Fəaliyyətimizin prioritet istiqaməti
22 iyul-Milli Mətbuat Günü
Elm və elmi
biliklərin cəmiyyətdə təbliği hər zaman
aktual mövzulardan olub. Elmin piarını yüksək səviyyədə
təşkil etmək isə əsasən də elmi jurnalistlərin
üzərinə düşən vəzifədir. Təsadüfi
deyil ki, dünyada elmi jurnalistika KİV aləmində
mühüm yer tutur. Son illər Azərbaycan Milli Elmlər
Akademiyasında (AMEA) elmin populyarlaşdırılması və
kütləvi təbliği, bu sahə üzrə
ixtisaslaşdırılmış kadr hazırlığı
istiqamətində zəruri tədbirlər görülür.
AMEA Rəyasət Heyəti aparatı ictimaiyyətlə
əlaqələr və elmin populyarlaşdırılması
idarəsinin rəis müavini, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü Ülviyyə Rzayevaya akademiyada elmin
populyarlaşdırılması və kütləvi təbliği
istiqamətində aparılan işlər barədə
AZƏRTAC-ın suallarını cavablandırıb:
- Elm bütün
zamanlarda cəmiyyətin, istənilən fəaliyyət sahəsinin
tərəqqisində müstəsna rol oynayıb. Elmi biliklərin
təbliği hər bir vətəndaşın intellektual
potensialının inkişafında mühüm amildir. Bu
baxımdan Azərbaycan elminin kütləvi təbliği
üçün bu gün hansı işlər
görülür?
- Müasir dövrdə dünyada elmə böyük maraq var, onun auditoriyası çox genişdir. Cəmiyyətin bu sahədə zəruri informasiya ilə təminatına heç vaxt olmadığı kimi böyük tələbat vardır ki, bu da elm və texnikanın dinamik inkişafı ilə bağlıdır. Bu baxımdan elmin təbliği yetərli qədər böyük əhəmiyyət kəsb edən məsələdir. Bu sahədə işlər yüksək səviyyədə təşkil olunmalıdır, əks təqdirdə bu, elmin ictimai əhəmiyyətinin getdikcə itirilməsinə gətirib çıxara bilər. Bu gün elmin populyarlaşdırılması və təbliği AMEA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu məsələyə böyük həssaslıqla yanaşır, jurnalistlərə hər zaman lazımi dəstəyi göstərir. Ötən il AMEA rəhbərinin sərəncamı ilə elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə “AMEA Rəyasət Heyətinin mükafatı” da təsis edilib. Mükafat elmi-populyar üslubda hazırlanan əsərləri dəyərləndirmək, alim və mütəxəssisləri elmi-populyar yaradıcılığa təşviq etmək məqsədi daşıyır.
İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tabeliyində olan mətbu orqanlar, veb-portal, şəbəkə telekanalı elmi informasiyaların geniş auditoriyaya çatdırılması, KİV-də təbliğində müstəsna rol oynayır. AMEA-nın elm.gov.az meqaportalı artıq 23 ildir ki, Azərbaycan elminin təbliği ilə məşğuldur. Portalda minlərlə elmi informasiya yerləşdirilib, buraya edilən müraciətlərin sayı isə ildən-ilə artmaqdadır. Ötən ilin statistikasına görə, portala edilən müraciətlərin sayı 2 milyonu ötüb. Demək olar ki, ölkənin əksər mətbu orqanları, əsas xəbər saytları Azərbaycan elmində baş verən hadisələrdən ilk olaraq bu portal vasitəsilə xəbər tutur, ona istinadlar çoxdur.
İdarənin Elm TV internet televiziyasının fəaliyyətini də qeyd etmək lazımdır. Bu şəbəkə telekanalı peşəkar və məhsuldar fəaliyyəti ilə akademiyanın elmi müəssisə və təşkilatlarında çəkilişlər aparır, Azərbaycan elmində əldə olunan nailiyyətləri işıqlandırır, yaradıcı komanda tərəfindən sənədli filmlər çəkilir. Bir sözlə, bu kanal Azərbaycan elmi irsinin salnaməsinin yaradılması, mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub saxlanılmasında yaxından iştirak edir, öz dəyərli töhfələrini verir.
İdarə AMEA-nın tədbirlərində jurnalistlərlə fəal iş aparır. Akademiyanın fəaliyyəti ilə bağlı məlumatlar mütəmadi olaraq xarici qəzet və jurnallarda, elektron KİV-lərdə də işıqlandırılır. Rusiya Elmlər Akademiyasının rəsmi mətbu orqanı olan “Poisk” qəzetində mütəmadi olaraq Azərbaycanda aparılan tədqiqatlar, əldə edilən nəticələr haqqında geniş materiallar yer alır.
Görülən işlər birmənalı olaraq elmin təbliğatının vüsət almasına xidmət edir. İdarə elm və elmi biliklərin yayılmasında mühüm rol oynayan AMEA-nın institut və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkili məsələlərini də diqqət mərkəzində saxlayır. Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə birgə treninqlər təşkil olunur, o cümlədən informasiya resurslarının müxtəlif meyarlar üzrə monitorinqi aparılır. Veb-texnologiyaların müxtəlif istiqamətləri, saytların işinin təşkili və idarə olunması, informasiya təminatı, veb-analitika, təhlükəsizlik mövzularına geniş yer verilir.
Tanınmış elmi jurnalistlərlə, o cümlədən alim-populyarizatorlarla görüşlərin təşkili, təlimlərin, müsabiqələrin və s. keçirilməsi, müvafiq qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılması idarənin qarşısında duran vəzifələrdəndir.
- 2016-cı ildə
AMEA Rəyasət Heyəti tərəfindən akademiyanın
elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə
əlaqələr şöbələrinin yaradılması
ilə bağlı qərar qəbul edilib...
- Bu qərara qədər bəzi institut və təşkilatlarda həmin vəzifəni müxtəlif adlar altında - informasiya şöbəsi, mətbuat xidməti, informasiya və informasiya texnologiyaları şöbəsi və s. kimi həyata keçirən struktur bölmələri fəaliyyət göstərirdi. İctimaiyyətlə əlaqələr şöbələrinin olmadığı institutlarda isə bu işə məsul şəxslər təyin olunmuşdu. Qurumun informasiya siyasətinə cavabdehliyi onlar daşıyırdı. Bütün institut və təşkilatlarda ictimaiyyətlə əlaqələr şöbələrinin yaradılması elmin informasiya təminatının gücləndirilməsi, əsasən də kadr hazırlığı baxımından akademiya həyatında, doğrudan da, taleyüklü məsələdir. Təsəvvür edin bu, akademiyada müvafiq elm sahələri üzrə ixtisaslaşan böyük bir elmi jurnalist ordusunun, professional qələm sahiblərinin yetişdirilməsi, peşəkarlaşdırılması deməkdir. Çünki alim-populyarizatorlarla birgə onlar da Azərbaycan elminin təbliğində aparıcı rol oynayırlar. Elmi-populyar üslubda yazıb-yaradan kadrların yetişdirilməsi elmimizin dünyada tanıdılması, o cümlədən Azərbaycan reallıqlarını əks etdirən, elmi faktlara əsaslanan informasiyaların, məqalələrin vüsət alması missiyasına xidmət edir.
AMEA Rəyasət Heyətinin qərarına əsasən, bu şöbələrin fəaliyyəti idarə tərəfindən əlaqələndirilir. İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi mütəmadi olaraq müxtəlif səpkili tədbirlər keçirir, mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edir. Hazırda qarşıya qoyulan məsələlərdən biri elmi-populyar üslubda hazırlanan materialların vahid informasiya resursunda toplanması üçün online olaraq Elmi Jurnalistlər Klubunun - www.ejk.az veb-saytının yaradılmasıdır. Saytda yalnız AMEA üzrə deyil, həm də respublika üzrə bu üslubda yazan müxbirlərin materiallarının yerləşdirilməsi nəzərdə tutulub ki, bu da müvafiq sahədə görülən işlərin monitorinqinin aparılması, mövcud vəziyyətin qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
- Yeri gəlmişkən, bu gün Azərbaycan elminin dünyada təbliğatının istənilən səviyyədə olmadığı deyilir.
- Təbliğatın dünya səviyyəsində
aparılmasının öz tələbləri var. İlk
növbədə, bu, bilavasitə xarici dil bilikləri ilə
bağlıdır. Elmi populyarlaşdırmaq istəyən
jurnalist fikri asan şəkildə ifadə etmək
üçün xarici dilləri mükəmməl bilməlidir.
Çox təəssüf ki, elmin
populyarlaşdırılması ilə illərdir ki, məşğul
olan, lakin xarici dilləri istənilən səviyyədə
bilən peşəkar kadrlar azdır. İkinci şərt
dünyada məşhur elmi-populyar jurnallarla davamlı əməkdaşlıq
əlaqələrinin qurulmasıdır. Məsələn,
“National Geographic”, “Popular Science”, “Discover”, “Scientific American”
kimi dərgilər vardır ki, burada mütəmadi olaraq məqalələrin
yerləşdirilməsi elmimizin təbliğatında vacib məqamlardandır.
Yalnız bu halda Azərbaycan elminin dünyada təbliği istənilən
səviyyədə vüsət alacaq. Digər tərəfdən
burada jurnalistin yaxşı qonorar almaq şansı da olur. Əgər
davamlı şəkildə əməkdaşlıq edərsə,
həm bir elmi jurnalist kimi imzası dünyada tanınar, həm
də Azərbaycan elmini təmsil etmiş olar.
Onu da nəzərə almaq lazımdır ki, bu gün həm
də yeni nəsil elmi jurnalistlər yetişməkdədir. Onlara dəstək
olmaq lazımdır. Burada
alim-populyarizatorların, bu sahə üzrə peşəkar qələm
sahiblərinin fikir və tövsiyələri, təcrübələri
gələcəyin müxbirləri üçün böyük
önəm daşıyır. Elmi
jurnalistikanın tədrisi sahəsində də yetərli qədər
görülməli işlər var. Jurnalistika fakültələrində
bu istiqamətdə mühazirələrin, treninqlərin təşkili
müvafiq sahənin inkişafında mühüm
addımlardan olardı.
Dünyanın bir sıra ölkələrində elmi
jurnalistikanın tədrisi yüksək səviyyədə
qurulub. Məsələn, Böyük Britaniyada elm və cəmiyyətin
dialoqu dövlət siyasətinin tərkib hissəsidir. Müvafiq biliklərə malik elmi kommunikasiya üzrə
mütəxəssislərin, elmlə cəmiyyət
arasındakı münasibətləri, əlaqələri
idarə etməyi bacaran kadrların hazırlanması məqsədilə
ayrıca institutlar yaradılıb. İngiltərədə
üç universitet elmi jurnalistika üzrə magistr dərəcəsi
səviyyəsində kurslar təklif edir. On
bir təhsil ocağında elmi kommunikasiya (science communication)
üzrə kurslar vardır ki, bu universitetlərdən səkkizində
magistr və tələbələr hazırlanır. BBC-nin Jurnalistika Kolleci ilə “Reuters” informasiya
agentliyinin birgə əməkdaşlığı sayəsində
jurnalistlər üçün elm üzrə treninqlər təşkil
edilir.
Ümumi profilli müxbirlər üçün elm
üzrə xüsusi treninqlərin keçirilməsi bu sahə
üzrə ixtisaslaşan jurnalistin təhsilindəki
boşluqları aradan qaldırmaq məqsədi
daşıyır. Kral Elmi Cəmiyyəti və
Britaniyanın tədqiqat şuraları tərəfindən təkcə
jurnalistlər üçün deyil, alimlər
üçün də jurnalistikanın əsasları və
kommunikasiya üzrə təlimlər təşkil olunur.
Bundan başqa, elmi jurnalist elmi problemləri daha keyfiyyətli
şəkildə ifadə etmək üçün qrant
qazanıb bir il müddətinə təhsil
almaq, ixtisasını artırmaq üçün işindən
uzaqlaşa bilər.
- Müxtəlif kütləvi
informasiya vasitələrində çalışan jurnalistlərin
elmin populyarlaşdırılması və təbliği sahəsində
fəaliyyətini necə dəyərləndirirsiniz?
- İstənilən səviyyədə deyil. Amma birmənalı şəkildə
demək ki, heç bir iş görülmür, bu da düzgün
olmaz. Xəbər saytlarında, qəzet və
jurnallarda vaxtaşırı müsahibələr, məqalələr
verilir, amma elmi jurnalist kimi bu sahənin peşəkarı olmaq
üçün illər uzunu çalışmaq
lazımdır. Elm adamlarından, o cümlədən
xaricdə yaşayan alimlərimizdən alınan müsahibələri,
onların elmi fəaliyyəti ilə bağlı hazırlanan
materialları izləyirəm, lakin tədqiqatların əhəmiyyətinin,
vacibliyinin ictimaiyyətə çatdırılması
baxımından vəziyyət heç də arzu olunan səviyyədə
deyil. Jurnalist bir elmi-populyar məqalənin
hazırlanması üçün əvvəlcə
müvafiq elm sahəsi üzrə məlumatlı, alimin tədqiqatlarından,
həmçinin müasir dövrdə dünyada həmin sahədə
aparılan işlərin vəziyyətindən xəbərdar
olmalıdır. Bu, onun müsahibi ilə
peşəkar səviyyədə söhbət aparması və
lazımi informasiyanı əldə edə bilməsi
baxımından mühüm şərtdir. Müxbir məqaləni elə
hazırlamalıdır ki, alimin fikirləri kütlə tərəfindən
asanlıqla qavranılsın. Elmi-populyar üslubda
hazırlanmayan məqalənin kütləvi təbliğinə
nail olmaq mümkün deyil. Çünki
populyarlaşdırılmayan elm və elmi biliklər oxucu tərəfindən
yaxşı mənimsənilməyəcək, onun təbliğatı
uğurla aparılmayacaq. Məqalənin
hazırlanması prosesinin özü də yetərli qədər
vaxt tələb edir ki, bu da xəbərlərin operativ
çatdırılmasında olan güclü rəqabətin
aparıldığı dövrdə hər jurnalistin
müraciət edəcəyi mövzu deyil.
Başqa bir tərəfdən, bu məsələdə
həm də ixtisaslaşma böyük rol oynayır. Cəmiyyətdə
bu mövzulara sifariş var. Amma medianın bu tələbatı
ödəyə bilməsi məsələsində çətinliklər
müşahidə olunur. Humanitar təhsilli
jurnalistin fizika, kimya, informatika, kibernetika sahələri üzrə
elmi-populyar üslubda məqalə hazırlaması heç də
asan deyil. Burada ixtisaslaşma böyük əhəmiyyət
kəsb edir. Bioloq üçün
müvafiq sahədə aparılan tədqiqatların mahiyyətini
daha dərindən başa düşməsi baxımından
elmi-populyar məqalə hazırlamaq daha asan olacaq. Amma humanitar sahə üçün bu, təbii ki
çətindir. Məsələn, lenta.ru
saytının təcrübəsinə nəzər salaq.
Orada jurnalistika təhsili olanları işə qəbul
etmirlər. Elm şöbəsində elmi
xəbərləri hazırlayanlar yalnız fizika, biologiya elmləri
namizədləridir.
Göründüyü kimi, elmi mövzuda məqalə
hazırlamaq mürəkkəb prosesdir. Hər bir
KİV-in elm şöbəsində bu məsələyə
müxtəlif cür yanaşıla bilər. Amma bir reallıq da vardır ki, ixtisaslaşmadan
asılı olmayaraq peşəkar elə peşəkardır,
yetər ki bu sahəyə həvəs və maraq olsun.
- Elmin
populyarlaşdırılmasında əsas rolu kimlər
oynayır, jurnalistlər, yoxsa alimlər?
-Burada əsas
yük, məsuliyyət deyərdim ki, müxbirlərin üzərinə
düşür. Elmin cəmiyyətə
nüfuzu çoxmilyonlu oxucu, dinləyici və izləyici sayəsində
mümkün olur ki, burada əsas rolu qələm sahibləri
oynayırlar. Onların işi elm, media və
cəmiyyət arasında ünsiyyət, kommunikasiya
yaratmaqdır. Bu, bir növ piramidanı
xatırladır. Bu piramidanın
başında isə media durur. Çünki
elmi bilikləri alimlərdən alaraq populyarlaşdırıb
cəmiyyətə ötürən məhz KİV-dir.
Alimlər, ilk növbədə, elmi məqalələrin
hazırlanmasına üstünlük verir ki, bu da təbiidir. Çünki
alim dünyada elmi məqalələri ilə tanınır, məqaləni
populyarlaşdırmaq isə ikinci plandadır. Elm adamları fəaliyyətlərinin geniş
auditoriyaya çatdırılmasında hər zaman maraqlı
olmalı, bu işdə jurnalistlərə kömək etməlidirlər.
Əldə etdikləri nəticələrin,
elmi biliklərin cəmiyyətə
çatdırılması üçün ictimaiyyət ilə
daim dialoqun qurulması onların fəaliyyət istiqamətlərindən
biri olmalıdır. Rusiyada
tanınmış elmi jurnalist Tatyana Piçuqina bu istiqamətdə
“Hər bir jurnalist elm, hər bir alim isə jurnalistika
haqqında nəyi bilməlidir” sərlövhəli maraqlı
bir məqalə yazıb.
- Milli internet-media sahəsində
hazırkı durumu necə dəyərləndirirsiniz? Necə
düşünürsünüz, bu sahədə problemlər
çoxdurmu?
- Bu
gün cəmiyyətdə ictimai fikrə təsir imkanları
baxımından artıq veb-saytlar, şəbəkə telekanalları da televiziya və radio ilə demək
olar ki, eyni yeri bölüşməkdədir. Bu
informasiya resursları çox sürətlə inkişaf
edir. Hazırda dünyada bir milyarddan
çox veb-sayt mövcuddur. Milli domen
zonasında isə 30 minə yaxın veb-sayt qeydə
alınıb. Təbii ki, istənilən
sahə kimi internet-medianın da özünə görə
problemləri var. Çox təəssüf ki, bu problemlərin
önündə qeyri-peşəkarlıq deyilən bir məfhum
dayanır. Bu gün kütləvi
informasiya vasitələrində peşəkarlıq problemi
özünü qabarıq şəkildə göstərməkdədir.
Keyfiyyətli, sanballı yazıların əks
olunduğu KİV-lər heç də çox deyil. Xüsusən də internet-media qurumlarında
kadrların yetişdirilməsi, inkişaf etdirilərək
püxtələşməsi üçün ciddi tədbirlər
görülməlidir.
Xəbərlərin operativ yerləşdirilməsində
rəqabətin gücləndiyi bir vaxtda yeni mediada “copy-past” vərdişinin
vüsət alması həlli vacib olan məsələdir. Bu,
veb-müxbirin bir yaradıcı qələm sahibi kimi
inkişafına mane olan amillərdəndir. Bir tədbir haqqında materialın surətinin
çıxarılaraq yeknəsəq xəbərin
bütün saytlarda və qəzetlərdə əksini
tapması heç də yaxşı göstərici deyil.
Bakıda medianın problemləri üzrə təşkil
olunan mötəbər tədbirlərdə də xarici media
şirkətlərinin rəhbərləri onlarda da eyni
problemin mövcud olduğunu qeyd edirlər. Ümumiyyətlə, bu problem bütün dünyada
yaşanır.
Digər bir məqam da müasir dövr jurnalistinin
“press-relizlər”lə kifayətlənməsi ilə
bağlıdır. Düzdür, çalışırlar
ki, informasiyanı operativ yaysınlar, rəqabətdə
öndə olsunlar. Amma hər tədbir təşkilatçısının
ictimaiyyətlə əlaqələr şöbəsinin təqdim
etdiyi materialın keyfiyyətinə etibar etmək də olmaz.
Burada da nöqsanlar var. Digər tərəfdən,
tədbirlərdə əlavə olaraq başqa aktual
mövzulara da toxunulur ki, bunları da qələmə almaq,
üzərində işləmək lazımdır. Keyfiyyətli, akademik səviyyədə yazan
jurnalistlərimizin sayı deyərdim ki, azdır. Bu isə çox ciddi məsələdir.
Xəbər
portalları və saytlarda orfoqrafik, qrammatik, üslub səhvləri
də az deyil. Nəzərə
almaq lazımdır ki, gənc nəsil mütəmadi olaraq bu
saytları oxuyur, axı KİV-in bir missiyası da maarifləndirməkdir.
Belə səhvlərin olması onları Azərbaycan
dilinin normalarına laqeyd yanaşmağa sövq edir. AMEA-nın Dilçilik İnstitutu bu istiqamətdə
mütəmadi olaraq monitorinqlər aparır. Məncə, bu kimi problemlərin aradan
qaldırılması üçün aparılan monitorinqlərin
nəticələri, təklif və tövsiyələrin əks
olunduğu maarifləndirici broşürlər,
ekspres-informasiyalar hazırlanmalıdır. Bu materiallar KİV rəhbərlərinə təqdim
edilməli, televiziyada, qəzet və xəbər
saytlarında çalışan hər bir jurnalistin masası
üzərində olmalıdır. Ümumiyyətlə,
peşəkarlıq, keyfiyyətli informasiya istehsalı həyatını
jurnalistika sahəsinə bağlayan qələm sahibinin əsas
meyarı olmalıdır.
Başqa bir problem jurnalistlərin, xüsusən də bu
sahədə yenicə çalışmağa başlayan gənc
kadrların materialı müsahibin dediklərini
araşdırmadan qələmə almasıdır. Bu kimi hallar təbii
ki, qarşı tərəflərin hər zaman haqlı
narazılığına səbəb olacaq. Peşəkar jurnalist odur ki, hər müsahibin dediklərini
qələmə almazdan öncə üzərində işlədiyi
mövzunu dərindən araşdırsın. Əgər birisi söyləyirsə ki, hansısa
bir sahə inkişaf etməyib və hətta bu istiqamətdə
kadr belə yoxdur, müxbir əvvəlcə bu barədə
araşdırma aparıb müvafiq qurumlar tərəfindən
görülən işlərlə maraqlanmalı, sonra
müsahibəni hazırlamalıdır. Yalnız
belə olan halda müxbir müsahibin fikirlərinin qərəzli
olduğunu dəqiqləşdirə bilər.
Bu kimi problemlərin meydana çıxması media sahəsində
çalışanların böyük bir hissəsini təşkil
edən gənc kadrların müəyyən hissəsinin cəmiyyət
qarşısında məsuliyyətini tam dərk etməməsindən
qaynaqlanır.
Amma onların yazılarını heç olmasa
nəzərdən keçirən redaktorları var,
görünür, burada da problemlər mövcuddur. Müsahibənin əvvəlində bunun bir
araşdırma yazı olduğunu qeyd etmək, əslində
isə hər deyilən kəlməni araşdırmadan qələmə
almaq jurnalistin peşə etikası ilə bağlı problemlərindən
də xəbər verir. Düşünürəm
ki, bu kimi halların yaranmaması üçün hər bir
redaksiyada, qurumda kadr hazırlığı məsələlərinə
olduqca ciddi yanaşılmalıdır.
- Müsahiblərlə müxbirlər
arasında anlaşılmazlıqlar sizcə, daha çox nədən
qaynaqlanır? Bəzən bu kimi hallar mediada jurnalistlərin
ünvanına təhqiramiz fikirlərin səsləndirilməsinə
qədər gətirib çıxarır...
- Təhqirə istənilən halda yol vermək olmaz. Bu kimi insidentlər baş verdikdə, öncə tərəflərin arqumentlərini dinləmək lazımdır. Əksər hallarda belə münaqişələrin yaranmasına səbəb informasiyanın təhrifi olur. Əgər jurnalist müsahibinin sözlərini düzgün ifadə etməyibsə, mənasını dəyişdiribsə və bununla da onun cəmiyyətdəki nüfuzuna xələl gətiribsə, ictimai qınaq obyektinə çevrilməsinə səbəb olubsa, o zaman rəsmən üzr istəməyi də bacarmalı, bağışlanmasına etika çərçivəsində nail olmalıdır. Məsələn, götürək elm adamlarını. Alimlərin jurnalistlərə müsahibə verərkən ehtiyat etdikləri məqamlardan ən birincisi də elə budur – fikirlərin təhrif edilməsi və cəmiyyətə qeyri-səhih informasiyanın ötürülməsi. Elmi jurnalistika yetərli qədər mürəkkəb sahədir. Bu istiqamətdə material hazırlayarkən diqqətli olmaq lazımdır. Çünki jurnalist hazırladığı materiala görə ictimaiyyət qarşısında tam məsuliyyət daşıyır. Onun vəzifəsi peşə borcunu vicdanla yerinə yetirməkdir. Tanınmış alimin fikirləri isə kütlə üçün hər zaman maraqlı olur, böyük önəm kəsb edir, həm də etibarlı mənbə hesab olunur. Bir materialın yüzlərlə, minlərlə oxucusu olur və əgər bunu bir sıra KİV də yayırsa, onda oxucuların sayı artıq milyonlarla ölçülə bilər. İndi təsəvvür edin ki, bir fikrin təhrifi cəmiyyətdə necə rezonans yarada bilər. Odur ki, qələmlə, sözlə zarafat etmək olmaz. Məsəl var deyərlər: “Söz var dağa qaldırar, söz var dağdan endirər”. Digər bir məqam - müsahiblə əlaqə saxlamadan, məsələyə aydınlıq gətirmədən mediada onun adından verilən yazıya görə onu qınamaq, ünvanına etik normalara sığmayan fikirlər səsləndirmək də yolverilməzdir.
- Milli mətbuatımızın
143 illiyi ərəfəsində həmkarlarınıza
sözünüz...
- Yalnız keyfiyyətə xidmət etməli, heç bir halda ruhdan düşməməli, yazıb yaratmalı, problemlərin həllinə lazım gələrsə dəfələrlə cəhd göstərilməlidir. Həmkarlarıma öz fəaliyyətlərində daha diqqətli olmağı, eyni zamanda, güclü iradə, səbr, entuziazm və uğurlar diləyirəm.
Elm.- 2018.- 27 iyul.-
S.4-5.