Laçın və Kəlbəcərin at-qoç təsvirli abidələri
Azərbaycanın ayrılmaz bir parçası olan Qarabağ diyarı İslam dövrü abidələri ilə zəngindir. Bu abidələrin bir qrupu at və qoç təsvirli məzar daşları ilə tarixdə iz qoymuşdur. Məzar daşlarının bu formada hazırlanması İslamdan əvvəlki dini ayinlərə olan inamın saxlanması baxımından insanların öz keçmişini yaşatdığını sübut edir. Beləliklə də xalqımız əsrlər boyu bu torpağın varisləri və sahibləri olduqlarını kitabələr vasitəsilə bu günümüzə qədər fakt kimi çatdırmışlar. Bu təsvirli məzar daşlarının Qarabağda XV əsrin sonlarından - XIX əsrin əvvəllərinə kimi hazırlandığını nəzərə alsaq, bəhs olunan bölgədə bu tip qəbirlərin üç yüz ildən artıq bir müddətdə tarixi olduğunu görürük.
Azərbaycanda daş işləmə sənətkarlığının qədim ənənələri mövcuddur. Keçmişin yadigarı olan daş abidələrimiz öz bədii və estetik xüsusiyyətlərinə görə digər sənətkarlıq nümunəsindən geri qalmır. Daşın üzərində oyma, yonma, cızma üsulları ilə icra olunan təsvirlər və yazılar öz məzmunu, bədiiliyi baxımından diqqəti cəlb edir. Yuxarıda qeyd etdiyimiz kimi epiqrafik abidələrdə ən çox maraq kəsb edən, daş ustalarının keçmiş dini etiqadlara uyğun olaraq at və qoç təsvirli heykəllər düzəltməsi idi. Bu cür təsvirli məzar daşlarına Laçın, Kəlbəcər rayonlarında daha çox rast gəlinir. Bu da təsadüfi deyildir. Məhz tarixən at və qoç xalqımızın yaddaşında bolluq, bərəkət, sərvət rəmzinə çevrilmişdir. Daşdan yonulmuş at və qoç fiqurlarının bir çoxlarında ornament motivlərinə də rast gəlinir. Bu fiqurların dekorativ bəzəkləri içərisində nəbati və həndəsi ornamentlər, yazılar və süjet xarakterli kompozisiyalar əsas yer tutur. İnsanlara böyük estetik zövq bəxş edən belə abidələr vasitəsilə onlara vahid Allahın adı ilə insanpərvərlik, xeyirxahlıq, ədalət, rəhm və bir-birinə inam hissləri aşılanır.
Qarabağ ərazisində XX əsrin 60-70-ci illərində epiqraf alim Məşədixanım Nemətova tərəfindən at və qoç təsvirli abidələr tədqiq edilib. Laçın rayonunun Güləbird və Malıbəyli kəndləri ərazisindəki məzar daşları XVI-XVII əsrlərə aid olub üzərindəki damğa və işarələr baxımından maraq doğurur. Bu epiqrafik materiallara və digər təsviri incəsənət motivlərinə əsasən Qarabağ abidələrinin formalaşmasında qədim türk tayfalarının böyük rol oynadığı faktı ortaya çıxır. Rayonun Malıbəyli kəndi yolunun sol tərəfində yerləşən alban məbədlərinin yanında üç ədəd at təsvirli məzar daşı abidələri var. Birinci daşda hicri 977-ci il (miladi 1569-1570) tarixi qalmışdır. İki və üçüncü daşın sol tərəfində günəş və insan təsviri çəkilmiş və insanın sağ əlində quş təsvir edilib. At fiqurunun ayaq hissəsində ərəb dilinin süls elementli nəsx xətti ilə yazılmış kitabədə deyilir: “Onun sahibi Yəhyadır” (tərcümə M.Nemətovaya məxsusdur). Hər üç at fiqurunun sol arxa ayağındakı aşağı hissəsində də eyni damğalar vurulub. Texniki hazırlanma xüsusiyyətləri baxımından bu damğaların oğuz türkləri və azərbaycanlılara aid olması bir daha sübut edir ki, bölgə tarixən oğuz türklərinin vətəni olmuşdur. Malıbəylinin hər üç məzar daşları eyni heykəltəraşlıq nümunəsi kimi hazırlanmaqla bütün faktlar onları XVI əsrə aid etməyə imkan verir.
Rayonun Güləbird kəndindəki at fiqurlu qəbir daşları da var ki, onlar da forma və məzmun baxımından XVI əsr Malıbəyli abidələrinin analoji nümunəsidir. At fiqurlu birinci abidənin sol tərəfindəki kitabədə Qurani Kərimin “ər-Rəhman” (Rəhmli olan Allah) surəsinin 26-27-ci ayələri həkk olunub: “Yer üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir (əbədidir)”. “Qorçi oğlu rəhmətlik Məhərrəmindir. Ölümü hicri 1022-ci il.” (miladi 1613/1614-cü il) (kitabələrin tərcüməsi M.Nemətovaya məxsusdur). İkinci at fiqurlu abidədə isə yalnız tarix yazılıb: “Ölüm tarixi 1078-ci hicri ili” (miladi 1667/1668-ci il). Buradakı qoç şəkilli başqa bir məzar daşında “1221-ci hicri ili” (miladi 1806/1807-ci il) tarixi həkk edilib.
Laçın rayonundakı Ağoğlan məbədi yaxınlığında XVI əsrə aid sənduqə və at fiqurlu qəbir daşları da var. Bu qəbir daşlarının paleoqrafiyası, mətn kitabələri, relyefli təsvirləri Azərbaycan ərazisində dağətəyi rayonlarda kalliqraf ustaların daşlar üzərindəki işarələrlə özünəməxsus məktəb yaratdığını göstərir.
Kəlbəcər rayonunun Zar kəndində daşdan qoç təsvirli qəbir abidələri də var. Bu dörd ədəd daşlardakı epitafiyalarda əsasən Fərəhxanlı nəslinin adları həkk edilmiş və daşlardakı tarix XIX əsrin əvvəllərinə aiddir. Beşinci abidədə isə Şeyx Fərmanın adı həkk edilib. Epiqrafik mənbələr və təsviri incəsənət motivlərinin eyniliyi baxımından Urud və Kəlbəcər abidələrini qədim türk elementlərinin oxşarlığı hesab etmək olar. Kəlbəcər rayonunda yerli əhali at fiqurlu daşları haqlı olaraq “türk abidələri” adlandırmışdır. İncəsənət baxımından mükəmməl formada hazırlanmış bu abidələrdə qədim türk tayfalarına aid totemizmin qalıqları aydın görünür.
Haqqında bəhs etdiyimiz bu abidələrin salamat olması hələ ki, qeyri-müəyyən olaraq qalır. İşğaldan azad olunmuş torpaqlardakı mədəni irsimizin yaxın gələcəkdə yenidən bərpası istiqamətində dövlətin atacağı addımlar sırasında Qarabağın at-qoç təsvirli məzar daşı abidələrinin də axtarışı, onların bərpası və əvvəlki vəziyyətinə qaytarılacağı şübhəsizdir. Çünki onlar xalqımızın keçmişinin bizlərə miras qalmış yadıgarları olmaqla üzərində yaşadığımız bu torpağın bizə vətəndaşlıq hüququ verən pasportlarıdır.
Anar AĞALARZADƏ, AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutunun
aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent
Elm.- 2020.- 25
dekabr.- S.7.