Zaman, şəxsiyyət, əbədiyyət
Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində
ümummilli lider Heydər
Əliyevin vəfatının 15-ci ildönümünə həsr
olunan “Heydər Əliyev: zaman,
şəxsiyyət və əbədiyyət” mövzusunda
elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən danışıb. Alimlərimizin əməyini daim yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin elmə böyük etimad göstərdiyini deyən A.Əlizadə akademiyanın yüksəlişində və elmin inkişafında Ulu Öndərin xidmətlərindən söz açıb.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tarixə ekskursiya edərək müxtəlif dövrlərdə Ümummilli Liderin dövlətin milli maraqlarının qorunması və milli şüurun inkişaf etdirilməsi, iqtisadi gücünün artması, ölkədə sosial-mədəni sferanın inkişafı ilə bağlı gördüyü işlərdən danışıb. O, xalqımızın həyatında və tarixində müstəsna rolu olan dahi şəxsiyyətin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün məktəb olduğunu deyib.
Ulu Öndərin azərbaycançılıq ideologiyasından bəhs edən akademik Azərbaycan ədəbiyyatına və ədiblərinə verilən yüksək qiymətin Ümummilli Liderin ədəbiyyat və incəsənətin inkişafına göstərdiyi qayğının bariz nümunəsi olduğunu söyləyib.
Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda məruzə ilə çıxış edib. Akademik Azərbaycan dilinin yenidən tədqiqində, milli-mənəvi dəyərlərin araşdırılmasında, prioritet elmi sahələrdə tədqiqatların aparılmasında və nüfuzlu elmi məktəblərin yaradılmasında Ulu Öndərin rolundan danışıb. Heydər Əliyevin milli quruculuq siyasətinin əsas istiqamətlərindən birinin elm siyasəti təşkil etdiyini deyən M.Nağısoylu Ümummilli Liderin ölkəmizin ən çətin dönəmlərində belə bütün maneələrə baxmayaraq, Azərbaycan dilinin qorunması və sonrakı illərdə dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı uzaqgörən addımlar atdığını vurğulayıb.
Konfransda çıxış edən Fizika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın gücləndirilməsi, cəmiyyətdə alim nüfuzunun yüksəlməsi sahəsində önəmli tədbirlərin həyata keçirildiyini deyib. S.Mehdiyeva Ulu Öndərin 1997-ci ildə AMEA-nın rəhbərliyi və bir qrup aparıcı alimləri ilə görüşündən, akademiyanın fəaliyyətinin genişləndirilməsi istiqamətində siyasətindən və elmə olan münasibətindən söz açıb.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin nəticəsi olaraq respublikamızın qazandığı uğur və nailiyyətlərdən, dahi liderin dövlətçiliyimiz yolunda xidmətlərindən danışıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Elm.- 2018.- 14 dekabr.- S.1.