70 yaşın zirvəsində: əsl alim və ziyalı ömrü
Rusiya Elmlər
Akademiyası (REA) Bitki Fiziologiyası İnstitutunun İdarə
olunan fotosintez laboratoriyasının müdiri, REA
Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi
işçisi, Moskva Dövlət Universitetinin və Moskva
Fiziki-Texniki İnstitutunun professoru, AMEA-nın Molekulyar Biologiya
və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq
laboratoriyasının müdiri biologiya elmləri doktoru
Süleyman Allahverdiyevin 70
yaşı tamam olub. S.İ.Allahverdiyev
fotosintezin fiziologiyası, biofizikası,
biokimyası sahələri üzrə dünyada
tanınmış alimdir. Qədim Yunan filosofu Sokrat deyib ki,
“Alimin biliyi o, təvazökar olanda
üzə çıxır”. Xeyirxahlıq, alicənablıq,
insanpərvərlik, həssaslıq, səmimiyyət kimi ali insani
keyfiyyətlərə malik olan Süleyman müəllim məhz belə bir şərəfli alim ömrü yaşayıb, yersiz
tərifdən, özü haqqında
danışmaqdan hər zaman
qaçıb. Bütün şüurlu ömrünü
elmin inkişafına sərf edən, Azərbaycan
elmini dünyada
tanıtmağı özünün vətəndaşlıq
borcu sayan həmyerlimiz
elmimizin bugünü
və sabahı naminə durmadan
çalışmaqdadır.
Süleyman Allahverdiyev 1950-ci ildə Qərbi Azərbaycanın Krasnoselsk rayonunun Çaykənd kəndində anadan olub. O, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib və böyük alim Cəlal Əliyevin rəhbərlik etdiyi laboratoriyaya təyinat alıb. Bir müddət burada çalışdıqdan sonra Cəlal müəllimin təqdimatı ilə Moskvaya təcrübə keçməyə göndərilib. 1977-ci ildə SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunun (indiki Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutu) aspiranturasına daxil olub. 1984-cü ildə SSRİ EA-nın Biofizika İnstitutunda (Puşino ş.) ”Biofizika” ixtisası üzrə “Ali bitkilərdə və yosunlarda 2-ci fotosistemin reaksiya mərkəzlərində feofitinin fotoreparasiyası“ mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və müdafiədən sonra SSRİ EA-nın Fotosintez İnstitutunda çalışmağa başlayıb. 2002-ci ildə Rusiya EA-nın Bitkilərin Fiziologiyası İnstitutunda “Bitki fiziologiyası və biokimyası” ixtisası üzrə “2-ci fotosistemin funksional təşkili və inaktivləşməsi “ mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. 2010-cu ildən Rusiya EA Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, 2015-ci ildən Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi vəzifələrində çalışır. 2016-cı ildən isə AMEA Botanika İnstitutunun nəzdində yaradılan AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasına rəhbərlik edir.
Onun tərəfindən 2-ci fotosistemin elektron-nəqliyyat zəncirinin əsasında duran ilkin mexanizmlər araşdırılıb, feofitin molekulunun 2-ci fotosistemin reaksiya mərkəzində aralıq akseptoru olduğu tapılıb və təsdiq edilib. Eyni zamanda DNT-mikroçiplərindən və fiziki-kimyəvi biologiya metodlarından istifadə etməklə bitkilərin fotosintetik aparatının ətraf mühitin əlverişsiz şəraitinə uyğunlaşmasının molekulyar mexanizmləri öyrənilib. Onun tədqiq etdiyi 2-ci fotosistemin elektron-nəqliyyat zəncirində fəaliyyətinin əsasını təşkil edən ilkin mexanizmlərin, fotosintez zamanı elektronların təklif olunan energetik və kinetik yerdəyişmə sxemi bütün dünyada fotosintez üzrə dərsliklərə daxil edilib.
Elmdə son hədd, axırıncı kəşf anlayışı yoxdur. Dünən üçün yeni olan elmi kəşf bu gün artıq köhnəlir, zamanla öz yerini daha böyük elmi ixtiralara verir. Artıq atom enerjisindən istifadə olunması bəşəriyyət üçün sirr deyil, indi elm enerji resurslarından istifadənin yeni, daha səmərəli vasitələrini axtarmaqla məşğuldur. Bu istiqamətdə çalışan mütəxəssislərin sırasında həmyerlimizin adını qürur hissi ilə çəkə bilərik. Hal-hazırda alim tərəfindən nanobiotexnologiya sahəsində yeni istiqamət olan – alternativ enerji mənbəyi kimi molekulyar hidrogenin alınması məqsədilə zülal sistemlərindən istifadə etməklə süni fotosintez sisteminə dair tədqiqatlar uğurla davam etdirilir.
Ömür
yalnız yaşanan illərin sayı ilə
ölçülmür - görülən
işlərin həcmini, arzu və istəyini
yaşadır özündə. Böyük
elmi axtarışların mayasında böyük səbir, təmkin durur.
Qeyri-adi zəhmətkeşliyi, elmə olan dərin sevgisi Süleyman müəllimi fərqləndirən
əsas xüsusiyyətlərdəndir. O, hər il onlarla məqalə çap etdirir, rəsmi
yığıncaqlarda məruzələr edir,
aspirantlara rəhbər olur,
dissertasiyalara rəy yazır və elmi tədbirlərdə fəxri kürsülərdə
oturur. Alimin elmi araşdırmalarının nəticələri
“Chemical Reviwers”, “Proceedings of National Academy
of Science USA”, “The EMBO Journal”, “Journal of Photochemical and Photobiolgy”, “Photosynthesis Research”, “FEBS Letters” və s. nüfuzlu jurnallarda dərc edilir. Hirşa indeksi 52 və 60 olan görkəmli alim 500-dən çox elmi əsər, 8 kitab və 6 ixtiranın müəllifidir,
onun işlərinə
17330-dan artıq istinad
olunub. Alimin elmi məsləhətçiliyi
və rəhbərliyi
ilə 2 elmlər doktoru və 8 elmlər namizədi hazırlanıb.
Thomson Reuters agentliyinin
2016-ci il üçün reytinqinə
uyğun olaraq (“Web of
Science” məlumatları əsasında)
həmyerlimiz "Biologiya"
nominasiyasında Rusiyada
ən çox istinad olunan alim seçilib. Sonrakı illərdə də alimin adı bu cür siyahılarda
ən yüksək yerlərdə qərar tutub. 2019-cu ilin
sonunda “Clarivate
Analytics” şirkəti tərəfindən
çap olunan illik hesabatda “Highly Cited
Researchers” siyahısında elmi əsərlərinə
ən çox istinad olunan alimlərin sırasında
S.Allahverdiyevin də adı qeyd edilib.
Deyirlər elmin Vətəni olmur, amma hər bir ziyalının, elm adamının mütləq Vətəni olmalıdır. Bu gün dünyanın onlarla universitetinin fəxri professoru olan Süleyman müəllim Azərbaycanlı olması ilə fəxr edir. Tanınmış alim 25-dən artıq ölkədə (Avstraliya, Fransa, Hollandiya, Almaniya, Sinqapur, İsveç, Çexiya, Macarıstan, Türkiyə, Hindistan və s.) dəvətli professor kimi çalışıb, dünyanın 40-dan çox ölkəsində mühazirələr oxuyub. S.Allahverdiyev bir sıra aparıcı beynəlxalq jurnalların (“Biochimica et Biophysica Acta (BBA-Bioenergetics”), “International Journal of Hydrogen Energy”, “Journal of Photochemistry and Photobiology B: Biology”, “Frontiers in Plant Physiology” və s.) redaksiya heyətinin, doktorluq dissertasiyalarının müdafiəsi üzrə iki ixtisaslaşmış şuranın, Amerika Kimyaçılar Cəmiyyətinin, Fotositez Tədqiqatçıları Beynəlxalq Cəmiyyətin, Rusiya Fotobioloqlar Cəmiyyətinin, Rusiya Bitki Fizioloqları Cəmiyyətinin, Rusiya Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin üzvüdür. Hal-hazırda xaricdə yaşayan həmyerlimiz Azərbaycanda da elmi fəaliyyətini davam etdirir. S.Allahverdiyev AMEA-nın Rəyasət Heyəti tərəfindən maliyyələşdirilənelmi-tədqiqat proqramları çərçivəsində “Fotosintez prosesinin biomimetik modelləri əsasında süni günəş enerjisi çeviricilərinin işlənib hazırlanması” mövzusunda beynəlxalq (Azərbaycan – Rusiya)layihəyə uğurla rəhbərlik edir.
Tanınmış alim eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasının və eyni zamanda Moskva Fiziki-Texniki İnstitutunun Biologiya və tibbi fizika fakültəsinin professoru olan həmyerlimiz Azərbaycanda da pedaqoji fəaliyyətini uğurla davam etdirərək, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasında təhsil alan tələbələrə ixtisas fənlərini tədris edir. Azərbaycanda S.Allahverdiyevin rəhbərliyi ilə 2 magistr dissertasiyası uğurla müdafiə edilib. Onun yetirməsi olan Elşən Musazadə hal-hazırda Çin Xalq Respublikasının Jilin Kənd Təsərrüfatı Universitetinin doktorantıdır. Alim eyni zamanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının və institutun nəzdində yeni yaradılan Dissertasiya Şurasının üzvüdür.
S.Allahverdiyev böyük uğurla keçən bir sıra beynəlxalq simpozium və konfransların – “Postgenom dövrdə fotosintez: biofizikadan molekulyar biologiyaya qədər” (Kanada, 2004), “Fotosistemlərin struktur və funksiyası” (2006, 2014, 2016, Puşşino), “Davamlı inkişaf üçün fotosintez tədqiqatları” (2011, 2013, Bakı, Azerbaijan; 2015, Krit, Yunanıstan), "Davamlı inkişaf üçün fotosintez və hidrogen enerji tədqiqatları” (2017, Heydarabad, Hindistan) təşkilatçısı olub.
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti tərəfindən ona təqdim olunan AMEA-nın Fəxri Fərmanı alimin çoxillik məhsuldar elmi fəaliyyətinə verilən yüksək qiymətdir.
Tanrının ona bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan Süleyman müəllimi 70 illik
yubileyi münasibətilə təbrik edir, ona
cansağlığı, xoşbəxtlik, elmi-pedaqoji
fəaliyyətində daha böyük
uğurlar arzulayırıq.
Elm 2020.- 20 noyabr.- S.7.