İşğaldan azad edilmiş abidələr
Vətən müharibəsi nəticəsində Azərbaycanın 27 ildən artıq düşmən tapdağı altında qalan torpaqları azad olundu. Hazırda Qarabağ bölgəsində dağıdılan infrastrukturun bərpasına yönələn kompleks işlər aparılır, müxtəlif sahələrin dirçəldilməsi üçün təkliflər hazırlanır, tədbirlər planları təsdiq edilir. Təbii ki, işğaldan azad olunan ərazilərdə bizi ciddi işlər gözləyir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında da mühüm vəzifələr durur. Qarabağda müxtəlif səpkili elmi tədqiqatların aparılması üçün AMEA Rəyasət Heyətinin müvafiq qərarları ilə akademiyanın İqtisadiyyat institutunun strukturunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb, həmçinin AMEA-nın Qarabağ Regional Elmi Bölməsinin və Albanşünaslıq Elmi Mərkəzinin yaradılmasına dair işlərə start verilib.
Məlum olduğu kimi, Qarabağ bölgəsində zəngin mədəni və arxeoloji irs mövcuddur. Azad edilmiş ərazilərdə tədqiqatların təşkili üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan hazırlıq işləri, Qarabağ bölgəsində arxeoloji tədqiqatların təşkili qaydaları, bu sahədə aparılan informasiya müharibəsi – bütün bu məsələlər haqqında Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli ilə söhbət etdik.
Alimin sözlərinə görə, çöl tədqiqat işlərinin əsasını abidələrlə bağlı fəaliyyət təşkil edəcək. Bu işlər əvvəlki illərdə aparılmış tədqiqatlardan daha yüksək keyfiyyəti, təşkilatlılığı və məsuliyyəti ilə əsaslı şəkildə fərqlənməlidir: “Qarabağ bölgəsində çalışacaq alimlər heç vaxt yaddan çıxarmamalıdırlar ki, bu torpaqlar şəhidlərimizin qanı hesabına, igid əsgərlərimizin qəhrəmanlığı sayəsində azad olunub. Buna görə də alimlərimiz daha böyük məsuliyyətlə işləməli, tədqiqatlar üçün bütün güclərini səfərbər etməlidirlər. Həmçinin arxeoloji ekspedisiyaların fəaliyyətinin hüquqi bazası təkmilləşdirilməlidir”.
İşğaldan azad edilmiş bölgələrdə aparılacaq arxeoloji tədqiqatların ardıcıllığı haqqında danışan Nəcəf Müseyibli bu istiqamətdə Arxeologiya və Etnoqrafiya İnstitutunun yerinə yetirəcəyi işlərin həddindən artıq çox olduğunu qeyd edib.
- Dağlıq Qarabağın və ətraf rayonların abidələrinin tədqiq edilməsi, qədim və Orta əsrlər tarixinin öyrənilməsi, elmi araşdırmaların nəticələrinin beynəlxalq aləmdə yayılması qarşıdakı ən mühüm vəzifələrdir. Dağlıq Qarabağ və ətraf rayonların abidələrini əhatə edəcək tədqiqatlar sistemli şəkildə bir neçə mərhələdə həyata keçirilməlidir:
1. Birinci mərhələdə məlum abidələrin hazırkı vəziyyəti, onlara vurulan ziyanlar müəyyənləşdirilməlidir.
Son 30 ilə yaxın müddətdə işğal altında qalan abidələrimizə erməni vandallarının vurduğu ziyanlar müxtəlif olub. Bu barədə hələ tam məlumatımız olmasa da qədim dövr arxeoloji abidələrdə ermənilərin qeyri-qanuni qazıntılar apardığı, bu işə bəzi Avropa alimlərinin də cəlb edildiyi artıq heç kimə sirr deyil.
Dağıntılara və mənimsəmələrə məruz qalmış növbəti qrup abidələr Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası dövrü və sonrakı Orta əsrlərə aid xristian dini təyinatlı arxeoloji-memarlıq kompleksləridir. Bu abidələrin bir çoxunun əvvəlki vəziyyəti dəyişdirilmiş, bərpa adı ilə erməniləşdirilməsi işləri aparılmışdır.
Ən çox dağıntılara, vandalizm əməllərinə məruz qalan abidələrimiz isə İslam mədəniyyəti abidələridir. Məhz bu abidələri ermənilər mənimsəyə bilmədikləri üçün kütləvi şəkildə dağıdıblar. Çünki həmin abidələr üzərində ərəb əlifbası ilə epiqrafik yazılar olub. Bunlar məscidlər, qəbirüstü məzar daşları, türbələr və s. abidələrdir.
2. İkinci mərhələdə işğaldan azad edilmiş bütün ərazilərdə tarixi abidələrin aşkar edilməsi üçün arxeoloji axtarış işləri aparılmalıdır.
Arxeoloji və memarlıq abidələri aşkar edilməli, ünvanları müəyyənləşdirilməli, onların haqqında ilkin məlumatlar toplanmalıdır. Dağlıq Qarabağ və ona bitişik ərazilərdə hələ sovet dövründə nisbətən ətraflı arxeoloji tədqiqat işləri Tərtər, Ağdam və Füzuli rayonlarında aparılıb. Hadrut rayonunda Azıx və Tağlar mağara düşərgələrində uzun illər arxeoloji qazıntılar aparılsa da rayonun digər abidələrində geniş tədqiqat işləri həyata keçirilməyib. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarında işğala qədərki dövrlərdə məhdud zaman çərçivələrində aparılmış tədqiqatlar nəticəsində azsaylı abidələr aşkar edilib. Halbuki bu rayonlarda, Qarabağın dağlıq və Aran ərazilərində daha çoxsaylı tarixi abidələrin olmasını ehtimal etmək üçün hərtərəfli əsaslar vardır.
3. Həm əvvəllər məlum olan, həm də yeni aşkar edilmiş abidələrin pasportlaşdırılması işləri həyata keçirilməlidir.
Bu mərhələdə fəaliyyətin əsas hissəsi 2-ci mərhələ ilə paralel həyata keçirilə bilər. Pasportlaşdırma işlərində abidələrin tipi, dövrü, saxlanma dərəcəsi, sərhədləri qeyd edilməli, digər göstəriciləri səciyyələndirilməlidir.
4. Bütün bunlarla yanaşı, elmi əhəmiyyəti, tariximizin ayrı-ayrı mərhələlərinin tədqiqi üçün aktuallığı müəyyən edilərək bir sıra abidələrdə uzun müddətli arxeoloji qazıntı işləri aparılmalıdır.
Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə geniş, kompleks arxeoloji tədqiqat işləri aparılması planları yaxın zamanın vəzifələridir. Qarabağın dağlıq və aran ərazilərinin abidələri tarixi mahiyyət etibarilə biri-birini tamamlayır. Buna görə də tədqiqat işləri bölgənin hər bir coğrafiyasını əhatə etməlidir.
Müsahibə zamanı Nəcəf Müseyibli Qarabağın tarixi və abidələri barədə elmi əsaslandırılmış məlumat, təbliğat işlərinin vəziyyətinə də toxunub. Bildirib ki, bəzi qüsurlara baxmayaraq, bu sahədə ölkəmizdə əsaslı işlər görülür. 44 günlük Vətən müharibəsi dövründə və sonrakı müddətdə AMEA-nın bir sıra alimləri xüsusi fəallıq göstəriblər və göstərirlər. Tariximizin bir çox qaranlıq məqamlarına aydınlıq gətirən yazılar həm ölkəmizdə, həm də xarici KİV-lərdə dərc olunur. Bu istiqamətdə fəaliyyət həmişə olub, məlum hadisələrdən sonra isə daha da intensiv olmalıdır.
- Qeyd etməliyəm ki, erməni müəllifləri və onlarla həmfikir olan bəzi digər ölkə alimləri Qarabağ və indiki Ermənistan ərazisindəki abidələrdən, bölgənin tarixi haqqında bəhs edən yazılarında müxtəlif təxribatlara əl atırlar. Ermənilər Rusiya alimlərinin onlara etibarından sui-istifadə edirlər. Təkcə 2020-ci ildə baş vermiş iki belə hadisəni qeyd edə bilərəm. Birinci hadisə Rusiya EA Arxeologiya İnstitutunun bir əməkdaşı, görkəmli arxeoloqun yubileyinə həsr olunmuş kitabda Simonyan familiyalı bir erməni müəllifin məqaləsi ilə bağlıdır. Qədim dövr abidələrinə həsr olunmuş məqalədə Cənubi Qafqazın müasir xəritəsi verilmiş və burada Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri dövlət sərhədləri işarələri ilə ayrıca bir dövlət ərazisi kimi göstərilmişdir. Bununla əlaqədar olaraq mən və professor Hidayət Cəfərov həmin kitabın nəşrinin təşkilatçılarına kəskin etirazımızı bildirdik. Müəyyən yazışmalardan və diskussiyalardan sonra həmin xəritədə düzəlişlər olundu və kitab yenidən çap edildi.
İkinci hadisə Dağıstanda nəşr olunan “Èñòîðèÿ, àðõåîëîãèÿ è ýòíîãðàôèÿ Êàâêàçà” (“Qafqazın tarixi, arxeologiyası və etnoqrafiyası”) adlı beynəlxalq jurnalda Akopyan və Hapizov familiyalı müəlliflərin qalmaqallı məqaləsi ilə bağlı idi. Jurnalın 2020-ci ilin 1-ci sayında çap olunmuş bu məqalədə Cənubi Qafqazın XVIII-XIX əsrlər tarixi tamamilə təhrif edilmiş, Azərbaycanın xanlıqları, tarixi əraziləri, o cümlədən Qarabağ və İrəvan xanlıqları Ermənistan əraziləri kimi təqdim edilmişdir. Akademik Şahin Mustafayev və mən həmin jurnalın redaksiya şurasının üzvləriyik. Bizim təkidli təklifimiz əsasında jurnalın redaksiyası həmin saxta məqaləyə tənqidi yazı çap etməyə razı oldu. Nəticədə institutumuzun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, istedadlı albanşünas alim Ülviyyə Hacıyevanın həmin saxta məqalənin əsassızlığını sübut edən sanballı məqaləsi elə həmin jurnalın cari ilin 3-cü sayında nəşr edildi.
Beləliklə, hər iki halda rusiyalı həmkarlarımız bu məsələlərə anlayışlı yanaşdılar. Və bu, bizi sevindirməyə bilməz.
Müsahibəyə yekun vuraraq Nəcəf Müseyibli vurğulayıb ki, hər bir tarixçi alim öz fəaliyyətində ölkəmizə qarşı erməni iddialarına cavab verməyə hazır olmalıdır. Və bunun üçün AMEA-nın bütün kollektivi, o cümlədən də Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri bütün güc və səylərini səfərbər ediblər.
Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti
aparatının Mətbuat və informasiya
şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru
Elm .-2020.-4
dekabr S.4.