Naxçıvan Muxtar Respublikasının zəngin heyvanlar aləmi öyrənilir

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda bitki və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsaslarının araşdırılması bu elmi tədqiqat müəssisəsinin qarşısında duran əsas vəzifələrdən biridir. İnstitutun tərkibində 4 şöbə, 4 laboratoriya, Nəbatat bağı, Təbiət muzeyi, Herbari fondu və Yaşıl aptek fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikanın fauna biomüxtəlifliyinə daxil olan onurğalı və onurğasız heyvanlar aləminin tədqiqi, genofondunun qorunması və səmərəli istifadə imkanlarının tədqiqi istiqamətində bu elmi qurumun Zooloji tədqiqatlar şöbəsi araşdırma aparır.

Elmi fəaliyyətə 2003-cü ildən başlayan və ilk günlərdən hərtərəfli dövlət qayğısı ilə əhatə olunan, səmərəli elmi fəaliyyət üçün zəngin maddi-texniki baza yaradılan şöbədə iş planına uyğun olaraq tədqiqatlar aparılıb və mühüm nəticələr əldə olunub. Belə ki, Naxçıvan Muxtar Respublika şəraitində ilk dəfə olaraq kənd təsərrüfatı heyvanlarında, ev quşlarında parazitlik edən törədicilərin növ tərkibi, yüksək virulentli parazit növlər, onların müxtəlif ekoloji mühitlərdə xəstəlik törətmə qabiliyyəti, bioloji, ekoloji xüsusiyyətləri araşdırılıb. İri və xırdabuynuzlu heyvanların, ev quşlarının xəstəliklərinin kilinki gedişi, onların cinsi məhsuldarlığa təsiri, hematoloji dəyişiklikləri və s. müəyyən edilib. Cənubi Qafqazın ibtidailər faunasına ilk dəfə 3 koksidi növü əlavə olunub. Xəstəliklərin profilaktikası üçün təsirli mübarizə tədbirləri işlənilib hazırlanıb.

Həmçinin, muxtar respublikada gövşəyən heyvanlar arasında geniş yayılmış ağır gedişli helmintozların törədiciləri, bioloji xüsusiyyətləri, yoluxma müddətləri öyrənilib. Region parazitofaunasına yeni helmint növləri əlavə edilib. Tədqiqat işinin nəticələri əsasında heyvandarlıqla məşğul olan fermerlər və fərdi təsərrüfat sahibləri üçün xəstəliklərin qarşısının alınmasına xidmət edən metodik tövsiyələr çap edilib.

Bununla yanaşı, Araz su anbarında hidrofaunanın əsas tərkib hissələrindən olan dib faunası öyrənilib. Müasir hidrobioloji metodlarla dib faunasının kəmiyyət göstəriciləri, formalaşdırdığı təbii yem bazası, dib orqanizmlərinin vətəgə əhəmiyyətli balıq növlərinin qidalanmasındakı rolu öyrənilib, yemin enerji tutumu, qidalılıq əmsalı və həmin orqanizmlərin suların bioloji özünütəmizləmə proseslərindəki fəaliyyəti dəyərləndirilib. Hazırda muxtar respublikada içməli suyun əsas mənbəyini təşkil edən çayların dib faunası, onun əsas sistematik qrupları, biosenozları araşdırılması davam etdirilir. Hələlik ərazi hidrofaunasında 66 növ ibtidai, 300 növ infuzor, 185 növ zooplankton orqanizm, 700 növ dib onurğasızı və 32 balıq növü aşkar edilib.

Eyni zamanda muxtar respublika bağçılığında geniş yer tutan çəyirdəkli və tumlu meyvə ağaclarının zərərverici həşəratları 59 növ və onların təbii düşmənləri 56 növ ətraflı öyrənilib. Araşdırmalar zamanı zərərli və faydalı həşəratların bioekoloji xüsusiyyətlərinin, onların fəaliyyətinə təsir göstərən ekoloji amillərin, sahib-parazit münasibətlərinin öyrənilməsinə üstünlük verilib. 13 növ parazit və yırtıcının zərərvericilərin sayının məhdudlaşdırılmasındakı rolu və təsərrüfat əhəmiyyəti daha geniş araşdırılıb.

Şöbədə Naxçıvan Muxtar Respublikası ərazisində ətraflı aparılmış entomoloji tədqiqat işləri nəticəsində təbiətdə və kənd təsərrüfatında çiçəkli bitkilərin çarpaz tozlanmasında, onların məhsuldarlığının yüksəlməsində müstəsna fəaliyyəti ilə fərqlənən arıkimilər faunasında 7 fəsiləyə, 53 cinsə mənsub olan 335 arı növü aşkar edilib. Naxçıvan Muxtar Respublikası üçün 146 növ, Azərbaycan faunası üçün isə 77 növ ilk dəfə göstərilib. Zarqanadlıların Saplaqqarıncıqlılar fəsilə üstünə mənsub olan bütün növlərin ekoloji xüsusiyyətləri, zoocoğrafi mənşəyi, 4 yüksəklik qurşağı üzrə yayılması, qida əlaqələri, yuvalama yerləri və uçuş fenologiyası haqqında dəyərli nəticələr alınıb. Bu həşəratların bölgə florasında üstünlük verdikləri və zəngin növ müxtəlifliyi ilə fərqlənən bitki fəsilələri müəyyən edilib. Faunanın 15 zoocoğrafi faunistik kompleksə mənsub olmasının sübutu və təhlilinin nəticələri gələcək mütəxəssislər üçün etibarlı mənbə rolunu oynayacaq.

Bundan əlavə, ərazinin sututarlarında yayılmış 32 balıq növü ətraflı tədqiq edilib, onların morfometrik əlamətləri, bioloji xüsusiyyətləri, boy, çəki artımı, cinsi məhsuldarlığı, çoxalma ekologiyası, qidalanma xüsusiyyəti və ehtiyatı öyrənilib. Nəticədə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası faunası üçün 8 yeni balıq növü göstərilib. Müqayisəli təhlillərlə aşkar edilib ki, Araz su anbarında yaşayan bentofaq balıqlar böyümə və kütlə artımına görə Azərbaycanın digər sututarlarında yayılmış eyni növün balıq fərdlərindən xeyli üstündür.

Şöbədə həmçinin qədim Naxçıvan torpağının ornitofaunası ilk dəfə olaraq əsaslı şəkildə tədqiqi aparılıb və muxtar respublikanın ornitofaunasının qorunması üçün xüsusi əhəmiyyət daşıyan 7 Mühüm Ornitoloji Ərazi (MOƏ) aşkar edilib. Ərazi ornitofaunası 18 dəstəyə, 51 fəsiləyə, 141 cinsə mənsub olan 241 növ və 167 yarım növ quşla təmsil olunub. Muxtar respublika və Azərbaycan faunası üçün ilk dəfə yeni, çoxsaylı taksonlar göstərilib. Hazırda digər quru onurğalıları faunası ətraflı tədqiq edilir. Muxtar respublika faunasının xüsusi qorunma statusuna malik onurğalı heyvan növləri, onların biotop mənsubiyyəti, ekoloji xüsusiyyətləri, qorunmasının əsas kateqoriyalarının müəyyən edilməsi üzərində işlər aparılır.

Qeyd edək ki, şöbədə əsaslı aparılmış zooloji tədqiqat işlərinin nəticələri 2 cilddə “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” (Nadir və nəsli kəsilməkdə olan fauna növləri)”, “Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı” (Onurğalılar)”, 2 cilddə “Azərbaycanın Mühüm Ornitoloji Əraziləri”, “Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı”, “Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri”, “Naxçıvan Muxtar Respublikasının zəhərli ilanları”, “Asiya muflonu və bezoar keçisinin Azərbaycanda qorunma strategiyası”, “Mühüm Ornitoloji Ərazilər: Naxçıvan”, “Çay sularında üzvi çirklənmənin bioloji analizinin sadə üsulları”, “Naxçıvan Muxtar Respublikasının arıkimilər faunası”, “Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarının zərərverici həşəratları və onların entomofaqları”, “Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar”, “Azərbaycan faunasının taksonomik spektri (Onurğalılar)”, “Kənd təsərrüfatı heyvanları və evquşlarının sarkosporidiozlarında profilaktikanın tətbiqi”, “Naxçıvanda quşların müşahidəsi” və digər kitablarda əksini tapıb.

Zooloqlarımız dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrdən biri olan Vikipediyada 70 məqalə yerləşdirib, 30 şablon yaradıb, xeyli redaktələr ediblər.

Şöbə əməkdaşlarının əldə etdikləri nəticələrlə tanış olan xarici ölkə mütəxəssisləri faunamızın növlərinin zənginliyi ilə seçilən quşlar, balıqlar, kəpənəklər, arıkimilər ilə maraqlanmış və müxtəlif illərdə Naxçıvana səfər etmişlər. Tədqiqat dövründə zooloqlarımız, biologiya elmlər doktoru İsmayıl Məmmədov, biologiya üzrə fəlsəfə doktorları, dosentlər Akif Bayramov, Mahir Məhərrəmov, Arzu Məmmədov və elmi işçi Hüseyn Rəsulzadə Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında Türkiyə, Rusiya İngiltərə, Almaniya, Hollandiya, Çexiya, İrlandiya, Macarıstan və digər xarici ölkələrin elmi-tədqiqat institutlarının mütəxəssisləri ilə 20-ə yaxın Beynəlxalq tərkibli ekspedisiyalarda yaxından iştirak ediblər. Eyni zamanda AMEA-nın Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının əməkdaşları ilə birgə tədqiqatlar aparıblar. Alimlərimizin əldə etdiyi nəticələr “Web of Science”, “Scopus” və başqa elmi bazalara daxil olan impaktfaktorlu jurnallarda işıq üzü görüb ki, türk, rus və ingilis dillərində dərc olunmuş həmin məqalələrə də çox sayda istinadlar olub. Bir çox xarici ölkələrin və Azərbaycanın elmi müəssisələrinin tədqiqatçıları ilə sıx elmi əməkdaşlığını davam etdirən şöbə əməkdaşları Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan, Bolqarıstan, Macarıstan, Çexiya, Polşa və digər xarici ölkələrdə keçirilən beynəlxalq konqres, konfrans və seminarlarda maraqlı məruzələrlə iştirak ediblər.

Şöbədə 2006-cı ildən Azərbaycan Respublikası üzrə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) “Naxçıvan Muxtar Respublikasında bəbirin monitorinqinin aparılması və onun mühafizə stratergiyası” adlı beynəlxalq qrant layihəsi yerinə yetirilir. Əməkdaşlardan İsmayıl Məmmədov və Pərviz Fətullayev digər məsul qurumların mütəxəssisləri ilə layihə çərçivəsində muxtar respublika ərazisində yayılan nadir və nəsli kəsilmək üzrə olan vəhşi heyvan növlərinin aşkar edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər keçirirlər. Bu istiqamətində bir sıra mühüm işlər də görülüb. Belə ki, uzunmüddətli aparılan araşdırmalar zamanı Zəngəzur dağ silsiləsinin cənub-qərb yamaclarında bəbir, cüyür ailələrinin və Xəzər uları, Səhra kəkliyi, Hind tirəndazı kimi nadir onurğalı heyvan növlərinin normal yaşam şəraitinin bərpa olunduğu qeydə alınıb. Qeyd edək ki, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq (İDEA) və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) muxtar respublika ərazisində quraşdırılan foto və videoçəkiliş qurğuları vasitəsilə heyvanların yaşam tərzinə müdaxilə etmədən onların həm şəkilləri, həm də video görüntüləri əldə edilir. Bu istiqamətdə işlər hazırda davam etdirilir. Fondun “Asiya muflonu və bezoar keçisinin Azərbaycanda qorunma strategiyası” mövzusunda qrant layihəsi, bununla yanaşı, əməkdaş Arzu Məmmədovun iştirak etdiyi Azərbaycan Ornitoloji Cəmiyyəti ilə birlikdə Beynəlxalq “BirdLife” təşkilatının Azərbaycanda və Naxçıvan Muxtar Respublikada “Yuvalayan quş növlərinin xəritələşdirilməsi” adlı qrant layihəsi uğurla yerinə yetirilib.

Naxçıvan Muxtar Respublikasının fauna biomüxtəlifliyinə daxil olan onurğasız və onurğalı heyvanlar, onların tədqiqi, qorunması və istifadə imkanlarının müəyyənləşdirilməsi istiqamətində şöbə əməkdaşları elmi-praktik və iqtisadi əhəmiyyət daşıyan tədqiqat işlərinin yerinə yetirilməsi istiqamətində işlərini uğurla davam etdirir. Son illər şöbəyə yeni qəbul edilmiş gənc elmi işçilər Səkinə Baxşəliyeva, Gülşad Məmmədova və Çilənay Ələkbərova ilk günlərdən özlərini ümidverici mütəxəssislər kimi göstərmişlər. Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə şöbədə daha geniş tədqiqatlar aparılacaq və onlar tədqiqatları ilə ölkə elminə yeni töhfələr verəcəklər.

 

Türkanə Bəylərli,

Naxçıvan Bölməsinin Mətbuat xidməti üzrə mütəxəssisi

Elm  2020.- 15 sentyabr.- S.19.