Heydər Əliyev mövqeyi

 

Bütün böyükmüdrik dühalar kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də yaşadığı dövrün real mahiyyətini dərindən görmüş, özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olmuşdur.

Bu görkəmli dövlət xadimi heç vaxt zamanın arxası ilə getməmiş, əksinə, zamanı öz arxasınca aparmağı bacarmışdır. Heydər Əliyevin fəth etdiyi zaman tarixə çevrilmiş və həm də növbəti sabahlara yol açmışdır. Bu mənada Ulu Öndər Heydər Əliyev epoxası sadəcə Azərbaycan xalqının və dövlətinin yalnız fərqli tarixi deyil, həm də daha işıqlı sabahı deməkdir.

Heydər Əliyev Azərbaycan xalqının əbədiyyət günəşidir. Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan həm milli iftixar duyğusu, həm də bugünümüzün və sabahımızın mahiyyətidir, hərəkətverici qüvvəsidir. Qüdrətli tarixi şəxsiyyət olan Heydər Əliyevin müstəqil dövlətçilik idealları Azərbaycan xalqının əbədiyyət yoludur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətçilik yollarındakı dönməz mövqeyi, yaradıcı dühası, yorulmaz fəaliyyəti ilə Heydər Əliyev epoxasını tamamlamış və yeni tarixi era yaratmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əbədiyyət rəmzi, Prezident İlham Əliyev isə qüdrətli lideri və uzaqgörən sükançısıdır. Heydər Əliyev özünün çoxillik tarixi xidmətləri ilə tarixdə şəxsiyyətin böyük rolunu isbat etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənsub olduğu xalqı və rəhbərlik etdiyi müstəqil dövləti daim qabağa aparmağı bacarmış, müasir tarixin yeni üfüqlərini müəyyən etmiş, dönmədən bu yolla gedərək böyük əməlləri ilə daha böyük zəfərlər qazanmağın mümkünlüyünü meydana qoymuşdur.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir simasıdır. Heydər Əliyev ölkəsinin inkişafı və xalqımızın taleyi baxımından böyük tarix yaratmış görkəmli tarixi şəxsiyyətdir. Heydər Əliyev tarixin ən çətin və məsuliyyətli zamanlarında da tarix yaratmağın əsl nümunəsini göstərmişdir.

Böyük dövlət xadimi Heydər Əliyevdə tarixi şəxsiyyətlər üçün zəruri olan bütün keyfiyyətlər cəmləşmişdir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, möhkəm siyasi iradə, aydın dövlətçilik mövqeyiümummilli mənafe bu böyük tarixi şəxsiyyətin həyatının və mübarizəsinin əsas istiqamətlərini müəyyən etmişdir. Heydər Əliyevin şəxsiyyətində və fəaliyyətində dəmir kimi möhkəm general iradəsi ilə əsl liderin aydın və qəti mövqeyi, habelə uzaqgörənliyi birləşir. Heydər Əliyev üçün möhkəm iradə ilə aydın siyasi mövqe onun çoxcəhətli fəaliyyətinin qoşa dəmir yolu kimi ən mühüm zəruri faktorlarından biri idi. Bunlardan hər hansı biri olmazsa, lokomotivin hərəkəti mümkün olmadığı kimi, liderin də lokomotivə çevrilmək şansının baş tutması mümkün deyildir. Görkəmli dövlət xadimi kimi Heydər Əliyevin qüdrəti onun aydın siyasətində, qətiyyətli dövlətçilik mövqeyində, ümummilli maraqlara və bəşəri dəyərlərə əsaslanan dönməz iradəsində idi. Və yaxud da əksinə, Heydər Əliyevin möhkəm siyasi iradəsi onun aydın siyasi və dövlətçilik mövqeyini həyata keçirməsini, habelə ümummilli maraqlarını cəmiyyətdə gerçəkləşdirməsini təmin etmişdir. Qüdrətli dövlət xadimiböyük siyasi lider kimi Heydər Əliyevin simasında aydın siyasi mövqe ilə dönməz müstəqil dövlətçilik maraqlarına təminat verən möhkəm iradə bir-birini üzvi surətdə tamamlamışdır. Naxçıvanda sadə bir dəmiryolçu ailəsində ilkin zəruri təməlləri atılmış, Dövlət Təhlükəsizlik orqanlarında formalaşmış, Azərbaycan Sovet Respublikasına rəhbərlik edərkən böyük sınaqlardan uğurla çıxmış Heydər Əliyevin siyasi və dövlətçilik mövqeyi, möhkəm iradəsi Sovetlər İttifaqının baş qərargahı olan Siyasi Büroda cərəyan edən Kreml "döyüşlərində” özünü isbat etmişdir. Beləliklə, aydın siyasi və dövlətçilik mövqeyi görkəmli dövlət xadimi Heydər Əliyev üçün hədəf olaraq qəbul etdiyi ideyanı müəyyən edən strategiya, möhkəm iradə isə həmin düşünülmüş strategiyanı həyata keçirmək baxımından seçilmiş taktika idi. Tərcümeyi-halının bütün mərhələlərində Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının baş məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət olmuşdur. Bu düşünülmüş, əqidə kimi qəbul edilmiş ümummilli mövqe və müstəqil dövlətçilik strategiyası Heydər Əliyev tərəfindən seçilmiş ən ağıllı və məqsədəuyğun taktika ilə dönmədən həyata keçirilmişdir. Buna görə də haqlı olaraq Heydər Əliyev dünya miqyasında böyük siyasətin qrossmeysteri və əsl strateq kimi qəbul olunur. Hətta Azərbaycan xalqının Ümummilli Liderinə məxsus olan "mövqeyini bildir” ifadəsi Azərbaycanın siyasi və mənəvi mühitində atalar məsəlinə çevrilmişdir. Ümumiyyətlə, bütün məqamlarda aydın və konkret mövqe nümayiş etdirmək tələbi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlət idarəçiliyi məktəbinin açıq dərsidir. Bu, hər bir insanın cəmiyyət qarşısındakı vətəndaşlıq missiyasını yerinə yetirməyə borclu olduğunu, bununla proseslərin aydınlaşdırılmasına və ya inkişaf etdirilməsinə xidmət etdiyini müəyyən edən mənəvi məsuliyyətinin ifadəsidir.

Azərbaycan Sovet Respublikasını geridə qalmış bir respublikadan hərtərəfli şəkildə inkişaf etmiş ölkəyə çevirmək Heydər Əliyevin siyasi məqsədi, strategiyası idi. Bu uzunmüddətli strategiyanı mərhələ-mərhələ həyata keçirmək üçün SSRİ rəhbərliyində apardığı danışıqlar, müzakirələr, bunların əsasında ümumittifaq miqyasında və respublika səviyyəsində qəbul etdirməyə nail olduğu qərarlar görkəmli dövlət xadimi Heydər Əliyevin konkret və aydın mövqeyinin ifadəsi idi. Tarix üçün çox da böyük olmayan 1969-1982-ci illər ərzində Azərbaycan Sovet Respublikasını keçmiş SSRİ-də bütün istiqamətlər üzrə inkişaf etmiş bir ölkə səviyyəsinə çatdırmaq Heydər Əliyevin yorulmaz fəaliyyətinin və böyük iradəsinin nəticəsi idi. Bundan başqa, sovet dövrünün çətin, sərt siyasi-ideoloji mühiti çərçivəsində Azərbaycanda həm də milli maraqların inkişaf etdirildiyi bir dövlətçilik sistemi formalaşdırmaq Heydər Əliyevin müəyyən olunmuş mövqeyidüşünülmüş strategiyası idi. Həmin ümummilli strategiyanı gerçəkləşdirmək üçün seçilmiş Sovet dövlətinin siyasi-ideoloji prinsiplərinin əleyhinə getmədən müdrik bir taktika ilə ölkədə ədəbiyyat və incəsənətin inkişaf etdirilməsi vasitəsilə məqsədinə çatmaq yollarında atdığı qətiyyətli addımlar yalnız və yalnız Heydər Əliyevin sarsılmaz iradəsinin sayəsində mümkün olmuşdu. Nəinki böyük Azərbaycan şairi Nizami Gəncəvinin və Mirzə Fətəli Axundzadənin, hətta yalnız xalq həyatı ilə bağlı olan ustad Aşıq Ələsgərin də yubileylərini həm respublikada, həm də ümumittifaq miqyasında yüksək səviyyədə qeyd edilməsinə nail olmaq yolu ilə Azərbaycanda milli mədəniyyətin, milli-mənəvi dəyərlərin və nəticə etibarilə milli şüurun inkişaf etdirilməsinə nail olan Heydər Əliyev Sovetlər İttifaqının tərkibində olan digər respublikalarda bu işin həyata keçirilməsinə yol açmışdır. Sovet dövründə erməni-bolşevik qruplaşması tərəfindən məqsədli şəkildə "millətçi” damğası vurulmuş görkəmli dövlət xadimiböyük yazıçı Nəriman Nərimanova əzəmətli heykəl ucaltmaq niyyətini həyata keçirmək məqamında da Heydər Əliyevin siyasi mövqeyi ilə iradəsinin sarsılmaz vəhdəti onu qələbəyə çatdırmışdı. Fikrimizcə, sovet hakimiyyətinin ən güclü olduğu, hətta Sovetlər İttifaqının tərkibindəki xalqları manqurtlaşdırıb əridərək vahid sovet xalqı formalaşdırmaq siyasətinin həyata keçirildiyi çətin bir şəraitdə Azərbaycan dilini Respublikanın Konstitusiyasına dövlət dili kimi daxil etdirməsi görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı ümummilli siyasətin qələbəsi idi. Dövrün özünəməxsus siyasi-ideoloji çətinliklərini nəzərə almaqla, 1978-ci ildə Azərbaycan dilinin Respublika Konstitusiyasında dövlət dili kimi ayrıca maddədə öz ifadəsini tapması əsl dövlət xadiminin yerinə yetirdiyi qəhrəmanlıq hadisəsidir. Və bu təkrarsız qəhrəmanlıq hadisəsi də görkəmli dövlət xadiminin aydın siyasi və dövlətçilik mövqeyi ilə möhkəm iradəsinin nəticəsində baş vermişdir.

Azərbaycanın dövlət müstəqilliyi dövründə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin aydın və qəti siyasi mövqeyi ilə möhkəm iradəsi xalqımıza və dövlətimizə uğurqürur gətirmiş, müstəqilliyimizin daha da inkişaf etdirilib möhkəmləndirilməsinə xidmət etmişdir. Bu məqamda ali məqsədlərinə çatmaq üçün sovet dövründə siyasi rejimin dəmir sədlərini aşmağın çətinliklərini yaşamış Heydər Əliyev yeni mürəkkəb tarixi şəraitdə Sovet İmperiyasının dağılması dalğasında meydana çıxmış və kütlə psixologiyasından uzağa gedə bilməyən naşı, başabəla "kiçik padşahların” yaratdıqları süni maneələri dəf etmək vəzifələrini həyata keçirməli olmuşdur. Azərbaycan xalqı, həmişə olduğu kimi, bu taleyüklü həlledici məqamda da dırnaqarası bəyləri deyil, bütün sınaqlardan uğurla çıxmış Heydər Əliyev mövqeyini dəstəkləmişdir. Heydər Əliyevin ikinci dəfə Azərbaycanda böyük siyasətə qayıdışı, dövlət rəhbərliyinə gəlməsi mənsub olduğu xalqın dönməz mövqeyinin ifadəsi idi. Bu məqamda ölkəsinə, xalqına, vətəninə, torpağına xidmət etməyi mənəvi borcu hesab edən Heydər Əliyevin siyasi mövqeyi ilə xalqın milli mənafeləri üst-üstə düşmüşdür.

Sovet dövləti rəhbərliyindən istefaya göndərilməsindən sonra 21 yanvar 1991-ci ildə görkəmli dövlət xadimi Heydər Əliyev Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyinə gələrək, Bakıda 20 Yanvar 1990-cı il faciəsini törətdiyinə görə SSRİ rəhbərliyini sərt tənqid etməklə doğma xalqını müdafiə etməsi Ulu Öndərin kəskin mövqeyini bəyanat səviyyəsinə qaldırmışdır.

Dövlət müstəqilliyi illərində hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ikən SSRİ-nin saxlanılmasına "yox” deməsi, Naxçıvanda həmin məqsədlə ölkə üzrə təşkil edilmiş referendumda Naxçıvan əhalisini iştirak etməməyə çağırması və buna nail olması Heydər Əliyevin siyasi mövqeyinin əməli təzahürü idi.

Hələ SSRİ-nin mövcud olduğu dövrdə Sovetlər İttifaqının bayrağını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası üzərindən endirərək, üçrəngli Azərbaycan bayrağını dövlət rəmzi kimi rəsmi şəkildə qəbul etdirməsi Heydər Əliyev mövqeyinin və iradəsinin qələbəsi idi.

Azərbaycan Respublikasının Prezidenti kimi 1994-cü ildə "Əsrin müqaviləsi” Neft Kontraktının beynəlxalq birlik tərəfindən imzalanması vəzifəsini qətiyyətlə həyata keçirməsi Heydər Əliyevin siyasi mövqeyinin və möhkəm iradəsinin təntənəsi idi. "Əsrin müqaviləsi”ni beynəlxalq miqyasda qəbul etdirmiş görkəmli dövlət xadimi Heydər Əliyev zamanı qabaqlayaraq əsrin Prezidenti mövqeyinə yüksəlmişdir. Bunun ardınca dövlətlərarası böyük maraqların arasında ortaq mövqe tapmaqla Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərini çəkdirməyə nail olmaq Heydər Əliyevin siyasi mövqeyi və möhkəm iradəsi olmadan heç cür baş tuta bilməzdi. Azərbaycanın üçrəngli dövlət bayrağını Avropa İttifaqının önündə, dünya ölkələrinin bayraqlarının cərgəsində dalğalandırmaq üçün də xalqımıza və müstəqil dövlətimizə uzaqgörən, müdrik və qətiyyətli Heydər Əliyev mövqeyi və iradəsi lazım idi.

XX əsrin doxsanıncı illərində Bakıda və Naxçıvanda xarici siyasi-hərbi qüvvələrin dəstəyi ilə müxalifət qüvvələri tərəfindən törədilmiş dövlət çevrilişi cəhdlərindən Heydər Əliyev mövqeyi və iradəsi olmadan çıxmağın mümkün ola bilməsi müsbət cavabı olmayan ritorik sualdır. Heydər Əliyev mövqeyi və iradəsi Azərbaycanda müstəqil dövlətçiliyin taleyini həll edən de-faktdır. Ulu Öndər xalq və dövlətçilik mənasında əsl xilaskarlıq missiyasını həyata keçirmiş liderdir.

Məhz Heydər Əliyev mövqeyi və iradəsi siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqını və müstəqil Azərbaycan dövlətini neçə-neçə böyük imtahanlardan çıxarmış, böyük xilaskarlıq missiyasını həyata keçirməyin, ölkəni qoruyub saxlamağın və inkişaf etdirməyin əsl yoluna çevrilmişdir.

Aydın siyasi və dövlətçilik mövqeyi, sarsılmaz iradə Heydər Əliyevin simasında geniş dünyagörüş və zəngin həyat təcrübəsi ilə zənginləşdirilmiş və bütövləşmişdir. Böyük tarixi şəxsiyyət və görkəmli dövlət xadimi olmağın düsturu olan bu xüsusiyyətlərə malik olması Heydər Əliyevi Azərbaycan xalqının və dövlətçiliyinin çoxəsrlik tarixinin əbədiyyət qazanmış, nadir tarixi şəxsiyyəti səviyyəsinə yüksəltmişdir.

Müstəqil Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev mövqeyinin və iradəsinin şah əsəridir. Heydər Əliyevin mövqeyi və iradəsi onun böyük şəxsiyyətinin meyarlarıdır. Konkret mövqe ifadə etmək və aydın siyasi-mənəvi iradəyə malik olmaq Ulu Öndər Heydər Əliyevin nümunəsində sınaqlardan çıxmış dəyərlərdir. Bu da böyük siyasətdə Heydər Əliyev dövlətçilik məktəbinin ibrətamiz dərsləridir.

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın tarixində də, sabahında da iştirak edən, xalqımızın və ölkəmizin yollarına daim işıq salan tarixi şəxsiyyətdir. Möhkəm müstəqil dövlətçilik mövqeyi, dönməz iradə və ümummilli ideallar Heydər Əliyevi Azərbaycan xalqının Ümummilli Lideri mövqeyinə çatdırmışdır. Heydər Əliyevin qazandığı ümummilli liderlik ucalığı Azərbaycan xalqının siyasi və mənəvi ucalığının rəmzidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya dövlətləri içərisində özünəməxsus aydın mövqeyi və möhkəm siyasi iradəsi, konkret dövlətçilik strategiyası və taktikası olan beynəlxalq səviyyədə həm də qlobal baxışları ilə səciyyələndirilən qüdrətli liderdir.

Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin mövqeyini heç nə ilə dəyişməyən, əksinə, hər dəfə inkişaf etdirib möhkəmləndirən görkəmli dövlət xadimidir.

Azərbaycan Respublikasının bütün istiqamətlər üzrə inkişaf etdirilərək dünyanın böyük dövlətlərinin orbitinə gətirib çıxarmaq İlham Əliyevin siyasi iradəsinin möhtəşəm yekunudur.

Bu gün dünya dövlətləri arasında müstəqil Azərbaycan Respublikasının, ölkələrin və xalqların cərgəsində isə Azərbaycan xalqının yerinin, nüfuzunun, sözünün qüvvətləndirilməsi Prezident İlham Əliyevin aydın siyasi mövqeyi ilə möhkəm iradəsinin mühüm yekunudur.

Azərbaycan Respublikasının müstəqillik tarixi ərzində bütün məqamlarda dövlət rəhbəri ilə daim həmrəylik nümayiş etdirməsi artıq Azərbaycan xalqının mövqeyinin ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə dövründə ölkə daxilində dövlət səviyyəsində həyata keçirdiyi tədbirlər, vaxtında atdığı qətiyyətli addımlar ölkəmizdə illərdən bəri formalaşmış birlik və həmrəyliyin daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə təkan vermişdir.

Pandemiya günlərində Azərbaycan Respublikası Prezidentinin koronavirus bəlasına qarşı birlikdə mübarizə aparmaq mövqeyi beynəlxalq birlik tərəfindən də dəstəklənmişdir. Türk Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan dövlətlərin prezidentləri və Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin başçıları, bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə Prezident İlham Əliyevin keçirdiyi onlayn Zirvə görüşləri Azərbaycan dövlətinin mövqeyini bəyan edən və qlobal çağırışları meydana qoyan nadir tarixi hadisələrdir. Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir beynəlxalq qurumun sədrinin Azərbaycan Respublikası Prezidentinin çoxcəhətli fəaliyyətinə verdiyi yüksək qiymət nəticə etibarilə dövlət başçısının timsalında Azərbaycan dövlətinin tarixin bu məsuliyyətli dövründə nümayiş etdirdiyi mövqeyin dünya miqyasında dəstəklənməsi deməkdir. Sözün əsl mənasında, koronavirusla mübarizə günlərində Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına məxsus ali keyfiyyətlərə malik olduğunu nümayiş etdirir. Ölkə daxilində koronavirusa qarşı aparılan mübarizənin "Biz birlikdə güclüyük!” və Qoşulmama Hərəkatı səviyyəsində beynəlxalq miqyasda nümayiş etdirilən mövqeyin "COVID-19-a qarşı birlikdə” adlandırılması Prezident İlham Əliyevin səylərinin və təşəbbüslərinin mahiyyətini və mənasını dolğun şəkildə ifadə edir. Bununla da Azərbaycan Respublikasının Prezidenti öz ölkəsi ilə dünya dövlətlərinin mövqelərini yaxınlaşdırmaq, birləşdirmək üçün konkret və aydın mövqe meydana qoyur. Vaxtilə görkəmli dövlət xadimi Heydər Əliyevin Sovetlər İttifaqı və Azərbaycan masştabında göstərdiyi siyasi mövqeyin sərhədləri daha da genişləndirilərək beynəlxalq miqyas səviyyəsinə qaldırılmış olur. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəsini və xalqını dünya miqyasına çıxarmaq istiqamətindəki dönməz mövqeyinin növbəti qələbəsidir.

Dünya ölkələrində siyasi hakimiyyətlərin böhranla üzləşdiyi çətin zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doxsan beş faiz reytinq nümayiş etdirməsi dövlət başçısına qədirbilən xalqımızın bəslədiyi aydın mövqeyinin konkret əməli təzahürüdür. Bu məqamda xalqını və dövlətini inkişaf etdirmək üçün var qüvvəsi ilə çalışaraq böyük nailiyyətlərə imza atmış Prezident İlham Əliyevin mövqeyi ilə onu ürəkdən dəstəkləyən xalqın mövqeyi üst-üstə düşür və vəhdət təşkil edir.

Azərbaycan dövlətçiliyini çətin sınaqlardan çıxarmış Heydər Əliyevin mövqeyi Prezident İlham Əliyevin ölkə daxilində və beynəlxalq aləmdə nümayiş etdirdiyi aydın siyasi mövqe və möhkəm iradə ilə birlikdə xalqımıza və ölkəmizə böyük nüfuz qazandırır, daha geniş üfüqlərə doğru addımlamaqda güc və qüvvət verir.

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

Elm  2020.- 13 may.- S.6;8.