Azərbaycan alimlər Beynəlxalq Konqresdə
Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində “Qafqaz xalqlarının etnik tarixi və etnogenezi” mövzusunda Nax xalqlarının birinci beynəlxalq elmi konqresi keçirilib. Beynəlxalq tədbirdə Almaniya, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İordaniya, İsrail, Suriya, Özbəkistan, Qazaxıstandan olan nümayəndələr iştirak edib. Bundan başqa Konqresin işində Şimali Qafqazda yaşayan xalqların nümayəndələri, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan, Krasnodar və digər şəhərlərdən gələn elm adamları və pedaqoqlar iştirak ediblər.
Konqresdə çıxış edən Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov tədbir iştirakçılarını salamlayaraq Qafqazda yaşayan xalqlar arasında sülh və əminamanlığın bərqərar olmasının önəmini vurğulayıb, Qafqaz respublikalarının, o cümlədən çeçen xalqının etnik tarixinin dərindən öyrənilməsinin aktual olduğunu bildirib və Konqresin işində uğurlar arzulayıb.
Konqresdə AMEA Fəlsəfə
İnstitutunun Davamlı inkişafın fəlsəfəsi
şöbəsinin müdiri, fəlsəfə
üzrə elmlər doktoru, professor Sakit Hüseynov iştirak edib. Konqresin
Plenar iclasında iştirakçıları salamlamaq üçün
çıxış edən S.Hüseynov çeçen etnosunun
formalaşması prosesində mədəniyyətin rolundan danışaraq, Qafqaz
xalqları arasında dostluğun və
birgəyaşayışın qorunub
saxlanmasında multikultural dəyərlərin
və tolerantlığın əhəmiyyətini diqqətə
çatdırıb. Alim, həmçinin
Azərbaycan və Çeçenistan
arasında elmi əməkdaşlığın
inkişafının zəruriliyini vurğulayıb. Sakit Hüseynov Çeçen
xalqının etnik tarixinin formalaşmasında dini-fəlsəfi
dünyagörüşün və milli-mənəvi mədəniyyətin
mühüm rol oynadığını vurğulayaraq, çeçen
xalqının mənəvi irsinin formalaşması prosesini
şərh edib. Daha sonra azərbaycanlı alim nəfis şəkildə
nəşr olunan bir neçə kitabı Ramzan Kadırova və
Çeçenistan Elmlər Akademiyasının prezidenti,
akademik Şahrudin Qapurova təqdim edib.Konqresdə daha yeddi azərbaycanlı
alim də iştirak edib ki, onlar AMEA İnstutlarını və
Azərbaycan Texniki Universitetinin İctimai Elmlər kafedrasını təmsil
ediblər. Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük
elmi işçisi Həsənağa Ramazanlı, Tarix
İnstitutunun aparıcı elmi işçisi Dilavər
Əzimli, həmin elmi müəssisənin aparıcı elmi
işçiləri Xeyirbəy Qasımov və Alı Balayev, Folklor
İnstitutunun şöbə müdirləri, filologiya elmləri
doktorları - Qalib Sayılov və Seyfəddin Rzasoy, həmçinin
Texniki Universitetinin İctimai fənlər kafedrasının
professoru Əyyub Kərimov konqresdə çıxış
ediblər.
Konqresdə Azərbaycan alimlərinin
diqqətini cəlb edən məsələlərdən biri
Abxaziya respublikası Elmlər Akademiyası Humanitar tədqiqatlar
İnstitutunun elmi işlər üzrə müavini Quram Qumbanın
plenar iclasdakı məruzəsi olub. “Nax
xalqlarının etno-mədəni tarixi və
etnogenez məsələləri” adlı məruzəsində
Quram Qumba
çeçenlərin etnomədəni tarixini
“erməni mənbələrinə” əsaslanaraq Şumerlərlə
bağlamağa cəhd göstərib. Bundan başqa, İrəvan
Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan
öz məruzəsində
çeçenlərin tarixi köklərinin
ermənilərlə bağlı olduğundan
danışıb. Beynəlxalq tədbirdə Azərbaycan və
çeçen alimləri bu
fikrə qarşı etiraz ediblər. Etirazdan sonra çeçen etnogenezinin
erməni tarixçilərinin mənbələrinə
bağlanması fikri konqresin
qətnaməsindən çıxarılıb.
Ümumiyyətlə Qafqaz
xalqlarının genezisi ilə bağlı Azərbaycanlı
alimlər Konqresdə fəal iştirak ediblər. Bu
baxımdan Qroznuda keçirilən beynəlxalq Konqresdə Azərbaycanlı alimlərin
iştirakı faydalı olub.
Elm.- 2018.- 26
sentyabr.- S.3.