyinin dəqiqləşdirilməsi məqsədilə
Daşkəsən və Gədəbəy rayonlarında
geoloji təftiş-çöl tədqiqatları həyata
keçirilmişdir .
Elmin və təhsilin inteqrasiyası yeni nəsil
presizion analitik avadanlığının meydana gəlməsi
və bir sıra elmi istiqamətlər üzrə
paradiqmaların dəyişməsi ilə əlaqədar olaraq
Yer elmləri sahəsində köklü yeniliklər baş
vermişdir. Bu yeniliklər, şübhəsiz,
Geologiya İnstitutuna da aid olaraq mahiyyətcə elmi tədqiqatlarımızın
prioritet istiqamətlərinin əsasını təşkil
etmişdir.
Elmin İnkişafı Fondunun
investisiyaları hesabına İnstitutun tərkibində ICP-MS
spektrometr NextON 300D, İK-Furye spektrometr "Frontier",
xromatomasspektrometr Claus 680 SQ və s. cihazlar olan müasir
analitik laboratoriyanın yaradılması üzrə işlər
aparılır. Oxford İnstruments
firmasının Böyük Britaniya mikroanalizatorlar sistemi ilə
"JEOL" yapon firmasının ultramüasir
skanlaşdıran elektron mikroskopu alınmış və
artıq fəaliyyətdədir.
Təbiidir ki, belə müasir cihaz və
avadanlıqlarla, yeni texnoloji şəraitdə işləməyi bacaran
savadlı kadrlar lazımdır. Təəssüflər
olsun ki, bu gün İnstitutda belə kadrlar kifayət qədər
deyildir. Bu məsələ Geologiya
İnstitutunun direktoru, akademik A.Əlizadə tərəfindən
olduqca geniş baxılıb və bir sıra faydalı təkliflər
verilib və bəzi işlər də görülüb.
İnstitutda işləmək
üçün ADNA və BDU-dan tələbələrin
geniş qəbulu başlanıb. Məqsəd
onların sırasından savadlı və elmə
rəğbət bəsləyənləri seçməkdir. Bu işi genişləndirərək İnstitut kadr
probleminə daha artıq canlanma gətirməyə cəhd
edir. 2011-ci ilin hesabatının yekun hissəsində
Akif müəllim Geologiya İnstitutunda Neft
Akademiyasının "baza kafedrası" qismində elmi-təhsil
mərkəzinin yaradılması haqqında danışmışdır.
Qeyd etmək olar ki, hesabat ilində
"Neft və qazın geologiyası" baza
kafedrasının yaradılmasına nail olunub ki, o da yaxın
zamanlarda fəaliyyətə başlayacaq.
AMEA-nın akad. H.Ə.Əliyev
adına Coğrafiya İnstitutunun 2012-ci
ildə apardığı elmi və elmi-təşkilatı fəaliyyət
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının
icrasına və coğrafiya elminə aid olan problemlərin həllinə
həsr olunmuşdur.
2012-ci ildə Coğrafiya İnstitutunun əməkdaşları
öz elmi fəaliyyətlərini 2 problem əsasında
qurmuşlar:
Problem - 1: Azərbaycan təbiətinin
qanunauyğunluqları; təbii ehtiyatların və onların
ekocoğrafi xüsusiyyətlərinin tədqiqi; istehsalın,
sosial infrastrukturun və əhalinin ərazi təşkilinin
iqtisadi-coğrafi və siyasi problemləri.
Problem - 2: Xəzər dənizi ekosisteminin
kompleks tədqiqi.
Cari ildə problemlərə daxil olmuş
14 mövzudan 7-si fundamental və 7-si tətbiqi əhəmiyyətlidir.
2012-ci ildə İnstitutun elmi- tədqiqat
işlərinin planına müvafiq olaraq əməkdaşlar
tərəfindən yerinə yetirilən 14 mövzudan 4-ü, 8 iş və
17 mərhələ başa çatmışdır.
Bu problemlər ilə bağlı
mövzular Coğrafiya İnstitutu əməkdaşlarının
elmi-tədqiqat işlərini Azərbaycanın müasir
geosistemlərində baş verən dinamiki dəyişikliklər
və onların yaratdığı landşaft ekoloji problemlərə;
relyefinin ekogeomorfoloji xüsusiyyətlərinə; dağ
çaylarının axımına, su ehtiyatlarına və
insanın təsərrüfat fəaliyyətinə; iqlim dəyişmələrinin
Azərbaycan təbiətinə və təsərrüfat
komplekslərinə gözlənilən təsirin qiymətləndirilməsi;
düzən meşələrin bioloji müxtəlifliklərinin
antropogen deqradasiyasına və bərpasına; Azərbaycan
Respublikasında regionların iqtisadi - coğrafi problemlərinə;
Böyük Qafqazın cənub hissəsinin arid
torpaqlarının deqradasiya prosesinin təsiri altında dəyişməsinə
və qiymətləndirilməsinə; Azərbaycan
Respublikası regionlarının ekocoğrafi vəziyyətinin
tədqiqinə; Azərbaycanda görkəmli
coğrafiyaşünas alimlərin coğrafiya elminin
inkişafındakı elmi-nəzəri töhfələrinə;
Pirqulu stasionarı və ona yaxın ərazilərdə
landşaftın (torpaq) elektrik-fiziki xassələrinin öyrənilməsinə;
Azərbaycanın coğrafi obyekt adlarının tədqiqinə;
Landşaft-ekoloji xəritələrin tərtibinə və
Peyk təsvirləri və kontakt ölçmələr əsasında
Xəzər dənizinin Azərbaycan akvatoriyasında hidrofiziki
sahələrin kompleks monitorinqinin öyrənilməsinə
yönəltmişdir.
Coğrafiya İnstitutunun hesabatında Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarının
icrası ilə əlaqədar görülən konkret işlərin
yerinə yetirilməsi və alınan nəticələr barədə
geniş məlumat verilir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə təsdiq olunan "Azərbaycan Respublikasında
Demoqrafiya və Əhali sakinliyinin inkişafı sahəsində
Dövlət Proqramı"nın bəndləri
üzrə aparılmış tədqiqatların nəticələri
müvafiq orqanlara təqdim edilmişdir.
Coğrafiya İnstitutunun əməkdaşları
cari ildə 2 qrant layihəsini başa
çatdırmış və 1 layihənin qalibi olmuşlar:
- STSU üzrə - "Məsafədən
zondlama verilənləri və dəniz tədqiqatlarından
istifadə etməklə Xəzər dənizi ətraf
mühitinin GİS analizi".
- Elmin İnkişaf Fondu tərəfindən
maliyyələşdirilən "Xəzər dənizinin Azərbaycan
sahil zonasının idarəçiliyinin
üçölçülü GİS modelinin işlənilməsi (Samur-
Şabran sahəsi)".
- ARDNŞ-in Elm Fondu tərəfindən
maliyyələşdirilən "Xəzər dənizinin
kompleks hidrometeoroloji atlasının yaradılması" layihə
qalib elan edilmişdir.
Azərbaycan Milli Elmlər
Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2011-ci
il tarixli Sərəncamına əsasən
hazırlanmış "Xəzər Elmi-Tədqiqat Mərkəzi"nin
yaradılmasının əsasnaməsi və strukturu təkmilləşdirilmiş
və müvafiq orqanlara təqdim edilmişdir.
Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin müraciətini nəzərə alaraq Coğrafiya İnstitutunda Azərbaycanın
Ermənistan tərəfindən işğal olunmuş ərazilərində
yerləşən coğrafi adların erməniləşdirilərək
dəyişdirilən toponimləri haqqında
araşdırmalar aparılmış və müəyyən
edilmişdir ki, Ermənistan tərəfindən Azərbaycan
(türk) toponimləri saxtakarlıqla dəyişdirilib və
müxtəlif üsullarla uydurma erməni adları ilə əvəz
edilmişlər.
2011-ci ilin 20 aprel tarixində Respublika
Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının
Milli Atlasının tərtib edilməsi ilə əlaqədar
müvafiq Sərəncam imzalamışdır.
Atlasa 1500-dən artıq xəritə daxil edilməlidir.
YEB institutlarının əməkdaşları tərəfindən
bu istiqamətdə müvafiq işlər aparılmış
, Geologiya və
Coğrafiya institutlari "Azərbaycanın Milli
Atlası"nın tərkibinə daxil edilən 400-dən
artıq xəritəni hazırlayıb Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinə təhvil
vermişdir.
Bölmə institutlarının əməkdaşlarının
elmi nailiyyətləri həm ölkədaxili, həm də
bir çox nüfuzlu xarici nəşriyyatlarda öz əksini
tapıb. Yer Elmləri Bölməsinin
"Xəbərlər" jurnalının bütün
nömrələri, "Geologiya İnstitutunun Əsərləri"
jurnalının növbəti nömrəsi, habelə
"Neftli-qazlı hövzələrin stratiqrafiya və
sedimentologiyası" jurnalının iki nömrəsi
çap edilib. Qeyd olunan daimi nəşrlərlə bərabər,
bir sıra mühüm kitablar da işıq üzü
görmüşdür:
Hesabat ilində Yer Elmləri Bölməsinin
3 Ümumi Yığıncağı və 7 Büro iclası
keçirilmişdir.
Yerinə yetirilmiş işlərin əsasında
bölmə üzrə 17 mühüm elmi nəticə
alınmışdır.
Bölmənin elmi müəssisələri
üzrə statistik məlumatlar cədvəllərdə
verilir.
Hesabat ilində YEB-in institutları Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Rusiya Elmlər Akademiyası və
Rusiya Təhsil və Elm Nazirliyinin şərikli təşkilatçılığı,
yerli və xarici neft şirkətlərinin (SOCAR, VR, GAZPROM) dəstəyi
ilə "Böyük dərinliklərin karbohidrogen
potensialı: gələcəyin enerji ehtiyatları -
reallıq və proqnoz" I Beynəlxalq konfransını və
Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birlikdə Azərbaycanda
seysmik xidmətin yaranmasının 110 illiyinə həsr
olunmuş "Seysmiklik, zəlzələlərin proqnozu,
tikililərin zəlzələyə
davamlılığı" mövzusunda V Beynəlxalq
konfrans keçirmişdir.
2012-ci ildə Geologiya İnstitutu tərəfindən
6 ümumrespublika elmi seminarı keçirilmişdir. Bu seminarlarda Geologiya İnstitutunun və
Almaniyanın Dəniz Tədqiqatları İnstitutunun (RWE Dea və
GEOMAR) alim və mütəxəssislərinin elmi məruzələri
dinlənilmişdir.
Hesabat ilində qəbul edilmiş ənənəyə
sadiq qalaraq, Bölmə institutları aparıcı alimlərin
yubileylərini - akademik Həsən Əlirza oğlu Əliyevin
anadan olmasının 105 illiyinə həsr olunmuş
"Görkəmli alim və vətəndaş"
mövzusunda yubiley iclasını keçirmiş, SSRİ
EA-nın müxbir üzvü Ə.A.Əmiraslanovun anadan
olmasının 110 illiyini, AMEA-nın müxbir üzvü
X.S.Məmmədovun 85 illiyini qeyd etmişlər.
***
Hesabatla
bağlı müzakirələrdə akademiklər Mahmud Kərimov,
Arif Həşimov və AMEA-nın müxbir üzvləri Arif
Quliyev, Fəxrəddin Qədirov və başqaları çıxış
edərək öz fikir və təkliflərini bildirmiş,
YEB-in illik hesabatını qənaətbəxş
hesab etmişlər.
AMEA
Rəyasət Heyəti Yer Elmləri Bölməsinin 2012-ci ildəki
elmi və elmi-təşkilati fəaliyyəti haqqında
hesabatını dinlədikdən və müzakirə etdikdən
sonra əldə olunmuş mühüm nəticələrin
AMEA-nın illik hesabatına daxil edilməsi və hesabatın
təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Elm.- 2013.- 31 yanvar.-
S.6-7.