Mühüm xidmətləri olan
alim
Nəsimi adına Dilçilik
İnstitutunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı
ilə görkəmli dilçi alim, türkoloq və ictimai
xadim, müasir Azərbaycan əlifbasının müəllifi
və Onomastika Elmi Məktəbinin banisi, AMEA-nın müxbir
üzvü Afad Qurbanovun anadan olmasının 90 illik yubileyinə
həsr edilən tədbir keçirilib.
Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsüm Nağısoylu görkəmli dilçi alim Afad Qurbanovun həyat və fəaliyyətindən danışıb, onun geniş elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidmətlər göstərdiyini qeyd edib. Bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyaların müəllifi kimi rəğbətlə qəbul edilən Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr edib, ana dilimizin və əlifbamızın inkişafına dəyərli töhfələr verib, fundamental əsərlər yaradıb. A.Qurbanov alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloqlarımızdan olub.
Tədbir çərçivəsində görkəmli alimin tələbəsi, Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri və Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqovanın “Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı da keçirilib.
Professor Sayalı Sadıqova bildirib ki, monoqrafiyada Afad Qurbanovun çoxşaxəli yaradıcılıq irsindən, onun yaradıcılığında dilçilik sahələri, əlifba problemləri, onomalogiyanın nəzəri məsələləri, həmçinin Azərbaycan dilçiliyində antroponimika, Azərbaycan toponimləri, türkoloji dilçilik, ümumi dilçilik və müasir dilçiliyin aktual məsələlərinin tədqiqindən bəhs olunub.
Daha sonra
AMEA-nın müxbir üzvü
Vəli Əliyev, Dilçilik İnstitutunun Tətbiqi dilçilik
şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin
Müasir Azərbaycan dili
kafedrasının müdiri, professor Buludxan Xəlilov,
Azərbaycan Dillər Universitetinin Azərbaycan
dilçiliyi kafedrasının professoru Adil Babayev və digərləri
çıxış edərək görkəmli alimin çoxşaxəli və ardıcıl
elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı
gənc kadrların hazırlanmasını daim
diqqət mərkəzində saxladığını qeyd ediblər.
Elm.- 2019.- 25
yanvar.- S.6.