Tarixi Azərbaycan torpaqları olan İrəvan və Zəngəzurun arxeoloji abidələri
XX əsrin sonlarında erməni silahlı qüvvələri Azərbaycanın əzəli torpaqlarının daha bir hissəsini – Şərqi Zəngəzur və Yuxarı Qarabağı zəbt etdi. Bu torpaqlar 30 ilə yaxın işğal altında qaldı. Azərbaycanlılara divan tutuldu, onların bir hissəsi soyqırımına məruz qaldı, digər hissəsi isə yurdlarından didərgin düşdü. Azərbaycan xalqının minilliklər boyu həmin bölgələrdə yaratdığı maddi mədəni irsi də vandalların hədəfinə çevrildi. Yerli diyarşünaslıq muzeylərinin on minlərlə eksponatı talan olundu, yüzlərlə tarix və memarlıq abidəsi dağıdıldı, yaxud “erməni möhürü” vurularaq saxtalaşdırıldı.
Qədim tarixə malik, Azərbaycan
şəhəri olan İrəvan bir yaşayış məskəni kimi türk mədəniyyəti
və memarlığını özündə cəmləşdirən
şəhər olub. Lakin
sovet dövründə erməni tədqiqatçılar
Azərbaycan ərazisində arxeoloji tədqiqatlar
aparsalar da, bizə o ərazini tədqiq etmək nəsib
olmamışdı. Bunun da
məlum səbəbləri var idi. Bu gün İrəvanda erməni
vandallarının Azərbaycan-türk mədəniyyətinin
son memarlıq abidələrinin yerləşdiyi
Təpəbaşı ərazisində yenidənqurma adı
altında azərbaycanlıların tarixi irsini məhv etməsi heç
bir məntiqə sığmır. Tarixi fotolar, əcnəbi
səyyahların, tarixçilərin yazdıqları sübut edir ki, İrəvan qədim Azərbaycan şəhərlərindən
biridir.
İşğal dövründə hücuma, terrora məruz qalan abidələr arasında arxeoloji abidələr də vardı. Bu abidələri dövr baxımından 4 qrupa ayırmaq olar: Daş dövrü, Tunc və Dəmir dövrü, Antik dövr və Orta əsrlər dövrü. Azərbaycanın işğal edilmiş ərazilərində qədim dövr abidələri daha çox saxtalaşdırılır və erməni mədəni irsi kimi təqdim olunurdu. Orta əsrlər – İslam dövrü abidələri isə (xüsusilə məqbərə, türbə və digər qəbir abidələri) total şəkildə məhv edilir, izləri itirilirdi. Qarət məqsədilə abidələr kortəbii şəkildə talan olunurdu. 1996-cı ildən Qafan şəhərinin təxminən 10 kilometrliyində yerləşən Zəngilan rayonunun Ağkənd kəndi yaxınlığındakı Dəmir dövrünə aid sərdabələr dağıdılıb, əldə olunan tapıntılar erməni mədəni irsi kimi qələmə verilib. 2010-cu ildə Laçın rayonunun Sonasar kəndi yaxınlığında mal-qara otaran bir çoban təsadüfən eramızdan əvvəl IV-I əsrlərə aid edilən sərdabədən qızıl (200 qram), gümüş (700 qram) və tuncdan (5 kiloqram) hazırlanmış zinət əşyalarından, süfrə qablarından və s. ibarət zəngin xəzinəyə rast gəlib. Bu tapıntının üstündə Ermənistan Tarix Muzeyi, oyuncaq rejimin rəsmiləri və əşyaları əldə edən çoban arasında uzun müddət çəkişmələr gedib.
Ermənilər hələ 2005-ci
ildə Şuşa və onun
ətrafında Tunc dövrünə aid 200-ə yaxın qala və
sərdabədə - kurqanda qazıntı
aparmağı planlaşdırmışdı. Erməni alimləri
Tərtər çayı sahilində “Karkar”
adlı “qədim erməni yaşayış məskəni”nin
tapıntısını böyük arxeoloji hadisə
adlandırırdılar.
Sovet dövründə Zəngəzurda – Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində təəssüf ki, sistemli elmi araşdırmalar aparılmayıb, Cəbrayıl və Zəngilan rayonlarına isə Araz çayı üzərində su qovşağının tikintisi ilə əlaqədar yalnız qısamüddətli elmi ezamiyyətlər edilib. Bu isə öz növbəsində həmin rayonların arxeoloji abidələrlə zəngin olduğunu göstərir, həmin ərazilərdə onlarla yeni abidə qeydə alınıb.
Ötən əsrin 70-ci illərində Kəlbəcərdə
çoxsaylı qayaüstü təsvirlər
aşkar edilib, İstisu ətrafında Tunc
dövrünə aid yaşayış yeri qeydə alınıb. Göyəm
dağı, Zəngəzur, Soyuqbulaq,
Göyçə gölü hövzəsindəki
qayalıqlarda Azərbaycanın qədim maldar
tayfaları tərəfindən yaradılan təsvirlər var. 44 günlük Vətən
müharibəsi nəticəsində torpaqlarımız azad edildikdən sonra məlum
olub ki, ermənilər
abidələri saxtalaşdırmaq üçün
Kəlbəcərdə xüsusi istehsal sexləri yaradıblar.
Qubadlı ərazisində Mal
təpəsi, Xırman yeri kimi iri yaşayış məskənləri
ilə yanaşı, mağara məbədləri,
o cümlədən alban
məbədləri, qalaça, körpü və s. abidələr
məlum idi. Bu tip abidələr İrəvan və Zəngəzur
bölgələri üçün səciyyəvidir.
Zəngilan abidələrindən Xudafərin
körpülərinin yaxınlığında yerləşən
Şərifan orta əsr şəhər yeri xüsusilə seçilir.
Rayon ərazisində İslam
dövrünə aid məscid və digər
memarlıq abidələri də çoxdur
(Məmmədbəyli, Şərifan türbələri,
Hacallı qülləsi və s.). Koroğlu daşı və ya
“Ağ oyuq” adlanan və VII-VIII əsrlərə aid edilən abidə üzərində qədim
Orxan-Yenisey yazılarına bənzər
işarələr qeydə alınıb. Güman
ki, bu ərazinin
“Yazı düzü”
adlandırılması da həmin işarələrlə
bağlıdır.
Qarabağın ən məşhur abidələrindən
biri də IV-V əsrlərdə alban knyazları tərəfindən indiki Ağdərə-Kəlbəcər yolu üzərində inşa
olunmuş 9 tikilidən ibarət Xudavəng
məbəd kompleksidir. XIII əsrdə
Xaçın knyazı Həsən Cəlal bu
monastırı əsaslı şəkildə təmir etdirib. Deyilənə görə, onun yoldaşı Mina xatun burada dəfn olunub. Kompleksdə alban
hökmdarı Arzu xatunun
məbədi xüsusi yer
tutur.
Otuz ilə yaxın müddətdə
Qarabağla yanaşı, Şərqi Zəngəzurun
da işğal
altında qalması bu bölgələrdəki
arxeoloji abidələrin müasir
texnoloji üsullardan
istifadə etməklə, kompleks şəkildə
öyrənilməsinə imkan verməyib.
Ermənistan beynəlxalq konvensiyalara
məhəl qoymadan Azərbaycanın bu tarixi bölgələrində
mədəni-tarixi irsi kütləvi şəkildə
dağıtmaqla, saxtalaşdırıb
özününküləşdirməklə məşğul
olub. İşğalçılar tərəfindən
ən çox dağıntılara məruz
qalan İslam dini abidələri, yəni məscid,
türbə və başqa inanc yerləridir. Vandalların bölgədəki
67 məsciddən 63-nü tamamilə məhv etməsi,
qalanlarını isə yararsız hala
salması bunun əyani sübutudur.
Abbas SEYİDOV, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor
Təvəkkül
ƏLİYEV, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutunun Çöl
tədqiqatları bölməsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Elm .- 2022.- 30 iyul.- S.7.