Qarabağda kəşf edilmiş
arxeoloji mədəniyyətlər
Azərbaycanın bütün əraziləri qədim tarixin hər bir mərhələsinə aid abidələrlə zəngindir. Əlverişli təbii-coğrafi şərait ən qədim zamanlardan bu ərazilərdə insan məskunlaşmasını şərtləndirib. Cənubi Qafqazın ayrı-ayrı bölgələrində lokal məkan çərçivəsində qədim tarixin müxtəlif mərhələlərinin abidələri aşkar edilib. Lakin Qarabağ, Naxçıvan və Gəncə-Qazax bölgələrinin maddi mədəniyyətində tarixi dövrlərin ardıcıllığı daha aydın şəkildə izlənilir.
Bu fikirlər AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin
"Qarabağda kəşf
edilmiş arxeoloji mədəniyyətlər" sərlövhəli
məqaləsində yer
alıb. AZƏRTAC məqaləni təqdim edir.
Qarabağ ərazisində yalnız Mezolit (orta daş)
dövrü istisna olmaqla bütün tarixi-arxeoloji dövrlər
çoxsaylı abidələrlə
təmsil olunub. İşğaldan azad edilmiş Qarabağ və ətraf rayonlarda hələ sovet dövründə bir sıra səbəblərdən
ətraflı arxeoloji
tədqiqat işləri
aparılmayıb. Ermənistanın bu əraziləri işğal etməsi səbəbindən son 30 ilə
yaxın müddətdə
həmin ərazilər
Azərbaycan alimləri
üçün əlçatmaz
olub. Yaxın illərdə bu
bölgədə aparılacaq
arxeoloji axtarış
işləri nəticəsində
bu günə qədər elmə məlum olmayan çoxsaylı abidələrin
aşkar ediləcəyinə
şübhə yoxdur.
Eyni zamanda, bu ərazilərdə
Mezolit dövrünə
aid abidələrin də
qeydə alınacağı
istisna deyildir. Ərazinin zəngin təbii-coğrafi
şəraiti belə
düşünməyə əsas verir.
Müəyyən ərazilərdə
əsasən ilk klassik
dövlətlərin meydana
çıxmasına qədərki
dövrlərə aid tədqiq
edilən arxeoloji abidələr, aşkar edilmiş maddi mədəniyyət nümunələri
səciyyəvi xüsusiyyətlərinə
görə (abidələrin,
tapıntıların digər
bölgələrdəki abidələrdən
və tapıntılardan
seçilən tipoloji,
xronoloji fərqləri
əsasında) elmdə
"arxeoloji mədəniyyət"
anlayışında birləşdirilir.
Elmdə
ilk dövlətlər dövrünə
aid maddi mədəniyyət
ənənələrinin də
arxeoloji mədəniyyətlər
tipində qruplaşdırılması
halları da mövcuddur. Arxeoloji mədəniyyətlərin
adları şərtidir
və ilk tədqiq edilən abidənin/abidələrin, onların
yerləşdiyi bölgənin
və ya spesifik arxeoloji materialların adları ilə ifadə edilir. Arxeoloji mədəniyyətlər, onlarda qruplaşdırılmış
abidələr konkret coğrafiyada yaşamış
qədim əhalinin həyat tərzinin, dəfn adətlərinin, istehsal mədəniyyətinin
məcmusunu özündə
birləşdirir. Bu baxımdan arxeoloji mədəniyyətlər həm
sadalanan elmi problemlərin, həm də etnogenez tarixinin ilk mərhələlərinin
öyrənilməsi üçün
böyük əhəmiyyətə
malikdir.
Elmi tədqiqatlarla bütövlükdə
Cənubi Qafqaz üzrə 10-dan artıq arxeoloji mədəniyyət
müəyyən edilib. Onlardan dördü
Qarabağda, daha dəqiq Xocalı, Xocavənd və Ağdam rayonlarındakı
abidələrin arxeoloji
tədqiqatları əsasında
kəşf edilib.
Bu, bir daha
Qarabağın tarixin
müxtəlif mərhələlərinə
aid arxeoloji abidələrlə
çox zəngin bir bölgə olduğunun əyani göstəricisidir.
Xronoloji ardıcıllığa görə,
Qarabağda kəşf
edilmiş ən qədim arxeoloji mədəniyyət Paleolit
dövrünə aid "Quruçay
mədəniyyəti"dir. 1960-cı ildə Məmmədəli
Hüseynov tərəfindən
Hadrut rayonunda (indi Xocavənd rayonunun ərazisinə daxildir), Quruçay çayının dərəsinə
yaxın yerdə yerləşən Azıx
mağarasında qədim
daş dövrünə
aid ibtidai insan düşərgəsini aşkar
edib. Onun rəhbərliyi
ilə bu arxeoloji abidədə 20 ildən artıq qazıntı işləri
aparılıb, ümumi
qalınlığı 14 m-dən çox olan 10 mədəni təbəqə tədqiq
edilib. Düşərgənin alt təbəqələri yuxarıdakılardan həm
geoloji strukturuna, həm də daş alətlərin xüsusiyyətinə görə
seçilir. Bu təbəqələrdə, xüsusilə
də 10-cu təbəqədə
daha primitiv, kobud daş alətlər – "iki əllə istifadə edilmiş iri daş alətlər (qiqantolitlər)" aşkarlanıb.
Bu alətlərin özünəməxsus,
lokal xüsusiyyətlərinə
görə professor M.Hüseynov
7-10-cu təbəqələr əsasında "Quruçay
arxeoloji mədəniyyəti"ni kəşf edib.
Keçən əsrin
80-ci illərinin əvvəllərində
İdeal Nərimanov Ağdam rayonunun Quzanlı kəndi yaxınlığında Leylatəpə
adlandırılan Xalkolit
dövrünə (e.ə.
V minilliyin sonu – IV minilliyin birinci yarısına) aid yaşayış
yerində arxeoloji qazıntılar zamanı Cənubi Qafqazın həmdövr abidələrinin
tapıntılarından kəskin
seçilən maddi mədəniyyət qalıqları
aşkar edib. Görkəmli alim bu tapıntıların məcmusunu
abidənin adı ilə "Leylatəpə
mədəniyyəti" adlandırıb,
onun mənşəyinin
isə qədim Mesopotamiya ilə bağlı olduğunu qeyd edib. Son 15-16 ildə Azərbaycanda aparılmış arxeoloji
araşdırmalarla Leylatəpə
mədəniyyətinin daha
geniş arealda yayıldığı, Şərqi
Anadolu və Şimali Mesopotamiya ilə bağlı olduğu, bu mədəniyyətin bazasında
Şimali Qafqazda Maykop mədəniyyətinin
yarandığı müəyyən
edilib, bu mədəniyyət beynəlxalq
elmdə öz təsdiqini tapıbdır.
Yaşayış yerlərinin özünəməxsus
tikililəri, vəfat
etmiş körpə uşaqların saxsı qablarda dəfn edilməsi, dulus çarxında formalaşdırılmış
yuvarlaq altlıqlı,
bəzən üstündə
dulusçu işarələri
olan saxsı qabların istehsalı və s. Leylatəpə arxeoloji mədəniyyətinin
başlıca göstəriciləridir.
Orta Tunc dövründə (e.ə. II minilliyin birinci yarısı) Cənubi Qafqazda bir neçə arxeoloji mədəniyyətlər
yayılmışdır. Keçən əsrin 50-ci illərində
Ağdam şəhəri
yaxınlığındakı Üzərliktəpə qədim
yaşayış yerində
aparılmış arxeoloji
qazıntılar aşkar
edilmiş maddi mədəniyyət qalıqlarının,
xüsusilə də kütləvi istehsalın
məhsulu olan keramika nümunələrinin
fərqli xüsusiyyətlərini
müəyyən etdi.
Sonrakı illərdə qazıntının
müəllifi (K.Kuşnaryova)
və digər erməni əsilli arxeoloqlar Üzərliktəpənin
tapıntılarını indiki
Ermənistan ərazisindəki
abidələrin materialları
ilə eyniləşdirərək
bütün bu abidələri "Sevan-Üzərlik
qrupu" kimi müəyyənləşdiriblər. Mil-Qarabağın bir sıra digər
abidələrində də
Üzərliktəpə tipli
tapıntılar aşkarlanıb.
Lakin Üzərliktəpəni Cənubi
Qafqazın digər Orta Tunc dövrü
abidələrindən fərqləndirən
iki əsas cəhət var. Birincisi, Üzərliktəpənin səciyyəvi
keramika məmulatı
qara və ya tünd boz
rəngli, üzəri
basma-kəsmə üsulu
ilə naxışlanmış
tipoloji seçilən
qablardan ibarətdir. Burada boya
naxışlı keramika
cəmi 2 % təşkil
edir. Halbuki Cənubi Qafqazın
digər Orta Tunc dövrü abidələrinin saxsı
qablarının böyük
əksəriyyəti məhz
boyalı qablardır.
İkincisi, Üzərliktəpənin mədəni təbəqəsinin
alt qatları əvvəlki
İlk Tunc dövrü ənənələri
ilə bağlanır
ki, bu da
qədim mədəniyyətlərin
varisliyi məsələsinin
tədqiqi üçün
mühüm əhəmiyyət
kəsb edir. Buna görə də
bu yaşayış yerindəki maddi mədəniyyət qalıqlarını
və bu tipli tapıntıların
məlum olduğu abidələri "Üzərliktəpə
mədəniyyəti" adı
altında birləşdirmək
daha düzgündür.
Son Tunc-İlk Dəmir dövrü (e.ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəlləri)
Cənubi Qafqazda, o cümlədən Azərbaycan
ərazisində əhalinin
sürətli artımı,
sıx məskunlaşma,
maddi istehsalın yüksək inkişafı,
yerli zəmində ilk
klassik dövlətlərin
meydana çıxma ərəfəsi ilə səciyyələnir. Şimali Azərbaycanda
bu dövrə aid abidələrin tədqiqatları
ilə üç arxeoloji mədəniyyət
– Xocalı-Gədəbəy, Naxçıvan və Talış-Muğan mədəniyyətləri
kəşf edilib.
Xocalı-Gədəbəy mədəniyyəti Azərbaycanın
daha geniş ərazilərini, eyni zamanda, indiki Ermənistanı və Gürcüstanın şərq
hissəsini əhatə
edir. Bu mədəniyyətə
aid səciyyəvi kütləvi
tapıntılar (qara və boz rəngli,
səthi cilalı, kəsmə-basma üsulu ilə həndəsi və zoomorf ornamentlərlə naxışlanmış
saxsı qablar, silahlardan və bəzəklərdən ibarət
tunc məmulatı, kurqanaltı torpaq və daş qutu tipli qəbirlərin
kütləviliyi və
s.) ilk dəfə hələ
XIX əsrin axırlarında
Qarabağda Xocalı ətrafında və Gədəbəydə aşkar
edilib. Sonrakı dövrlərdə bu mədəniyyətə
aid abidələr daha
geniş arealda tədqiq olunub. İlk tədqiqat yerlərinə
uyğun olaraq XX əsrin 30-cu illərindən
başlayaraq bu qəbildən olan bütün abidələr
"Xocalı-Gədəbəy mədəniyyəti"adı altında birləşdirilib.
Bu mədəniyyət Azərbaycanda erkən dövlətçilik ənənələrinin,
maddi və mənəvi mədəniyyətin,
dəfn adətlərinin,
etnogenez tarixinin tədqiqatları üçün
zəngin elmi baza təşkil edir.
Beləliklə, Qarabağ Azərbaycanda nisbətən kiçik bir ərazi olmasına baxmayaraq, bütövlükdə Cənubi
Qafqaz arxeologiyasında
abidələrin, qədim
mədəniyyətlərin zənginliyi ilə seçilən bir bölgədir. İşğaldan azad edilmiş
bölgədə aparılacaq
tədqiqatlar nəticəsində
bu günə qədər elmə məlum olmayan çoxsaylı tarixi-arxeoloji
abidələrin aşkar
ediləcəyi labüddür.
Nəcəf Müseyibli
Elm 2020.- 11 dekabr.- S.8.