Sadə və qayğıkeş insan, təbiətşünas alim

 

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əlirza oğlu Əliyev 86 il gərgin, şərəfli və məhsuldar ömür yaşayıb. Onun sadəliyi, mənəvi saflığı, aydın təfəkkürü, geniş dünyagörüşü, xalq arasında nüfuzu alimə əsrlərlə yaşı olacaq bir ömür qazandırıb.

 

1907-ci il dekabrın 15-də Zəngəzur mahalının Comərdli kəndində Əlirza kişinin ailəsində ilk oğlan uşağı dünyaya göz açır və onun adını Həsən qoyurlar. Həsənin ayağı yer tutandan o, ailənin köməyinə çatır. On bir yaşına çatanda Həsənin “ev” əməyi “çöl” əməyi ilə - qoyun-quzu otarmaqla əvəz olunur.

 

Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən 1918-ci ilin qanlı hadisələri Comərdli kəndinə də çatır. Qəflətən hücuma məruz qalan köməksiz Comərdli əhli Naxçıvana üz tutur. 1918-ci il qaçqınları bir parça çörək üçün ağır əməyə qatlaşmalı olurlar. Həsən Əliyev də 1924-cü ilə qədər Naxçıvan şəhərində muzdurluq edir.

 

Sovet hakimiyyətinin ilk illərində savadsızlığın ləğvi kampaniyası geniş vüsət alır. Həsən Əliyev 17 yaşında Naxçıvan şəhərində kənd axşam məktəbində oxuyur və 23 yaşında məktəbi bitirir. O, dünyagörüşü ilə həmyaşıdlarından seçilirdi. 1925-ci il oktyabrın 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cu ildə isə “Molla Nəsrəddin” jurnalının 16-cı sayında “Müəllim lazımdır” adlı məqalələrini dərc etdirib.

 

Həsən Əliyev həmin illərdə (1924-1930) Naxçıvan şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda da təhsil alır. Muxtar respublikanın Torpaq Komissarlığının zərərvericilərə qarşı mübarizə aparan şöbəsində baş fəhlə işləyir. 1935-ci ilədək kənd təsərrüfatının qoyunçuluq, üzümçülük, pambıqçılıq sahələri üzrə, həmçinin bitki ziyanvericilərinə qarşı mübarizədə zəngin təcrübə toplayır. Bacarığını və biliyini nəzərə alaraq onu müxtəlif vəzifələrə irəli çəkirlər.

 

Altı il ərzində orta təhsil, üç il ərzində ali təhsil almış Həsən Əliyev birbaşa aspiranturaya qəbul olur. 1937-ci ildə SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialı yaradılır. Bakı şəhərinə gələn Həsən Əliyev SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq bölməsində elmi işçi, sonra isə elmi katib işləyir.

 

Torpağın qədrini bilən Həsən Əliyev xam torpaqların tədqiqi ilə məşğul olmağı qət edir. Qobustanın cənub-qərb hissəsinin arid torpaqlarının tədqiqinə başlayır. Onun uğurlu tədqiqatı “Pirsaat düzünün torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafik əsəri (1940) ilə nəticələnir. Alim bu əsərində arid (quraq) iqlim şəraitində yaranmış xam torpağın elmi təhlilini verməklə ondan necə istifadə etmək yollarını da göstərib.

 

Gənc alim İkinci Dünya müharibəsinin davam etdiyi 1941-1943-cü illərdə Şimali Qafqaz uğrunda döyüşən orduda zabit kimi xidmət edir, ağır yaralanır.

 

Müharibədən sonra Həsən Əliyev əvvəlki yerinə qayıdır və SSRİ EA Azərbaycan filialının Coğrafiya bölməsinin (1943-1944) rəhbəri vəzifəsində çalışır. 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini alır və cəmi 9 il sonra Azərbaycan EA-nın akademiki kimi yüksək elmi ada layiq görülür.

 

1944-1952-ci illər ərzində Həsən Əliyev elmi-tədqiqatla yanaşı, təşkilati işlə də məşğul olur. Bu müddət ərzində o, Torpaqşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini (1944-1949), Botanika İnstitutunun direktoru (1949-1952), Azərbaycan KP MK katibi (1952) vəzifələrində çalışır.

 

Həsən Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının yaradılmasından (1945) doqquz il əvvəl elmimizin formalaşması üçün kadr hazırlığında fəal iştirak edib. Onun 1937-1944-cü illərdə istər Torpaqşünaslıq, istərsə də Coğrafiya bölmələrinin yaranmasında mühüm xidmətləri olub.

 

1952-1957-ci illərdə akademik Həsən Əliyevin Azərbaycan SSR EA-nın akademik-katibi, eyni zamanda, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində işləyib. 1951-ci ildə “Abşeron yarımadasında taxıl və ot əkilməsi məsələsinə dairelmi məqaləsi EA-nın məruzələrində çap olunur.

 

Bu gün hamıya bəllidir ki, təbiəti mühafizə olmadan heç bir ölkədə davamlı inkişafdan danışmaq olmaz. Akademik Həsən Əliyev dühası isə bunu keçən əsrin ortalarında görüb və dərk edib. Belə ki, 1950-ci illərdə akademik Həsən Əliyevin elmi istiqamətinin ikinci əsas şaxəsi - ətraf mühitin mühafizəsi başlanır və o, 1955-ci ildə Azərbaycan SSR EA-nın Təbiəti Mühafizə üzrə Komissiyasının sədri seçilir.

 

Həsən Əliyev 1952-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifələrində işləyib, həmin ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub, Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilib. 1961-ci ildə “Azərbaycan SSRİ-nin Böyük Qafqaz dağları zonasında üzümçülük və bağçılığı inkişaf etdirmək üçün torpaq ehtiyatları” məqaləsi EA-nın xəbərlərində dərc olunur.

 

Bəzi qəlbiqara insanlar ona irad tuturdular ki, elmlər doktoru olmaya-olmaya akademik seçilib. Ancaq bilmirdilər ki, o zaman üçün bu, normal hal idi. Ancaq Həsən müəllim heç kimin tənəsini qəbul edən adam deyildi ona görə 1966-cı ildə Moskvada Torpaqşünaslıq İnstitutunun dissertasiya şurasında uğurla doktorluq dissertasiyasını müdafiə edir.

 

Akademik öz imkanlarından istifadə edərək Azərbaycan SSR Ali Sovetinin sessiyasında (1958) təbiəti mühafizə üzrə məsələni müzakirəyə çıxarmağa nail olur. Azərbaycan SSR- Təbiəti Mühafizə Cəmiyyətinin fəaliyyəti genişləndirilir, təbiəti mühafizə üzrə dövlət komitəsinin yaradılmasına 1968-ci ildə direktoru olduğu Coğrafiya İnstitutunda ətraf mühitin qorunmasına aid ilk elmi-tədqiqat şöbəsini yaradır.

 

Onun instituta rəhbərlik etdiyi dövr coğrafiyaçıların etirafına görə, Azərbaycanda coğrafiya elminin intibah dövrü olub. 1972-ci ildə Xəzər dənizinin açıq hissəsində tərpənməz özül üzərində dünyada ilk dəfə dəniz observatoriyasının yaranması 25 il fəaliyyət göstərməsi akademikin fəaliyyətinin nəticəsidir.

 

1976-cı ildə aliminHəyəcan təbiliəsəri işıq üzü görür. Bu kitab Azərbaycan xalqının təbiəti mühafizə sahəsində maariflənməsində təbiətsevərliyində müsbət rol oynayıb. AkademikinHəyəcan təbili”nin ikinci, təkmil nəşri (1982) bu gün müsbət mənada təsir gücünü saxlayır. Azərbaycan xalqının ekoloji maariflənməsində akademik Həsən Əliyev 1975-ci ildən nəşrə başlayanAzərbaycan təbiətijurnalı da mühüm rol oynayıb.

 

Şair Bəxtiyar Vahabzadə öz xatirələrində yazıb: “Bu gün məndən Həsən müəllimin insani xarakterini səciyyələndirməyi soruşsalar, bircə cümlə deyərdim: O, Azərbaycan üçün yanan bir vətəndaş idi. Buna görə onun alimliyi vətəndaşlığından doğurdu”.

 

Məmməd Araz isə yazırdı: “Bəzən adama elə gəlirdi ki, Azərbaycan təbiətində hər şeyi o, öz əlləri ilə yerbəyer etmişdi; Sultanbud meşəsini , Eldar Şamı Dövlət Təbiət Qoruğunu da, respublikanın neçə rayonunda yaşı mini adlamış neçə çinarın, Naxçıvan-Şərur yolunda qalmış yeganə narbəndin müəllifionun özüdür”.

 

Akademik Həsən Əliyev ömrüboyu öz tədqiqatları ilə xalqımızın güzəranının yaxşılaşmasına kömək göstərməyə çalışıb. O, Azərbaycanın Qonaqkənd rayonunda maldarlıq təsərrüfatlarının bərpa edilməsi, Şamaxı-Xaldan-Quba istiqamətində karvan yolu boyunca avtomobil yolunun inşası, Qanıx–Əyriçay vadisindən Bakıya su çəkilməsi üçün yuxarı təşkilatlara müraciətlər edib. Yardımlı rayonunun iqlim torpaq örtüyünü tədqiq edib, sonra orada kənd təsərrüfatının yeni istiqamətinin - üzümçülüyün inkişafı üçün xüsusi təqdimat yazıb buna nail olub.

 

Keçən əsrin 60-cı illərində akademik Həsən Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin plenumunda cəsarətli məruzə etmişdi. Partiyanın qılıncının dalı da, qabağı da kəsdiyi bir dövrdə çəkinmədən Ermənistanı Gürcüstanı Kür Araz çaylarını çirkləndirdiklərinə görə tənqid atəşinə tutmuş onları əməli tədbirlər görməyə çağırmışdı. Məruzədə Azərbaycan ərazisi yaddan çıxmır, ətraf mühiti çirkləndirən müəssisələr adbaad çəkilir, həmin müəssisə rəhbərlərinin məsuliyyət daşıdıqları vurğulanır. Tuqay meşələrini qırmaqla pambıq tarlalarının sahəsini artırmaq istəyən raykom katibləri ilə Həsən müəllimin mübarizəsi ictimaiyyət arasında böyük əks-səda yaratmışdı. Əgər Həsən bəy Zərdabi meşəni meşəbəyilərindən qorumağa çağırırdısa, Həsən Əliyev təbiəti mühafizədə dünyagörüşü dar olan məmurlarla mübarizəyə çağırırdı.

 

Akademik Həsən Əliyevin həyatı təbiətlə təmasda məna tapırdı. O, respublikamızın hər bir guşəsinə vurğunluqla baxır, onlardan mənəvi zövq alırdı. Naxçıvanda İlanlıdağ, Dəvəçidə Çıraqqala (Qalaaltı), Qubada Təngə dərəsi, Şamaxıda Pirqulu Meysəri dərəsi, Gəncədə Göygöl, Abşeronda Nardaran, Qəbələnin qaraçöhrəsi, Şərurun narbənd ağacı, Şollar düzünün meşələri, Tuqay meşəsi... onun ürəkdən sevdiyi, bağlandığı yerlər idi.

 

Alimin Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətində sədrlik fəaliyyəti xüsusi qeyd edilməlidir. Təbii ki, Azərbaycanda o zaman bu qeyri-dövlət təşkilatı ilə yanaşı, dövlət qurumu, yəni Ekologiya Komitəsi fəaliyyət göstərirdi. Maraqlı odur ki, bölgələrdə dövlət qurumundan çox Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətini tanıyır, bu cəmiyyətin çağırışlarına əməl edirdilər.

 

O, təkcə Azərbaycanda deyil, beynəlxalq simpozium konfranslarda da bu həvəslə çıxış edərdi. Alim yaxşı başa düşürdü ki, Azərbaycanı tanıtdırmaq üçün beynəlxalq aləmə çıxmaq lazımdır bu missiyanı hələ keçən əsrdə yorulmadan, həvəslə yerinə yetirirdi.

 

Həsən müəllim həm bacarıqlı ekoloq-fotoqraf idi. O, Azərbaycan təbiətinin əvəzsiz guşələrinin fotoşəklini çəkməkdən, slayd yaratmaqdan, sonra da onları əhaliyə çatdırmaqdan sonsuz zövq alar, sevinc hissi keçirərdi.

 

Akademik Həsən Əliyev pedaqoji fəaliyyəti ilə fərqlənib, Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) mühazirələr oxuyub, 35-dən çox namizədlik doktorluq dissertasiyasının elmi rəhbəri olub.

 

Həsən Əliyev bir insan kimi səmimi, mehriban, sadə, qayğıkeş, ədalətli, sözünü deyən idi, kadrlara qayğı göstərirdi, elmi işçilərin qədrini bilirdi. O, Azərbaycanı qarış-qarış gəzmişdi, Vətənini çox sevirdi. Hansı bölgədən, kənddən söhbət getsə, oranın təbiəti, əhalisi, adət-ənənəsi el ağsaqqalı haqqında məlumat verərdi.

 

Akademik Həsən ƏliyevinHəyəcan təbiliəsəri isə alimin vicdan səsi, hələ sağlığında özünə ucaltdığı heykəl idi.

 

Elm  2021.- 17 dekabr.- S.8.