“Mirzə Kazımbəy
- 220” adlı beynəlxalq elmi konfrans keçirilib
AMEA-nın akademik Ziya Bünyadov
adına Şərqşünaslıq İnstitutunda
görkəmli şərqşünas və maarifçi
Mirzə Kazımbəyin anadan
olmasının 220 illiyi ilə əlaqədar
“Mirzə Kazımbəy - 220” adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfransa Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus və Misirdən 36 alim qatılıb.
Tədbirin
açılışı AMEA-nın əsas binasının akt zalında baş tutub. İclasa sədrlik
edən AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər
Baxşəliyeva iştirakçıları salamlayaraq
bildirib ki, rus şərqşünaslığının
banilərindən biri, Sankt-Peterburq
Universitetinin Şərq fakültəsinin
ilk dekanı,
1853-cü ildən başlayaraq ömrünün sonuna qədər
bu çətin və çətin olduğu qədər də şərəfli
vəzifəni layiqincə icra etmiş professor Mirzə
Kazımbəyin 220 illik yubileyinə həsr
olunmuş bu
konfransın beynəlxalq səviyyədə keçirilməsi
Azərbaycan mədəniyyətinin Avropa
mədəniyyətinə inteqrasiyasının iki əsr bundan əvvəl
başlamasının təsbiti kimi qiymətləndirilə
bilər. Akademik G.Baxşəliyeva Azərbaycan xalqının XIX əsrdə
yetirdiyi nadir şəxsiyyətlərdən
olan Mirzə Kazımbəyin Azərbaycan
elminə dünya şöhrəti
qazandırdığını, bir
sıra elm sahələrinin
inkişafında müstəsna rol
oynadığını, zəngin elmi
biliklərə, ensiklopedik zəkaya malik olduğunu qeyd edib.
Daha sonra
akademik G.Baxşəliyeva “Mirzə
Kazımbəy - 220” mövzusunda məruzəsini
konfrans iştirakçılarının
diqqətinə çatdırıb. Məruzədə
Mirzə Kazımbəyin geniş elmi və pedaqoji fəaliyyətindən
danışan Gövhər Baxşəliyeva, görkəmli alimin bir neçə
Şərq və Qərb dillərini mükəmməl bilən
incə dil duyumuna malik gözəl dilçi,
yüksək poetik istedada
malik, bacarıqlı tərcüməçi,
tarixçi və nəhayət, mahir bir pedaqoq
olduğunu qeyd edib. Məruzədə alimin
müasiri olmuş
görkəmli şərqşünasların, həmçinin
sonrakı dövrlərdə fəaliyyət göstərmiş
tanınmış alimlərin Mirzə Kazımbəy elminə
verdiyi yüksək qiymətə aid misallar diqqətə
çatdırılıb.
Akademik G.Baxşəliyeva ömrünün 45 ilini Azərbaycan, türk, ərəb, fars dillərinin, zəngin Şərq ədəbiyyatı və mədəniyyətinin, Azərbaycan və Qafqaz tarixinin, islamın dini, ideoloji, etik və siyasi əsaslarının, müsəlman hüququnun öyrənilməsinə, Rusiya ilə Şərq xalqları arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına həsr etmiş Mirzə Kazımbəyin həm öz müasirləri, həm də sonrakı nəsillər üçün zəngin elm mənbəyinə çevrilmiş, Yaxın Şərq xalqlarının dilinə, ədəbiyyatına, tarixinə, eləcə də ədəbi tənqidə, hüquqa, mifologiyaya, etnoqrafiyaya, etimologiyaya, fəlsəfəyə, etikaya, pedaqogikaya və humanitar elmlərin başqa sahələrinə dair əsərləri haqqında söhbət açıb.
Sonra Qazaxıstanın R.B.Süleymenov
adına Şərqşünaslıq İnstitutunun
elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru,
dosent Duysen Qalımjan
Türk dünyasının görkəmli
ziyalıları Mirzə Kazımbəy və Şokan
Ualixanovun fəaliyyətlərinin
müqayisəsinə, Misir parlamentinin üzvü
Əmirə Əhməd Camal
Əbdülhəkim görkəmli alimin Rusiya ərəbşünaslıq məktəbinin
inkişafındakı roluna həsr olunmuş məruzələri ilə
çıxış ediblər. Azərbaycanın Bosniya və Herseqovinada
fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyevin
“Mirzə Kazımbəy və tatar
maarifçiləri” mövzusunda məruzəsinin
videoyazısı konfrans
iştirakçılarının diqqətinə
çatdırılıb.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutundan f.ü.f.d., dosent Faiq Ələkbərli “Mirzə Kazımbəyin yaradıcılığında dini-fəlsəfi məsələlər”, Şərqşünaslıq İnstitutunun əməkdaşlarından f.ü.f.d, dosent Xanımzər Kərimova “Mirzə Kazımbəy yaradıcılığında Şərq ədəbiyyatı”, f.ü.f.d., dosent Günay Verdiyeva “Görkəmli alim Mirzə Kazımbəyin iranşünaslığın inkişafında rolu” mövzusunda məruzə ediblər.
Konfrans öz
işini Şərqşünaslıq İnstitutunda 4 bölmədə davam etdirib.
Elm 2022.- 7 oktyabr.- S.5.