Günümüzün vacib sənədi

 

32 ildir ki, ölkəmiz,xalqımız öz torpaqlarının müdafiəsi uğrunda mübarizə aparır. Uzun illər üzümüzə gülə-gülə, dostluqdan danışa-danışa, arxada məkrli siyasət yürüdən erməni millətçiləri, SSRİ – nin dağılma prosesi başlayanda, yaranmış tarixi vəziyyətdən növbəti dəfə istifadə edərək, 1987 – ci ilin 18 oktyabrında, İrəvanda ekologiya ilə bağlı mitinqdə öz mənfur niyyətlərini səsləndirdilər. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi haqqında çağırışlar etdilər və imza toplamağa başladılar. Amma bu həmin millətçilərin qısa bir zamanda düşünüb səsləndirdikləri çağrış deyildi. İllər boyu, ölkəmizə, xalqımıza qarşı çirkin niyyətlərlə planlar quran düşmən qüvvələrin həyata keçirməyə başladıqları,qara niyyətli insanların həyata keçirməyə başladıqları iyrənc ssenarinin bir başlanğıcı idi. Heç təsadüfi deyildi ki, İrəvanda bu mürtəce çağırış səsləndiriləndən bir gün sonra, 1987 – ci ilin 19 oktyabrında zəmanəmizin çox güclü siyasətçilərindən biri, öz zəkası ilə bütün SSRİ – də mütərəqqi insanlar arasında dərin hörmət qazanmış, büynəlxalq aləmdə SSRİ – nin ən ağıllı rəhbərlərindən biri kimi tanınmış, xalqımızın, bütün türk, islam dünyasının fəxr etdiyi bir insan – Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən kənarlaşdırıldı. Bununla da Azərbaycanı sonrakı bəlalardan xilas edə biləcək qüvvə ortadan götürüldü.

Hadisələrin sonrakı inkişafı göstərdi ki, bu hadisələr biri-biri ilə sıx şəkildə bağlı olmuşdur. Elə həmin ssenariyə uyğun olaraq, bir ay sonra, 1987 – ci ilin 18 noyabrında Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə "L’Humanite” qəzetinə müsahibə verərkən, əsaslandırmağa çalışdı ki, əslində DQMV-nin Ermənistana birləşdirilməsi iqtisadi cəhətdən elə SSRİ – nin də mənafeyi, yerli əhalinin rifahı baxımından daha sərfəlidir və bu məsələ üzərində xüsusi komissiya işləyir. Bu müsahibədən 12 gün sonra, 1 dekabrda, Dağlıq Qarabağ ermənilərinin nümayəndələri Sov. İKP MK-ya, Muxtar Vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə daxil edilməsi ilə bağlı müraciət təqdim etdilər.Elə bu sadalanları gözdən keçirdikdə hansı bir qəddar Proqramın həyata keçirildiyini başa düşmək çətin deyildir.

Bundan sonara Dağlıq Qarabağda hadisələr günü-gündən daha qorxulu xarakter almağa başladı və Azərbaycan xalqı da öz torpaqlarını qorumaq üçün ayağa qalxdı. Bu yolda ölkəmizin, xalqımızın başına sonsuz müsibətlər gəldi. 1990 – cı ilin qanlı yanvar hadisəsi də elə bu ssenariyə uyğun olaraq həyata keçirildi. O zamandan başlayan, hər kəsə məlum olan bu mübarizə indidavam edir. Çox təəsüf ki, bu 32 ildə ölkəmiz çox itkilərə məruz qaldı.Torpağımızın 20% - i işğal olundu, minlərlə insanlarımız şəhid oldu.1 milyondan aratıq insanlarımız qaçqın və məcburi köçkün kimi öz yurdlarından, ev-eşiklərindən çıxıb ağır çətinliklərlə üz-üzə qaldılar.Yaxşı ki, 1993-cü ilin iyun ayının 15 – də xalqımızın dahi oğlu Heydər Əliyev, xalqın bir ümid yeri kimi yenidən hakimiyyitə qayıtdı. Onun gərgin əməyi nəticəsində xalqımız daha qorxulu bəlaların qarşısını alaraq öz iqtisadiyyatını, bununla da həm də, müdafiə qüdrətini gücləndirməyə başladı.

Xalqımız böyük ümid bəsləyirdi ki, beynəlxalq təşkilatlar bu məsələdə haqq-ədalət tərəfdarı olacaq, qurulmuş oyunlardan qurtarmaq üçün bizə kömək edəcəkdir. Əvvəlcə, 1993 ildə BMT – nin Dağlıq Qarabağ ətrafında gedən dəhşətli hadisələrə münasibətdə qəbul etdiyi 4 ədalətli, mühüm qərar ümidləri xeyli artırdı. Lakin sonralar baş verən hadisələr göstərdi ki, əsas güc mərkəzlərinin apardığı siyasət heç də hər zaman ədaləti dəstəkləmir. Həmin qüvvələr ölkəmizin başına açılan oyunların həllində ədalətli mövqe tutmaq əvəzinə, daima ikili, üçlü siyasət yürütməyə başladılar.Artıq uzun illərdir ki, həmin beynəlxalq təşkilatlar tərəfindən verilən sözlər elə söz olaraq qalmaqdadır.Əksinə, onlardan bir çoxu düşmən tərəfin iqtisadiyyatının möhkəmlənməsinə, sialhlandırılmasına yaxından kömək edir. Belə bir şəraitdə Qarabağ uğrunda ədalətli mübarizədə xalqın elə ən böyük ümidi yenə özünədir. Artıq ölkənin bütün əhalisi, Qarabağ camaatı da yaxşı başa düşür ki, Qarabağ uğrundakı bu savaşda hər bir insanın öhdəsinə konkret işlər düşür.Hər birimiz, öz məşğul olduğumuz sahədə daha fədakarlıqla çalışdıqdabu savaşa yaxından kömək edirik.Torpaqlarımız uğrunda fədakarlıq hər birimizin tarixi borcudur.Yeni nəslin daha keyfiyyətli, daha savadlı, bacarıqlı, geniş dünyagörüşlü, daha vətənpərvəryetişməsi bizim bu haqq işimizdə daha güclü olmağımıza kömək edir.

Əhalinin bütün təbəqələrinin, xüsusi ilə gənclərimizin Qarabağ uğrunda mübarizəni daha ciddi, məzmunlu şəkildə aparması üçün təbii ki, onların bu problem barədə ətraflı, əhatəli məlumatı olmalıdır.Təəsüf ki, bu sahədə kifayət qədər məlumat olsa da onlar parakəndə şəkildə olduğundan öz lazımi effektini verə bilmir. Bu baxımdan hörmətli akademikimiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu yaxınlarda oxuculara təqdim edilən "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı əsərinin olduqca böyük əhəmiyyəti vardır. Dərin təhlillər əsasında yazılmış bu əsər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox qiymətli bir məlumat mənbəyi olmaqla yanaşı, həm düşmənin özünə layiqli bir cavabdır, həm də beynəlxalq güc mərkəzlərini məsuliyyətə çağıran tarixi bir sənəddir. Bu əsərdə problemin mənbələri çox aydın, inandırıcı şəkildə göstərilmiş və münaqişənin nizamlanma prespektivləri barədə konkret, konstruktiv mülahizələr yürüdülmüşdür.

Belə möhtəşəm bir əsərin Ramiz müəllim tərəfindən yazılması olduqca əhəmiyyətlidir.Onu hansısa bir poltoloq, tədqiqatçı yox, olduqca mühüm mövqe sahibi olan bir təcrübəli insan yazmışdır. Əvvala, bu əsər Dağlıq Qarabağ ətrafında gedən proseslərin daima mərkəzində olan, məsələni dərindən bilən, bu sahədəki bir sıra proseslərin birbaşa iştirakçısı olan görkəmli, müdrik bir alim tərəfindən yazılmışdır. Digər tərəfdən də həmin alim ölkənin ali rəhbərliyində təmsil olunan ən mötəbər siyasətçilərdən biridir. Ona görə də kitab olduqca xüsusi bir əhəmiyyət daşıyır.

Kitab bu cümlələrlə başlayır: "Bu il mayın 12-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında saziş əldə edilməsinin 25 illiyi tamam oldu. Azərbaycan o vaxt son dərəcə vacib olan bu sazişi bağlayarkən bunu əsas götürürdü ki, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması danışıqlar prosesinin daha da fəallaşdırılması üçün əlverişli şərait yaradacaq və yaxın gələcəkdə münaqişənin siyasi yolla həllinə nail olmağa kömək edəcək.

Lakin Ermənistanın hakim dairələrinin cəmiyyətin radikal-millətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən pozucu siyasəti bu yolda əsas əngəl oldu”. Elə tək bu təqdimatdan görünür ki, erməni tərəfinin məkrlə başladığı bu qarşıdurmanın ortadan götürülməsi üçün Azərbaycan tərəfi humanizm, qonşuluq prinsiplərini əsas tutaraq, əlindən gələni etməyə çalışsa da "bütün bu illər ərzində regionda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu gün də Cənubi Qafqaz ölkələrinin tamdəyərli əməkdaşlığına maneə yaradır”.

Əsər öz obyektivliyi, cəsarəti, əhatəliliyi, hadisələrə ədalətli qiymət verməsi ilə diqqəti cəlb edir.Şübhəsiz ki, bu bütün tarix boyu ciddi bir tarixi mənbə kimi öz müəllifinə ciddi nüfuz qazandıracaqdır.

Cənubi Qafqazın tarixi barədə məlumatı olan hər kəs bilir ki, XVIII əsrin əvvəllərindən başlayaraq, Rusiyanın bu əraziyə hərbi müdaxiləsindən sonra, burada tarixi proseslər yeni bir xarakter aldı."Bu regiondakı üç iri imperiya – Osmanlı İmperiyası, İrançar Rusiyası arasında amansız mübarizə arenasına çevrilib. Rusiya tərəfindən Cənubi Qafqazın işğal edilməsi prosesi I Pyotrun Xəzər yürüşündən başlandı və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsi ilə (1722-1723) başa çatdı. Lakin Nadir şah hakimiyyətə gələndən sonra Rusiya bu əraziləri tərk etməyə məcbur oldu. Yalnız 1747-ci ildə Nadir şahın ölümündən sonra Rusiya I Pyotrun Cənubi Qafqazı fəth etmək planına yenidən qayıtdı. Bu halda xüsusi qeyd etmək lazımdır ki, Cənubi Qafqazda xristian bufer dövlətin yaradılmasına yönəlmiş köçürmə siyasəti həmin planın mühüm elementi idi”. Beləliklə, Ramiz müəllim, indiyədək əksər tarixçilərimizdə görmədiyimiz bir cəsarətlə vətənimizin başına gələn indiki bəlaların haradan başlamasını çox aydın şəkildə izah edir. I Pyotrun vəfatından sonra da onun arzularına rəğmən, "I Pyotrun vəsiyyətləri” adlanan bir sənədi rəhbər tutaraq II Yekaterina CənubiQafqaz uğrunda müharibələri davam etdirdi. Nəticədə, 1804-1813 və 1826-1828-ci illərdə aparılan müharibələr hesabına Rusiya Cənubi Qafqazı tamamilə işğal etdi. "1828-ci ildə İran ilə Türkmənçay müqaviləsini imzalamaqla Rusiya ermənilərin Cənubi Qafqaz ərazisinə, daha dəqiq desək, əzəli Azərbaycan torpaqları olan keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinə köçürülməsinin birinci dalğasını həyata keçirdi”. Müəllif bu köçürmə siyasətinin hansı bir texnologiya, hiyləgərliklə həyata keçirildiyini təsvir edir. O bu zaman həm Kameral Təsvirin statistikasından, həm də Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedovun, tanınmış rus müəllifləri S. Qlinkanın, N. Şavrovun yazdıqları mənbələrdən aydın şəkildə istifadə edir. N. Şavrovdan gətirilən bu misallar o dövrdəki işğalçılıq siyasətinin mənzərəsini tamamilə əks etdirir: "Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali deyil, bizim tərəfimizdən köçürülənlərdir”. "Ermənilər əsasənYelizavetpolvə İrəvanquberniyalarınınbərəkətlitorpaqlarındayerləşdirilirdi.Oradaermənilərinsayı çoxcüziidi.BuermənilərYelizavetpolquberniyasınındağlıqhissəsində (DağlıqQarabağ) və Göyçə gölününsahillərində məskunlaşmışdı”.

Müəllif böyük təəsüflə, ürək ağrısı ilə qeyd edir ki, "Çar Rusiyasının ermənipərəst siyasətini davam etdirən sovet rəhbərliyi də azərbaycanlılara münasibətdə etnik zəmində ayrı-seçkilik siyasəti yürüdürdü”. Ramiz müəllim sovet rəhbərliyinin bu siyasəti niyə davam etdirdiyinin də əsas səbəblərini aydın şəkildə ortaya qoyur. Məhz elə bu siyasətin nəticəsində Azərbaycan Respublikasının Versal sülh konfransı tərəfindən tanınmış 114 min kvadratkilometrlik ərazisinin böyük bir hissəsi Ermənistana verildi. "Zəngəzur, Göyçə və Azərbaycanın digər əzəli torpaqları Ermənistanın tərkibinə qatıldı, Azərbaycanı onun tarixi Naxçıvan regionu ilə birləşdirən və həlledici əhəmiyyət kəsb edən geniş ərazilər ondan qoparıldı və beləliklə, Naxçıvan anklava çevrildi” Azərbaycana cəmi 86,6 min kvadratkilometr qaldı. Ermənistanın 9,6 min kvadratkilometlik ərazisi isə 29,7 min kvadratkilometrə çatdı.

Bundan sonra müxtəlif bəhanələrlə azərbaycanlılar illər boyu öz doğma ata-baba ocağından sıxışdırıldı və Azərbaycan SSRİ – nin ərazisinə köçürülməyə başlandı. Beləliklə, sovet rejiminin yeritdiyi siyasət hesabına həm Azərbaycanın torpaqları itirildi, həm də insanlar öz ev-eşiyindən didərgin düşüb öz yurdundan qovuldu. "İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideolojibaşqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək, mifik "böyük Ermənistan” dövləti yaratmaq idi”. "Bu prosesin son akkordu 1988-1993-cü illərdə 250 mindən çox azərbaycanlının Ermənistandan və 700 minə yaxın azərbaycanlının Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması oldu”.

Bütün əsər boyu bu hadisələrin nə çür baş verdiyini, beynəlxalq təşkilatların ikili siyasətini, ermənilərin insanlıq üçün ayıb sayılan hərəkətlərini, ölkəmizdəki müxalifət qüvvələrinin, o vaxtkı ölkə rəhbərlərinin nə qədər naşı, səriştəsiz hərəkət etdiklərini də obyektiv olaraq izah edir.

Müəllif, Dağlıq Qarabağ ətrafında baş verən bu hadisələrə beynəlxalq təşkilatların mövqeyini, münasibətini, iradəsizliyini, etinasızlığını böyük ağrı ilə oxucuların diqqətinə çatdırır. Birləşmiş Millətlər Təşkilatının(BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), başqa beynəlxalq təşkilatlarının bu sahədəki fəaliyyətinin xarakterini təfərrüatı ilə ortaya qoyur.

Əsərdə Azərbaycana dəyən maddi və mənəvi ziyanlar ətraflı olaraq təsvir edilir. "1988-1993-cü illərdə Qarabağda 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saraymuzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb”. Bu münaqişə nəticəsində hərbi əməliyyatlar dövründə 20 min azərbaycanlı həlak olub, 50 min nəfər şikəst olub, 4 minə yaxın azərbaycanlı itkin düşüb, 2 mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb”.

Bu tarixi sənəddə 1993-cü ildən bəri ölkəmizin hansı işlər gördüyü barədə də ətraflı məlumat verilib. Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin prinsipial mövqeləri barədə konkret məlumatlar verilib. 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt sammitində, 1996-cı il Lissabon sammitidə əldə edilmiş nəticələr ətraflı təhlil edilmişdir. Madrid prinsipləri barədə geniş məlumat verilmişdir. Helsinki Yekun Aktının "sərhədlərin toxunulmazlığı” və "xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək hüququprinsipi barədə bu əsərdə verilən şərh, təhlilin hər kəs tərəfindən dərindən öyrənilməsinə böyük ehtiyac var. Çox yaxşı olardı ki, bu məntiqli təhlilləri həm erməni tərəf, həm ermənilərin havadarları çox diqqətlə oxusunlar. O zaman özlərinin nə dərəcədə haqsız olduqlarını heç olmaza özləri bir daha düşünərlər. Yaxşı olar ki, bu konkret, arqumentli təhlilləri həm də elə bizim öz xalqımızın da nümayəndələri, xüsusi ilə siyasətlə məşğul olanlar da diqqətlə oxusunlar. Bu onlara müxtəlif səviyyələrdə müzakirələr apardıqları zaman kömək edər.

Ramiz müəllim çox konkret olaraq ermənilərin əldə edilmiş sazişləri, razılıqları necə hiylə, riyakarlıqla pozduqlarını, bu işdə onlara qahmar çıxanların fəaliyyəti barədə də ətraflı məlumat verir. Tam səmimiyyətlə qeyd etmək istəyirəm ki, indiyədək Dağlıq Qarabağ ətrafındakı hadisələrlə bağlı belə bir müfəssəl sənədə rast gəlməmişəm.

Əsərdə Ermənistanın keçmiş rəhbərləri, L. Petrosyanın nisbətən realist, R. Koçaryanın S. Sərkisyanın çox xəbis fəaliyyətləri ilə yanaşı indiki rəhbəri N. Paşinyanın da pozucu, riyakar fəaliyyəti dəqiqliklə təhlil edilir. Ermənistanın Dağlıq Qarabağı və onun ətrafındakı əraziləri məskunlaşdırmaqla bağlı atdıqları heç bir əxlaqa sığmayan fəaliyyətləri, rəhbər işçilərin həyasız bəyanatları kəskin tənqid edilir.

Ermənistanın həyata keçirdiyi bu siyasətin ümumən Cənubi Qafqazda, Azərbaycanda tərəqqi prosesinə nə dərəcədə ağır zərbələr vurduğu, xüsusi ilə Ermənistanı hansı uçruma yuvarladığı, dünyada sülh prosesinə vurduğu ağır zərbələr barədə məlumat verilir.

Sonda bir daha qeyd etmək istəyirəm ki, hörmətli akademikimiz və görkəmli, olduqca təcrübəli dövlət xadimimiz olan Ramiz müəllimin bu əsəri tariximizlə bağlı olduqca mühüm, faydalı bir sənəddir. Bu sənəd həm ölkə əhalisinin, həm də beynəlxalq aləmin Dağlıq Qarabağ ətrafında davam etməkdə olan bu faciələrin əsil mahiyyətini daha kompakt şəkildə, daha dəqiqliklə öyrənilməsinə xeyli kömək edəcəkdir.

 

AMEA Azad Həmkarlar

İttifaqının sədri, h.ü.e.d., prof.

Habil Qurbanov

 

Elm.- 2019.- 12 iyul.- S.2-3.