Unudulmaz pedaqoq, tərcüməçi, islamşünas alim
Böyük alimlərin ömrü
əsrlərlə, min illərlə, hətta
hansısa xalqların ömrü ilə
ölçülə bilər. Akademik Vasim Məmmədəliyev kimi.
Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim
ailəsində anadan olmuş,
1959-cu ildə Bakının 113 saylı orta
məktəbini bitirib, Azərbaycan
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinə daxil olmuş,
1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1964-1967-ci illərdə ADU-nun sami dilləri üzrə əyani aspiranturasına daxil olmuş, Tbilisiyə ezam edilərək aspiranturanı orada akademik G.V.Seretelinin rəhbərliyi altında bitirmişdir. O, 1968-ci ildə “Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1979-cu ildən ömrünün sonuna qədər BDU-nun Ərəb filologiyası kafedrasının professoru, 1981-1991-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə BDU-nun humanitar fakültələr üzrə prorektoru vəzifəsində çalışmışdır.
Vasim Məmmədəliyev
1991-ci ildən 2019-cu ilə qədər
BDU-nun Ərəb filologiyası
kafedrasının müdiri, eyni zamanda, 1993-cü ildən
2018-ci ilə qədər İlahiyyat
fakültəsinin dekanı olmuşdur. Azərbaycanın və Dağıstan Muxtar Respublikasının Əməkdar elm xadimi, AMEA-nın həqiqi
üzvü, İraq
Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb filologiyası
Akademiyasının və Dil
Akademiyasının müxbir üzvü, İslam
Əməkdaşlığı Təşkilatının
Müsəlman Hüququ
Akademiyasının akademiki və Azərbaycanın
orada təmsilçisi, İranın Beynəlxalq
Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü olmuşdur.
Alimin işıq üzü görmüş son
biblioqrafiyasında onun bu
günədək 41 kitab, 6 tərcümə
əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi
və 54 fəlsəfə doktoru, 5 elmlər
doktoru yetişdirdiyi
göstərilir, 650-yə yaxın elmi və
publisistik məqalə nəşr edib.
Akademik
“Ərəb ədəbi dilində felin zaman, şəxs və
şəkil kateqoriyaları”, “Bəsrə qrammatika məktəbi”,
“Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi”
adlı əsərləri ilə ərəb dilçiliyinin ən
ümdə məsələlərinin kamil tədqiqatçısı
kimi şöhrət qazanıb.
1991-ci ildə müqəddəs kitabımız Qurani-Kərim mərhum akademik Ziya Bünyadov və akademik Vasim Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi. Tərcümənin nəşri ölkəmizdə İslama, bu dinin tarixinə, fəlsəfəsinə və mədəniyyətinə dair araşdırmalara güclü təkan verdi və Quranın dəqiq məzmunu barədə təsəvvür əldə etməyə imkan yaratdı. Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə Orta əsrlərdən cəhd olunsa da, bu iş yalnız 1904-1906-cı illərdə Bakı qazisi Mir Məhəmməd Kərim ağa tərəfindən həyata keçirildi. 3 cilddən ibarət tərcümə-təfsirin işıq üzü görməsində Azərbaycan xalqının xeyriyyəçi oğlu Hacı Zeynalabdin Tağıyevin xidməti danılmazdır. 1908-ci ildə isə Zaqafqaziya şeyxülislamı Məhəmməd Həsən Mövlazadə Şəkəvi Tbilisidə Qurani-Kərimin 2 cildlik tərcümə-təfsirini nəşr etdirib. Bu əsər öz kamilliyi ilə həm Zaqafqaziya, həm də Cənubi Azərbaycanda şöhrət qazanıb.
Vasim müəllimin bu tərcüməyə yazdığı ön söz ayrıca bir tədqiqat əsəridir. Bu
ön söz Azərbaycanda
ilahiyyat və islamşünaslıq elminin yenidən dirçəlməsinə təkan
vermişdir. O, külli
miqdarda müxtəlif tarixi
faktları əhatə etməklə, elmiliyi
ilə bərabər, öz bədiiliyi, söz düzümünün
gözəlliyi ilə oxucunu heyran qoyur. Qeyd
etmək yerinə düşər ki,
müqəddəs kitabımızın bu
tərcüməsi artıq 17 dəfə yenidən nəşr
edilib.
Vasim müəllim Azərbaycan musiqi mədəniyyətinin, muğam sənətinin mahir bilicisidir. O, dəfələrlə muğam gecələrində aparıcı olub, respublikamızın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq gecələrində bir mütəxəssis kimi çıxış edib. Dövlətimiz elm və təhsildə səmərəli fəaliyyətinə görə Vasim müəllimə 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı vermişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmiş alim, 26 avqust 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti ümummilli lider Heydər Əliyevin fərmanı ilə ölkənin yüksək mükafatı olan “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 30 oktyabr 2009-cu ildə BDU-nun 90 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şərəf” ordeninə layiq görülmüşdür. 30 avqust 2012-ci ildə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda şərqşünaslıq elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Vasim müəllim 10 may 2017-ci ildə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva tərəfindən
Heydər Əliyev Fondunun “Qızıl Çinar” beynəlxalq mükafatı ilə təltif
olunmuşdur.
Bu gün yaşasaydı Vasim müəllimin 78 yaşı tamam olacaqdı. O, təkcə elm adamı, şərqşünas, islamşünas kimi yox, böyük müəllim, gözəl insan, əvəzsiz alim kimi də hər zaman biz tələbələrinin qəlbində yaşayacaqdır.
Rübabə Şirinova, fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent
Elm 2020.- 15 sentyabr.- S.17.