Görkəmli tarixçi
alim Əlövsət Quliyevin
100 illik yubileyi qeyd olunub
AMEA-nın
Əsas binasında müasir milli tarix elminin
akademik əsaslarını yaradan görkəmli alim,
AMEA-nın müxbir üzvü,
professor Əlövsət Quliyevin
anadan olmasının 100 illiyinə həsr
olunmuş elmi konfrans keçirilib.
Əvvəlcə foyedə professor
Əlövsət Quliyevin həyat və fəaliyyətini
əks etdirən sərgiyə baxış olub.
Elmi konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti
vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva açaraq görkəmli alimin
həyatı və elmi fəaliyyətindən
danışıb. Bildirib ki,
akademik milli
tarixşünaslıq məktəbinin formalaşaraq
inkişaf etdirilməsi professor
Əlövsət Quliyevin adı və fəaliyyəti
ilə bağlıdır. O, 3 cildlik “Azərbaycan
tarixi” kitabının müəllifi olub. Bu əsərin iki cildinə Azərbaycan tarixinin
bütün dövrlərinə aid elə məsələlər və faktlar daxil edilib.
Üçüncü cild
isə iki hissədən ibarətdir.
Akademik Gövhər Baxşəliyeva görkəmli tarixçi alimin elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul
olduğunu diqqətə
çatdırıb. Əlövsət Quliyevin
əsas fəaliyyətinin AMEA ilə bağlı olduğunu deyən məruzəçi onun iki dəfə Tarix İnstitutuna rəhbərlik
etdiyini bildirib. Alimin sözlərinə görə, Tarix İnstitutunun respublikada tarix elminin əsas mərkəzinə çevrilməsi,
keçmiş Sovet
İttifaqının ən güclü elmi idarələrindən biri
kimi tanınması məhz Əlövsət
Quliyevin adı ilə bağlı olub.
O, bütövlükdə ölkə tarixinin aktual problemlərinə
işıq salan Əlövsət Quliyevin 80-dək elmi əsərin
müəllifi olduğunu deyib.
Akademik Gövhər Baxşəliyeva
görkəmli alimin əsərlərinin külliyat halında çap
olunması təklifini irəli sürüb.
Sonra Tarix
İnstitutunun baş direktoru, professor Kərim Şükürov çıxış edərək
Azərbaycan milli tarix
elminin fundamental əsaslarının
yaradılmasının böyük alimin adı ilə bilavasitə bağlı olduğunu söyləyib.
Kərim Şükürov
bugünədək Tarix İnstitutuna
rəhbərlik etmiş və Azərbaycanda
tarix elminin təşkilində
əvəzsiz xidmətləri ilə seçilən 11 direktordan biri olmuş Əlövsət Quliyevin
bu sahədəki böyük
fəaliyyəti ilə silinməz izlər qoyduğunu
vurğulayıb.
O,
görkəmli tarixçi alimin həyat və fəaliyyətinin
fərqli istiqamətləri haqqında məlumat verib,
institutda Əlövsət Quliyevin fəaliyyətini əks
etdirən fondun yaradılmasının zəruriliyinə
toxunub.
“Azərbaycan ziyalılığının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmiş son dərəcə təvazökar, prinsipial, elm sahəsində həm özünə, həm də tələbələrinə çox tələbkar olan Əlövsət Quliyevin formalaşmasında böyüyüb boya-başa çatdığı mühitin də böyük təsiri olmuşdur”, - deyə baş direktor bildirib.
Görkəmli alimin fəaliyyətinin
stalinizm, post-stalinizm, durğunluq dövrlərə təsadüf etdiyini deyən Kərim Şükürov
bu dövrlərin hər birinin
onun yaradıcılığına böyük təsir göstərdiyini qeyd edib. Məruzəçi
Əlövsət Quliyevdən öncə Azərbaycan tarix elminin yanlış
istiqamətdə inkişaf etdiyini bildirərək, Azərbaycan tarixində
qəlibləşmiş müddəaları nəzərdən
keçirmək və Azərbaycan tarixinə yenidən
baxmağın yüksək elmi təfəkkür
tələb etdiyini vurğulayıb.
Kərim Şükürov professor Əlövsət Quliyevin mühüm elmi istiqamətlər üzrə tədqiqatlar apardığını deyib, alimin elmi fəaliyyətinin prioritetlərindən bəhs edib. Onun sözlərinə görə, Azərbaycan tarixinin bütün aktual problemləri Əlövsət Quliyevin elmi tədqiqatlarının prioritetlərini təşkil edir. “Tarix elminin elə bir fundamental problemi yoxdur ki, Əlövsət Quliyevin yaradıcılığında öz əksini tapmasın”, - deyə qeyd edən məruzəçi görkəmli tarixçi alimin əsərlərinin günümüzlə səsləşən aktual problemləri əhatə etdiyinə bildirib.
Baş direktor çıxışının sonunda görkəmli alim Əlövsət Quliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bu mötəbər tədbirin təşkilinə görə AMEA rəhbərliyinə təşəkkür edib.
Daha sonra
Prezident təqaüdçüsü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin “Əlövsət
Quliyev: Elmi rəhbər”,
A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru,
tarix üzrə fəlsəfə doktoru dosent Cəbi Bəhramovun
“Milli tarix elmimizin təşkilatçısı”, Tarix İnstitutunun
şöbə müdiri, tarix
üzrə fəlsəfə doktoru
Hacı Həsənovun “Əlövsət Quliyev:
Azərbaycanın yeni tarixinin problemləri”, professor
İradə Bağırovanın “XIX əsrin sonu
– XX əsrin əvvəllərində Şimali
Azərbaycanda fəhlə hərəkatının öyrənilməsində
Əlövsət Quliyevin rolu”
və tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb
Qafarovanın “XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycan sənayesinin tarixi Əlövsət Quliyevin
tədqiqatlarında” mövzularında məruzələri
dinlənilib.
Konfransda, həmçinin Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə çıxış edərək professor Əlövsət Quliyevi Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri, müasir Azərbaycan tarix elminin ən parlaq yaradıcılarından biri kimi səciyyəndirib.
Sonda ailə üzvləri
adından çıxış edən alimin
oğlu Təlatüm Quliyev
tədbirin təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirib.
Elm 2022.- 14 oktyabr.- S.6.