Elmi informasiya müharibəsinin ön cəbhəsində
44 gün davam edən Vətən müharibəsi AZƏRBAYCANIN PARLAQ QƏLƏBƏSİ ilə başa çatdı və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edildi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycana təhvil verildi. Bununla da Azərbaycan Ermənistanı faktiki olaraq kapitulyasiyaya məcbur etdi.
xxx
Azərbaycan Milli Elmlər Akademiyası Qarabağ savaşının elə ilk saatlarından elmi informasiya müharibəsinin ön cəbhəsində yer aldı.
SENTYABRIN 27-DƏ Azərbaycan ordusunun əks-hücuma keçdiyi barədə rəsmi məlumat yayılandan cəmi bir neçə saat sonra AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev başda olmaqla Akademiyanın Rəyasət Heyəti operativ olaraq bəyanat yaydı. Bəyanat Akademiyanın rəsmi saytında və digər internet resurslarında Azərbaycan, rus və ingilis dillərində yayımlandı. Bəyanatda qeyd olunurdu: “...Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışlar. ...Döyüş əməliyyatlarının gedişində erməni ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmən çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalmışdır.”
Uğurlu hərbi əməliyyatların ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsi kimi dəyərləndirilən bəyanatda deyilirdi: “Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri həqiqətən də bölgənin ən qüdrətli ordusudur və hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadirdirlər.”
Bununla da AMEA Rəyasət Heyəti müharibənin elə ilk günü çoxminli Akademiya kollektivi adından QƏTİYYƏTLİ MÖVQE nümayiş etdirdi: “Ölkə başçısı cənab İlham Əliyevi və xalqımızı əmin edirik ki, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi hər zaman olduğu kimi bu həyəcanlı, məsuliyyətli və şərəfli anlarda da möhtərəm Prezidentimizin, dövlətimizin və ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir və müdafiə edir.” Əlbəttə, Böyük Qələbənin uzaqda olmadığına Azərbaycanın ziyalı elitasının tam əminliyi elə anındaca bildirilmişdi: “Cəbhədən gələn hər növbəti qələbə xəbəri bütün azərbaycanlılar kimi Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarında da böyük qürur hissi oyatmış, vətənpərvərlik duyğularını qüvvətləndirmişdir. Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Şuşaya, Xankəndiyə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı kimi alimlərimiz də ürəkdən əmindirlər. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü hamımız səbirsizliklə gözləyir, bu günün o qədər də uzaqda olmadığına bütün varlığımızla inanırıq.”
SENTYABRIN 30-DA AMEA Rəyasət
Heyətinin iclası keçirildi. Tədbiri AMEA-nın prezidenti,
akademik Ramiz Mehdiyev açaraq sentyabrın 27-də səhər
saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin
təxribata əl ataraq cəbhəboyu ərazidə yerləşən
Azərbaycan kəndlərini, həmçinin ordumuzun
mövqelərini intensiv atəşə tutduğunu söylədi.
Qeyd etdi ki, bu təxribata cavab olaraq Azərbaycan Silahlı
Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə
işğalçı Ermənistana qarşı bütün
cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına
başlayıb, ...7 kəndimiz, həmçinin
strateji əhəmiyyətə malik yüksəkliklər erməni
qəsbkarlarından təmizlənib.
Akademiya
başçısı vurğuladı ki, bu parlaq qələbə,
heç şübhəsiz ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
yürütdüyü qətiyyətli siyasətin və nail
olduğu yüksək ordu quruculuğunun nəticəsidir. Akademiya rəhbəri
bu gün bütün Azərbaycan xalqının Prezidentimizin,
dövlətimizin və ordumuzun apardığı haqlı
mübarizəni ürəkdən dəstəklədiyini
söylədi.
Arxa cəbhədə də
fədakarlıqla çalışmağın vacibliyini
vurğulayan akademik Ramiz Mehdiyev AMEA-nın elmi müəssisə
və təşkilatlarında bir sıra ciddi uğurlu tədqiqatların
aparıldığını və mühüm elmi nəticələrin
əldə edildiyini diqqətə çatdırdı. Akademik bu
gün alimlərimizin sağlam, məsuliyyətli və
işgüzar prinsiplər əsasında
çalışmasının və AMEA Rəyasət Heyətinin
qərarlarının həyata keçirilməsinə öz
töhfələrini verməsinin zəruriliyini
vurğuladı.
OKTYABRIN 2-DƏ AMEA Mətbuat
və informasiya şöbəsinin məlumatı
yayımlandı. Məlumatda son günlər bəzi KİV-lərdə
guya Akademiyada Qarabağla əlaqədar tədqiqatların
aparılmadığı barədə AMEA-ya, onun rəhbərliyinə
ünvanlanmış qərəzli çıxışlara
cavab olaraq dolğun informasiya yer almışdı:
“...Akademiyanın Tarix, Şərqşünaslıq, Hüquq
və İnsan Haqları və digər institutlarının
elmi işçiləri mütəmadi olaraq Qarabağ
münaqişəsi, erməni təcavüzü
mövzularında tədqiqatlar aparır, dövri mətbuatda
daim çıxışlar edirlər.
Akademiya prezidentinə gəlincə
isə, o, öz əsərlərində və
çıxışlarında Azərbaycanın qanayan
yarası olan Qarabağ münaqişəsinə,
torpaqlarımızın işğalına hər zaman
geniş yer verib, mövzuya xüsusi həssaslıqla
yanaşıb.
Akademikin qələmindən çıxan və
aparıcı dünya dillərinə tərcümə edilərək
nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix”, “Gorus-2010: absurd teatrı mövsümü”
kimi kitab və başqa əsərlər bunun sübutudur.
...Akademik öz yaradıcılığında yalnız
Qarabağ münaqişəsinə deyil, ümumilikdə ermənilərin
öz tarixlərini saxtalaşdırmaq, həmçinin Azərbaycan
xalqının keçmişini, mədəni irsini mənimsəmək
istiqamətindəki fəaliyyətinə də böyük
diqqət yetirib.”
Mətbuat və informasiya şöbəsinin
məlumatında xüsusi vurğulanırdı: “Bir daha Azərbaycan
ictimaiyyətinin diqqətinə çatdırırıq ki,
AMEA-nın 47 elmi müəssisə və təşkilatlarının
əməkdaşları cənab Prezidentin Qarabağ məsələsində
tutduğu mövqeyi və verdiyi qərarları birmənalı
şəkildə dəstəkləyirlər. Biz
akademiya kollektivi olaraq bir daha bu çətin günlərdə
hər kəsi DÖVLƏT BAŞÇISI ƏTRAFINDA SIX
BİRLƏŞMƏYƏ, bütün fikir
ayrılıqlarını kənara qoymağa və ucuz
intriqaların əsiri olmamağa
çağırırıq.”
OKTYABRIN 6-DA AMEA Rəyasət
Heyətinin növbəti iclası keçirildi. İclasda
gündəlikdə duran məsələlərlə
yanaşı, Vətən müharibəsi mövzusuna da
xüsusi diqqət yetirildi. Ali Baş Komandan İlham
Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan
Ordusunun işğalçılara qarşı bütün cəbhə
boyu genişmiqyaslı uğurlu əks-hücum əməliyyatı
apardığını bir daha diqqətə çatdıran
akademik Ramiz Mehdiyev bu əməliyyatların fonunda Azərbaycan
alimlərinin ölkəmizin haqq davasında, Vətən
mühabirəsində haqlı mövqeyinin beynəlxalq
ictimaiyyətə çatdırılmasında, həmçinin
gənclər arasında vətənpərvərlik istiqamətində
təbliğatın aparılmasında, KİV-də mütəmadi
olaraq sanballı elmi çıxışların edilməsində
aktiv rol oynamalarının zəruriliyini bildirdi, Vətən
tarixi elmi istiqamətlərində sanballı tədqiqatların
aparılmasının əhəmiyyətini vurğuladı.
OKTYABRIN 12-DƏ AMEA-nın
prezidenti, akademik Ramiz Mehdiyev dünya birliyinə,
aparıcı beynəlxalq təşkilatların rəhbərlərinə
müraciət ünvanladı. Azərbaycan Silahlı Qüvvələrinin
Ermənistan ordusunun cəbhəboyu zonada dinc əhaliyə, həmçinin
hərbi obyektlərə qarşı həyata keçirdiyi
silsilə təxribatlara cavab olaraq 30 ilə yaxındır ki,
erməni işğalı altında olan Dağlıq
Qarabağda və rayonlarda qəsbkara qarşı anti-terror əməliyyatına
başladığı qeyd olunan müraciətdə akademik
Ramiz Mehdiyev bildirirdi: “Təəssüf ki, Ermənistanın hərbi-siyasi
rəhbərliyi döyüş meydanında
uğradığı rüsvayçı məğlubiyyətlərin
qisasını dinc azərbaycanlılardan almaq qərarına gəlmiş
və Azərbaycanın cəbhə bölgəsindən kənarda
yerləşən Gəncə, Bərdə, Ağcabədi,
Naftalan, Mingəçevir və digər şəhərlərində
yaşayan mülki əhalini, infrastruktur obyektlərini hədəfə
almaqla öz terrorçu mahiyyətini bir daha nümayiş
etdirmişdir.”
Müraciətini haqqın, sağlam
təfəkkürün və insanpərvərliyin təntənəsi
ümidilə bitirən akademik Ramiz Mehdiyev AMEA kollektivi, həmçinin
Azərbaycanın elmi ictimaiyyəti adından dünya birliyinə,
aparıcı beynəlxalq təşkilatların rəhbərlərinə
müraciət edərək, onlardan Ermənistanın ölkəmizin
dinc vətəndaşlarına qarşı həyata
keçirdiyi etnik terrora siyasi-hüquqi qiymət verilməsini
tələb edirdi:
“XXI əsrdə Ermənistanın
həyata keçirdiyi dövlət terroruna susmaq, onu görməzdən
gəlmək bəşəriyyətin indiyədək əldə
etdiyi bütün insani dəyərləri, hüquqi
normaları tapdalamaq deməkdir. Dünya birliyi başa
düşməlidir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin
cinayətkar fəaliyyəti dayandırılmayacağı təqdirdə,
Cənubi Qafqaz böyük və dəhşətli müharibənin
meydanına çevrilə bilər. İnanmaq
istərdim ki, dünya ictimaiyyəti ikili standartları, yersiz
təəssübü bir kənara qoyub vicdanı və ədalət
hissini rəhbər tutaraq işğalçı Ermənistan
rəhbərliyinin törətdiyi hərbi cinayətlərin
beynəlxalq aləmdə ifşası məqsədilə əməli
addımlar atacaq. Bölgədə
davamlı sülhün bərqərar olması bundan çox
asılıdır.”
OKTYABRIN 13-DƏ akademik Ramiz
Mehdiyevin Dağlıq Qarabağla bağlı dünya birliyinə,
aparıcı beynəlxalq təşkilatların rəhbərlərinə
müraciəti təkcə azərbaycandilli və rusdilli
deyil, ərəb və farsdilli mətbuatda da geniş
yayımlandı.
Hələ VƏTƏN
MÜHARİBƏSİNİN İLK GÜNLƏRİNDƏN
başlayaraq AMEA-nın prezidenti tərəfindən
dünyanın bir sıra elmlər akademiyalarının və
elmi mərkəzlərinin rəhbərlərinə məktublar
ünvanlanırdı. Akademiya rəhbəri müraciətlərində
Azərbaycan xalqına, ümumiyyətlə insanlığa
qarşı törədilən erməni təcavüzünə
son qoyulması məqsədilə xarici dövlətlərin
elmi ictimaiyyətini terrorçu Ermənistana təzyiq göstərməyə,
Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə
çatdırılmasında iştirak etməyə
çağırırdı. Məktublarda
bildirilirdi ki, Ermənistanın və havadarlarının
işğalçı siyasəti nəticəsində Azərbaycanın
ən qədim torpaqlarından olan Dağlıq Qarabağ ərazisi
və əlavə olaraq respublikamızın 7 rayonu zəbt
edilmişdir. Erməni vandalizmi nəticəsində
işğal edilmiş ərazilərdə Ermənistan tərəfi
etnik təmizləmə siyasəti həyata keçirərək,
həmin torpaqların qədim sakinləri olan azərbaycanlıları
ərazidən qovub çıxarmış, Xocalı qətliamı
törətmişlər.Qeyd olunurdu ki, Dağlıq
Qarabağda və ətraf rayonlarda kəndlər, məscidlər,
qəbiristanlıqlar, tarixi memarlıq abidələri
dağıdılmış, qədim toponimlər
saxtakarcasına dəyişdirilmişdir.
Məktublarda təcavüzkar Ermənistanın
hərbi-siyasi rəhbərliyinin öz təxribatçı əməllərini
davam etdirərək, Cenevrə Konvensiyaları və
ümumilikdə beynəlxalq hüquqdan irəli gələn
müvafiq öhdəlikləri kobud şəkildə pozmaqla
dinc əhalinin sıx yaşadığı yerləri,
döyüş bölgələrindən kənarda yerləşən,
mühüm strateji obyektləri olan Gəncə, Mingəçevir
və Yevlax şəhərlərini, Abşeron və
Xızı rayonlarını ağır silahlardan atəşə
tutduğu da bildirilirdi. “Bu gün Azərbaycan
Ordusu Ermənistan tərəfinin atəşkəs rejmini
pozaraq törətdiyi ağır cinayətlərdən sonra
özünümüdafiə və işğaldan xilas etmə
tədbirlərinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu erməni qəsbkarları tərəfindən
işğal edilmiş ərazilərimizi geri qaytarmaq
üçün əməliyyatlar keçirməkdə davam
edir”, – deyə məktubda vurğulanırdı. Azərbaycanın apardığı ədalətli
müharibə ilə əlaqədar təqdim olunan obyektiv
informasiyaların dünyanın elmi ictimaiyyətinə
çatdırılmasına dair fikirlərin yer
aldığı məktubda Azərbaycanın haqlı və ədalətli
mövqeyinin dünya alimləri tərəfindən dəstəklənəcəyinə
inam ifadə edilirdi.
AMEA-nın prezidenti, akademik
Ramiz Mehdiyevlə Mətbuat və informasiya şöbəsi əməkdaşlarının
apardıqları geniş və çoxistiqamətli
müsahibə OKTYABRIN 14-DƏ Akademiyanın saytında, sonra
isə “Elm” qəzetində yayımlandı. Uzun illər idarəçilik
sahəsində çalışmış bir insan və alim
kimi fikirlərinin, əsərlərinin ictimaiyyət tərəfindən
diqqətlə izlənməsi, maraqla qarşılanması
elmi axtarışlarını daha böyük əzmlə
davam etdirməyə həvəsləndirdiyini və hər
zaman oxucularla və cəmiyyətimizlə səmimi olmağa
çalışdığını diqqətə
çatdıran akademik Ramiz Mehdiyev elə söhbətimizin əvvəlində
öz inamını ifadə etmişdi:
“...Qarabağ münaqişəsinə
bir bütün olaraq, ardıcıl şəkildə
yanaşmaq, tam mənzərəni görməyə və dərk
etməyə çalışmaq daha doğru olardı. Azərbaycanın siyasi rəhbərliyini müharibə
variantını seçməyə vadar edən zərurət
bir gündə yetişməyib. Dövlət
başçısı cənab İlham Əliyevin də son
günlərdəki çıxışlarında
vurğuladığı kimi, uzun illər davam etmiş
sülh danışıqlarının heç bir nəticə
verməməsi, üstəlik, Ermənistanın
hazırkı baş naziri Nikol Paşinyanın təxribat
xarakterli bəyanatları və addımları, həmçinin
Dağlıq Qarabağdakı qondarma kriminal rejimin səngiməyən
təhrikedici hərəkətləri diplomatiyaya olan son
ümidlərin də üzərindən xətt çəkmiş
oldu.Bəli, müharibə dağıntı, ölüm və
insan faciəsi deməkdir. Biz bütün bu dəhşətləri
Ermənistanın işğalı nəticəsində
yaşamış bir xalqın nümayəndələriyik.
Bu hisslərin və acıların nə demək
olduğunu bizə izah etmək lazım deyil....Müharibəyə
gətirib çıxaran və cənab Prezidentin səbr
kasasını daşıran hadisələr bizim gözlərimiz
önündə cərəyan edib. ...Mən ordumuzun bu məsələdə
son sözü deyəcəyinə,
işğalçıları torpaqlarımızdan
qovacağına qətiyyən şübhə etmirəm.”
Akademiya rəhbəri qürur hissini
də açıq bəyan etmişdi:
“Cənab Prezidentin qətiyyəti,
xalqımızın vətənə
bağlılığı, əsgərimizin rəşadəti
və vətənpərvərliyi hər bir azərbaycanlı
kimi məni də qürurlandırır. İnanıram
ki, Azərbaycan dövləti cənab Prezident başda olmaqla,
bütün Qarabağ üzərində öz suverenliyini bərqərar
edəcək.”
Yuxarıda da qeyd etdiyim kimi,
AMEA-nın kollektivi ordumuzun əks-hücum əməliyyatına
başladığı gün Ali Baş
Komandanımızın yanında olduğunu bəyan etmiş
və bu haqq işində ordumuza hər cür dəstək
verməyə hazır olduğunu bildirmişdi.
Bu dəstəyin öz əməli
ifadəsini hansı addımlarda tapacağı sualına
akademik Ramiz Mehdiyev belə cavab vermişdi: “Elmlər
Akademiyası şanlı ordumuzun zəfər
yürüşünə münasibətini 27 sentyabrda Rəyasət
Heyətinin AZƏRTAC-da yayılan bəyanatı ilə
bildirdi. Növbəti günlərdə isə
Akademiyada təşkil edilən bütün iclas və
görüşlərdə dövlətimizə, ordumuza olan dəstək
bir daha bəyan edildi. Əməli addımlara gəlincə,
ilk növbədə onu qeyd etmək istəyirəm ki, Rəyasət
Heyətinin qərarı ilə Akademiyanın müxtəlif
qurumları əldə etdikləri gəlirlərdən
Silahlı Qüvvələrə Yardım Fondunun hesabına
ümumilikdə üç yüz otuz min manatdan çox (bu
gün 400 min manata yaxın – A.Ş.) vəsait
keçirmişdir…
Digər tərəfdən mənim
tapşırığımla Akademiyanın Yüksək
Texnologiyalar Parkı öz rezidenti ilə birgə Silahlı
Qüvvələrimizə müxtəlif növ yuyucu vasitələr,
dərman ləvazimatları, isti geyimlər
çatdırıb. Akademiyanın Təcrübə-Sənaye Zavodu ordumuzu
müxtəlif növ mühərrik yağları ilə təchiz
etmək üçün hazırdır…
Eyni zamanda, AMEA əməkdaşları
qanvermə aksiyalarında da fəal iştirak edirlər. Akademiyanın
iyirmi əməkdaşı isə hazırda
könüllü olaraq ordumuzun sıralarında
döyüşür. Bir daha təkrar edirəm
ki, Akademiya ixtiyarındakı bütün imkanları ilə
ordumuza dəstək verməkdədir. …Vətən
torpaqlarının işğaldan azad edilməsinə töhfə
vermək üçün hər kəs kimi Akademiya əməkdaşları
da əlindən gələni edir, bunu özləri
üçün ŞƏRƏFLİ BORC hesab edirlər.”
Müsahibədə Akademiya rəhbəri informasiya müharibəsinin
də önəmli olduğunu diqqətə
çatdırmışdı:
“Biz yaxşı bilirik ki,
müasir müharibə yalnız silahla deyil, informasiya və təbliğatla
da aparılır. Alimlərimiz bu cəbhədə də səfərbər
olunublar. Erməni işğalının bütün dəhşətlərini
dünya ictimaiyyətinə çatdırmaq,
apardığımız mübarizənin haqlı olduğuna
hər kəsi inandırmaq üçün alimlərimiz fəal
şəkildə mətbuatda çıxışlar edir,
xaricdəki həmkarları ilə iş aparırlar.
İnformasiya cəbhəsindəki aktivliyimiz birmənalı
şəkildə davam edəcək və biz onu daha da
böyük müstəviyə çıxarmaq
üçün əlimizdən gələni edirik…”
Tarixi həqiqətlər barədə
danışan AMEA rəhbəri bəzi məqamlara xüsusi
diqqət ayırmışdı: “Bizim tarixi həqiqətlərə
dair təbliğatımız sırf elmi əsaslara söykənməli,
təhlil üzərində qurulmalıdır. Yalnız
etibarlı mənbələr əsasında yazılan,
müasir elmin meyarlarına cavab verən, oxunaqlı əsərlər
və müsahibələr bizim işimizə fayda verə bilər…
İnformasiya müharibəsinin
öz silahları, aparılma qaydaları və hədəfləri
var. Bütün bunları bilmədən və nəzərə
almadan uğur əldə etmək qeyri-mümkündür. Bəzən
insanlarda, hətta alimlərimizdə də belə bir
yanlış təsəvvür hökm sürür ki, təbliğat
nə qədər gurultulu olsa, bir o qədər
inandırıcı təsir bağışlaya bilər.
Bu, səhv yanaşmadır. …Uğurlu nəticənin
əldə edilməsi üçün təbliğatın fəlsəfəsinə
baxış dəyişməli və müasir dünyanın
müvafiq praktikası dərindən öyrənilməlidir.
…Hər birimizə yaxşı məlumdur
ki, Dağlıq Qarabağdakı xristian abidələrinin
böyük bir qismi bizim əcdadlarımız olan Qafqaz
albanlarının maddi-mədəni irsidir. Erməni
ideoloqları zamanla bu irsi ya mənimsəyib, ya da məqsədli
şəkildə məhv ediblər. Üstəlik,
ermənilər dünyaya car çəkərək bəyan
edirlər ki, Azərbaycan Dağlıq Qarabağdakı
xristian-erməni abidələrini məqsədli
dağıdır. Bu, ağ
yalandır. Əksinə, Azərbaycan dövlətinin dəstəyi
nəticəsində udi icmasının timsalında Alban kilsəsinin
və mədəni irsinin dirçəldilməsi istiqamətində
geniş miqyasda iş aparılır. İcmaya hər
il dövlət tərəfindən maliyyə dəstəyi də
göstərilir.”
AMEA rəhbəri informasiya müharibəsi
ilə bağlı fikirlərini belə
yekunlaşdırmışdı:
“…Danılmaz həqiqətdir ki, son
illər ərzində, ilk növbədə, şəxsən
cənab Prezidentin səyləri nəticəsində Azərbaycanın
dünyada tanıtdırılması istiqamətində əhəmiyyətli
uğurlar əldə edilib. Ölkəmizdə
hər il keçirilən müxtəlif mötəbər tədbirlər
erməni təbliğatının Azərbaycan haqqında
yaratdığı uydurmalar və miflərin böyük bir
qismini dağıdıb.”
HAŞİYƏ: Bu məqamda akademik
Ramiz Mehdiyevlə apardığımız müsahibənin
öz konseptual tarixi əhəmiyyəti ilə yüksək dəyərə
malik olduğunu xüsusi vurğulamaq yerinə
düşür.
VƏTƏN
MÜHARİBƏSİNİN ARDICIL
QƏLƏBƏLƏRLƏ DAVAM ETDİYİ
GÜNLƏRDƏ yüksək vətənpərvərlik
duyğularına dəstək olmaq, ordumuzla birlik
nümayiş etdirmək məqsədilə AMEA-nın
Əsas binası Azərbaycan və qardaş Türkiyənin
bayraqları ilə bəzədildi.
OKTYABRIN 21-DƏ AMEA-nın
prezidenti, akademik Ramiz Mehdiyevin açıqlaması
yayımlandı. Açıqlamada deyilirdi: “Qürur hissilə
qeyd etmək istəyirəm ki, Qarabağ məsələsində
siyasi əqidəsindən, milli və dini mənsubiyyətindən
asılı olmayaraq cəmiyyətimizin Prezidentin ətrafında
bir yumruq kimi birləşməsi, işğalçıya
öz qəzəbini və qətiyyətini nümayiş
etdirməsi Azərbaycanın düşmən üzərindəki
psixoloji üstünlüyünü daha da möhkəmləndirmişdir.
Tariximizin şanlı səhifələrindən birinin
yazıldığı bu günlərdə cəmiyyətimizdə
hökm sürən mübariz əhval-ruhiyyə 30 ildən bəri
yaşanan “məğlub xalq” sindromunu da birdəfəlik aradan
qaldırdı. Şübhəsiz ki, Azərbaycan
xalqı hər birimizin vicdanımızdan bu ləkəni
öz qanları ilə təmizlədikləri
üçün qəhrəman əsgərimizə əbədiyyən
minnətdar olacaqdır.
Azərbaycan Prezidentinin son
çıxışlarında şahidi olduğumuz qətiyyət
bizi əmin edir ki, müharibə sonuncu erməni əsgərinin
torpaqlarımızdan qovulacağı günə qədər
davam edəcək. Prezidentimizin bu sözləri
xalqımızın ürəyindən xəbər verir və
hər bir azərbaycanlının Qarabağ məsələsindəki
həyəcanını, istəyini ifadə edir.
Ümumiyyətlə, qeyd etmək istəyirəm
ki, Qarabağ döyüşlərində əldə olunan
uğurlu nəticələr Azərbaycan Prezidenti cənab
İlham Əliyevin yalnız görkəmli siyasi və
dövlət xadimi deyil, həm də qətiyyətli Ali
Baş Komandan, istedadlı sərkərdə olduğunu
sübuta yetirdi. İnanıram ki,
xalqımız zəfər yürüşümüzün
yekununda Prezident İlham Əliyevin bu tarixi xidmətini layiqincə
qiymətləndirəcək. Əminəm
ki, PREZİDENT İLHAM ƏLİYEVİN ADI dövlətçilik
salnaməmizə Şah İsmayıl Xətai, Şah Abbas,
Nadir şah kimi görkəmli sərkərdələrin
adı ilə yanaşı həmişəlik həkk olunacaq.
Hər bir azərbaycanlı
Ordumuzun 27 sentyabrda başladığı əməliyyatlara
Şuşanın, Xankəndinin düşməndən təmizlənməsilə
nöqtə qoyacağı günü səbirsizliklə
gözləyir. Həmin gün uzaqda deyil. İllərlə aşılmaz kimi təqdim edilən
erməni istehkamlarını bir neçə günün
içində əzib keçən Azərbaycan əsgərinin
bu vəzifənin də öhdəsindən şərəflə
gələcəyinə əminəm. Cənab Prezidentin
iradəsi, ordumuzun döyüş ruhu, xalqımızın
birliyi qarşısında miskin Ermənistanın təslim
olacağı vaxta az qalıb. Ölkə başçısının qeyd etdiyi
kimi, biz Böyük Qayıdış ərəfəsindəyik.
Səmimi qəlbdən hər bir azərbaycanlıya
bu qayıdışı görməyi, onun sevincini
yaşamağı arzulayıram.”
Akademik açıqlamasını bu
sözlərlə tamamlamışdı: “Qarabağ – Azərbaycandır!
Belə olub və həmişə də belə
olacaq!”
İkinci Qarabağ
müharibəsi günlərində Şanlı ordumuza maddi,
mənəvi, intellektual və informasiya dəstəyi
Akademiyanın ən ümdə vəzifəsi oldu. Azərbaycan
Milli Elmlər Akademiyasından Silahlı Qüvvələrə
Yardım Fonduna köçürülmüş vəsaitlər
haqqında OKTYABRIN 22-DƏ ətraflı məlumat çap
olundu.
OKTYABRIN 22-DƏ AMEA saytında
verilmiş redaksiya məqaləsində qeyd olunur: “AMEA-nın
elmi müəssisə və təşkilatları tərəfindən
Silahlı Qüvvələrə Yardım Fonduna indiyədək
350 000 (üç yüz əlli min) manata yaxın vəsait
ianə edilmişdir. Hazırda Akademiyada orduya
maddi dəstək aksiyası böyük ruh yüksəkliyi
ilə davam edir.
Bundan əlavə, elmi profilinə
uyğun istehsal prosesi ilə məşğul olan AMEA-nın
elmi müəssisə və təşkilatları tərəfindən
cəbhə bölgəsinə 35 000 (otuz beş
min) manat məbləğində müxtəlif təyinatlı
məhsullar göndərilmişdir. Buna misal olaraq, AMEA-nın
Yüksək Texnologiyalar Parkı və Neft-Kimya Prosesləri
İnstitutu tərəfindən yanıqların müalicəsində
uğurla istifadə olunan “Naftaterm-Ç” vasitəsini,
dezinfeksiyaedici etil spirti və yod məhlullarını, ətirli
maye sabunları, qabyuyan vasitələri, müxtəlif geyimləri,
digər tibbi ləvazimat və ortepedik vasitələri
nümunə göstərmək olar.”
Qeyd edək ki, ötən
müddət ərzində AMEA-nın elmi müəssisə və
təşkilatlarının əməkdaşları qanvermə
aksiyalarında da yaxından iştirak etmişlər.
…Yuxarıda qeyd olunan bütün
istiqamətlər üzrə Akademiyada orduya dəstək
aksiyası davam etməkdədir. Hazırda
şanlı ordumuza maddi, mənəvi, intellektual və
informasiya dəstəyi Akademiyanın ən ümdə vəzifəsidir.”
OKTYABRIN 23-DƏ AMEA-nın
rəsmi saytında daha bir açıqlama yayıldı.
Açıqlamada qeyd olunur ki, “…Müharibənin
başladığı ilk saatlarda AMEA-nın Rəyasət Heyəti
yaydığı bəyanatında akademiya kollektivinin
Qarabağın azadlığı məsələsində cənab
Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini
və bütün imkanları ilə ordumuzun yanında
olduğunu bəyan etmişdir. Müharibənin
sonrakı günlərində də istər AMEA-nın
prezidenti, istərsə də Rəyasət Heyətinin
üzvləri və ayrı-ayrı institutların
direktorları dövri mətbuatda məqalələrlə və
müsahibələrlə çıxış etmişlər.
…AMEA prezidentinin Qarabağ həqiqətləri, Ermənistanın
hərbi cinayətləri haqqında məqalə və bəyanatları
ərəb, fars və ingilis dillərinə tərcümə
edilərək “ENTER.NEWS” saytı vasitəsilə xarici
auditoriyanın diqqətinə
çatdırılmışdır.”
OKTYABRIN 25-DƏ AMEA-nın prezidenti,
akademik Ramiz Mehdiyevin «ƏCNƏBİ OXUCUNUN
DİQQƏTİNƏ QARABAĞ
HƏQİQƏTLƏRİ» adlı məqaləsi Livanın
tanınmış “əl-Məyadin” telekanalının rəsmi
saytında dərc edilmişdir.
Məqalədə müəllif
Qarabağ tarixinin bütün dövrlərini xronoloji qaydada təhlil
etmişdir. Qarabağın zəngin arxeologiyası haqqında bəhs
edilən giriş hissəsindən sonra akademik bölgənin
Qafqaz Albaniyası və Ərəb xilafəti dövründəki
tarixinə geniş diqqət ayırmış,
tanınmış xarici və azərbaycanlı alimlərin tədqiqatları
əsasında uydurma erməni iddialarına münasibət
bildirmişdir. Xristianlıq pərdəsi
altında qədim alban irsinin mənimsənərək
bütün dünyaya yanlış olaraq erməni tarixinin bir
parçası kimi təqdim edilməsi məsələsi
üzərində xüsusilə dayanan AMEA prezidenti ərəbdilli
oxucuları bu təbliğata uymamağa
çağırır.
Məqalənin digər bir qismində
isə akademik Ramiz Mehdiyev Qarabağın mədəni mərkəzi
olan Şuşa şəhərinin Azərbaycan
mədəniyyətinin və elminin tarixində
oynadığı müstəsna rola toxunmuş, bu şəhərin
yetişdirdiyi görkəmli şəxsiyyətlər
haqqında məlumat vermişdir.
Yekunda isə müəllif
Qarabağın hətta sovet dövründə belə Azərbaycanın
tərkibində olduğunu və dünya birliyi tərəfindən
yekdilliklə Azərbaycanın ayrılmaz parçası kimi
qəbul edildiyini xatırladaraq erməni işğalına və
iddialarına son qoyulması üçün
çağırış edir.
AMEA-nın prezidenti, akademik
Ramiz Mehdiyevin Qarabağla bağlı məqaləsinin belə
bir nüfuzlu informasiya resursunda dərc edilməsinin, tarixi həqiqətlərin
çoxmilyonluq ərəb dünyasına
çatdırılması baxımından böyük əhəmiyyət
kəsb etdiyini xüsusi vurğulamalıyam.
OKTYABRIN 29-DA AMEA-nın prezidenti,
akademik Ramiz Mehdiyevin Fransa Respublikasının prezidenti Emmanuel
Makrona açıq məktubu dərc edildi.Məktubda qeyd
olunur ki,son günlərdə Fransada İslam peyğəmbəri
Hz.Məhəmmədi (s) hədəf alan təhqiredici
karikaturaların sürətlə yayılması və bu
xoşagəlməz təmayülün V Respublikanın rəhbərliyi,
şəxsən Sizin tərəfinizdən açıq şəkildə
dəstəklənməsi müsəlman dünyasının
haqlı hiddəti və etirazı ilə
qarşılanmışdır.
İkinci Qarabağ müharibəsinə
də geniş yer verilən açıq məktubda deyilir: “Azərbaycanın
Fransanın özü də daxil olmaqla bütün dünya tərəfindən
tanınmış Dağlıq Qarabağ bölgəsini və
ətrafındakı 7 rayonu 30 ilə yaxın işğal
altında saxlayan Ermənistana dəstək verməklə Siz
ölkənizin ATƏT-in Minsk qrupu çərçivəsində
üzərinə götürdüyü vasitəçilik
missiyasına qarşı çıxmış olursunuz.
…Hər vəchlə Dağlıq
Qarabağdakı kriminal rejimin, həmçinin təcavüzkar
Ermənistanın hərəkətlərinə bəraət
qazandıqmağa çalışan Fransa rəhbərliyi və
mətbuatı nədənsə Gəncə, Mingəçevir,
Bərdə, Tərtər şəhərlərində dinc Azərbaycan
vətəndaşlarının raket hücumları nəticəsində
qətlə yetirilməsi kimi hərbi cinayətlərə
göz yumur.”
Erməni işğalına dəstək
olan, Azərbaycanın haqq işinə qarşı
çıxmağa çalışan hər kəsin bu qəbildən
olan cəhdlərin əbəs olduğunu bilməyini
xüsusi vurğulayan Akademiya rəhbəri açıq məktubunu
bu sözlərlə tamamlamışdır: “Prezident İlham
Əliyevin qətiyyəti və ordumuzun rəşadəti,
xalq-dövlət həmrəyliyi gec-tez Qarabağ müharibəsində
Azərbaycanın haqq işinin təntənəsini təmin
edəcək. Heç bir xarici qüvvə buna mane ola bilməyəcəkdir. QƏLƏBƏ
HAQQINDIR!”
AMEA Rəyasət Heyəti
adından SENTYABRIN 27-DƏN OKTYABRIN 3-DƏK olan müddətdə
40-dan çox ölkənin 70-dən çox elm və təhsil
təşkilatına, həmçinin beynəlxalq elmi cəmiyyət
və assosiasiyalarına müraciət göndərildi. Müraciətlərdə
Qarabağın tarixi Azərbaycan torpaqları olması
danılmaz faktlarla əsaslandırılır, ərazilərimizin
30 illik işğalından danışılır,
dünyanın elmi işctimaiyyətindən haqlı
mübarizəmizdə dəstək göstərilməsi istənilirdi.
OKTYABRIN 30-DA Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin növbəti iclası
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə
dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın
vəzifələri müzakirə olundu.
Mövzu ilə bağlı
çıxış edən akademik Ramiz Mehdiyev qeyd etdi ki, Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin bilavasitə rəhbərliyi ilə müzəffər
Azərbaycan ordusunun böyük şücaət və
xüsusi peşəkarlıqla apardığı
döyüş əməliyyatları nəticəsində
qısa müddətdə düşmən tərəfindən
müxtəlif istiqamətlərdə qurulmuş istehkam xətləri
yarılıb, tarixi Azərbaycan torpaqlarının əhəmiyyətli
bir hissəsi işğaldan azad olunub. “Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Ali
Baş Komandan kimi döyüş əməliyyatlarına
uğurla rəhbərlik etməklə yanaşı, olduqca
mürəkkəb geosiyasi proseslərlə xarakterizə olunan
müasir şəraitdə dərin intellekti, yüksək
peşəkarlığı, diplomatik bacarığı ilə
siyasi-ideoloji cəbhədə də yorulmadan
çalışır, Azərbaycanın haqq səsini
bütün dünyaya bəyan edir. İndi
yaşından, etnik və dini mənsubiyyətindən, sosial
mənşəyindən asılı olmayaraq, bütün Azərbaycan
xalqı cəbhədə ordumuzun qələbələrinə
öz töhfəsini vermək üçün Ali Baş
Komandan İlham Əliyevin ətrafında BİR YUMRUQ
KİMİ birləşib", - deyə akademik Ramiz Mehdiyev
iştirakçıların diqqətinə
çatdırdı.
Qarabağ bölgəsinin yalnız
Azərbaycanın deyil, Cənubi Qafqazın qədim tarixə,
unikal maddi və mədəni irsə, özünəməxsus
flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə
malik mühüm regionlarından biri olduğunu deyən
Akademiya rəhbəri dünyanın ən qədim insan məskənlərindən
birinin məhz Qarabağ ərazisində yerləşdiyini
xatırlatdı. Vurğulayıb ki, otuz ilə yaxın
düşmən tapdağı altında qalmış bu ərazilər
bir tərəfdən beynəlxalq hüququn norma və prinsiplərinə,
digər tərəfdən isə ümumbəşəri dəyərlərə
zidd olaraq, amansız təhdidlərə məruz qalıb,
işğal olunmuş ərazilərdə Azərbaycanla
bağlı tarixi və mədəni irs tamamilə məhv
edilib, azərbaycanlıların yaşayış məntəqələrinin
adları və siması məqsədyönlü şəkildə
dəyişdirilib, ərazilərdə qeyri-qanuni məskunlaşdırma
işi həyata keçirilib. AMEA prezidenti, həmçinin
regionun meşə örtüyünün məqsədli şəkildə
məhv edildiyini, münbit torpaqların, su ehtiyatlarının
ekoloji və radioaktiv çirklənməyə məruz
qaldığını, bölgənin təbii
landşaftının ciddi deformasiyaya
uğradığını, qeyri-qanuni olaraq təbii sərvətlərin
istismarının və mənimsənilməsinin həyata
keçirildiyini söylədi.
"Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev bəyan etmişdir ki,
işğaldan azad edilmiş ərazilərdə həyatın
yenidən dirçəlməsi, ən müasir sosial-mədəni
infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin
bərpası üçün dövlət tərəfindən
ən qısa müddətdə kompleks tədbirlər həyata
keçiriləcək", - deyə akademik bildirdi.
AMEA rəhbəri
vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə
dövlət tərəfindən həyata keçirilən
kompleks tədbirlər kontekstində Azərbaycan elminin, Elmlər
Akademiyasının üzərinə də xüsusi vəzifələr
düşür. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Qarabağ bölgəsinin otuz ilə yaxın işğal
altında qalması ilə bu ərazilərin flora və
faunasının, geoloji və coğrafi özəlliklərinin,
yeraltı və yerüstü təbii sərvətlərinin,
zəngin tarixi və mədəni abidələrinin sistemli və
peşəkar elmi tədqiqatlardan kənarda qalmasına səbəb
olduğunu qeyd edən AMEA prezidenti torpaqlarımızın
işğaldan azad edilməsinin həmin ərazilərdə
kompleks elmi tədqiqatların yenidən bərpa edilməsinə
geniş imkan yaradacağını diqqətə
çatdırdı.
Məsələnin geniş
müzakirəsində akademik İsa Həbibbəyli
dünyada ilk insanın yaşayış məskənlərindən
biri hesab edilən Azıx mağarasında və
Qarabağın digər tarixi ərazilərində arxeoloji,
etnoqrafik tədqiqatların aparılması, türk mənşəli
toponimlərin bərpa edilməsi, akademik Dilqəm
Tağıyev Kimya Elmləri Bölməsinin
qarşısında duran vəzifələr, eləcə də
Azərbaycanın Qarabağ bölgəsinə aid faydalı
qazıntı yataqlarına sahib çıxılması,
hidrotexniki qurğuların təhlükəsizliyinin təmin
olunması, akademik İradə Hüseynova isə
işğaldan azad olunmuş torpaqların biomüxtəlifliyinin
qorunması və həmin ərazilərdəki flora və
faunanın “Qırmızı kitab”ın III nəşrinə
daxil edilməsi istiqamətində fikirlərini
bölüşüblər. Bundan əlavə, akademik Rasim
Əliquliyev işğaldan azad edilmiş ərazilərdə
müasir texnologiyalar əsasında yeni elmi infrastruktur layihələrinin
həyata keçirilməsi və burada informasiya
texnologiyalarının geniş tətbiq edilməsi, həmçinin
Elektron Qarabağ çərçivəsində müəyyən
işlərin görülməsi, AMEA-nın müxbir
üzvü Əminağa Sadıqov bütün işlərin
müasir dövrün tələblərinə uyğun modelləşdirilmiş
müvafiq riyazi metodlar əsasında həyata keçirilməsi
barədə danışıblar. Digər
çıxış edənlər seysmoloji stansiyaların
yenidən qurulması, geoloq alimlərimizin istismar edilmiş və
həmçinin yeni faydalı qazıntı yataqlarının
aşkarlanması barədə təkliflər səsləndirib,
Cənubi Qafqazla bağlı bütün region xəritələrindən
qondarma erməni adlarının
çıxarılmasının Azərbaycan elminin
Qarabağla bağlı tədqiqatlarının əsas
göstəricisi olacağını söyləyib,
Qarabağda torpaqlarla bağlı aparılan tədqiqatların
arxiv mənbələri əsasında yenidən
araşdırılmasının, zəngin yeraltı su
ehtiyatlarımız olan kəhrizlərin bərpa edilərək
xalqımızın istifadəsinə verilməsinin əsas
prioritetlərdən olduğunu bildirdilər.
Qeyd olunanlar nəzərə
alınaraq, Qarabağ bölgəsinin tarixi, mədəniyyəti,
arxeîlîgiyası, etnoqrafiyası və
təbii ehtiyatlarının, geoloji və coğrafi xüsusiyyətlərinin
öyrənilməsi ilə bağlı kompleks tədqiqatların
yenidən təşkili məqsədilə AMEA Rəyasət
Heyəti bir sıra qərarlar qəbul etdi. Belə ki,
AMEA-nın QARABAĞ REGİONAL ELMİ
BÖLMƏSİNİN YARADILMASI və bu məsələnin
AMEA-nın növbəti Ümumi
yığıncağında müzakirə edilməsi qərara
alındı. Bundan əlavə, AMEA-nın elmi bölmələrinə,
eləcə də AMEA Rəyasət Heyəti aparatının
struktur bölmələrinə akademiyanın müvafiq elmi
müəssisə və təşkilatları ilə birlikdə
Qarabağın işğaldan azad olunmuş ərazilərində
elmi tədqiqat işlərinin bərpa edilməsi ilə
bağlı təkliflərin hazırlanaraq Rəyasət Heyətinə
təqdim edilməsi tapşırıldı.
NOYABRIN 6-DA Azərbaycan Milli
Elmlər Akademiyasının Rəyasət Heyətində
postkonflikt ərazilərin bərpasına elmi dəstək
mövzusunda tədbir keçirildi. AMEA-nın prezidenti,
akademik Ramiz Mehdiyev Rəyasət Heyətinin AMEA-nın
Qarabağ Regional Elmi Bölməsinin yaradılması ilə
bağlı qərarını xatırladıb, bununla əlaqədar
elmi bölmələrə müvafiq
tapşırıqların verildiyini diqqətə
çatdırdı.
Tədbirdə AMEA Rəyasət
Heyətinin bir sıra üzvləri də iştirak edərək
fikir və mülahizələrini bildirdilər.
Müzakirələrin sonunda
AZƏRBAYCANDA POSTKONFLİKT ƏRAZİLƏRİN BƏRPASI
ELMİ MƏRKƏZİNİN YARADILMASI haqqında qərar qəbul
edildi.
NOYABRIN 10-DA AMEA Rəyasət
Heyəti Qələbə münasibətilə bəyanat
yaydı. Bəyanatda
deyilirdi: “…Ermənistanın kapitulyasiyası mənasını
verən bəyanat (10 noyabr bəyanatı nəzərdə
tutulur – A.Ş.), heç şübhəsiz ki, istər hərbi,
istərsə də siyasi baxımdan Azərbaycan
xalqının 30 ildən bəri davam edən haqlı
mübarizədəki şanlı qələbəsini rəsmiləşdirmiş
oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin qətiyyəti və ordumuzun şücaəti nəticəsində
1994-cü ildən bəri Ermənistanın işğalı
altında olan rayonlarımız, həmçinin
Qarabağın incisi Şuşa şəhəri düşmən
tapdağından azad edilmiş, BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin icrası və ölkəmizin
ərazi bütövlüyü təmin olunmuşdur.
Azərbaycanın qazandığı
bu əhəmiyyətli siyasi və hərbi qələbənin
onun tarixində yeni mərhələnin
başlanğıcı olduğu bildirilən bəyanatda
deyilirdi: “Ölkə başçısının göstərdiyi
iradə və şəhidlərimizin qanı bahasına biz bu
yeni tarixi mərhələyə qalib xalq, müzəffər
ölkə kimi qədəm qoyuruq. …Yeni tarixi mərhələdə
Azərbaycanı fərqli çağırışlar və
məqsədlər, irimiqyaslı quruculuq işləri gözləyir.
Ölkəmizin cənab Prezidentin rəhbərliyi
altında bu vəzifələrin də öhdəsindən
şərəflə gələcəyinə əminlik ifadə
edirik. AMEA kollektivi olaraq həmişəki
kimi bundan sonra da dövlət başçısının hər
bir tapşırığını icra etməyə hazır
olduğumuzu bəyan edirik.”
NOYABRIN 10-DA AMEA Rəyasət
Heyətində Dağlıq Qarabağ savaşında Azərbaycanın
qələbəsi münasibətilə tədbir
keçirildi.
AMEA-nın prezidenti, akademik
Ramiz Mehdiyev çıxış edərək Azərbaycanın
tarixi zəfəri ilə bağlı hər kəsi təbrik
etdi.
Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə
Azərbaycan ordusunun yeni bir tarix yazdığını diqqətə
çatdıran AMEA rəhbəri ölkə
başçısının buna 17 İLLİK GƏRGİN
ZƏHMƏTİ SAYƏSİNDƏ nail olunduğunu bildirdi.
AMEA-nın prezidenti qeyd etdi ki, Dağlıq Qarabağa status
verilməməsi, bölgədəki bütün iqtisadi və
nəqliyyat əlaqələrinin bərpa edilməsi, hər
iki istiqamətdə maneəsiz hərəkətin təşkili
məqsədilə Azərbaycan Respublikasının qərb
rayonları və Naxçıvan Muxtar Respublikası
arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət verilməsi üçtərəfli
imzalanmış sənədin əhəmiyyətini artıran
bəndlərdəndir. 30 ilə yaxındır ki, davam edən
mübarizədə şanlı qələbəmizin göstəricisi
olan 10 noyabr tarixinin Azərbaycan üçün yeni iqtisadi, hərbi,
siyasi mərhələnin başlanğıcı olduğunu
bildirən Akademiya rəhbəri Ali Baş Komandan cənab
İlham Əliyevin mükəmməl politoloq, ideoloq və
görkəmli dövlət başçısı kimi
bütün bu vəzifələrin öhdəsindən şərəflə
gələcəyinə əminliyini ifadə etdi.
AMEA rəhbəri alimlərin Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında
bundan sonra da sıx birləşəcəklərini diqqətə
çatdıraraq AMEA-nın yeni yaradılacaq Qarabağ
Regional Elmi Bölməsi tərəfindən kompleks
proqramların həyata keçiriləcəyini bir daha qeyd
etdi. AMEA rəhbəri bütün elmi-tədqiqat müəssisələrində
qələbə tədbirlərinin keçirilməsini məqsədəuyğun
hesab edərək müvafiq tapşırıqlarını verdi.
NOYABRIN 10-DA akademik Ramiz
Mehdiyevin geniş auditoriya üçün nəzərdə
tutulmuş rus dilində “AZƏRBAYCANIN QARABAĞ
MÜHARİBƏSİNDƏ QAZANDIĞI
QƏLƏBƏNİN SİYASİ, TARİXİ VƏ
İDEOLOJİ ƏHƏMİYYƏTİ” adlı məqaləsi
yayımlandı. Məqalədə deyilir: “Ərazilərin
qaytarılması baxımından Azərbaycan çox şeyə
nail olub. Ən əsas məsələ
Naxçıvana dəhlizin açılmasıdır. Türkiyə öz növbəsində
Naxçıvan tərəfə dəmir yolu çəkmək
imkanını əldə edib. Bu layihənin həyata
keçirilməsi birinci növbədə olduqca böyük
siyasi əhəmiyyət kəsb edir...
... Haqq-ədalət isə qalib gəldi!
Cəmi 44 gün (ay yarım) Silahlı Qüvvələrin
Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi
altında davam edən hərbi əməliyyatlar nəticəsində
Azərbaycan ordusu məğlub edilməz Ermənistan ordusu
mifini alt-üst etdi. Düşmən
sarsıdıcı zərbələr alaraq qaçmağa məcbur
edildi. ...Qələbə ilə yekunlaşan müharibə
Azərbaycan cəmiyyətinə əzm gətirdi, milyonlarla həmyerlimizi
məğlub edilmiş millət kompleksindən azad etdi. Bir tək bunlara görə Azərbaycan xalqı
öz Prezidenti və ordusuna daim minnətdar olacaq.”
Məqalədə müəllif tərəfindən
müharibənin mühüm tarixi və ideoloji aspektinə
diqqət yönəldilir: “Birincisi, Nadir şahın
dövründən bu yana Azərbaycan ilk dəfədir ki,
öz qədim torpaqlarını qaytarmağa müvəffəq
olub. Şübhəsiz ki, bu hadisə tarixi əhəmiyyət
daşıyır. İkincisi, müharibə
nümayiş etdirdi ki, Azərbaycan cəmiyyəti ümumi
düşmənlə üz-üzə qalarkən sıx birləşmək
potensialına malikdir. Bu potensialı bundan
sonra da inkişaf etdirmək xalqımızın və dövlətimizin
maraqlarına uyğundur. Bu potensial zəngin
Azərbaycan mədəniyyətinin və müzəffər ənənələrin
sürətli inkişafı, Azərbaycan xalqının
Prezident İlham Əliyevlə birliyi və hərbi əməliyyatlar
zamanı şahidi olduğumuz yüksək vətənpərvərlik
ruhunun qorunub saxlanılması baxımından olduqca vacibdir.”
Məqalədə daha bir məqam da
xüsusi vurğulanır: “Bu 44 gün ərzində Prezident
İlham Əliyev özünü ideoloji cəbhənin əsl
döyüşçüsü kimi göstərdi. O, ideoloq və
tarixçidir, təbliğatçı və natiqdir. Lakin humanitar elitamız üçün Prezidentin
çoxsaylı xarici jurnalistlərlə əminliklə və
inamla dialoq aparmağı yadda qalan oldu.
Unutmaq olmaz ki, bu mürəkkəb
tarixi missiyanı o, aqressiv xarici basqılar şəraitində
layiqincə yerinə yetirirdi. Fransanın siyasi rəhbərliyinin
hərbi əməliyyatların ilk günündən
başlayaraq Azərbaycana qarşı qərəzli hərəkətlərini
və ifadələrini yada salmaq kifayətdir. Lakin Prezident İlham Əliyev həm buna davam gətirdi,
həm də doğma torpaqların erməni
işğalçılarından azad edilməsinə yönələn
haqq mübarizəsini sona çatdırdı.
Bu çətin günlərdə
ölkənin Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın yaralı əsgər və zabitlərə qarşı
nümayiş etdirdiyi analıq hisslərini və Azərbaycan
ordusunun əldə etdiyi hər bir qələbəsindən
sonra bölüşdüyü hissləri də qeyd etmək
lazımdır. Onun PREZİDENTİN SİRDAŞI VƏ
ANA kimi keçirdiyi hisslər ən gözəl söz və
təriflərə layiqdir.
...Azərbaycan Ermənistanla
apardığı müharibədə qələbə
qazanaraq öz qədim torpaqlarını işğaldan azad
etdi və tarixində təmamilə yeni səhifə
açdı.
Heç bir şübhə yoxdur ki, bu mərhələdə
ölkəmizi Prezident İlham Əliyevin rəhbərliyi
altında yeni nailiyyətlər və qələbələr
gözləyir.
Bunu deməyə bizim hər
bir əsasımız var. 17 illik prezidentliyi dövründə
İlham Əliyev Azərbaycanın simasını təmamilə
dəyişərək güclü orduya malik müasir,
çiçəklənən dövlət qurdu.”
NOYABRIN 25-DƏ AMEA Rəyasət
Heyətinin nəzdində Albanşünaslıq Elmi Mərkəzinin
yaradılması ilə bağlı iclas keçirildi.
AMEA-nın prezidenti iclası
giriş sözü ilə açaraq Azərbaycan dövlətçiliyinin
təşəkkülünün bir hissəsi olan Qafqaz
Albaniyasının, həmçinin onun müasir
dövrümüzə qədər gəlib çıxan və
sovet dövründə tədqiqinə ciddi maneələr
yaradılan məbədlərinin tarixinin bu gün daha sistemli
şəkildə araşdırılmasına ehtiyac
yarandığını bildirdi. 30 ilə yaxın
müddətdə işğal altında qalan
torpaqlarımızdakı arxeoloji, etnoqrafik, memarlıq
nümunələrinin ermənilər tərəfindən
saxtalaşdırılmağa cəhdlər edildiyini deyən
AMEA rəhbəri bu abidələrin sırasında Qafqaz
Albaniyasının xristian irsinin xüsusi yer tutduğunu
söylədi. Qeyd etdi ki, sözügedən
maddi mədəniyyət nümunələrinin ölkəmizə
məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq
elmi ictimaiyyətə çatdırılması və
Prezident İlham Əliyevin Qafqaz Albaniyası ilə əlaqədar
çağırışlarına cavab olaraq AMEA-da
ALBANŞÜNASLIQ ELMİ MƏRKƏZİNİN YARADILMASI
vacibdir.
NOYABRIN 27-DƏ Livanlı məzunlar
birliyinin katibi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə Qələbə
münasibətilə təbrik məktubu ünvanladı. Məktub
Akademiyanın rəsmi saytında və “Elm” qəzetinin səhifələrində
çap olundu.
Beyrutdan göndərilmiş məktubda
qeyd edilir:
“...Sizin Qarabağ həqiqətlərilə
bağlı dünya ictimaiyyətinə etdiyiniz müraciətin
Livanın “Əl-Məyadin” telekanalının saytında ərəb
dilində dərc edilməsi Qarabağda baş verənlərlə
bağlı təhriflərin və qərəzli iddiaların
ifşa olunmasında mühüm rol oynadı, Livan ictimaiyyəti
üçün bir çox məsələləri
aydınlaşdırdı.”
Beləliklə, Vətən
müharibəsi günlərində Azərbaycan Milli Elmlər
Akademiyasının çoxminli kollektivi elmi informasiya
müharibəsinin önündə dayandı. AMEA alimləri
bir sıra xarici ölkələrin kütləvi informasiya
vasitələrində, televiziya və radio verilişlərində,
canlı bağlantılarda iştirak etməklə
yanaşı, mövzusundan aılı olmayaraq beynəlxalq
onlayn elmi konfranslarda da Qarabağ həqiqətləri barədə
geniş məlumat verdilər.
Ölkəmizin efir məkanlarında,
kütləvi informasiya vasitələrində, elektron mediada
saysız-hesabsız elmi, elmi-analitik, icmal məqalələri
və çıxışlar yayımlandı.
Cəbhədə hərbi əməliyyatlarla
yanaşı, qızğın informasiya müharibəsinin də
getdiyi şəraitdə Akademiya əməkdaşları
kütləvi informasiya vasitələrində aktiv
çıxışları ilə diqqəti cəlb etdlər. Ali Baş
Komandana və Ordumuza dəstək, Qarabağ həqiqətləri,
erməni irqçi ideologiyasının elmi əsaslarla
ifşa edilməsi, dövlət siyasətinin təbliği,
xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsi
və s. istiqamətlərdə Akademiya əməkdaşları
məqsədyönlü fəaliyyət göstərdilər.
Dağlıq Qarabağ
müharibəsi ilə bağlı obyektiv məlumatların
dünya ictimaiyyətinin diqqətinə
çatdırılması məqsədilə xaricdə fəaliyyət
göstərən beynəlxalq qurumlara, universitet və elmi mərkəzlərə,
görkəmli alim və mütəxəssislərə alimlər
tərəfindən saysız-hesabsız məktublar, bəyanatlar
və müraciətlər də ünvanlandı.
Vətən müharibəsi günlərində
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev başda olmaqla, Rəyasət
Heyətinin digər üzvləri – AMEA-nın birinci
vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və
İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər
- Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə
Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi,
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və
Rəyasət Heyətinin üzvləri akademik Cəmil
Əliyev və akademik Gövhər Baxşəliyeva da AMEA rəhbərliyi
tərəfindən keçirilən çoxsaylı tədbir
və müzakirələrdə yaxından iştirak etdilər.
Onların iştirakı ilə keçirilən
bütün tədbirlər çap məhsulları ilə
yanaşı, tarixi stenoqramları ilə də yaddaşlara
yazıldı.
Özü də Vətən
müharibəsinin ən qızğın günlərində!
Pandemiya şəraitində!
Sosial məsafə saxlanılmaqla,
maska taxmaqla!
Komendant saatının tətbiq
olunduğu ərəfədə!
Həmin məsuliyyətli
günlərdə AMEA-nın prezidenti, akademik RAMİZ
MEHDİYEVİN GÜNDƏLİK TAPŞIRIQLARI nəticəsində
Akademiyanın Mətbuat və informasiya şöbəsi də
arxa cəbhədə yorulmaq bilmədən öz
sözünü geniş auditoriyaya çatdıra bildi. Rəhbərlik
tərəfindən verilən bütün
tapşırıqlar vaxtında, uğurla və operativ icra
olundu.
“Elm” ("Íàóêà") qəzeti CƏBHƏ
QƏZETİNƏ, saytımız CƏBHƏ TRİBUNASINA
çevrildi.
Həftəlik nəşr
olunan “ELM” qəzetinin bu ərəfədə “QARABAĞ
AZƏRBAYCANDIR” ŞÜARI İLƏ 10 nömrəsi
çapdan çıxdı, geniş elmi auditoriyaya
yayıldı.
“ELM VƏ HƏYAT” jurnalının 2 nömrəsi (1 nömrə çap ərəfəsindədir) Qarabağ həqiqətlərindən bəhs etdi.
“ELM” TV özündə elmi informasiya yükü daşıyan operativ müsahibə və reportajları ilə yaddaşlarda qaldı.
SCIENCE.GOV.AZ portalı sözün əsil mənasında arxa cəbhənin elmi informasiya və icmal yazılarının, TƏDQİQAT MƏQALƏLƏRİNİN OPERATİV QƏRARGAHINA çevrildi. Yüzlərlə (!) xəbər və məqalələr, dəstək yazıları təkcə Azərbaycan dilində deyil, həm də rus və ingilis dillərində elmi ictimaiyyətə çatdırıldı və geniş internet məkanında bütün dünya oxucuları üçün əlçatan oldu.
AMEA-nın elmi informasiya müharibəsində fəaliyyəti bu gün də davam etdirilir. Bu dəfə isə istiqamət bir qədər dəyişib – axı bu gün hər bir yazı məhz QƏLƏBƏ NOTLARI İLƏ yaradılır!
QƏLƏBƏMİZ MÜBARƏK!
YAŞASIN ALİ BAŞ KOMANDANIMIZ!
YAŞASIN AZƏRBAYCAN!
Ağahüseyn ŞÜKÜROV,
AMEA Rəyasət Heyəti aparatının
Mətbuat və
informasiya şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə
doktoru
Elm 2020.- 11 dekabr.- S.4-6.