Elmin maliyyələşməsində ənənəvi
və müasir yanaşma
BİZNES
SEKTORUN ÖLKƏMİZİN PRİORİTET
SAHƏLƏRİNƏ HƏDƏFLƏNMİŞ
DƏSTƏYİ İLƏ ELMİ-TEXNİKİ
TƏRƏQQİYƏ NAİL OLMAQ MÜMKÜNDÜR
Azərbaycanın 2022-ci il üçün təsdiq olunan dövlət büdcəsindən elmə 202.9 milyon manat xərclənəcək. Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 0,7 faizi deməkdir. 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə təxminən 10.6 faiz çoxdur. Vəsaitin 134 milyon manatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və 46 tabeli qurumuna yönəldiləcək.
Hər il dövlət büdcəsi müzakirə olunarkən elmə ayrılan vəsaitin yetərli olmadığı vurğulanır. Bu dəfə də Milli Məclisin həm ayrı-ayrı komitələrinin, həm də plenar iclaslarında sözügedən məsələ ilə əlaqədar millət vəkillərinin suallarına maliyyə naziri Samir Şərifovun cavabı təxminən belə oldu ki, ölkəmizin milli inkişaf prioritetlərində təhsildən fərqli olaraq elm gələn ilin büdcəsinin əsas xərclərində nəzərdə tutulmayıb. Bu onunla izah olunur ki, elm xərclərinin artımının hansı institutlar, qurumlar tərəfindən istifadə olunacağı təqdirdə gözlənilən elmi tərəqqinin əldə olunacağı ilə bağlı hökumətdə ciddi müzakirələr aparılsa da, hələ ki yekun qərara gəlinməyib. Görünən mənzərə odur ki, elmi ölkəmizin inkişafı üçün hələki prioritet məsələyə çevirə bilməmişik. Ancaq unutmamalıyıq ki, dünyada elm birmənalı olaraq cəmiyyətin və iqtisadiyyatın tam məhsuldar qüvvəsinə çevrilib. Elə ölkə rəhbəri cənab İlham Əliyev də dövlətimizin müstəqilliyinin möhkəmlənməsinin, ölkənin tərəqqisinin elmin inkişafı olmadan mümkünsüzlüyünü, elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılmasının həlledici amil olduğunu vurğulayıb.
Ümumiyyətlə, qlobal səviyyədə inkişafın əsas şərtinin məhz elmin inkişafından asılı olduğu çoxdan qəbul edilib. İki ilə yaxın müddətdə dünyanı cənginə alan COVİD 19 koronavirus infeksiyasına qarşı mübarizə sahəsində yaşananlar bir daha göstərdi ki, elmin inkişaf etmədiyi ölkələr bu sahəyə diqqət yetirənlərdən asılı olmaqda davam edirlər. Bu kimi səbəblərdən dolayı iqtisadiyyatını inkişaf etdirmək istəyən hər bir ölkə ilk növbədə elm sahəsinə diqqəti artırır. ABŞ və ya inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxsaq görərik ki, bu ölkələr ona görə davamlı iqtisadi inkişafa nail olub ki, bu inkişafın bünövrəsində, məhz konkret elmi əsaslandırma, əldə edilmiş elmi nəticələrin ölkə iqtisadiyyatına tətbiqi dayanır. Həmin dövlətlərin strateji doktrinası qəbul olunarkən cəmiyyət və iqtisadiyyatın inkişafının əsas prioritetlərinə elmi-texniki tərəqqi məsələləri daxil edilir və ən əsası da yuxarıda adları sadalanan ölkələrin büdcələrində elmə yönəldilən xərclər müqayisəyə gəlməz dərəcədə böyük rəqəmlərlə ifadə olunur.
Dünya Statistik Tədqiqatlar və İqtisadiyyat İnstitututu hər il tədqiqat və elmin inkişafına ayrılan vəsait baxımından ölkələrin reytinq cədvəlini açıqlayır. Son illərin nəticələrinə görə, elmə ən çox sərmayə qoyan 10 ölkənin siyahısına 511.1 milyard dollarla ABŞ rəhbərlik edir.ÜDM-də elmə çəkilən xərclərin nisbəti əli okeanın o tayından bu tayına çatan ABŞ-da 2,74 faizdir. ABŞ-ın bir tədqiqatçısı üzrə tədqiqat və inkişaf xərclərinin həcmi 359.9 min manata bərabərdir.
Siyahıda sonrakı yerin
sahibi Çindir. Elmə ayırdığı illik vəsait
451.2 milyard dollar təşkil edir. ÜDM-də
elmə çəkilən xərcləri 2.12 faizə bərabər
olan bu ölkədə bir elmi tədqiqatçıya
düşən tədqiqat və inkişaf xərclərinin həcmi
266.6 min dollardır.
Həqiqi elmlə məşğul
olan elmi tədqiqatçıların sayı təxminən
700 min olan Yaponiyada elmə ayrılan vəsait 168.6 milyard dollar
olmaqla, reytinq siyahısında 3-cü yerdə qərarlaşıb
və bu ölkə bir mənalı olaraq elm sahəsində
dünyanın lider dövlətlərindən biri kimi qəbul
edilir. Ölkə yüksək texnologiya və
avtomobil sənayesi, enerjiyə qənaət və robot
texnologiyaları, tibbi və kosmik tədqiqatlar, o cümlədən
müxtəlif sahələrdə sabit yüksək mövqelərə
malikdir.
Siyahıda 4-cü yerdə 118.5
milyard dollarla Almaniya, 5-ci yerdə 79,4 milyard dollarla Koreya,
6-cı pillədə 62.2 milyard dollarla Fransa, 50.1 milyard dollarla
Hindistan 7-ci yerdə, 47.2 milyard dollarla Böyük Britaniya 8-ci
yerdədir. İngilislər ən çox diqqəti
ənənəvi və haqlı olaraq olaraq təbii və
texniki elmlərə ayırırlar. Məhz elmə bu həcmdə
böyük sərmayə yatırımı ölkədə
dünyanın müasir və aktual
çağırışları ilə səsləşən
saysız hesabsız mühüm ixtira və kəşflər
ortaya çıxarıb. Təsadüfi
deyil ki, indiyədək 70-dən çox britaniyalı alim
Nobel mükafatına layiq görülüb.
Reytinq siyahısında ilk
onluğu 39.9 milyard dollarla Rusiya tamamlayır.Rusiya elmi tədqiqat
və inkişaf xərclərinin həcminə görə
dünyanın aparıcı ölkələrinin reytinqində
10-cu yerdədir. Şimal qonşumuz 10 min nəfərə
düşən elmi tədqiqatçı sayına görə
isə 34-cü yerdədir.
Müasir dövrdə əldə
edilməsi hər kəs üçün əlçatan olan
bu statistik göstəriciləri
xatırlatmağımızın əsas məqsədi hər
il dünyanın aparıcı ölkələrində
artan dinamika üzrə dəyişən elmi xərclərini
ölkəmizin analoji göstəriciləriylə müqayisə
etmək yox, sadəcə elmin dünya ölkələrin
inkişafı üçün nə qədər əhəmiyyətli
məsələ olması haqqında bir daha fikir
formalaşdırmaqdır.
Amma nədənsə dövlət
büdcəsindən elmə ayrılan vəsaitin az olmasından çox, 133.9 milyon manatın niyə
AMEA-ya ayrılması müzakirə mövzusuna çevrilib. Təbii ki, indiki halda bu vəsait AMEA və onun 46
institut və təşkilatların saxlanılması xərcləridir.
Kimə və kimlərəsə olan şəxsi qərəzini
“akademik elmin xilaskarları” obrazında təqdim etməyə
cəhd edən bu “hərşeyşünaslar” öz
ampulalarına sadiq qalaraq yenə də özlərini AMEA ilə
gündəmə gətirmək istəyirlər: AMEA-nın
belə qalması ölkəyə lazımdırmı? Bu gün AMEA ölkə elminin inkişafına nə
verir, kimi yersiz suallarla nə istədiklərini özləri
belə bilmirlər. Belə
düşünən şəxslərin bir hissəsi elmə
yaxından və ya uzaqdan bağlılığının
olmayan təsadüfi adamlardır, sadəcə ya şəxsi
qərəzliliyini bu yolla sürdürür, ya da gündəmdə
qalmaq üçün “AMEA-da nə elm, nə əvvəlki
şan-şöhrəti, nə də dünyada
tanınmış alimləri yoxdur. O ya
bağlanmalı, ya da Təhsil Nazirliyinə birləşdirilməli,
xarici ölkələrdəki kimi elmi tədqiqatlar təhsillə
birlikdə universitetlərdə həyata keçirilməlidir”
fikir və ifadələri ilə özlərinə bu
mövzu ilə ucuz populyarlıq qazandırmağa
çalışırlar. Bəlkə də
onları hardasa başa düşmək olar. Lakin əvvəlki
fəaliyyəti Akademiya və ya akademik elmlə bağlı
olub, özünü elmdə doğrulda bilməyən,
elmmetrik baza, H-indeks, total istinad, akademik sosial şəbəkələr,
profil səhifələr, beynəlxalq axtarış sistemlərinin
və sair və ilaxır nə olduğunu bilməyən, sadəcə
Akademiyanı karyera yüksəlişi üçün
tramplin kimi istifadə edənlərin bu elm məbədinə
sonradan “xor” gözlə baxması heç cür başa
düşülmür. “Qınından
çıxandan sonra daha qının bəyənməyən
bu “bağalar” doğurdan anlamırlar ki, respublikamızda
mövcud olan universitetlər akademik elmin yükünü zərif
və zəif çiyinlərinə almaq iqtidarında deyillər.
“TƏDQİQAT
UNİVERSİTETİ” STATUSU ALA BİLƏCƏK ALİ
MƏKTƏBLƏRİN SAYI 2-3-DƏN ARTIQ DEYİL
Sözsüz dünya təcrübəsində
elm və təhsil bir-birinə inteqrasiya olunmuş formada əsasən
bir yerdə - tədqiqat universitetlərində yerinə
yetirilir. Amma
hər ali məktəbə tədqiqat
universiteti demək olmur. “Tədqiqat universiteti” statusunu
fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların
aparılması üçün müvafiq infrastrukturun,
elektron kitabxananın, müasir maddi-texniki bazanın və
elmtutumlu avadanlıqdan kollektiv istifadə mərkəzinin
mövcud olduğu, beynəlxalq elmmetrik bazalara daxil olan
jurnallarda (Web of Science, SCOPUS) ölkə üzrə nəşr
olunan məqalə sayının 20-30 faizinin ali təhsil
müəssisəsinin əməkdaşları tərəfindən
nəşr edildiyi, magistratura səviyyəsində
ixtisaslaşmaların beynəlxalq akkreditasiya olunduğu, yerli
və beynəlxalq donorlardan elm sahəsində çoxlu sayda
qrantlar qazanmış, dünyanın aparıcı universitetləri,
elm mərkəzləri ilə elmi əlaqələr quran,
dünyanın tanınmış alimləri ilə elmin
müasir və aktual mövzularında müştərək
araşdırmalar aparan universitetlərə verirlər. Müşahidə etsək, respublikamızda
mövcud 54 universitetdən bu tələblərə cavab verənlərin
sayı iki-üçdən artıq deyil.
Sirr deyil ki, qısamüddətli
təcrübəkeçmə üçün elm müəssisələrinə
gələn bakalavr və magistrantların böyük əksəriyyəti
elmin əlifbasını bilmirlər. Akademiyanın doktorantura və
dissertanturasına qəbul olan Azərbaycanın ən
tanınmış universitetinin məzunları belə
laboratoriyada olan nəinki müasir, hətta elementar cihaz və
avadanlıqların iş prinsiplərini AMEA-nın elmi müəssisələrində
öyrənirlər.
Elmmetrik meyarlar üzrə qiymətləndirməyə
görə, dünyanın ən yaxşı 1000 universiteti
sırasında adı olmayan o universitetlərdə hansı
fundamental nəzəri və tətbiqi elmi tədqiqatlar həyata
keçiriləcək, dünya elminə, Azərbaycan
iqtisadiyyatına töhfə verən mühüm nəticələr
əldə olunacaq?
Amma heç bir
mübaliğəyə yol vermədən qeyd edə bilərik
ki, dövlət başçısının müəyyən
etdiyi elm siyasətini mərkəzləşmiş formada həyata
keçirən AMEA fundamental nəzəri tədqiqatları ilə
dünya elminə, tətbiqyönlü işləri ilə
ölkə iqtisadiyyatına müəyyən töhvələr
verə bilir.
Dünyanın elmi ilə tanınan ölkələri
ilə müqayisədə mövcud reallıqlar nəzərə
alınmaqla məhdud imkanlar daxilində Azərbaycanda əldə
edilən elmi-texniki nailiyyətlər bilavasitə AMEA-nın məqsədyönlü
fəaliyyətinin nəticəsidir, desək heç də
yanılmarıq. Əgər 2020-ci ildə AMEA-nın
elmi müəssisələrində əldə olunmuş 134
mühüm elmi nəticədən 40 iş tətbiq
olunmuşsa, 8-i xarici olmaqla 71 patent alınmışsa,
akademiyanın dəqiq və təbiətyönlü elm sahələrinin
alimləri tərəfindən “Web of Science” və “Scopus” bazalarına
daxil olan impakt faktorlu jurnallarda çap edilən 1000-dən
yuxarı məqaləyə 32 min istinad olunubsa, bunu görməzdən
gəlib, Akademiya və onun alimlərini
nədəsə ittiham etmək ən azı
insafsızlıqdır.
Ölkə iqtisadiyyatına verilən
töhfələrə gəldikdə təkcə bir faktı
nümunə çəkməklə fikrimə tam
aydınlıq gətirə bilərəm: istər sovet, istərsə
də indiki dövrdə AMEA-nın tətbiqi elmi müəssislərindən
biri olan Aşqarlar Kimyası İnstitutu və alimlərinin
müstəqillik dönəmində ən uğurlu tətbiqi
işlərindən biri yüksək parafinli neftlərin donma
temperaturu və dinamik özlülüyünü
aşağı salmaqla onların boru kəmərləri ilə
uzaq məsafələrə nəql edilməsini təmin edən
aşqar – “Depressator AKİ”nin yaradılmasıdır ki,
hazırda hər il tonlarla istehsal edilib Bakı – Ceyhan neft kəmərində
müvəffəqiyyətlə istifadə edilir. Həmin tətbiqi
iş dövlət büdcəsinə gəlir gətirir ki, həmin
vəsaitdən təkcə İnstitut və ya Akademiya deyil,
bütün büdcə təşkilatlarında
çalışanlardan sosial və əmək müavinətləri
alanlara qədər hər kəs bu və digər formada fayda
götürmüş olur.
VƏTƏN
MÜHARIBƏSININ YARATDIĞI YENİ REALLIQLARA GÖRƏ
ELMİ QURUMLAR DA BÜDCƏDƏN ƏLAVƏ VƏSAİT
İSTƏMƏMƏLİDİRLƏR
Burdan belə bir nəticəyə
gəlmək olar ki, elmin təkcə dövlət büdcəsi
hesabına maliyyələşməsi gözlənilən
elmi-texniki tərəqqinin əldə edilməsi
üçün yetərli deyil. Deməli, ənənəvi
yanaşma saxlanılmaqla, qabaqcıl ölkələrin tətbiq
etdiyi fərqli yanaşma da olmalıdır. Belə olan halda alimlərin əmək
haqqının azlığı əsas gətirilərək
büdcədən birbaşa maliyyələşən dövlət
təşkilatı kimi bəlli xərclərin
artırılması müzakirə predmetinə çevrilməyəcək.
Üstəgəl ortada 44 günlük Vətən Müharibəsinin
yaratdığı yeni reallıq vardır ki, şəhidlərimizin
canı-qanı bahasına geri alınan, erməni
vandallığı ilə daşı daş üstə
saxlanılmayan ərazilərimizdə sıfırdan yeni şəhər
və kəndlərin salınması məsələsi var. Kənardan
bir manat maliyyə dəstəyi olmadan, Azərbaycan yalnız
özünün maliyyə resursları hesabına Ali Baş
Komandanın səsləndirdiyi kimi Liviya dövləti
böyüklükdə ərazini tamamilə yenidən bərpa
edirsə, heç bir dövlət təşkilatları, o
cümlədən elmi qurumlar büdcə xərclərindən
onlara düşən məbləğinin
artırılmasına cəhd etməməlidir. Əksinə hər bir qurum öz imkanları ilə
dövlətin irimiqyaslı “Böyük Qayıdış”
layihəsinə maddi-mənəvi dəstək verməlidir.
Bu zaman ölkəmizin qəbul olmuş 2022-2030-cu illər
üzrə elminin inkişaf strategiyasına uyğun olaraq bu
sahənin yüksəlişinə, daha doğrusu elmə
yönələn vəasitlərin və ondan gələn gəlirlərin
əsaslı artımına necə nail olmaq olar? Bunun üçün ilk növbədə elmə
ayrılan vəsaitlər konkret hədəflərə yönəlməlidir.
Başqa sözlə, dünya elminin müasir
çağrışlarına cavab verən və ölkəmizin
inkişafı üçün qəbul edilmiş strategiyada nəzərdə
tutulan əsas prioritet istiqamətlər üzrə uyğun
elmin maliyyələşdirilməsi həyata keçirilməlidir.
Bunu isə dünya təcrübəsində
olduğu kimi yerli və xarici elm fondlarınının qrant
müsabiqələri ilə maliyyələşməsi
hesabına etmək mümkündür.
Ölkəmizdə elm sahəsində
“nou-hau”ların tətbiqi, yeni nəsil elmin inkişafı, elm
və texnikanın nailiyyətlərinin istehsalatda istifadə
edilməsi, fundamental, tətbiqi və axtarış-innovasiya
xarakterli elmi tədqiqat proqramları və layihələrini
qrant şəklində ünvanlı maliyyələşdirməsini
mütəmadi olaraq hələki yalnız Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondu (EİF) həyata keçirir. Düzdür, Akademiyada
neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və
müasir elmi, texnoloji problemlərin
tədqiqi ilə məşğul olan alimlərin və
yaradıcı kollektivlərin fəaliyyətini
stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanlarını
yaratmaq məqsədilə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin (SOCAR) “Elm Fondu”nun elmi tədqiqat, innovativ
layihələrin maliyyələşdirilməsi məqsədilə
ara-sıra təşkil etdiyi qrant müsabiqələrin də
elmin inkişafına müəyyən dəstəyi
olmuşdur. EİF isə sözün əsl mənasında fəaliyyətə
başladığı 2010-cu ildən etibarən qrant
müsabiqələri yolu ilə elmi təşkilat və
qurumların müxtəlif tədqiqatlarla bağlı
maddi-texniki bazasının müasir səviyyədə yenilənməsi
və ya gücləndirilməsi, eyni zamanda, yüksək ixtisaslı
kadr hazırlığına xüsusi diqqətin yetirilməsi,
müxtəlif elmi tədbirlərin keçirilməsi, alimlərin
xaricə elmi tədbirlərə göndərilməsini,
qısamüddətli təcrübəartırmada
iştirakının təmin edilməsi, nüfuzlu xarici
jurnallarda elmi nəşrlərin çap olunması və bu
yolla Azərbaycanda əldə olunan elmi nəticələrin
ölkə hüdudlarından kənarda tanıdılması
və başqa bu kimi məsələlərin həllində
böyük işləri gerçəkləşdirmişdir.
Diqqət çəkən məqam ondan ibarətdir
ki, EİF dövlət təsisatı olduğu
üçün bu mənbədən ayrılan vəasit də
sonunda dövlət büdcəsindən xərclənmiş
olur. Ancaq elmi məqsədlərə
yönələn vəsaitlərin təkcə dövlət
büdcəsindən olmaması üçün özəl,
kommersiya şirkətləri, biznes strukturlarının nəzdində
elmi fondlar mövcud olmalıdır.
Təsəvvür edin,
dünyada dövlətlərlə yanaşı, özəl
şirkətlərin də elm xərcləri böyük həcmləri
ifadə edir.
Samsung, Google, Apple, Intel, Roche, Mercedes, Toyota, Merck, Facebook və
sair şirkətlərin hər biri ildə araşdırma və
inkişafa 20-25 milyard dollar arası vəsait xərcləyirlər.
Dünya təcrübəsini nəzərdə
keçirsək görərik ki, elmi ilə nümunə kimi
göstərilən Almaniyada elmi tədqiqatlar sahəsində əsas
təşkilatlar Alman Tədqiqat Cəmiyyəti, nəzdində 21 institutu olan Maks
Plank Cəmiyyəti, 19 institut və filiala malik Fraunhofer Cəmiyyəti
və sair həm federal, həm də
əyalət büdcələrindən maliyyə vəsaitləri
alırlar. Lakin digər Qərbi Avropa ölkələrində
olduğu kimi, Almaniyada da elmi tədqiqatlar üçün əsas
maliyyə mənbəyi özəl biznesdir.
XXI əsr texnoloji mübarizə
silahı olan "Bayraktar"ın pilotsuz uçuş
aparatlarının yaradılması üçün elmi fəaliyyətlərə
təxminən 270 milyon dollar xərclədiyi Türkiyədə
elm sahəsinə yönələn vəsaitlər ÜDM-in 2
faizi həcmindədir.
Qardaş ölkədə təbiət
elmlərində təməl və tətbiqli akademik
araşdırmaları əsaslı şəkildə dəstəkləyən
və gənc araşdırmaçıları təşviq
edən Türkiyə Elmi və Texnoloji Tədqiqat
Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma
Kurumu - TÜBİTAK) fəaliyyət göstərir. TÜBİTAK elmin fundamental
vəzifələrini yerinə gətirə bilmək məqsədiylə,
təməl elmlər, mühəndislik, tibb, əkinçilik
və heyvandarlıq sahələrində 14 araşdırma
qrupu ilə Elm Adamı Yetişdirmə Qrupu yaradılmışdır. Quruluş mərhələsində ən fundamental vəzifələri
Türkiyədə qabaqcıl elmlərdə araşdırma və
inkişaf etdirmə fəaliyyətlərini ölkə inkişafındakı
prioritetlərə görə inkişaf etdirmək məqsədi
güdməkdədir. TÜBİTAK
Türkiyədə elmi məşhurlaşdırmaq və
insanları elmləndirmək məqsədi ilə üç
ədəd aylıq məşhur elm jurnalı və illik 20 ədəd
məşhur elm kitabı nəşr etməkdədir.
TÜBİTAK gərək lisans təhsili və gərək də sonrasındakı işləri üçün Türkiyə Cümhuriyyəti yurddaşlarına maddi qaynaq təmin etməkdədir. Belə ki elmi istedadı ilə fərqlənən şagirdlərə, fizika, kimya, biologiya, molekulyar biologiya və genetik, riyaziyyat, sosiologiya, iqtisadiyyat, psixologiya, fəlsəfə və tarix hissələrindən birinə yerləşmələri halında, aylıq qarşılıqsız təqaüd verməkdədir.
Türkiyədə, həmçinin böyük universitetlərin tədqiqat işlərinin arxasında böyük şirkətlər, holdinqlər dayanır.
ÖZƏL
VƏ BİZNES SEKTORUN ELMİ
MALİYYƏLƏŞDİRİLMƏSİ
TƏŞVİQ EDİLMƏLİDİR
Yuxarıda sadalanan beynəlxalq təcrübəni nəzərə alsaq, Azərbaycanda da belə özəl və biznes sektorun məqsədli elm və inkişaf fondları olmalıdır ki, onlar əhəmiyyətli və qısa zamanda dönüş yarada biləcək elmi-texniki nəticələrin alınması üçün elmin ayrıca götürülmüş sahəsinin və ya istiqamətinin inkişafına böyükhəcmli qrantın verilməsi yolu ilə institut və tədqiqat universitetləri tərəfindən təqdim edilən ən müasir elmi cihaz, avadanlıq, qurğular alınması, paralel olaraq bunlarda işləyə bilən kadrların xaricdə hazırlığı və sair kimi məsələlərin həllini nəzərdə tutan pilot, o cümlədən axtarış-innovasiyayönlü layihələrini maliyyələşdirilməlidir. Xüsusən, dünyanın aparıcı elm mərkəzlərinin də önəm verdiyi kimi fizika-riyaziyyat və texnika elmləri, yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri sahələrini əhatə edən fundamental və tətbiqi xarakterli layihələrin qrantlar vasitəsilə maliyyələşdirilməsinə tam üstünlük verilməlidir.
Təəssüf ki, Azərbaycanda biznes, özəl sektorun elmə hansı həcmdə vəsait yönəltdiyinə dair konkret məlumat yoxdur. AMEA-nın dəqiq, təbiət, yer və aqrar sahələr üzrə ixtisaslaşmış məhdud sayda institutları təsərrüfat hesablı müqavilələr və büdcədənkənar fondlar hesabına sifarişli elmi işlər yerinə yetirir ki, bu da illik 10-100 min manatdan çox deyil. Halbuki SSRİ dövründə elmi tədqiqat institutları özəl sektorlarla olmasa da, dövlət sifarişləri ilə əsaslı vəsaitlər qazanıb, elmin inkişafına mühüm qatqılar verməkdə idi. Həm də bu yanaşmanın nəticəsi idi ki, keçmiş sovet dövründə istehsal olunan aşqarların və motor yağlarının 20 faizi təkcə AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin payına düşürdü. Hazırda sovet respublikalarından yalnız Rusiyada elmə ayrılan xərclərdə özəl sektorun müəyyən payı vardır ki, bu da 30 faizə bərabərdir.
Bu gün AMEA üzrə iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən ixtisaslaşmış elmi müəssisələri ölkə iqtisadiyyatının, istehsal, emal sahələrinə böyük töhfələr verə bilər. Xüsusən, sürtkü materialları, yağlar, yanacaq, soyuducu mayelər kimi strateji məhsulların istehsalını tamamilə daxili imkan əsasında həyata keçirmək mümkündür. Çünki akademik təcrübə, yüksək ixtisaslı kadr tam yerindədir. Xammalı ucuz əldə etməklə qısa vaxtda bu istehsalın şahidi olmaq olar. Təxmini hesablamalara görə, strateji məhsullar olan sürtkü materialların əldə edilməsinə il ərzində yüz milyon dollarla vəsait ölkədən çıxarılır. Deməli, ölkənin real iqtisadiyyatına tətbiq olunan elmi işlərlə mövcud imkanlar əsasında təşkil olunan yerli istehsal daxili vəsaitin xaricə axmasının da qarşısını almış olar. Necə deyərlər, yerli mal almaqla, xeyrimiz vətənə qalar. Həm də bədnam qonşularımızın ömürboyu təhdidləri altında olan ölkəmizin heç olmasa strateji məhsullar üzrə xaricdən asılığı aradan qaldırılmış olar.
Əfsun Sucayev
AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı
direktoru,
kimya elmləri doktoru, dosent,
YAP İdarə Heyətinin üzvü
Elm 2021.- 10 dekabr.- S.9;10.