Mənim
üçün bir çıraq gətir...
İbrahim
Quliyev: “Ədəbiyyat bütün dünyada eyni inkişaf
yolunu keçib”
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, tanınmış jurnalist, şərqşünas alim, tərcüməçi, İbrahim Quliyev 10-a qədər kitabın müəllifidir. Bu günlərdə onun “Məczub Təbrizi və Foruq Fərruxzadın şeirləri” adlı yeni kitabı işıq üzü görmüşdür. Kitabda İ.Quliyevin farsdilli ədəbiyyatın yuxarıda adı çəkilən bu iki görkəmli nümayəndəsi haqqında apardığı elmi araşdırmalar və onların yaradıcılığından etdiyi bədii tərcümələr yer almışdır. Aşağıda İbrahim Quliyevlə müsahibəni oxuculara təqdim edirik.
-İbrahim
müəllim, bu günlərdə Sizin Məczub Təbrizi və Foruq
Fərruxzaddan etdiyiniz tərcümələr
kitab halında nəşr olunub.
İstedadlı şair,
tanınmış jurnalist, alim kimi tanınan İbrahim Quliyevin birdən-birə
tərcüməçiliyə meyl etməsi
nə ilə bağlıdır?
-Bəri başdan deyim ki, bu, birdən-birə olmayıb, mən buna qədər də tərcümə işi ilə məşğul olmuşam. Ayrı-ayrı sənətkarların yaradıcılığına aid bədii nümunələrdən əlavə, Azərbaycan tarixinə aid İranda fars dilində çap olunmuş “İrəvan müsəlman sakinli vilayət idi” kitabı tərcümə etmişəm və həmin əsər AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən nəfis şəkildə nəşr olunub. Kitab İravanın ən qədim tarixi, rus imperiyasının köməyi ilə ermənilərin bu yerlərə köçürülməsi və orada məskunlaşdırılmaları, azərbaycanlıların o torpaqdan sıxışdırılıb çıxarılmaları və s. barədə tarixi faktları əks etdirir. Məşhur İran tarixçisi Səməd Sərdarniya adıçəkilən əsərdə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı prosesini mərhələ-mərhələ araşdırmış, erməni alimlərinin yalan və saxtakarlıqlarını İranda ilk dəfə olaraq ifşa etmişdir. Hesab edirəm ki, ölkəmizdən kənarda yazılmış və Azərbaycan həqiqətlərini tam dolğunluğu ilə əks etdirən bu əsəri biz dünyaya təqdim etməliyik.
Bundan əlavə, İran şahı Rza Pəhləvinin həyat yoldaşı Bakılı Tacülmülükün memuarlarını tərcümə etmiş və hissə-hissə “Aydın yol” qəzetində çap etdirmişəm. O, kitab da çapa hazırlanır.
Sonrakı dövrdə də tərcümə işini davam etdirmiş və gördüyünüz bu kitab ərsəyə gəlmişdir.
-Kitabda bir araya gətirilmiş şairlər tamam fərqli dövrləri, tarixi
mərhələləri təmsil edir. Məcub Təbrizi XVII əsr ədəbiyyatının,
Foruq Fərruxzad isə XX əsrin “yeni şeir” hərəkatınının
nümayəndəsidir. İki fərqli zaman və tarixi şəraitdə
yaşamış şairin bir kitabda təqdim edilməsi
təsadüfdür, yoxsa burada
bir məntiq var?
-Nəinki ayrı-ayrı tarixi mərhələləri, hətta dəst-xətt və üslub baxımından aralarında yerlə-göy qədər fərq olan, dünyagörüş və məfkurə baxımından isə bir-birinə daban-dabana zidd olan şairlər bu kitabda bir aradadır. Bu kitab klassiklərlə müasirlərin, onları təmsil edən poetik düşüncələrin bir-birini izləməsi baxımından da maraqlıdır. Məczub Təbrizi XVII əsrdə yaşamış, Səfəvilər dövlətinə xidmət etməsi ilə qürur duymuş bir sufi şairidir. Məlum olduğu kimi, Səfəvi hakimiyyəti idarə etdiyi dövlətin ərazisində yaşayan xalqlar arasında heç bir ayrı-seçkilik qoymayan, onların ədəbiyyatına, tarixinə, mədəniyyətinə eyni gözlə baxan bir iqtidar idi. Foruq Fərruxzad isə XX əsrdə Rza Pəhləvi tərəfindən ideoloji bazası hazırlanan, onun özü və oğlu Məhəmmədrza Pəhləvinin birbaşa dəstəyi ilə həyata keçirilən fars şovinizmin tüğyan etdiyi bir tarixi mərhələdə yaşayıb yaratmışdır. Bu tarixi fərqlər ədəbiyyatda da öz əksini tapmışdır: Məczubun şeirlərində dünyaya fəlsəfi yanaşma, tanrıya doğru cəhd, Foruqun şeirlərində isə üsyan, mübarizə və inkarçılıq, bir qədər də tanrısızlıq var. İstəyirəm ki, oxucu zaman və dünyabaxış fərqinin, ədəbi mərhələlərin bir-birini necə izləməsinin şahidi olsun, onu öz ruhu ilə hiss etsin.
-Bu farsdilli ədəbiyyatda gedən prosesdir. Bunun Azərbaycan ədəbiyyatına
və Azərbaycan oxucusuna nə aidiyyatı var?
-Şərq ədəbiyyatı uzun zaman eyni yolu
gəlmişdir, burada
fars, ərəb,
türk mətnləri
bir-birinə qarışmışdır.
Və bir qədər dərinə getsək, ümumiyyətlə,
dünya ədəbiyyatı
eyni inkişaf yolunu keçmişdir, onun mövzuları, ideya-estetik prinsipləri arasında fərq çox az
olmuşdur. Şərqdə “Leyli və
Məcnun”u Ərəbistandan-Hindistana,
İrandan-Türkiyəyə qədər bütün ölkələrdə şairlər
eyni sevgi və məhəbbətlə
nəzmə çəkmişlər.
Heç
kəs Leylinin, yaxud Məcnunun ərəb olmasının
fərqində olmamışdır.
Bu gün Qərbdən
gəldiyi iddia olunan multikulturlizm
əslində Şərqdə
daha böyük ənənələrə malik
olmuşdur. Bu mənada
İran ədəbiyyatında
gedən proseslərlə
Azərbaycan ədəbiyyatında
gedən proseslər arasında
qəti sərhəd qoymaq mümkün deyil. Digər tərəfdən, haqqında
söhbət gedən
şairlərdən biri,
Məczub Təbrizi azərbaycanlıdır.ğ
-Onun Azərbaycan
dilində əsəri
vardırmı?
-Var, amma uzun illər
elm aləminə bəlli
olmayıb. İran mənbələri onu həmişə XVII əsrin böyük farsdilli şairi kimi təqdim ediblər, farsdilli əhali arasında onun qəzəlləri, qəsidələri, rübailəri
çox məşhur
olub. Yalnız 2002-ci ildə Leyden Universitetinin Kitabxanasının
nəşr etdiyi türkdilli əlyazmalar kataloqunda şairin azərbaycanca divanının
olduğu üzə çıxıb. Almaniyada yaşayan
güneyli soydaşımız
Məhəmmədəli Hüseyni
tezliklə onun surətini əldə edərək, respublikamıza-Əlyazmalar
İnstitutuna göndərmişdir.
2013-cü ildə həmin divan nəşr edilmişdir. Bir qədər
obrazlı desək, azərbaycanlı şair təxminən 350 ildən
sonra öz ana dilində oxucuları ilə görüşə bilmişdir.
Ümumiyyətlə, bu
sahədə AMEA-nın
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun
fəaliyyəti xüsusi
qeyd edilməlidir. Bu institut çoxlu
sayda gizli qalmış milli xəzinəni üzə çıxarıb, Azərbaycan
oxucusunun ixtiyarına vermişdir.
-Necə
oldu ki, siz onun fars dilindəki məsnəvisini azərbaycancaya
çevirmək qərarına
gəldiniz?
-Bilirsiniz, “Şahrahe-nicat”, yəni “Nicat yolu” sufi ədəbiyyatının
dəyərli nümunəsidir,
əsərdə Allah dərgahına
gedən yoldan, salikin Allaha qovuşmasından danışılır.
Təbii
ki, sovet dövrünün ideologiyası
və konkret desək, sovet ateizmi bu cür
əsərlərin üzə
çıxmasına, oxucuya
çatmasına imkan
vermirdi. Onlara tabu qoyulmuşdu. Ona görə böyük sənətkarlarımızın bir çoxunun əlyazmaları uzun zaman qovluqlarda qalıb saralmışdı.
Bu gün Azərbaycan
müstəqil dövlətdir,
biz heç kimdən və heç nədən asılı olmadan öz mənəvi irsimizi tədqiq edib üzə çıxarmaq,
Azərbaycan oxucusuna təqdim etmək hüququ qazanmışıq.
-Bildiyimizə
görə, Foruq Fərruxzad fars
şairəsidir, həm
də İranda yeni şeirin nümayəndələrindəndir…
-Foruq Fərruxzadın anasının
adının Turan olması onun da ana tərəfdən
azərbaycanlı olduğunu
ehtimal etməyə imkan varır. Amma düzünü
deyim, bunun bir tərcüməçi
kimi mənim üçün elə bir önəmi yoxdur. Əsas məsələ odur ki, cəmi 32 il yaşayan
bu qadın İran ədəbiyyatında
və incəsənətində
misilsiz iz qoyub. Foruq İranın Rza
və Məhəmmədrza
Pəhləvilərin diktatorluğu
altında inildədiyi,
insan haqlarının kobud şəkildə pozulduğu, azad sözə divan tutulduğu
bir dövrdə yaşayıb. Elə bir
dövrdə ki, azərbaycanlıların milli
hərəkatları da
bu ata və
oğul diktatorlar tərəfindən qan içində boğulub.
Foruq XX əsr İranında “şeiri-no” adlanan “yeni şeir”in yaradıcılarından biridir. Onun poeziyası
və dünyabaxışı,
ruhu və məfkurəsi inqilabi dəyişikliklərə köklənmişdi. O, son dərəcə
cəsarətli, üsyankar
bir şair idi. Doğrudur, bəzən onun şeirlərindənadamın üzünə
ümidsizlik, pessimizm havası vurur, amma sonda həmin
şeirlərdən işıq
doğur, zülmətlər səhər
ovqatı ilə başa çatır. Onun üsyankarlığı nifrət
və qəzəbə
köklənmiş pafosdan
uzaqdır, bu üsyankarlıq şeirin
daxili qatında cərəyan edir, sakit səth arxasındakı okean təlatümünə bənzəyir.
Foruq demək olar ki, hər
zaman pıçıltıyla
danışır:
Mən gecənin
dibindən danışıram
Mən gecənin
və
qaranlığın dərinliyindən
danışıram.
Əgər mənim
evimə gəlsən,
ey dost,
mənim üçün
bir çıraq gətir
və bir nəfəslik-
Ki ordan xoşbəxt küçələrdəki izdihama
baxa bilim.
Foruq öz şeirləri ilə zülmət içindəki İranı
iləişıqlandırmağa çalışıb. O, yeni poeziyanın bütün müsbət və aparıcı xüsusiyyətlərini
öz həyat və yaradıcılığında
təcəssüm etdirib.
Dərs vəsaiti kimi hazırlanan kitaba XX əsr fars ədəbiyyatının
mükəmməl yenilikçi
şairini salmaqla həmin dövr İran ədəbiyyatı
haqqında dolğun fikir yaratmağa çalışmışam. Buna nə səviyyədə
nail olmuşam, onu oxucu deyə bilər…
-Kitabda
hər bir şairin həyat və yaradıcılığını
əhatə edən ciddi elmi araşdırmalar
var…
– Bu şairləri
Azərbaycanda geniş
oxucu kütləsi tanımır. Buna görə də onları təqdim etməyə ehtiyac vardı. Bu ehtiyacı
nəzərə alıb
hər iki sənətkarın həyat
və yaradıcılığı
barədə oxucuya dolğun məlumat verməyə çalışmışam.
Müsahibəni apardı: Sarvan Kərimov
Elm.- 2018.- 9
fevral.- S.7.