Bolqarıstan alimləri Bakıda
AMEA Rəyasət Heyətində
Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri,
akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüş keçirilib.
Nümayəndə heyətinin tərkibinə
BEA-nın sədr müavini, müxbir üzv Vasil Nikolov, bu
müəssisənin baş elmi katibi, professor Evdokia Paşeva
və Sofiya şəhərinin
merinin müavini, arxeologiya üzrə fəlsəfə
doktoru, dosent Todor Çobanov daxil idilər.
Görüşdə Avropa
İttifaqı proqramları çərçivəsində
müvafiq sahələr üzrə təcrübə, alim və
tədqiqatçıların mübadiləsi və birgə
layihələrin həyata keçirilməsi, həmçinin
neft və qaz yataqlarının kəşfiyyatı, geologiya,
seysmologiya, arxeologiya, ekologiya və digər prioritet sahələrdə
əməkdaşlıq üzrə fikir mübadiləsi
aparılıb.
Əvvəlcə AMEA-nın
prezidenti, akademik Akif Əlizadə qonaqlara akademiyanın yaranma
tarixi, inkişaf mərhələləri və müasir
dövrdə burada aparılan tədqiqatlar haqqında məlumat
verib. Bildirib ki, 70 ildən çox yaşı olan bu qurum uzun
illər ərzində ölkə elminin inkişafına
mühüm töhfələr vermiş, çoxsaylı alim
və mütəxəssislər yetişdirmişdir. Bu gün
yeni bir inkişaf mərhələsinə qədəm qoyan
AMEA-da prioritet istiqamətlərdə araşdırmalar
aparılır, dünyanın nüfuzlu elm mərkəzləri
və ali məktəbləri ilə əməkdaşlıq əlaqələri
qurulur.
Bolqarıstanın paytaxtı Sofiya
şəhərinə səfərini xatırlayan A.Əlizadə
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində
fəaliyyət göstərən Paleontologiya və Tarixi
Geologiya Muzeyi barədə danışıb. O, bu qurumla
AMEA-nın Təbiət Tarixi Muzeyi arasında təcrübə
mübadiləsinin aparılmasının məqsədəuyğun
olduğunu deyib.
AMEA Yüksək Texnologiyalar
Parkı haqqında da məlumat verən A.Əlizadə
bildirib ki, bu müəssisə müasir elmi və texnoloji
nailiyyətlərə əsaslanan innovasiya və yüksək
texnologiya sahələrinin genişləndirilməsi istiqamətində
uğurla fəaliyyət göstərir.
Akademiya prezidenti ölkəmizdə
uzun illərdir ki, vulkanların öyrənilməsi ilə
bağlı araşdırmaların
aparıldığını, Geologiya və Geofizika
İnstitutunun alimləri tərəfindən bu istiqamətdə
mühüm tədqiqatların həyata keçirildiyini qeyd
edib. Alim sentyabrın 23-də Bakı şəhəri
Qaradağ rayonu ərazisində yerləşən
Otman-Bozdağ palçıq vulkanında püskürmə
baş verdiyini də diqqətə çatdırıb.
A.Əlizadə Xəzər dənizinin
hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətindən
danışıb. Bildirib ki, cari ildə Azərbaycan, Rusiya,
İran, Qazaxıstan və Türkmənistan ölkələri
Xəzər dənizinin sərhədlərinin bölünməsi
ilə bağlı razılığa gələrək
Qazaxıstanın Aktau şəhərində Xəzərin
hüquqi statusu haqqında Konvensiya imzalayıblar. AMEA rəhbəri
bu konvensiyanın Xəzər dənizi üzrə tədqiqat
aparan alimlər üçün də böyük əhəmiyyətə
malik olduğunu qeyd edib, həmçinin sənədin
multidissiplinar araşdırmaların aparılmasına
mühüm töhfələr verəcəyinə əminliyini
ifadə edib.
Sonra çıxış edən
akademik Yulian Revalski Azərbaycana ilk dəfə səfər
etdiyini bildirib. Alim rəhbərlik etdiyi qurum haqqında məlumat
verərək, BEA-da fəaliyyət göstərən 42
müəssisədə elmin müxtəlif sahələrində
araşdırmaların aparıldığını,
mühüm nəticələrin əldə olunduğunu, eləcə
də dünyanın bir sıra elm mərkəzləri ilə
əməkdaşlığın qurulduğunu diqqətə
çatdırıb. O, AMEA ilə riyaziyyat, arxeologiya,
astrofizika, ekologiya, informasiya texnologiyaları və s. sahələr
üzrə birgə tədqiqatların yerinə yetirilməsinin
məqsədəuyğun olduğunu vurğulayıb.
Son zamanlar iki ölkənin elmlər
akademiyaları arasında əməkdaşlığın
daha da möhkəmləndiyini deyən BEA-nın sədri bu
istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə
əminliyini ifadə edib.
Görüşdə AMEA-nın
vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti
aparatının Beynəlxalq Əlaqələr İdarəsinin
rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira
Əlirzayeva və İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsinin rəisi
Zülfüqar Fərzəliyev də iştirak ediblər.
Elm.- 2018.- 26
sentyabr.- S.2.