Azərbaycanın ilk riyaziyyatçı qadın alimi
Maya Hüseynəli qızı Hacıyeva Azərbaycanın ilk riyaziyyatçı qadın alimi kimi tarixə düşüb.
O, 1914-cü ildə Şuşa
şəhərində anadan olub. Əvvəlcə ibtidai
sinfi, sonra realnı məktəbi
bitirib. 1928-1931-ci illərdə Şuşa Pedaqoji Texnikumunda təhsil alıb.
Dəqiq elmlərə böyük maraq göstərən Maya Hacıyeva Bakıya gələrək keçmiş V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (APİ) Fizika–riyaziyyat fakültəsinə qəbul olub. O, ali məktəbdə öz bacarığı ilə seçilən tələbəyə çevrilib, 1935-ci ildə həmin institutu bitirib. İnstitut rəhbərliyi istedadlı gəncə qayğı göstərərək təhsilini davam etdirmək üçün onu Moskva şəhərinə göndərib. M.Hacıyeva 1935-1938-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Gənc Maya Azərbaycan
Dövlət Universitetində (ADU) assistent
kimi fəaliyyətə başlayıb. Eyni zamanda, o,
keçmiş APİ-nin
Nəzəri fizika kafedrasında
(1939-1941), sonra isə keçmiş
Azərbaycan Sənaye İnstitutunun (1943-1952)
Ali riyaziyyat
kafedrasında çalışıb.
İkinci Dünya
müharibəsinin başlaması M.Hacıyevanın elmi axtarışlarında istiqamətlərini
dəyişməsinə səbəb olub.
O, 1941-1943-cü illərdə ADU-nun
aspiranturasında oxuyub, “Helmhols
tənliyi üçün sərhəd məsələsi”
mövzusunda dissertasiya
işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə yiyələnib.
Beləliklə, Maya Hacıyeva Azərbaycanın
ilk riyaziyyatçı qadın alimi kimi tarixə düşüb. Onun ilk monoqrafiyası 1945-ci ildə Azərbaycanın
gənc alimlərinin müsabiqəsində ən yüksək
mükafata layiq görülüb.
1944-cü ildən BDU-nun Nəzəri
mexanika kafedrasında dosent
kimi fəaliyyət göstərən Maya xanım yarım əsrdən artıq bir ömrünü tədrisə,
gənclərin mükəmməl təhsil almasına həsr
edib. Alim işlədiyi
dövrdə dövlət və ali məktəb
rəhbərliyi tərəfindən müxtəlif mükafatlarla təltif edilib.
Universitetlərdə, orta məktəblərdə,
eləcə də digər elm və
peşə sahələrində çalışan bir çox ziyalılar onu əvəzolunmaz şəxsiyyət, fədakar
elm xadimi,
qayğıkeş ana kimi
xarakterizə edirlər.
1999-cu ildə Bakı Dövlət Universitetində
Maya Hacıyevanın anadan
olmasının 85, elmi-pedaqoji fəaliyyətinin
60 illiyi qeyd olunub. Bir neçə ay sonra isə M.Hacıyeva
dünyasını dəyişib.
Elm 2020.- 27 fevral.- S.10.