Oxu, nəğmən dilə gəlsin!
Xalq artisti Bülbülün 125
illiyinə ithaf olunur
Əsrlər boyu insanları öz cəh-cəh səsi il valeh edən, heyran qoyan bülbül Şərq ədəbiyyatında ən çox müraciət olunan obrazlardan biridir. Eşqin, sədaqətin rəmzi sayılan bülbül musiqi ifaçılığı ilə bağlı əhvalatların, rəvayətlərin də baş qəhrəmanıdır. Xalq arasında bülbülün mahir musiqiçilərin ifasından vəcdə gələrək cəh-cəh vurmağa başladığı, uçub ustad sənətkarların çiyninə, musiqi alətlərinin üstünə qonduğu haqqında maraqlı söhbətlər danışılır.
Bir də vətənə bağlılığın, saf məhəbbətin rəmzi kimi uzun illərdir yaddaşımıza yazılan Xarıbülbül əfsanəsini xatırlayaq. Deyilənə görə, Qarabağ xanı öz qızını İran şahına ərə verir. Xan qızı İranda darıxdığından şah onun şərəfinə sarayın bağçasında “Vətən bağı”nın salınmasını əmr edir. Bağ salınır və Qarabağda yetişən bütün güllər, bitkilər bu bağda əkilir. Onlardan hər biri yad torpaqda qol-budaq açır, yalnız Xarıbülbül özünə məskən sala bilməyərək saralıb solur.
1897-ci ilin iyun ayının 22-də Şuşa yaxınlığında dünyaya bir körpə göz açır. Günəşin ayı əvəz etdiyi işıqlı bir səhər çağında doğulduğundan anası onu Aydınlıq, atası isə Murtuz deyə çağırır. Amma bütün bunlardan daha yüksək bir adı ona xalq özü verərək Bülbül adlandırır və o, Azərbaycan musiqi sənətinin Bülbülü kimi dünyada tanınır.
Bülbülün
yolda dünyaya gəlişi taleyin bir qisməti olduğu qədər
həyat yolunda rəmzi məna da daşıyır. Xalq yazıçısı Elçinin qeyd etdiyi
kimi, “Bülbül yolda anadan oldu və bütün
ömrü boyu da yolda oldu – həm həqiqi, həm də məcazi
mənada: dünyanın müxtəlif ölkələrində,
müxtəlif şəhərlərində oldu, onun səsi
müxtəlif konsert salonlarından gəldi və eyni
zamanda bir sənətkar kimi, həmişə yolda oldu - sənətin
yüksək bədii-estetik zirvələrinə aparan yolda”.
Tanınmış
sənətkarın Şuşada, Azərbaycanın mədəni
mərkəzlərindən biri olan qədim bir şəhərdə
dünyaya gəlişi onun musiqiyə, şeirə meylinin
yaranmasına mühüm təsir göstərmişdir. Şuşanı “Şərqin konservatoriyası”,
“Qafqazın sənət məbədi”, “Azərbaycan
musiqisinin beşiyi” adlandırırlar və bu, əlbəttə,
təsadüfi deyil. Cabbar Qaryağdıoğlu,
Qurban Pirimov, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid
Behbudov, Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov,
Süleyman Ələsgərov kimi sənətkarlar, Firidun bəy
Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf
bəy Vəzirov, Xurşudbanu Natəvan, Qasım bəy Zakir
və onlarca ədiblərimiz öz yaradıcılıq qayəsini
Şuşa təbiətindən aldığı kimi,
Bülbülün ecazkar avazı da bu torpağın
ab-havasından, suyundan bəhrələnmişdir. Mənbələrdə qeyd olunduğuna görə,
məktəb-mədrəsə təhsili aldığı
kiçik yaşlarında Bülbül xalq sənətkarı
Xan Şuşinski ilə Cıdır düzünə
çıxar, orada hərəsi bir tərəfə çəkilərək
bayatı deyərdi: bir bayatını Bülbül, bir
bayatını Xan. Zənnimizcə, illərlə davam edən
bu bəhsləşmə, bu yarış Bülbülün
xalq sənətçisi kimi yetişməsinə öz
müsbət təsirini göstərmişdir.
1907-ci
ildə ilk təhsilini Şuşa mollaxanasında alan
müğənni burada Quran surələrini mükəmməl
öyrənməklə yanaşı, Şərq dillərinə,
ədəbiyyatına, dini-fəlsəfi baxışlara
yaxından bələd olmuşdur. Bir
baxımdan Qarabağın musiqi ocağı sayılan mədrəsə
təhsili illərində bu məktəbin yetirmələri
olan Qarabağın ən görkəmli xanəndələri
– Hacı Hüsü, Məşədi İsi,
Əbdülbağı Zülalov (Bülbülcan),
Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd,
Cabbar Qaryağdıoğlu, Mirzə Sadıq
(Sadıqcan) və b. sənətkarlarla tanışlıq onun
musiqi zövqünün formalaşmasına doğru istiqamət
vermişdir. Bülbül 1909-cu ildə Gəncə şəhərinə
köçərək, xalq xanəndəsi kimi
Zaqafqaziyanın bir çox şəhər və kəndlərində
çıxış etməyə başlamışdır. Təlimatçı-təşkilatçılıq
qabiliyyəti doğuşdan ruhunda olan sənətkar burada
yaşadığı illərdə şəhərin xanəndə
və musiqiçilərdən ibarət xor yaratmış, Gəncə
və onun qəzalarında musiqi-teatr işlərinə rəhbərlik
etmişdir. Gəncə İncəsənət
İşçiləri İttifaqının sədri, mədəniyyət
şöbəsinin müdiri, mədəni-maarif plenumunun
üzvü, İncəsənət İşçiləri
İttifaqı İdarə Heyəti sədrinin müavini vəzifələrini
uğurla həyata keçirmişdir.
Bülbülün səhnədəki ilk addımı 1915-ci ildə Gəncədə Məşədi Cəmil Əmirovun “Seyfəl mülik” operasında Səadət rolu ilə bağlıdır. 1920-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət edilən müğənni Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasında Kərəm rolunu müvəffəqiyyətlə ifa etmişdir. Daha sonra Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında İbn-Səlam, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasında Qərib rolundakı çıxışları ilə Azərbaycan tamaşaçılarının qəlbinə yol tapmış, sevilmişdir.
Bülbül
1921-1927-ci illərdə Azərbaycan Dövlət
Konservatoriyasında təhsil almışdır. 1927-ci ildə dövlət xətti ilə
İtaliyanın Milan şəhərinə göndərilmiş
və burada dövrünün tanınmış musiqiçilərindən
- Cüzeppe Anselmi, Delli Ponti və Rafaele Qranidən dərs
almışdır. 1931-ci ildə İtaliyanın “Arte
Nostra” jurnalında Bülbülün fotoşəklinin də
yer aldığı “Azərbaycanlı Bülbül” adlı
geniş məqalə dərc olunmuşdur. Məqalədə
deyilirdi: “Bülbül müsəlman aləmindən
İtaliyaya təhsil almaq üçün gəlmiş ilk
vokalçıdır. O, spesifik Şərq oxumasından Avropa
oxuma məktəbinə keçmişdir”.
İtaliyanın
Milan Konservatoriyasını bitirdikdən sonra Azərbaycana geri
dönən sənətkar 1931-ci ildən Azərbaycan Dövlət
Konservatoriyasında dərs deməyə başlamış,
öz biliyi və bacarığını yeni vokal kadrların
hazırlığı işinə sərf etmişdir. Azərbaycan
vokal sənəti nəzəriyyəsini diqqətlə işləyib
hazırlayan Bülbül Azərbaycan dilinin
fonetikasının öyrənilməsinə də
böyük diqqət yetirmişdir. Onun “Oxuma üçün
Azərbaycan dilinin fonetik xüsusiyyətlərinin əhəmiyyəti”
əsəri nəinki musiqişünaslar, Azərbaycan
dilçilik elmi üçün də qiymətli mənbədir.
Bülbül
1940-cı ildə elmi və elmi pedaqoji sahədəki xidmətlərinə
görə professor adına layiq görülmüşdür.
Ümummilli
liderimiz Heydər Əliyev Bülbülün
yaradıcılığını Azərbaycanın ən
böyük sərvəti kimi dəyərləndirərək,
onu “milli qürurumuz” adlandırmışdır. Nə
idi Bülbülü bu qədər sevdirən? Qeyd edək ki,
tanınmış müğənninin əsas
üstünlüyü onun sənətinin milliliyindədir.
Milli ruh, doğma vətənə, milli folklor və musiqi ənənələrinə
bağlılıq onun yaradıcılığının təməlini
təşkil etmişdir. Sənətkarın oxuduğu
şeirin mənası və məzmunu ilə musiqi arasında
sıx vəhdət, həmahəng səslənmə və həmavazlılıq
açıqca hiss olunmaqdadır. Onun səsləndirdiyi
bütün əsərlərdə olduqca aydın tələffüz,
gözəl diksiyaya malik ifaçılıq qabiliyyəti
özünü büruzə verir. Bülbül hesab edirdi ki,
“öz dilində elə oxumalı ki, o dili başa düşməyənlər
belə ləzzət alsın, sənin dilində
oxumağı arzulasınlar”. Tanınmış
ifaçı Azərbaycan bəstəkarlarının vokal əsərlərini,
muğamları, xalq mahnı və təsnifləri, eləcə
də xarici ölkə bəstəkarlarının ariya və
romanslarını özünəməxsus üslubda, aydın
tələffüzlə yüksək səviyyədə ifa
etmək bacarığına malik idi.
Bülbül
Şərq poeziyasını dərindən dərk edən,
ona ürəkdən bağlı olan sənətkardır. Sədi,
Hafizi, Ömər Xəyyam, Nizami, Xaqani, Füzulinin əsərləri
həmişə onun ürəyində, dodaqlarında
dolaşmış, Vaqifin, Ələsgərin
yaradıcılığı dilinin əzbəri olmuşdur.
Lakin onun qəlbində Nizami və Füzuli yaradıcılığı
xüsusi yerə malik idi. Bununla
əlaqədar yazmışdır: “Mən
ömrümün çox ilini sevimli sənətə - opera səhnəsinə
vermişəm, lakin Füzulinin qəzəllərindən
aldığım ilk təəssüratı heç vaxt
unutmaram, həmin qəzəlləri görkəmli Azərbaycan
müğənnisi Cabbar Qaryağdıoğlu oxuyurdu. O
zaman onu dinlədikdə Füzulinin xalqa nə qədər
yaxın olduğunu, xalqın arzu və düşüncələrini
nə qədər parlaq ifadə etdiyini başa
düşdüm”. Həyat yoldaşı Adilə xanım
öz xatirələrində qeyd edir ki, “Bülbül şeir
xəzinəsindən incilər seçməyi bacarır,
söz üzərində yorulmadan işləyir, tələffüzünə
xüsusi diqqət yetirirdi”. Doğrudan da, Bülbülün
ifa etdiyi əsərlərdə sözlər musiqiyə
çevrilir, musiqi isə insanın danışıq dili kimi
səslənirdi.
Məşhur
müğənni xalq musiqisinin – mahnı və təsniflərin,
şifahi ənənəli professional musiqi janrlarının –
aşıq musiqisi, muğam dəstgahları, zərbi
muğamlar, təsnif və rənglərin mahir bilicisi
olmuşdu. Bülbül not yazılarının tarixi əhəmiyyətini
yüksək dəyərləndirmiş, qorunub
saxlanılması və gələcək nəsillərə
çatdırılmasının vacibliyini dərk etmişdi. O, müdriklik və uzaqgörənliklə
muğamların, çoxdan unudulmuş təsnif və rənglərin
nota yazılması sahəsində təməl
addımları ataraq qocaman xanəndə və
çalğıçıların yaradıcılıq ənənələrinin
bərpa və inkişaf etdirilməsi sahəsində əvəzolunmaz
xidmətlər göstərmişdir.
Dahi sənətkarın təşəbbüsü ilə 1932-ci ildə Azərbaycan Konservatoriyası nəzdində Zaqafqaziyada ilk dəfə olaraq xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılmışdır. Azərbaycanın ayrı-ayrı bölgələrində yaddaşlarda yaşadılan xalq mahnılarının toplanması və nota köçürülməsi kimi ali bir missiyanı həyata keçirən mərkəz Azərbaycan musiqi irsinin öyrənilməsində mühüm rol oynamışdır. Dövrün tanınmış musiqişünaslarını öz ətrafında birləşdirən mərkəzin fəaliyyəti sayəsində tarzən Qurban Primov, görkəmli bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Zakir Bağırov, musiqişünas Məmməd İsmayılov, tanınmış xanəndələr Seyid Şuşinski, Cabbar Qaryağdı oğlu, Zülfü Adıgözəlov kimi ustadların muğam və təsnifləri nota salınmışdır.
Yalnız muğamatın, xalq mahnılarının, el havalarının yox, aşıq sənətinin öyrənilməsi və inkişafında da Bülbülün həm elmi-nəzəri, həm də sırf təşkilati baxımından böyük rolu olmuşdur. Zəngin xalq yaradıcılığına bağlılıq, bu yaradıcılığı öyrənmək və öyrətmək, onu təbliğ etmək, sevdirmək ömrünün sonuna qədər Bülbülün fəaliyyətinin tərkib hissəsini təşkil etmişdir. Bu sahəyə xüsusi sevgi ilə yanaşan qüdrətli müğənni aşıq yaradıcılığına dair materialları toplamaq üçün respublikanın müxtəlif rayonlarına xüsusi ekspedisiyalar təşkil etmiş, xalq yaradıcılığı nümunələrinin toplanması və sistemləşdirilməsi üçün xüsusi briqadalar yaratmışdır. Onun təşəbbüsü ilə 8000 səhifə həcmində dastan, nağıl, qoşma və aşıq musiqi nümunələri yazıya və nota köçürülmüşdür.
Bülbül
1938-1961-ci illərdə keçirilmiş Aşıqlar
qurultayının təşəbbüskarı, təşkilatçısı
olmuş və bu tədbirlərdə Azərbaycan musiqi elminin
inkişafına istiqamət verən dərin məzmunlu məruzələrlə
çıxış etmişdir.
“Aşıq
el anasıdır”, “aşıq gördüyünü
çağırar”, “bir aşıq haqq
aşığıdır” sözləri ilə aşıq sənətini
mədh edən sənətkar “Biz aşıq
yaradıcılığına onun üçün əhəmiyyət veririk ki, bu sənətkarlıq
xalqımıza böyük ədəbi irs saxlamış,
şifahi ədəbiyyatımızın anası olmuşdur. Yalnız
lirik şeirlər deyil, tariximizlə əlaqədar olan,
yaşayışımız, ənənələrimizlə
bağlanan nə kimi gözəlliklər, oynaqlıqlar, həyati
hadisələr varsa, telli sazda böyük həssaslıqla
bizə çatdırılmışdır” - demişdir. Müğənninin musiqi folklorunu dərindən bilməsi,
aşıq dünyasına, müğənni-xanəndələrin
məişətinə, onların ənənəsinə
yaxşı bələd olması Kərəm obrazının
qüsursuz bir şəkildə ərsəyə gəlməsinə
zəmin yaratmış və
tamaşaçılarda Kərəmin – Bülbülün
əzablarına, ülvi məhəbbətinə, sədaqətinə
dərin inam yaratmışdır.
Bülbül
1933-cü ildə Ümumittifaq Moskva Müsabiqəsində
iştirak etmiş, müsabiqənin laureatı adını
alan ilk azərbaycanlı olmuşdur. Tədbirdə məruzə
ilə çıxış edən müğənni ölkəmizi
və Azərbaycan musiqisini qürurla təmsil etmişdir.
Böyük
Vətən Müharibəsi illərində Zaqafqaziya və
Bryansk cəbhələrində, hərbi xəstəxanalarda,
neftçilər qarşısında bütün gəlirini
ölkənin müdafiə fonduna verilən konsertlər
vermişdir. Arxa cəbhədə göstərdiyi fədakar əməyinə
görə, 1944-cü ildə
“Qafqazın müdafiəsinə görə”, 1945-ci ildə
isə “1941-1945-ci illərdə Böyük Vətən
Müharibəsində şərəfli əməyə
görə” medalları ilə təltif edilmişdir.
Sözsüz
ki, Bülbülün yaradıcılığının zirvəsini
Üzeyir Hacıbəylinin “Koroğlu” (Koroğlu),
“Arşın mal alan” (Əsgər), görkəmli rus bəstəkarı
Reynqold Qliyerin “Şahsənəm” (Əlyar), Əfrasiyab Bədəlbəylinin
“Nizami” (Nizami), Niyazinin “Xosrov və Şirin” (Fərhad), Qara
Qarayev və Cövdət Hacıbəylinin “Vətən”
(Aslan), italyan bəstəkarı Cakomo Puççininin
“Toska” (Mario) operalarında yaratdığı möhtəşəm
sənət nümunələri təşkil edir. Bülbül
Üzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu”
operasında Koroğlu rolunun ilk və ən yaxşı
ifaçısı olmuşdur. Səhnədə 400 dəfə
bu rolu ifa edən müğənni əfsanəvi xalq qəhrəmanının
momunental obrazını ədəbi olaraq
tamaşaçıların yaddaşına
yazmışdır.
Bununla belə, Bülbül Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan”, Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Ağabacı Rzayevanın romans və nəğmələrinin də mahir ifaçısı olmuşdur. Onun ifasında xalq mahnıları və təsniflər – “Süsən sünbül”, “Yaxan düymələ”, “Çal oyna”, “Küçələrə su səpmişəm”, “Qara tellər”, “Girdim yarın bağçasına”, “Qaçaq Nəbi”, “Çəkərəm nazını yarim, nə qədər naz eləsən də”, “Xumar oldum”, “Segah təsnifi” və s. tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Görkəmli sənətkar xalq musiqisinə böyük əhəmiyyət verərək onu “tarixi özündə qoruyub saxlayan xəzinə” adlandırmışdı.
Bülbül
yaradıcılığının digər bir zirvəsini də
onun sənətə gətirdiyi yenilik təşkil edirdi. Xəlqilik
- ən yaxşı klassik ənənələrə sədaqətlə
novatorluğun vəhdəti Bülbül
yaradıcılığının başlıca xüsusiyyətlərindəndir.
Dahi sənətkar dörd il İtaliyada təhsil
almaqla Avropa vokal məktəbini, İtaliya tədris
metodikasını dərindən öyrənmış, Azərbaycan
musiqi məktəbini Ümumavropa məktəbi ilə sintezləşdirərək
özünün yeni üslubunu yaratmış, bununla da tarixə
Azərbaycan professional vokal məktəbinin banisi kimi qızıl
hərflərlə həkk olmuşdur. Xalq
yazıçısı Anar haqlı olaraq deyir ki,
“Bülbül ilk baxışdan bir-birinə uzaq olan iki musiqi
dünyasını – Şərq və Qərb musiqisini öz
parlaq sənətiylə yaxınlaşdırır, birləşdirir,
təbii, üzvi vəhdətdə yüksək sənət
örnəkləri yaradırdı. Yalnız Azərbaycanda
deyil, bəlkə bütün İslam Şərqində yeni
vokal üslubun təməlini qoymuşdu. Bülbülün
ecazkar səsində iki musiqi aləmi – Avropa və Şərq
bir-birinə qovuşurdu”.
Doğrudan
da, min illər bundan əvvəl yaranmış xalq
mahnıları Bülbülün misilsiz təqdimatında fərqli
çalarlar, yeni intonasiyalar kəsb etmiş, verilən estetik
zövq insanların müasir mənəvi tələbatını
ödəyərək dinləyicilərdə dərin minnətdarlıq
hissi yaratmışdır. Bülbülün Azərbaycan
vokal mədəniyyətinə gətirdiyi yeniliklər opera və
ifaçılıq sənətinin gələcək
inkişafına da misilsiz töhfələr vermişdir.
Xalq
artisti Bülbülün yaradıcılığı ölkə
rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
O, Azərbaycan SSR Əməkdar artisti
(1934) və SSRİ Xalq artisti (1938) fəxri adlarına layiq
görülmüşdür. “Şərəf nişanı”
ordeni (1938), iki dəfə “Qırmızı əmək
bayrağı” ordeni (1936, 1958), 2 dəfə “Lenin” ordeni (1946,
1959), “Stalin” mükafatı (1950) ilə təltif edilmişdir.
SSRİ - İtaliya Dostluq Cəmiyyətinin üzvü
seçilmiş, SSRİ və İtaliya arasında dostluq əlaqələrinin
inkişafına görə “Haribaldi Ulduzu” ordenini
almışdır (1958).
Ölkənin
ictimai-siyasi və mədəni həyatında yaxından
iştirak edən sənətkar I (1938-1946), II (1947-1950), III
(1951-1954), IV (1955-1959) və V (1959-1961)
çağırış Azərbaycan SSR Ali Sovetinin
deputatı olmuşdur.
Azərbaycanın
opera müğənnisi, mahir təsnif ifaçısı,
musiqi folkloru tədqiqatçısı, Azərbaycan
professional vokal sənətinin banisi, SSRİ Xalq artisti
Bülbül 1961-ci ilin iyul ayında Şuşa şəhərində
son konsert proqramı ilə çıxış etmişdir. Bakıya
qayıtdıqdan sonra sentyabr ayının 26-da öz mənzilində
qəflətən vəfat etmiş və I Fəxri xiyabanda dəfn
olunmuşdur.
Azərbaycan
Respublikası rəhbərliyinin müvafiq sərəncamları
ilə Bülbülün 90, 100,
110 və 120 illik yubileyləri dövlət səviyyəsində
qeyd edilmişdir.
1997-ci
ilin avqust ayının 20-də Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev
Bülbülün anadan olmasının 100 illiyinin
keçirilməsi haqqında Sərəncam
imzalamışdır. Həmin ilin dekabr ayının 3-də
keçirilən təntənəli yubiley gəcəsində
ölkə başçısı geniş məruzə ilə
çıxış edərək demişdir: “Xalqımız
da bilməlidir ki, bizim üçün əziz olan Qarabağ
torpağı, Şuşa qalası işğaldan azad olacaq.
Bülbülün diyarı müstəqil Azərbaycanın
çiçəklənən bir guşəsi olacaq”.
Bülbül
64 illik həyatında öz missiyasını tam şəkildə
yerinə yetirməyi bacarmışdır. Elə buna
görə də həyatının son dəqiqələrində
ona təlaş içində yaxınlaşan həyat
yoldaşına “Qorxma, qorxma, bu adicə ölümdür!” deyərək
əzrayıla belə meydan oxumuşdur. Ecazkar səs sahibi
olan Bülbül özü də bilirdi ki, sənəti
ölməz, yaşamı əbədidir!
Ürəyi
hər zaman millətinə məhəbbətlə dolu olan
Bülbül yazırdı: “Mən arzuma çatdım. Azərbaycanda
konservatoriyanı bitirmiş öz yaradıcı və
ifaçı kadrlarımız, aktyorlar, dirijorlar, orkestrlərdə
çalan musiqiçilərimiz yetişmişdir. İndi bizim
konservatoriyada pedaqoqların əksəriyyəti azərbaycanlılardır”.
Cismani yoxluğundan uzun illər keçsə də, onun əvəzolunmaz ifası dinləyicilərin qəlbində daim cəh-cəh vurur. Xalq şairi Səməd Vurğun nə gözəl yazmışdır:
...Bu günün eşqinə
mahnılar deyək.
Desin Koroğludan bir ağız aşıq,
Nə lazım dünyada sözsüz yaraşıq?
Eşit həqiqətin incə səsini,
Bülbülün “Qarabağ” şikəstəsini..
Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə
söylədiyi “Şuşasız Qarabağ, Qarabağsız
isə ümumiyyətlə, Azərbaycan yoxdur!” ifadəsi bir
düstur kimi xalqımızın milli yaddaşına əbədi
olaraq həkk edilmişdir. Onun layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində
hazırda Qarabağ torpağı, eləcə də
Bülbülün doğma vətəni əzəmətli
Şuşa qalası düşmən işğalından azad
olunmuşdur. Yenə də “Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!”
Ölkə
Prezidenti İlham Əliyev “Əziz Şuşa, sən azadsan! Əziz
Şuşa, biz qayıtmışıq, biz səni dərçəldəcəyik”
sözləri ilə milyonlarca azərbaycanlının qanayan
yarasına məlhəm olduğu kimi, dahi
Bülbülülün ruhunu da hüzura və
rahatlığa qovuşdurmuşdur. Şuşa şəhərində
yenidən bərpa olunmuş Bülbülün ev
muzeyi Qarabağa Böyük Qayıdışın birinci sənət
töhfəsidir.
Bu gün Bülbülün ruhu şad, qəbri nura qərq
olmuşdur.
Bu gün Şuşada əsir altında qalmış bir
cüt bülbül - öz sədaqəti ilə adını
əfsanələrə yazdıran Xarıbülbül boynunu
qürurla dikəltmiş, bülbül nəfəsli Murtuza Məmmədovun
“Qarabağ” şikəstəsi Şuşanın
dağlarına, Topxana meşəsinə, Cıdır
düzü oylağına şəstlə
yayılmışdır. Bu gün Şuşada
Üzeyirin, Bülbülün 30 ilə yaxın vətənsiz
qalmış “Sənsiz”i, “Sevgili canan”ı öz yarına -
torpağına qovuşmuşdur. Bu gün
Bülbülün illərdir didərgin həyatı
yaşamış və erməni vandalları tərəfindən
zədələnmiş büstü əzəli vətəninə
qaytarılaraq qələbəmizin rəmzinə
çevrilmişdir.
Nə qədər
ki, dünyada musiqi var, şeir var, söz var,
Bülbülün özünün də ifa etdiyi xalq
mahnısında deyildiyi kimi, “özü bir gül,
sözü bülbül, səsi bülbül” olan sənətkar qəlblərdə
daim yaşayacaqdır.
Arzu
MƏMMƏDXANLI, AMEA-nın Rəyasət Heyətinin elmi
katibi, filologiya üzrə fəlsəfə doktoru
Elm .- 2022.- 1 iyul.- S.11.