GƏNCLİK HƏVƏSLİ YUBİLYAR

 

AMEA Geologiya və Geofizika İnstitutunun kollektivi “Paleontologiya və stratiqrafiya” şöbəsinin rəhbəri Aliyə Babazadənin səksən illik yubileyini fərəhlə qeyd edir.

 

Babazadə Aliyə Dadaş qızı 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft və Sənaye İnstitutu) geoloji-kəşfiyyat fakultəsini bitirib. 1964-1966-cı illərdə həmin Institutda aspiranturanın əyani şöbəsində oxuyub, 1970-ci ildə bu təhsil ocağında “Paleontologiya və stratiqrafiya” üzrə ”Azərbaycanın Şamaxı rayonunun Akçaqıl kardiidləri “ mövzusundana namizədlik dissertasiyası müdafiə edib. 1972-ci ildən Geologiya İnstitutunda (indiki GGİ) işləməyə başlayıb. 1972-1986-cı illərdə İnstitutun “Palçıq vulkanlarının geokimyası” laboratoriyasında Azərbaycanın, Krımın, Gürcüstanın, Türkmənistanın, Saxalinin palçıq vulkanlarının yer səthinə çıxardığı bərk süxurların mikropaleontoloji tədqiqi ilə məşğul olub ki, bu da regionun ayrı-ayrı sahələrinin geoloji quruluşunu dəqiqləşdirməyə imkan yaradıb.

1987-ci ildən “Mikropaleontologiya” laboratoriyasında mezokaynozoyun foramini ferlərini tədqiq edərək, Cənubi Xəzər çökəkliyinin geoloji quruluşunda iştirak edən çöküntü kompleksini öyrənmişdir. BP/STATOİL , AMOCO, MOBİL və s. şirkətlərdə beynəlxalq layihələrin reallaşdırılmasında iştirak edib.

Kiçik elmi işçidən şöbə rəhbəri vəzifəsinə qədər əmək yolu keçmiş Aliyə xanım elmi axtarışları ilə yanaşı, təcrübəsini gənclərə aşılamaq, kollektiv üzvlərinin problemləri ilə maraqlanmaq, qayğıkeş olmaq, dar ayaqda çiyin-çiyinə çalışdığı yoldaşlarına əl uzatmağı da özünə əsas vəzifə hesab edib. Məhz bu məziyyətlərinə görə mehriban, həlimxasiyyət Aliyə xanım işlədiyi illər ərzində rəhbərlik etdiyi kollektivdən, bütövlükdə GGİ alimlərindən özünə qarşı da qarşılıqlı münasibət görüb.

Təsadüfi deyil ki, alimin məhz bu cür mehriban kollektivdə ardıcıl elmi nailiyyətləri qeydə alınıb. Onun elmi fəaliyyət istiqamətləri isə bunlar olub: Qara və Xəzər dənizləri hövzələrinin palçıq vulkanları brekçiyasının biostratiqrafik tədqiqi nəticəsində böyük dərinliklərin geoloji quruluşunda iştirak edən çöküntü komplekslərini müəyyən etmək; Yura-Dördüncü dövr stratiqrafik intervalında çökmə süxurların biostratiqrafik tədqiqi (foraminifer, ostrakod və otolitlərə görə) əsasında qədim hövzələrin paleocoğrafik şəraitini bərpa etmək.

O, həmçinin ARDNŞ-in qazdığı kəşfiyyat quyularının biostratiqrafik tədqiqi ilə də məşquldur. Eləcə də “Sovet İttifaqının palçıq vulkanları və neft-qazlılıq” nəşrinin müəlliflərindəndir.

Aliyə Babazadə bir sıra xarici neft şirkətlərinin (BP, Amoco, Mobile, Statoil, Şevron və s.) və AMEA Geologoya və Geofizika İnstitutunun müştərək apardığı beynəlxalq elmi-tədqiqat layihələrinin işlənməsində biostratiqrafiya üzrə məsul icraçı kimi iştirak edib, Aravakensis (Kanada), Total (Fransa), Çin Xalq respublikası və digər xarici neft şirkətlərinin və ARDNŞ-nin qazdığı kəşfiyyat quyularının biostratiqrafik tədqiqatını yerinə yetirib. MDU (Rusiya), Kembric (Böyük Britaniya), TUDelft (Hollandiya) ilə AMEA Geologiya və Geofizika İnstitutunun birlikdə yerinə yetirdiyi 2 qrant layihəsinin işlənməsində iştirak edib.

A.Babazadənin həmmüəlliflərlə işlədiyi bir neçə elmi əsəri, dünyanın aparıcı elmi məcmuələrində çap edilib. O, “Dördüncü dövr faunasının atlası”nın və ABŞ-nin Texas ştatında dərc olunmuş “Azərbaycanın neftli-qazlı çöküntülərinin stratiqrafik atlası”nın müəlliflərindəndir. Həm də bir çox beynəlxalq geoloji simpoziumların və 33-cü Ümumdünya Geoloji konqresin fəal iştirakçısı olub. AMEA sistemində ictimai işlərdə fəal olduğu kimi, Azərbaycan Dövlət Neft akademiyasında “Paleontologiya və stratiqrafiya” fənnini də tədris edib. 50-yə yaxın elmi işin müəllifi, bir monoqrafiyanın və iki atlasın həmmüəlifidir.

Elmin mürəkkəb, enişli-yoxuşlu yollarında inamla irəliləyən, uğurlu nəticəyə gənclik həvəsi ilə əmin olan, hər yeni işə şövqlə başlayan Aliyə Babazadə hazırda Azərbaycan EİF-nun ayırdığı Cənubi Xəzərin çox dərində yatan çöküntülərinin neft-qazlılığına həsr olunmuş qrant mövzusu üzrə çalışır.

GGİ kollektivi Aliyə Babazadəni yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, Azərbaycan elminin inkişafı naminə gördüyü işlərində yeni-yeni uğurlar arzulayır.

 

Şirməmməd Nəzərli

 

Elm.- 2019.- 8 fevral.- S.8.