Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim
İnsan ömrü cəmiyyətə,
elmə, təhsilə, xeyirxah əməllərə həsr
ediləndə daha mənalı və qürurlu olur. Çünki xalq, vətən üçün yaşanan
həyat əsl insan ömrüdür.
Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim İbrahim Cəfərov da
belə insanlardandır.
Tanınmış
ictimai xadim,
görkəmli fitopatoloq alim,
dəyərli pedaqoq, Azərbaycan
Dövlət Aqrar Universitetinin
(ADAU) rektoru, Milli
Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərovun həyatı,
fəaliyyəti xalqına, vətəninə xidmətə
həsr olunmuşdur. Dəyərli
alimin 65-ci doğum
günündə onun həyat və
fəaliyyətinin bəzi məqamlarına nəzər salaq.
İbrahim
Cəfərov 1956-cı il yanvarın
20-də qədim və zəngin tarixi olan Naxçıvan Muxtar
Respublikasının Şərur rayonu
Düdəngə kəndində doğulmuşdur.
1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci
illərdə həmin institutun
tələbəsi olmuşdur. İnstitutun Bitki mühafizəsi fakültəsini fərqlənmə diplomu ilə bitirən İbrahim
Cəfərov 1985-1988-ci illərdə K.A.Timiryazev
adına Moskva Kənd
Təsərrüfatı Akademiyası Fitopatologiya
kafedrasının əyani aspirantı olmuş,
1989-cu ildə namizədlik, 2006-cı ildə
“Azərbaycanın çəyirdəkli meyvə
bitkilərinin mikobiotası (növ
tərkibi, törədicilərin
biologiyası, zərərlilik, mühafizə
tədbirləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildən professor
olan İ.Cəfərovun həyatı
Azərbaycan elminin inkişafına,
müstəqilliyimizin və dövlətçiliyimizin
möhkəmlənməsinə həsr olunmuşdur.
2014-cü ildə AMEA-nın müxbir
üzvü seçilən alim elmin bu
mərtəbəsinə pillə-pillə
qalxmışdır. O, Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun Fitopatologiya və bitkilərin immuniteti
kafedrasında assistent (1989), dosent (1994), professor (2011) kimi fəaliyyət göstərmiş,
Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının 1993-cü ildən 2002-ci ilədək
Meyvə-tərəvəzçilik və üzümçülük,
sonra isə Aqronomluq
və torpaqşünaslıq fakültələrinin
dekanı, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə
prorektoru (2009-2013)
vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə professor İbrahim
Cəfərov Azərbaycan Dövlət Aqrar
Universitetinin rektoru
təyin edilmişdir.
Görkəmli alim həm
Azərbaycanın, həm də xarici
ölkələrin elmi qurumlarının üzvüdür. O, 2008-ci
ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdində fəaliyyət
göstərən Müdafiə Şurasının
həmsədri, 2015-ci ildən Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının Azərbaycan Dövlət Aqrar
Universitetinin nəzdində
fəlsəfə doktoru elmi
dərəcəsi almaq üçün təqdim olunan
dissertasiyaların müdafiəsini keçirən dissertasiya şurasının sədri təyin
edilmişdir.
Professor İbrahim Cəfərov fitopatologiya
sahəsində işlərin beynəlxalq səviyyəyə
çatdırılması və fəaliyyət dairəsinin
genişləndiriməsi üçün
bir çox
işlər görmüşdür. Alimin elmi tədqiqatlarının
nəticələri Azərbaycanda və xaricdə nəşr
olunan 150-dən çox
elmi əsərdə, o
cümlədən dərslikləri, dərs vəsaitləri, fitopatologiya fənninin
öyrənilməsinə dair metodik tövsiyələrdə öz əksini tapmışdır. İbrahim Cəfərovun yüksəkixtisaslı
elmi kadrların hazırlanması
sahəsində də xidmətləri olmuşdur.
Onun elmi
rəhbərliyi ilə 5 fəlsəfə doktoru
dissertasiya işi
müdafiə edilmişdir.
Alim
keçən əsrin 80-ci illərinin sonunda
Naxçıvan Muxtar Respublikası
şəraitində üzüm bitkisinin əsas xəstəliklərini
tədqiq etmiş, mildyu
və oidium kimi
təhlükəli xəstəliklərə qarşı
mübarizə tədbirləri sistemini bioloji cəhətdən
əsaslandırmış, müxtəlif üsulların
kombinasiyasında inteqrir mübarizə üsulunun elementlərini işləmişdir.
Onun
tərəfindən Azərbaycanın müxtəlif
bölgələrində aparılan bioloji
müayinələr, bitki xəstəlik
törədicilərinin növ
tərkibinin öyrənilməsi, zərərli patogen növlərinin aşkar
olunması biologiya və kənd
təsərrüfatı elmi üçün fundamental
və praktik əhəmiyyət
kəsb etmişdir.
Professor
bitki mühafizəsi sahəsində,
xüsusilə üzüm,
çəyirdəkli meyvə bitkiləri və
şəkər çuğundurunun
mikobiotasını öyrənmiş, əsas
xəstəliklərə qarşı mübarizə
tədbirlərini işləmişdir. İbrahim
Cəfərov tərəfindən həmçinin
çəyirdəkli meyvə bitkilərində ən
təhlükəli xəstəliklərdən hesab edilən klasterosporioz
və ya deşikli
ləkəlik, sitosporoz, monilioz
və ya boz meyvə
çürüməsi, kokkomikoz, unlu şeh və deformasiya mənşəli bir
sıra xəstəliklərin bioloji inkişaf xüsusiyyətləri tədqiq edilmiş və onun
əsasında mübarizə tədbirləri işlənib
hazırlanmışdır.
İbrahim
Cəfərov tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx
əlaqələnən bacarıqlı müəllimdir. Professorun 30
ildən çox olan pedaqoji fəaliyyətinə “Fitopatogen
göbələklər kənd təsərrüfatı
bitkilərinin xəstəlik törədiciləridir”, “Buğda bitkisinin
xəstəlikləri və onlara
qarşı mübarizə tədbirləri”, “Tağlı
bitkilərin xəstəlikləri və onlara
qarşı mübarizə tədbirləri”,
“Açıq və örtülü qruntda becərilən pomidor,
bibər bitkilərinin xəstəlikləri və onlarla mübarizə”, “Üzüm
və çiyələk bitkisinin
xəstəlikləri, onlara qarşı
mübarizənin prinsipləri”, “Bitki
xəstəliklərinin müqayisəli təhlili”, “Sitrus və subtropik
bitkilərin əsas xəstəlikləri,
onlarla mübarizə”, “Dənli-paxlalı
bitkilərin xəstəlikləri, onlarla
mübarizə”, “Pambıq və günəbaxan bitkilərinin
əsas xəstəlikləri, onlarla
mübarizə”, “Şəkər çuğunduru
və kələm bitkilərinin xəstəlikləri, onlara qarşı mübarizə”,
“Fındıq və digər qərzəkli meyvə
bitkilərinin əsas xəstəlikləri, onlarla
mübarizə” və s. pedaqoji
ustalıqla tədris edilən fənlər daxildir.
Bu gün İbrahim
Cəfərovun fəaliyyətinin ən önəmli
hissəsi Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlıdır. Azərbaycan elmində, ictimai
fikrində öz yeri,
öz sözü olan alimin ADAU-nun
inkişafında, ölkəmizdə və dünyada
tanınmasında böyük
zəhməti var. İndi
onun rektoru olduğu universitetdə
tələbələrin innovativ
ideyalarının dəstəklənməsi üçün
hərtərəfli şərait mövcuddur.
Yaradılmış yeni
təsisatlar, o cümlədən Aqrobiznes inkubasiya
mərkəzi, aqrokimya, toxumçuluq,
qapalı və açıq balıqyetişdirmə, kənd
təsərrüfatı maşınlarının intellektual idarəedilməsi laboratoriyaları,
quşçuluq, bildirçin
və süni mayalanma
tədris mərkəzləri, maşın-traktor parkı,
heyvandarlıq kompleksi, bitki və baytarlıq klinikaları, patoloji anatomiya
muzeyi-auditoriyası tələbələrin innovativ
ideyalarının, startap
layihələrinin həyata keçirilməsinə
şərait yaradır.
Ömrünü
elmə, təhsilə həsr edən, elmi
və ictimai mühitdə adı
hörmətlə çəkilən,
peşəkarlığı və qayğıkeşliyi
ilə seçilən İbrahim
Cəfərov yenilikçi, daim tələbələrin yanında olan, onların qayğılarını
çəkən, problemlərini həll edən bir insandır. O həm rektor, həm
də müəllim kimi istedadlı
tələbələrə hər zaman
dəstək verir, köməyini
əsirgəmir. Məhz buna görə
də professor İbrahim
Cəfərov 176 min istifadəçi
arasında keçirilən “2018-ci ilin
ən yaxşı rektoru” adlı sosial tələbə sorğusunda
səslərin 53 faizini toplayaraq
qalib olmuşdur.
Dəyərli alim sözün
həqiqi mənasında tələbələri üçün yaşayan,
çalışan rektordur. Professorun uğurlu rəhbərliyi sayəsində
Azərbaycan Dövlət Aqrar
Universitetində keyfiyyətli və şəffaf təhsil
imkanları, tələbəyönümlü
tədbirlər, təqaüdlər, beynəlxalq
mübadilə proqramlarında iştirak,
tələbələrin sosial-məişət
şəraitinin müasir
tələblərə cavab verməsi,
valideyn-universitet əlaqələrinin
inkişafı, aqrar sahədə uğurlu karyera
imkanları təmin edilmişdir.
Alimin gərgin
və səmərəli əməyi dövlət
tərəfindən layiqincə qiymətləndirilmişdir. Alim Prezident İlham
Əliyevin 7 noyabr 2016-cı il tarixli
sərəncamı ilə kənd
təsərrüfatının inkişafında
xidmətlərinə və dövlət qulluğunda
səmərəli fəaliyyətinə görə 3-cü
dərəcəli “Vətənə xidmətə
görə” ordeni ilə təltif edilmişdir. İbrahim
Cəfərov həmçinin 2016-cı ildə Qazaxstan Milli Aqrar Universitetinin fəxri professoru, 2018-ci ildə Moldova
Dövlət Aqrar Universitetinin
fəxri doktoru adlarına layiq
görülmüşdür.
Qərib
MƏMMƏDOV, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademik
Elm 2021.-
15 yanvar.- S.7.