Ordunu qüdrətli edən onun bayrağıdır
Artıq 11-ci ildir ki, Azərbaycanda 9 Noyabr – Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayraq hər bir dövlətin əsas atributu, milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Bayraq sevgisi vətən sevgisidir. Bu bir həqiqətdir ki, türk övladı vətənini sevir, millətini sevir, bayrağını sevir…
Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin
sözləri ilə desək: “Bir kərə
yüksələn bayraq, bir
daha enməz!” Nəhayət, bir kərə yüksələn bayraq 1991-ci ildə yenidən
başlarımız üstə yerini tutdu və Azərbaycan öz
dövlət müstəqilliyini bərpa etdi.
2009-cu il noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb. Dövlət Bayrağı Günü kimi bu günün seçilməsi isə təsadüfi deyil. Məhz 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Cümhuriyyətinin üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etdi.
Milli
bayrağımızdakı mavi rəng – türkçülüyü,
qırmızı rəng – müasirliyi,
yaşıl rəng –
islamçılığı ifadə edir.
Bayrağın üzərindəki aypara türk xalqlarının simvolu,
səkkizguşəli ulduz isə 8 oğuz-türk tayfasının adı ilə
bağlıdır.
Bu gün Azərbaycan
Respublikası üzərində dalğalanan
üçrəngli milli
bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər
Şurasının yerləşdiyi binada
(indiki Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilib və
qaldırılıb.
Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan
Xalq Cümhuriyyəti süqut
etdi və həmin Cümhuriyyətin
müqəddəs idealının – müstəqilliyinin rəmzi
olan üçrəngli milli
bayrağımız 1920-ci il mayın 3-də
Azərbaycan Parlamentinin binası üzərindən
endirildi… Üçrəngli bayraq bir də 70 il sonra yüksəklərə
qaldırıldı.
1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə gedən proseslərə güclü təkan verdi.
2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu. Ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və ehtiramın göstəricisidir.
Millətin qeyrəti və namusu,
şərəfi və ləyaqəti bayraqda
ifadə olunur. Bayraq, eyni zamanda milli
azadlığın, istiqlal
ideyalarının, bəşər sivilizasiyasında istər
xalqın, istərsə də dövlətin yerinin
və rolunun təcəssümüdür.
Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər
sistemində iştirak etməsi üçün vizit vərəqəsi
sayılır. Bu gün
dövlət bayrağımız müstəqilliyimizin rəmzi
kimi BMT-nin, Avropa Şurasının, respublikamızı başqa ölkələrdə təmsil edən
səfirliklərimizin qarşısında əzəməti ilə
ucalır.
Hal-hazırda Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda
dalğalanır. Sentyabrın
27-dən başlayaraq
işğalçı Ermənistanın atdığı
növbəti qanlı təxribata rəşadətli ordumuz tərəfindən layiqli
cavab verildi və
verilməkdə davam edir.
30 illik səbrin, təmkinin tükəndiyi
bir vaxtda
xalqımız Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham
Əliyevin əmri altında Qarabağ
torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşamağa başladı. Azərbaycan
üçrəngli bayraqlarla bəzənib.
Hər bir Azərbaycan vətəndaşı
qürur hissi
yaşayır.
Azərbaycanın şanlı ordusu yeni tarix
yazır. Şanlı Azərbaycan Ordusunun
böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş
əməliyyatları nəticəsində hazırda
üçrəngli Azərbaycan bayrağı azad
olunmuş doğma ərazilərimizdə
– Füzuli, Suqovuşanda,
Hadrutda, Cəbrayılda, Zəngilanda,
Qubadlıda, xalqımızın tarixi
birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Hazırda işğal altında qalan
digər doğma ərazilərin də
düşmən tapdağından azad
edilməsi istiqamətində döyüş
əməliyyatları əzmkarlıqla davam
etdirilir və bu
yaxın vaxtlarda böyük
qələbəylə başa
çatdırılacaqdır!
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
çıxışında deyib: “İşğal edilmiş
torpaqlarda Azərbaycan bayrağı
qaldırılır! Onların səngərlərində Azərbaycan
əsgəri dayanır! Biz xilaskar missiyamızı icra
edirik və edəcəyik! Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Şuşaya, Xankəndinə, Laçına sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı əmindir.
Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin
tarixini öyrənməyə, araşdırmağa
geniş imkanlar
açır. Məhz bu
baxımdan xalqımızın azadlığını, suverenliyini, öz
istiqlalı uğrunda apardığı
mübarizəni, milli kimliyini
tərənnüm edən üçrəngli
bayrağımız həm də milli qürurumuzdur. Çünki
milliliyi, dini
inancımızı və müasirliyi təcəssüm
etdirən bayrağımız azərbaycanlılara öz soykökünü
xatırladır, üzərində dalğalanan
torpağın qədimliyini göstərir.
Milli mənəvi irsimizin qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan müxtəlif xarakterli bayraqlar müstəqil
dövlətçiliyimizin rəmzi kimi xüsusi əhəmiyyətə malikdir. Muzeydə Azərbaycan Cümhuriyyətinin
bayrağı, parlamentin sədri Əlimərdan
bəy Topçubaşova məxsus Azərbaycan
bayrağı formasında bürüncdən döş
nişanı qorunub mühafizə edilir. Azərbaycan Cümhuriyyətinin
bayrağı 1952-ci ilin 28 may
günü ərəfəsində
Türkiyədə mühacirətdə olan
Məhəmməd Əmin Rəsulzadə xanımı ilə
birgə hazırlayıb. Keçmiş mühacir Gülmirzə Bağırov onu qoruyub Bakıya gətirir,
2003-cü ilin iyununda Milli Azərbaycan Tarixi
Muzeyinə təqdim olunur.
Azərbaycan bayrağı qürur mənbəyimiz, milli dəyərimizdir. İnanırıq ki, üçrəngli Azərbaycan bayrağı bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaq.
Aynur BABAYEVA, AMEA-nın Milli
Azərbaycan Tarixi Muzeyinin əməkdaşı
Elm 2020.- 13 noyabr.- S.5.