Azərbaycan mətbuatı 145 illik “Əkinçi” qəzetinin işığında

Hər bir xalqın tarixində onun heç vaxt unutmadığı, böyük iftixarla yada saldığı önəmli günlər, mühüm tarixlər var. Azərbaycan xalqının taleyinə də millətin oyanışı və formalaşmasında böyük rolu olan bir çox hadisələrin baş verdiyi günləri qeyd etmək düşmüşdür. Azərbaycan mətbuatının qaranquşu olan “Əkinçi” qəzetinin nəşri belə unudulmaz tarixlərdən biridir. Bu il qəzetin yaranmasından 145 il ötür. Neçə illər, əsrlər keçsə də hər zaman Azərbaycan mətbuatından söz açarkən bu qəzet böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacaq. “Əkinçi” qəzeti 1875-ci il iyulun 22-də Azərbaycan ictimai-siyasi tarixinə günəş kimi doğdu. Bəlkə də o zamanlar qəzetin yaradılmasında iştirak edən maarifpərvər ziyalılarımız böyük maddi və mənəvi çətinliklər şəraitində fəaliyyətə başlayan bu nəşrin neçə-neçə məktəblər yaradacağını, böyük bir inqilabi hadisəyə çevriləcəyini təsəvvür etmirdilər. O zaman yalnız bir amal var idi – qabaqcıl ideyaların təbliği yolu ilə milli oyanış və maarifçilik ideyalarını yaymaq, xalqı cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq. Həsən bəy Zərdabinin redaktorunaşiri olduğu “Əkinçi” qəzeti “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri”, “Elm xəbərləri”, “Təzə xəbərlər” kimi şöbələrdən ibarət idi və fəaliyyətə başladığı ilk aylarda az tirajla, kiçik formatda çap olunurdu. Qəzetdə Həsən bəyin ictimai-siyasi, fəlsəfi, maarifçilik, əkinçilik və kənd təsərrüfatı, eləcə də təbiətşünaslığa dair mülahizələri öz əksini tapırdı. Onun səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumatlar dərc edilir, dünya xalqlarının mədəniyyətindən nümunələr göstərilirdi. Həsən bəy Zərdabi “Əkinçi”nin əsas məqsəd və vəzifələrindən bəhs edərək yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova söyləyib. O qeyd edib ki, cəmi 2 il çap olunanbu dövr ərzində 56 nömrəsinin işıq üzü gördüyü “Əkinçi” bu qısa müddət ərzində Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. “Əkinçi”dən sonra yarananZiya”, “Ziyayi-Qafqaziyyə, “Həyat”, “İrşad”, “Şərqi-rus”, “Kaspi”, “Molla Nəsrəddinkimi mətbu nümunələr ilk qəzetimizin ideyalarını davam etdirməyə başlamışdılar. “Əkinçi”nin fəaliyyəti və H.Zərdabinin elmi irsi Azərbaycanın alim və tədqiqatçıları tərəfindən dərindən araşdırılıb, neçə-neçə kitabmonoqrafiyalar, məqalələr çap olunub. Bu gün isə Azərbaycan mətbuatı tamamilə yeni mərhələdə inkişaf edir. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir. Şəffaflıq və vətəndaş həmrəyliyi, ictimai maraqların üstün tutulması, qabaqcıl texnologiyaların mənimsənilməsi və s. müasir medianı xarakterizə edən əsas meyarlardır. 145 il öncəki və bugünkü mətbuatımızı müqayisə etsək, nə qədər böyük fərq olduğunu görərik. Lakin nəzərə almaq lazımdır ki, hazırkı səviyyəyə çatana kimi Azərbaycan jurnalistikası çox çətin və mürəkkəb yol keçib. Son illər dünyada, eləcə də Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı, sözfikir azadlığının ön plana keçməsi, dünyaya inteqrasiyaqloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoyur. Bu gün ölkəmizdə 40-dan çox gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər dərc olunur. Azərbaycanda ümumilikdə 95 teleradio yayımçısı və operatoru, 12 ümumrespublika televiziya, 12 regional televiziya, 16 radio və 3 peyk televiziya yayımçısı fəaliyyət göstərir. Respublika əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyon nəfəri ötüb. Bu rəqəmlər ölkəmizdə azad medianın uğurla inkişaf etdiyini göstərir.

Nərgiz Qəhrəmanova vurğulayıb ki, Azərbaycan hökuməti hər zaman mətbuatın azad inkişafına diqqət yetirib, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə önəm verib, KİV-lərin cəmiyyətdə rolunu yüksək dəyərləndirib. Ulu öndər Heydər Əliyevin müstəqillik illərində ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı mühüm addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

Prezident İlham Əliyev tərəfindən də hər zaman Azərbaycanda mətbuatın tərəqqisi, jurnalistlərin stimullaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının Azərbaycan milli mətbuatının 130, 135, 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" 2020-ci il 30 iyun tarixli Sərəncamı jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, o cümlədən kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyəri bir daha təsdiqləyir. Bu addım bir daha sübut edir ki, “Əkinçi” qəzeti müasir dövrümüzdə də jurnalistlərin, mətbuat nümayəndələrinin istinad yeri, qiymətli xəzinəsidir.

“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da mətbuatımızın inkişafında böyük rolu olan bir qurum kimi bu il jurnalistikanın 145 illiyini qeyd edir. AMEA-nın rəsmi veb-portalı olan science.gov.az, AMEA Rəyasət Heyətinin mətbu orqanı olanElm” qəzeti və Akademiyanın “Elm TV” internet televiziyası bu gün ölkənin elm sahəsində fəaliyyət göstərən öncül, nüfuzlu mətbuat orqanlarındandır. İlk mətbu nümunəmizin nəşrindən düz 120 il sonra, 1995-ci ildə fəaliyyətə başlayan, ölkənin ilk veb-saytı olan science.gov.az müasir dövrümüzün elektron “Əkinçi”si hesab olunur. Bu il 25 yaşını qeyd edən science.gov.az Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, eləcə də dünya və ölkə elmində əldə edilmiş nailiyyətləri obyektiv işıqlandırır, təbliğ edir. Hazırda bəşəriyyəti cənginə alan koronavirus pandemiyası dövründə bütün dünyada mətbuatın necə güclü vasitə olduğu, 4-cü hakimiyyət rolunu oynadığı bir daha ön plana keçib. Bu gün müxtəlif ölkələrdə fəaliyyət göstərən jurnalistlər cəmiyyətin öndə gedən peşə sahibləri kimi, fasiləsiz şəkildə ictimaiyyətin xidmətində dayanırlar.

Science.gov.az da koronavirus pandemiyası dövründə mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini məlumatlandırmaqda davam edir. Portalda hər gün AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, eləcə də dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatlar işıqlandırılır.

AMEA Rəyasət Heyətinin digər mətbu orqanı olanElm” qəzeti ölkənin kütləvi informasiya vasitələri arasında özünəməxsus yeri olanöz dəst-xətti ilə seçilən nəşrlərdəndir. Qəzet Azərbaycan elmində baş verən yenilikləri ictimaiyyətə çatdırmaq, alimlərimizi dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərir. Burada görkəmli elm xadimləri ilə müsahibələrə, AMEA-da həyata keçirilən müxtəlif tədbirlərə, o cümlədən elmi tədqiqatlarla bağlı məqalələrə rast gəlmək mümkündür.

Azərbaycanın ilk elmi internet televiziyası olanElm Tv” isə AMEA-nın institut və təşkilatlarında keçirilən tədbirləri lentə alır, gənc alim və mütəxəssislərin reallaşdırdığı maraqlı layihələri işıqlandırır. “Elm Tv” Azərbaycan milli elmi irsinin mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub saxlanılmasında yaxından iştirak edir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev də hər zaman mətbuatın inkişafına xüsusi önəm verir, ölkədə KİV-in fəaliyyətini diqqətdə saxlayır. 2019-cu il oktyabrın 23-də AMEA-nın Ümumi yığıncağında akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra bütövlükdə bu elm ocağı ilə yanaşı, science.az-ın və akademiyanın digər mətbuat orqanlarının da həyatında yeni mərhələ başlanıb. İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin strukturunda dəyişikliklər edilib, idarəetmə sistemi modernləşdirilib.

On bir ildən artıqdır ki, mən də Azərbaycan mətbuatının, AMEA-nın və ən əsası science.gov.az portalının bir parçası olmaq, ölkəmizin elm adamları, ziyalıları ilə birgə çalışmaq və elmimizin təbliğini həyata keçirməkdən qürur duyuram.

Jurnalist fəaliyyətimdən başqa, AMEA-nın ictimai həyatında da – Azərbaycan mətbuatının inkişafı yönündə müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak edirəm. Fəaliyyətim dövründə jurnalistika sahəsində müxtəlif respublika və beynəlxalq səviyyəli konfranslarda, treninqlərdə iştirak edərək sertifikatlara layiq görülmüşəm. Bugünədək ölkə mətbuatında Azərbaycanın jurnalistika tarixi, tanınmış alimlərimizin həyat və fəaliyyəti, ölkə elmində baş verən yeniliklər və mühüm hadisələrə dair 30-a yaxın məqaləm dərc olunub. İnanırıq ki, həm bütövlükdə Azərbaycan, həm də AMEA mətbuatı illər keçdikcə daha da inkişaf edəcək, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması istiqamətində fəaliyyətini daha da genişləndirəcək. Mətbuatımızın yaranmasının 145-ci ildönümü münasibətilə ölkənin müxtəlif media orqanlarında fəaliyyət göstərən bütün qələm sahiblərini ürəkdən təbrik edir, jurnalistikamızın yüksələn xətlə tərəqqisi yönündə həmkarlarıma yaradıcılıq uğurları arzu edirəm!", - deyə Nərgiz Qəhrəmanova bildirib.

Elm 2020.- 15 iyul.- S.11.