Dövrümüzün ekoloji
problemlərinin həllində biotexnologiyaların xüsusi rolu
İşğaldan azad edilən
ərazilərdə mövcud olan ekoloji problemlərin həllinə
doğru
Təbiət haqqında bir
çox bədii əsərlərin
müəllifi, görkəmli rus
yazıçısı Nikolay Sladkov qeyd edirdi:
“Çoxdandır ki, biz
təbiətə diqqətlə baxırıq.
Özümüzə baxmağın zamanı yetişməyibmi?
Quşların və heyvanların narahat
gözlərində, çəmənlik və meşələrin
gözlərində biz necə görünürük? Kimik
biz – Yer üzünün sahibləri? Nə istəyirik?
Və nə edirik?”
Müasir cəmiyyətlərin fəaliyyəti nəticəsində
yaranmış ekoloji problemlər, kəskin
içməli su
çatışmazlığı, torpaqların, hətta nəfəs
aldığımız havanın çirklənməsi, flora və faunaya dəyən
zərər – bu kimi məsələlər
yazıçının fikrini olduqca aktual edir. Müasir dövrümüzün ekoloji
problemləri alimlərin də qarşısına mühüm vəzifələr qoyur, çünki
müxtəlif səpkili çirklənmələrin
qarşısı alınmasa bəşəriyyət qlobal fəlakətlə üzləşəcək.
Bu, qaçılmazdır.
Azərbaycan alimlərinin də bu
yöndə çoxsaylı tədqiqatları var.
Bu
yaxınlarda Rusiyada AMEA-nın Mikrobiologiya İnstitutunun baş elmi işçisi,
Avropa Təbiət Elmləri
Akademiyasının həqiqi üzvü, biologiya elmləri doktoru, professor Nəriman İsmayılovun rus dilində “Praktiki
ekobiotexnologiyanın elmi əsasları”
(«Íàó÷íûå îñíîâû ïðàêòè÷åñêîé ýêîáèîòåõíîëîãèè»)
kitabı çapdan çıxıb.
Vəsaitdə müasir dövrün aktual ekoloji problemlərini həll etməyə imkan yaradan biotexnologiyalara nəzər salınır. Burada ətraf mühit ekologiyasının ümumi qiymətləndirilməsi, biosferin bioassimilyasiya potensialının təhlili və insan cəmiyyətinin bioekoloji potensialı haqqında söhbət açılır. Son hadisələri nəzərə alaraq qeyd edə bilərik ki, təqdim edilən biotexnologiyalar işğaldan azad edilən ərazilərdə mövcud olan ekoloji problemlərin müəyyən edilməsi və həllində də əhəmiyyətli rol oynayacaq.
Monoqrafiyanın “Ətraf mühit ekologiyasının qiymətləndirilməsi”
adlı birinci fəslində ekoloji, qlobal (biosfer), milli (ölkə ərazisində),
regional (geosistem) və
lokal (yaşayış məntəqələri,
sənaye mərkəzləri və müəssisələri
çərçivəsində) monitorinqlər vasitəsilə
müxtəlif qiymətləndirmələrin aparılması,
həmçinin ətraf mühiti
çirkləndirən amillər (neft və
neft məhsulları, partlayıcı maddələr,
fenollar, ağır metallar,
radioaktiv maddələr və s.) haqqında dolğun məlumat
verilir.
“Ətraf mühitin biotexnologiyası” adlı ikinci fəsil ekoloji balansın qorunub saxlanılması prinsipləri, bəşəriyyətin bioekoloji potensialı, biotexnologiyaların əsas yanaşmaları (bioremediasiya, mikrob biotexnologiyası, fitoremediasiya texnologiyaları və b.), həmçinin biotexnologiyalardan istifadə perspektivlərinə həsr edilib. Bundan əlavə müəllif olduqca aktual məsələlər haqqında – fotosintez zamanı toplanan enerjinin səmərəli istifadəsi (bioloji yanacağın istehsalı) ilə bağlı texnoloji bioenergetika sahəsi, sintetik materialları əvəz edə biləcək təbii polimerlər əsasında hazırlanan bioparçalanan plastiklərin səciyyəvi xüsusiyyətləri, bərk məişət tullantılarının utilizasiyası və emalı haqqında da ətraflı danışır.
Ətraf mühitin
çirklənmədən qorunması və özünü
təmizləməsinin təbii mexanizmləri, ekosistemlərin
özünü tənzimləməsi,
torpaqların ksenobiotik, pestisid,
neft məhsulları və ağır metallardan təmizlənməsi və digər bu kimi mühüm
məsələlər monoqrafiyanın üçüncü
fəslində araşdırılır.
Dördüncü fəsildə suların təmizlənməsi sahəsində istifadə edilən biotexnologiyalardan söhbət açılır. Hazırda su obyektlərinin çirklənməsi problemi olduqca aktualdır. Bu məqam vəsaitdə də xüsusilə vurğulanır: “Suyun müəyyən və daimi tərkibi canlıların yaşayışı üçün əsas amildir. Qəbul etdiyimiz suyun miqdarı və tərkibi dəyişəndə həzm, qan dövranı və digər proseslər pozulur”. Bu fəsildə su obyektlərinin neftlə çirklənmə səviyyəsinin öyrənilməsi, səth və qrunt sularının təmizlənməsi üsulları tədqiq edilir.
Neft istehsalı biotexnologiyasında istifadə olunan mikroorqanizm və substratlar, neft emalı
zamanı süd zərdabı, biopolimerlər
və bioloji səthi-aktiv maddələrin
tətbiqi, neft istehsalı biotexnologiyalarından
səmərəli istifadə meyarları, neft
və neft məhsulları ilə
çirklənən torpaqların təmizlənmə
üsulları – bütün bu məsələlər monoqrafiyanın növbəti fəslində
öz əksini tapıb.
“Ekoloji əkinçilik”
adlı altıncı fəsildə ekoloji
əkinçiliyin əsasları, kənd təsərrüfatı
ekoməhsullarının sertifikatlaşdırılması, kənd
təsərrüfatının ekolojiləşdirilməsində
istifadə olunan mikrob
texnologiyaları, heyvandarlıq tullantılarının
emalı və digər məsələlərdən
danışılır.
Vəsaitin sonuncu fəsli isə ekoloji mədəniyyət və ekoloji sivilliyə həsr edilib. Müəllif xüsusilə qeyd edir ki, “ekoloji məsuliyyət, insanların və ümumilikdə bəşəriyyətin ekologiya sahəsində məsuliyyətli davranışı müasir əxlaqın bir hissəsidir. Buna görə də ayrı-ayrı fərdlərin və bütün bəşəriyyətin ekoloji tərbiyəsi dövrümüzün tələbidir”. Burada dövlətlər və xalqların dayanıqlı inkişafı və milli təhlükəsizliyinin strateji əsasını təşkil edən sosial tərəqqi – iqtisadiyyat – ekologiya üçlüyü haqqında söhbət açılır ki, antropogen cəhətdən yüklənmiş Yer üzünü nəzərə alsaq dünya ölkələrinin əsas səciyyəvi xüsusiyyətini artıq sırf iqtisadi və ya sosial-iqtisadi deyil, məhz ekoloji-sosial-iqtisadi amil təşkil edir.
Yuxarıda sadalananlardan
aydın görünür ki,
sözügedən fundamental elmi əsər dövrümüzün
olduqca aktual problemlərinin
həlli yollarını axtaran alim və mütəxəssislər üçün sanballı bir
töhfədir. Oxuculara həmçinin,
araşdırılan mövzuları əhatə edən 40-dək
şəkil və 40-a yaxın cədvəl, müxtəlif sxem və düsturlar təqdim
edilir.
Beləliklə, biotexnoloji üsullar ətraf mühitin qorunmasında əvəzsiz rol oynayır. Bu baxımdan yazıçı Nikolay Sladkovun digər sözləri çox yerinə düşür: “Yeri, təbiəti qorumaq üçün onu sevmək, sevmək üçünsə tanımaq lazımdır. Tanıyandan sonra isə təbiəti sevməmək mümkün deyil”. Nəriman İsmayılovun “Praktiki ekobiotexnologiyanın elmi əsasları” monoqrafiyası bizə təbiəti biraz da tanımağa, tanıdıqdan sonra isə sevib qorumağa kömək edir.
Vəsait müəllimlər, tələbələr,
texnoloqlar, ekoloqlar, kənd
təsərrüfatı işçiləri, dövlət
işçiləri, habelə istehsalatda
çalışan məsul şəxslər, sosial
və ekologiya sahəsində dayanaqlı inkişaf proqramlarını hazırlayanlar üçün nəzərdə tutulub.
Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Elm 2020.- 30 oktyabr.-
S.5.