Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Dekabrın 9-da AMEA-nın
Mərkəzi Elmi Kitabxanasında görkəmli
Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunan “Ey Nəsimi,
cahanı tutdu sözün...” mövzusunda II
beynəlxalq elmi konfrans keçirilib.
Əvvəlcə AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu tərəfindən şairin yaradıcılığına
həsr olunan sərgi nümayiş etdirilib.
Ədəbiyyat
İnstitutunun təşkilatçılığı ilə
keçirilən konfransda AMEA-nın prezidenti, akademik Ramiz
Mehdiyev, Rusiya, Özbəkistan, Tacikistan və
Türkiyədən nümayəndələr iştirak
ediblər.
AZƏRTAC xəbər verir ki,
tədbiri giriş sözü ilə
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin
Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə
“Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin
yaradıcılığına verilən yüksək dəyər və
ehtiramın göstəricisi olduğunu bildirib. Qeyd edib ki, məhz bu Sərəncamın
icrası istiqamətində respublikamızda və onun hüdudlarından
kənarda şairin yubileyi münasibətilə
silsilə tədbirlər keçirilib, o cümlədən AMEA-da Nəsimi
ilə bağlı müxtəlif konfranslar, elmi sessiyalar təşkil edilib, şairin əsərləri
11 dildə nəşr olunub və alimlərimiz
həmin əsərlərə müqəddimə və
şərhlər yazıblar. Akademik İ.Həbibbəyli konfransda xarici və yerli alimlərin,
tanınmış ziyalıların iştirakını dahi Nəsimiyə xalq sevgisinin təzahürü kimi dəyərləndirib.
Akademiyanın vitse-prezidenti vurğulayıb ki, ulu öndər
Heydər Əliyev tərəfindən Nəsimi irsinin sistemli tədqiqi
və təbliği, xatirəsinin
əbədiləşdirilməsi istiqamətində mühüm addımlar
atılıb. Ümummilli Liderin təşəbbüsü
ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESKO-nun tədbirlər
siyahısına daxil edilib və 1973-cü ildə
beynəlxalq səviyyədə qeyd edilib. Dahi şairin irsi ilə
bağlı geniş araşdırmalar aparılıb,
Nəsiminin Bakıda heykəli ucaldılıb, onun fəlsəfəsini
işıqlandıran bədii film çəkilib,
əsərləri ana dilində kütləvi
nəşr olunub. Məhz həmin illərdə görülmüş tədbirlər
nəticəsində bütün dünyaya Nəsiminin
Azərbaycan şairi olması nümayiş etdirilib.
“Nəsimi bütün Şərq
miqyasında tanınan, ölkəmizin
üfüqlərini onun sərhədlərindən uzaqlara apara bilən
qüdrətli Azərbaycan şairi və
mütəfəkkiridir” - deyən akademik İ.Həbibbəyli cari ildə AMEA-da Nəsimi
yaradıcılığına həsr olunan 19
kitabın çap edildiyini, daha bir neçə
əsərin nəşrinin isə nəzərdə tutulduğunu vurğulayıb. Qeyd edib ki, AMEA-nın
nəsimişünaslığını təşkil
edən bu kitablar üçün səciyyəvi
cəhətlər Nəsimi fəlsəfəsinin dahi şairin mənsub olduğu xalqın
milli-mənəvi dəyərləri ilə birgə təqdim
olunmasıdır: “Aparılan son tədqiqatlar fonunda Nəsimi irsini bir daha dəyərləndirmək
və onun əzəmətli obrazını yenidən
canlandırmaq mümkündür”.
Nəsimi
şeiriyyatını Nizami Gəncəvidən sonrakı
və Məhəmməd Füzulidən əvvəlki
dövrün ən böyük ədəbiyyat zirvəsi
adlandıran İ.Həbibbəyli qeyd edib ki, kamil insan
konsepsiyasının yaradıcısı olan şair öz
yaradıcılığında insanın mənəvi
cəhətdən təkmilləşməsini
cəmiyyətin inkişafının əsası kimi
təbliğ edib.
Böyük mütəfəkkirin
ideyalarının müasir dövrdə də davam etdirildiyini deyən
AMEA-nın vitse-prezidenti yeni nəsillərin
insanın mənəvi kamilləşməsi
istiqamətində tərbiyə edilməsində
Nəsimi irsinin xüsusi rolunu qeyd edib. O,
ədibin həyatının faciəvi sonluğunun onun kamil insan uğrunda mübarizə aparan şair-qəhrəman kimi özünütəsdiqinin
ifadəsi olduğunu diqqətə
çatdırıb.
Sonda
İ.Həbibbəyli bu gün keçirilən konfansın
2019-cu il ərzində AMEA-da Nəsimi irsinin tədqiqi və
təbliği ilə bağlı görülən
işlərin yekunu olduğunu vurğulayıb, tədbirin
işinə uğurlar arzulayıb.
Plenar iclasda Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki,
Nəsimi Azərbaycan və Şərq ədəbiyyatı
ilə yanaşı, bütün dünya ədəbiyyatının
ən cəsarətli şairlərindən hesab olunur.
Nəsiminin yenilməz bir şəxsiyyət olduğunu, bütün əzab-əziyyətlərə
rəğmən öz yolundan dönmədiyini
söyləyən akademik şairin həqiqət
carçısı kimi ədəbiyyat
tarixində iz qoyduğunu deyib.
R.Hüseynov Nəsiminin
yaradıcılığının ilk dəfə
1926-cı ildə Salman Mümtaz tərəfindən
Azərbaycan oxucusuna təqdim olunduğunu,
şeirlərinin kitab şəklində dərc etdirildiyini diqqətə
çatdırıb. O, eyni zamanda, orta əsrlərdə
Nəsiminin şeirlərinə çəkilmiş 20-yə
yaxın miniatürün əldə edilərək
həmin kitabda dərc olunduğunu vurğulayıb.
Əlavə edib ki,
nəsimişünaslığın böyük yolu məhz
S.Mümtazın araşdırmalarından başlayır.
“Nəsimi yeganə
Azərbaycan şairidir ki, dünyanın ən böyük elm,
mədəniyyət, təhsil təşkilatı olan UNESKO
tərəfindən yubileyi üç dəfə
(1973-cü ildə anadan olmasının 600, 2017-ci
ildə vəfatının 600, 2019-cu ildə isə anadan olmasının
650 illik yubileyi) qeyd olunub. Tarixboyu müxtəlif
tədqiqatçılar tərəfindən
görkəmli şair Nəsiminin Şamaxı,
Bakı və Təbriz, Gəncə və Dərbənddə anadan olmasına dair fikirlər
irəli sürülsə də, həqiqətlərin dünyaya çatdırılmasında ümummilli lider Heydər
Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin
qətiyyəti sayəsində Nəsiminin Azərbaycan şairi olması
məntiqi dəlillərlə sübut olunub”, -
deyə R.Hüseynov qeyd edib.
Sonda akademik R.Hüseynov Birinci vitse-prezident Mehriban Əliyevanın
təşəbbüsü ilə dahi şair İmadəddin
Nəsiminin 650 illik yubileyinə
həsr olunmuş ağacəkmə aksiyasında
ölkəmizin bütün regionlarında
ümumilikdə 650 min ağacın
əkilməsi aksiyasını yüksək
qiymətləndirib, əkilən ağacların Nəsimi fəlsəfəsi kimi uzun illər
yaşayacağına əminliyini ifadə edib.
AMEA-nın
Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər
Baxşəliyeva “Nəsimi irsinin tədqiqi və müasirlik” mövzusunda çıxış edib.
Gövhər
Baxşəliyeva bildirib ki, dövlət
başçısı tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”elan olunması
ölkəmizdə yüksək ideallara, mənəvi
həyata, mədəniyyətə, şeirə,
sənətə, onların inkişafına nə
qədər böyük diqqət yetirildiyinin təzahürüdür. “Nəsimi ili” ölkəmizdə
nəsimişünaslığın inkişafına, böyük mütəfəkkirin irsinin, şairin ideallarının
populyarlaşmasına böyük təkan
verərək, yeni-yeni kitab, monoqrafiya və
sənət əsərlərinin yaranmasını
stimullaşdırır.
Akademik qeyd edib ki, Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz
şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında
müstəsna rol oynamış şairimizdir.
Yaradıcılığının ideya-mövzu və
bədii-estetik cəhətləri, bütövlükdə
poetikası şairi orta əsrlərin ən
qüdrətli söz və fikir sərrafları
ilə bir cərgəyə qoyur. Nəsiminin azad ruhu,
cəsarəti, həqiqətpərəstliyi,
qorxmazlığı, orta əsrlər qaragüruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə
nadanlığa, cəhalətə qarşı
“ənə-l-həq” deyən insanın möhtəşəm
üsyanıdır. Nəsimi yaradıcılığının mübarizliyi,
haqqı bütün varlığı ilə
müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan
vuruşması böyük, möhtəşəm
örnək olaraq bütün xalqımıza, ilk növbədə,
gənc nəslimizə öz müsbət təsirini
göstərir.
“Nəsimi
irsinin dəyəri və əhəmiyyəti isə
üç amillə - Nəsiminin
yaradıcılığının sosial-fəlsəfi və
ümumbəşəri mahiyyəti, onun insan mərkəzli
düşüncəsi, etnik və dini fərqlərin fövqündə
dayanaraq bəşəri vəhdəti tərənnüm
etməsi, Nəsimi şeirinin yüksək poetik
səviyyəsi və bədii təsir gücü və
şairin ədəbi dil tariximizdə müstəsna rolu
və xidmətləri ilə bağlıdır”, - deyə
G.Baxşəliyeva qeyd edib.
Özbəkistan
Elmlər Akademiyası Ədəbiyyat, Dil və Folklor
İnstitutunun əməkdaşı Erqaş Oçilov,
Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, Ruxşona
Vasiyeva, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq
məsələlər üzrə vitse-prezidentinin müavini,
fəlsəfə üzrə elmlər doktoru Ariz
Gözəlov, Ədəbiyyat İnstitutunun şöbə
müdiri, filologiya üzrə elmlər doktoru, dosent
Fəridə Əzizova və başqaları Nəsiminin
yaradıcılığından söz açıb, dahi
şairin zəngin irsinin Azərbaycan xalqının
bədii-fəlsəfi fikir tarixində müsbət rol
oynadığını qeyd ediblər.
Konfrans işini bölmə
iclasları ilə davam etdirib.
Elm 2019.-
19 dekabr.- S.2.