Musiqimizin beşiyi

 

Mir Möhsün Nəvvab, Xərrat Qulu, Hacı Hüsü, Sadıqcan, Məşədi İsi, Əbdülbağı Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Xan Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov kimi gözəl musiqiçi və ifaçıların, Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Sultan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov kimi tanınmış bəstəkarlarımızın, dünya şöhrətli müğənni Rəşid Behbudovun və digərlərinin vətəni olan Şuşa haqlı olaraq Azərbaycan musiqisinin beşiyi sayılır.

 

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, Əməkdar incəsənət və elm xadimi, akademik Zemfira Səfərovanın “Qafqazın konservatoriyasının” 270 illiyinə həsr edilmiş rus dilində “Şuşa Azərbaycan musiqisinin qalasıdır” («Øóøà – öèòàäåëü àçåðáàéäæàíñêîé ìóçûêè») adlı kitabı işıq üzü görüb.

 

Dünyada bir neçə şəhər var ki, hər daşına, hər qalasına, bütün aurasına musiqi hopub. Bu, Avstriyada Vyana, İtaliyada Neapol, Qarabağda isə Şuşa şəhəridir” qeyd edən müəllif ön sözdə Qarabağın musiqi həyatının ətraflı panoramasını təqdim edir, Azərbaycanda, o cümlədən Qarabağda musiqi sənətinin əsas inkişaf mərhələlərindən söhbət açır. Müsəlman İntibah dövrü, Səfiyəddin Urməvi (XIII əsr), Əbdülqədir Əl-Marağayı (XIV əsr) və Səfiyəddin Əbdül Mömin (XV əsr) kimi tanınmış musiqişünas alimlərin həyat və yaradıcılığı, XIX əsrdən yaranmağa başlayan və Azərbaycan muğam sənətinin inkişafında aparıcı rol oynayan musiqi məclislərinin fəaliyyəti (Şamaxıda – Mahmud ağa Əhməd ağa oğlu, Şuşada – Xərrat Qulu Məhəmmədoğlu, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Xurşidbanu Natəvan, Bakıda – Məşədi Məlik Mansurovs.), Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Pirimov və digər məhşur tar ifaçılarının müəllimi olan görkəmli tar ifaçısı Sadıqcanın, habelə tanınmış xanəndələrin yaradıcılığı – bütün bu məsələlər təqdim edilən musiqi sənəti və musiqişünaslığın inkişafı panoramasında öz əksini tapıb.

 

Kitabın birinci hissəsi XIX-XX əsrlərin görkəmli alimi, şairi, rəssamı və musiqişünası Mir Möhsün Nəvvab və onun musiqiyə dair önəmli risaləsi “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) haqqındadır. Müəllif doğma Şuşa və bütövlükdə Azərbaycanın mədəni həyatında əhəmiyyətli rol oynamış Nəvvabın həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verir. “Məclisi-Fərəmuşan” (“Unudulmuşların məclisi”) və “Musiqiçilər” adlı şeirmusiqi məclislərinin təşkilatçısı olan Nəvvab maarifçilik fəaliyyəti ilə də tanınıb. Müəllimi olduğu yeni üsullu (“üsuli-cadid”) məktəblərin yaradılması, Azərbaycanın kitabxana işində böyük rol oynayan tipoqrafiyanın və oxu evlərinin təşkili Nəvvabın adıyla bağlıdır. Bundan əlavə, Nəvvabın ədəbiyyatşünaslıq, astronomiya, coğrafiya, dilçilik, etikapedaqoqikaya dair əsərləri var. Günümüzün reallıqları ilə alimin “1905-1906-cı illərin erməni-müsəlman davası” əsəri səsləşir. Akademik Nəvvabın “Kəşfül-Həqiqeyi-məsnəvi” əsərindən danışaraq əsərin üçüncü hissəsi üzərində ətraflı dayanır və muğam, şöbə, güşə və avazların adlarını təqdim edir.

 

Kitabında Zemfira Səfərova Mir Möhsün Nəvvabın yalnız Azərbaycanda deyil, həmçinin Yaxın və Orta Şərq ölkələrində muğam sənəti və muğam ifasının əsas məsələlərinə həsr edilən “Vüzuhül-ərqam” əsərinə xüsusi yer ayırır: «“Vüzuhül-ərqam” Azərbaycan musiqisi haqqında XIX əsrin sonlarında Azərbaycan dilində (ərəb əlifbası ilə) yazılan və XX əsrin əvvəllərində nəşr olunan yeganə risalədir. Əsərin bəzi hissələri ərəb və fars dillərində yazılıb”.

 

Risalənin adına aydınlıq gətirən akademik qeyd edir ki, müəllif əsəri “Rəqəmlərin izahı” adlandırıb, çünki əsrlər boyu musiqi riyaziyyatla sıx bağlı olubonunla bərabər inkişaf edib. Buna görə də risalədə muğamların adı, onların quruluşus. ilə əlaqədar çoxsaylı cədvəllər təqdim olunur. Söhbətimiz zamanı Zemfira Səfərova bildirib ki, Nəvvabın cədvəli üzrə Azərbaycanın tanınmış tar ifaçısı Bəhrəm Mənsurov “Azərbaycan”, “Şah Xətai” kimi unudulmuş muğamları ifa edib. İlk dəfə Nəvvabın cədvəli üzrə alınmış musiqi nümunəsi alimin Səmərqənddə keçirilən II Beynəlxalq musiqişünaslıq simpoziumunda çıxış etdiyiMir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” əsəri” adlı məruzəsinə illüstrasiya kimi ifa edilib.

 

Şuşa Azərbaycan musiqisinin qalasıdır” kitabının elmipraktiki əhəmiyyəti həm də ondan ibarətdir ki, burada “Vüzuhül-ərqam”ın faksimilesilə yanaşı ilk dəfə olaraq risalənin rus dilinə tərcüməsi və qeydlər təqdim olunur.

 

Kitabın ikinci hissəsi görkəmli rus şairi Sergey Yeseninin “Şərq musiqisinin peyğəmbəri” adlandırdığı böyük ustad-xanəndə, geniş səs diapazonunun sahibi, Azərbaycan muğam üslubunun yaradıcısı Cabbar Qaryağdıoğluya həsr edilib. Burada Cabbar Qaryağdıoğlunun həyatı və çoxşahəli yaradıcılığı, xanəndənin yaratdığı mahnılar, həmçinin Qaryağdıoğlunun Sergey Yesenin, Fyodor Şalyapin, 1923-cü ildə Bakıya “Şah Sənəm” operasını yazmaq üçün gələn Reynqold Qlierlə görüşlərindən ətraflı söhbət açılır. Qaryağdıoğlu Qurban Pirimovun müşayiəti ilə bəstəkar üçün bir sıra muğam və qədim xalq mahnılarını ifa edərək operanın ərsəyə gəlməsinə böyük köməklik göstərib.

 

Zemfira Səfərova öz kitabında xanəndənin müasirlərinin çoxsaylı xatirələrini təqdim edir, Qaryağdıoğlunun həmkarlarının yaradıcılığı, musiqi məclislərinin fəaliyyəti, XIX əsrin sonlarında Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə Şuşada təşkil olunan teatr tamaşaları və Azərbaycanda teatr sənətinin gələcək inkişafı, Şuşada, Bakıda və digər şəhərlərdə Haqverdiyevin rəhbərliyilə keçirilən “Şərq konsertləri” və “Şərq axşamları”, XX əsrin əvvəllərində Azərbaycan xanəndələrinin təkrarolunmaz səslərinin qramofon vallarına yazılması barədə ətraflı bəhs edərək Şuşa və bütövlükdə Qarabağın o dövrdəki mədəni həyatının dolğun mənzərəsini yaradır: “XIX əsrin ikinci yarısında bütövlüklə Qarabağda, xüsusilə də Şuşada xanəndə və sazəndə sənəti çox inkişaf etmişdi. Azərbaycanın digər şəhərlərilə müqayisədə Şuşada daha çox musiqiçi, ifaçı, xanəndə və tar ifaçıları vardı. O dövrün Şuşası musiqimizin beşiyi və mərkəzi olaraq Azərbaycan musiqisinin inkişafına təkan verdi”.

 

Cabbar Qaryağdıoğlunun pedaqoji fəaliyyətindən danışan Zemfira Səfərova qeyd edir: “O, böyük xanəndə məktəbi yaradıb. Onun yetirmələri arasında Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfi Adıgözəlov, Xan Şuşinski, Cahan Talışınskaya, Yəvər Kələntərli, Mütəllim Mütəllimov, habelə Şəkili Ələsgər, Malıbəyli Həmid, Zabul Qasım, Məcid Behbudov, Seyid Mirbabayevin adlarını çəkmək olar”. Bu adlar Cabbar Qaryağdıoğlunun Vətənimizin musiqi sənətinin inkişafına verdiyi misilsiz töhfədən bir daha xəbər verir.

 

Akademik Cabbar Qaryağdıoğlunun “Keçmiş Azərbaycan musiqisi haqqında xatirələrim” adlı əsəri haqqında da ətraflı söhbət açır. “İstedadlı folklorşünasın musiqimiz haqqında ciddimonumental əsəri” haqqında danışan alim bəstəkar və tədqiqatçı Ərtoğrul Cavidin qeydlərini də təqdim edir. Zemfira Səfərova yazır: “Bu əsər muğam sənətini öyrənənlər üçün nəzərdə tutulub. Muğam ifaçıları üçün xüsusi əhəmiyyət kəsb edən əsər onlar üçün əsl dərslikdir. Buna görə də bu əsəri mütləq nəşr etdirmək lazımdır”.

 

Xarici tədqiqatçılar üçün akademikin Cabbar Qaryağdıoğlunun yaradıcılığında qədim muğamın interpretasiyasına həsr olunan məruzəsinin ingilis dilində təqdim edilən ətraflı xülasəsi böyük maraq kəsb edir.

 

Kitabda o dövrün musiqi həyatının salnaməsini sənədləşdirən çoxsaylı əyani materiallar təqdim olunur. Burada görkəmli mədəniyyət və incəsənət xadimləri, teatr tamaşalarının afişaları, Şuşanın memarlıq inciləri, ornament, illüstrasiya və rəsm əsərləri, həmçinin Cabbar Qaryağdıoğlunun qızının şəxsi arxivindən fotolar və xanəndənin qızına həsr etdiyi mahnıların not yazıları yer alıb.

 

Bu gün Şuşa uzun illərin işğalından azad edilib. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün güllələnmiş heykəlləri artıq öz doğma şəhərinə qayıdıb, Şuşanın infrastrukturu, mədəni və memarlıq irsinin bərpası üzrə işlərə start verilib. Zemfira Səfərovanın “Şuşa Azərbaycan musiqisinin qalasıdır” adlı kitabı Qarabağın musiqi sənətinin inkişaf tarixinin bərpası və yeni muzeylərin təşkili üzrə aparılan işlərə qiymətli və sanballı töhfədir.

 

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Elm .- 2021.- 5 fevral.- S.7.