2023-cü il Əliyevşünaslıqda yeni
tarixi mərhələ olacaq
2023-cü il mayın 10-da
Azərbaycan xalqının görkəmli oğlu,
Ümummilli Liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan
olmasının 100 ili tamam
olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2023-cü ilin “Heydər
Əliyev İli” elan
edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncamı
mühüm siyasi sənəd
olub qarşıdan gələn ildə Böyük Öndərin Azərbaycan
xalqı qarşısında tarixi xidmətlərinin
və siyasi
irsini daha dərindən
araşdırılması və təbliği istiqamətində
yeni imkanlar
açır.
Heydər Əliyev dünya
tarixinin elə nadir və
parlaq şəxsiyyətlərindən biridir ki, onun
ictimai-siyasi və dövlətçilik fəaliyyəti
xüsusi elmi mərkəzin
araşdırma mövzusu ola
bilər. Onun Azərbaycanın milli dövlətçiliyinin
təşəkkül tapmasında, sosial-iqtisadi
və mədəni-mənəvi dirçəlişindəki
genişmiqyaslı fəaliyyəti, nəinki Azərbaycanın,
həm də bütün dünyanın
tanınmış siyasətçilərini,
politoloqlarını, tarixçilərini, sosioloqlarını
və digər elmi sahə mütəxəssislərini
dərindən maraqlandırmış və bugün
də onun siyasi irsi onların diqqət mərkəzində olaraq qalır.
Dahi Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolu vardır. Sərəncamda qeyd edildiyi kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
XX əsr Azərbaycanın çoxəsrlik
dövlətçilik tarixində mühüm
mərhələni təşkil edir. Bu əsr ərzində xalqımız iki dəfə öz
dövlət müstəqilliyini əldə etmişdir.
Birinci dəfə 1918-ci ildə İslam Şərqində ilk
demokratik respublika yaratmaqla dünya birliyinə
müstəqil yaşamaq qabiliyyətini sübut etmişdir. Təəssüf
ki, bu respublika
xarici müdaxilə, beynəlxalq təminatın
olmaması səbəbindən süqut etdi. Cümhuriyyətin süqutunu
şərtləndirən digər amillərdən biri də bütün siyasi qüvvələri öz
ətrafında birləşdirəcək liderin
olmaması idi. Cümhuriyyətin süqutundan sonra 70 il ərzində sovet
sistemində yaşasa da
Azərbaycan xalqı öz
iqtisadiyyatını, elm, təhsil və mədəniyyətini
inkişaf etdirmişdir.
Xüsusən həmin əsrin 70-80-ci illərində çox böyük uğurlara imza
atılmış, gələcək müstəqil həyatımızın
iqtisadi, mədəni-mənəvi
potensialı təşəkkül tapmış, milli kadr problemi
həll edilmişdir. Bu
uğurların əldə edilməsində xalqımız birinci növbədə həmin dövrdə respublikaya rəhbərlik etmiş
Heydər Əliyevin fövqəladə və cahanşümul
liderlik istedadına borcludur.
O, 1982-ci ildə Moskvaya SSRİ-nin
ali siyasi rəhbərliyinə
təyin olunarkən bizə çiçəklənən bir ölkə qoyub getmişdi.
1982-1987-ci illərdə SSRİ-nin ali siyasi rəhbərliyində təmsil olunan Heydər Əliyev yenə də öz fitri istedadı ilə insanlarda ruh yüksəkliyi yaratmaq, yeni işlərə həvəsləndirmək, novatorluq və kreativliyi ilə ətrafındakı inert rəhbərlərdən kəskin şəkildə fərqlənirdi. Məhz bu fərqləndirici xüsusiyyətlərinə görə, Heydər Əliyev bir sıra xarici ekspertlərin diqqətini cəlb etmiş, bir sıra nüfuzlu nəşrlərdə onun haqqında yazılar dərc olunmuşdur. Təsadüfi deyildir ki, o, sovet rəhbərliyinə ən layiqli namizəd hesab edilirdi. Lakin Qorbaçovun onun dünya və SSRİ məkanındakı formalaşmış yüksək nüfuzuna qısqanclıqla yanaşması, Heydər Əliyevin müstəqilliyi, baş verən proseslərə özünün fərdi münasibəti son nəticədə bu böyük şəxsiyyətin Kremldən uzaqlaşmasına gətirib çıxarmışdır.
Siyasi təqib və təzyiqlərə məruz qaldığına görə, öz doğma vətəninə qayıdan Heydər Əliyev Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvana rəhbərlik etdi. Heydər Əliyevin böyük dövlətçilik məharəti sayəsində muxtar respublika erməni təcavüzündən qurtuldu, həm də Azərbaycanın gələcək müstəqil inkişaf yolunun orentirinə çevrildi.
Taleyin hökmü ilə Azərbaycan
ikinci dəfə öz
müstəqilliyinə qovuşsa da, mühüm amillərlə
yanaşı ölkəyə rəhbərlik etmiş
siyasi qüvvələrin səbatsızlığı
ucbatından 1993-cü ildə xalqımız müstəqilliyini,
dövlətçiliyini itirmək təhlükəsi ilə
üz-üzə qalanda yenidən öz milli liderinə etibar etdi.
Heydər Əliyev qısa müddət ərzində, nəinki Azərbaycanı onu gözləyən bəlalardan və faciələrdən xilas etdi, həm də xalqımızın gələcək mütərəqqi inkişafını müəyyənləşdirən strategiyanı işləyib hazırladı, bugünkü uğurlarımızın və müvəffəqiyyətlərimizin təməlini qoydu. Sərəncamda qeyd edildiyi kimi Heydər Əliyev doğma vətənimizin xilası naminə misilsiz fədakarlıq göstərmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
Heydər Əliyev istər sovet
dövründə, istərsə də müstəqillik
dövründə Azərbaycana rəhbərlik edərkən öz xalqına, onun
milli-mənəvi dəyərlərinə, dövlətçilik
məfkurəsinə daim sadiq
olmuşdur. Böyük intellektə, geniş
dünyagörüşünə, qeyri-adi
rəhbərlik qabiliyyətinə malik
Heydər Əliyevin imza atdığı bütün qərarlar məhz Azərbaycanın
gələcək sosial-iqtisadi, mədəni
və mənəvi tərəqqisinin təmin edilməsinə
yönəlmiş, dövlətimizin dünya
birliyində layiqli yer
tutmasına hesablanmışdır. Onun Azərbaycan
Respublikasının Prezidenti kimi qəbul etdiyi qərarlarda,
həyata keçirdiyi plan
və proqramlarda ölkəmizin, nəinki
müasir, hətta yüz
illik inkişafının başlıca
istiqamətləri göstərilmişdir. Heydər
Əliyev tərəfindən müəyyənləşdirilmiş
Azərbaycanın yeni neft
strategiyası bu gün
dünyada mürəkkəb,
dağıdıcı proseslərin getdiyi,
yer kürəsində sülhün
və təhlükəsizliyin çətin sınaqlar
qarşısında olduğu, eləcə
də dünyada böhranların və
çağrışların artdığı bir zamanda
xalqımızın nicat yollarından biri idi.
Ulu
Öndərin rəhbərliyi ilə Azərbaycanda həyata
keçirilmiş siyasi islahatlar, mütərəqqi
konstitusiyanın qəbul edilməsi, insan hüquq və
azadlıqlarının təmin edilməsi istiqamətində
atılmış addımlar milli dövlətçiliyimizin
dayanıqlı inkişafının qarantı olmuşdur.
Heydər Əliyevin dinindən,
dilindən və sosial mənşəyindən
asılı olmayaraq dövlətçilik
baxışlarını özündə ehtiva
edən azərbaycançılıq məfkurəsi bütün xalqımızı bir məqsəd uğrunda
birləşdirən ideologiyaya çevrildi. Biz bunun nəticələrini İkinci
Qarabağ müharibəsində bir daha dərk etdik. Xalqımız bir yumruq kimi birləşərək
düşmənə ağır zərbə vurdu
və öz ərazi bütövlüyünü
bərpa etdi.
Bu gün Azərbaycan öz inkişafında qazandığı böyük uğurlara görə ilk növbədə Heydər Əliyevin zəngin və möhtəşəm siyasi irsinə borcludur.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin prezidentliyi dövründə
Azərbaycanın sosial-iqtisadi, mədəni
sahədə qazandığı nailiyyətlər və ordu quruculuğunun nəticəsi
olaraq Qarabağımızın işğaldan azad edilməsi,
dövlətimizin, nəinki regional gücə,
eləcə də dünya miqyasında söz sahibinə çevrilməsi Heydər
Əliyevin strategiyasının həyatiliyinin əyani sübutudur.
Dünya tarixinin
ən böyük şəxsiyyətlərindən
olan Heydər Əliyev bizə çox zəngin siyasi, mənəvi
irs qoyub getmişdir. Bu gün xalqımız bu zəngin
irsə sadiqliyini və sevgisini
hər sahədə nümayiş etdirir. Sərəncamda göstərildiyi kimi azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz
olan Heydər Əliyev bütün
dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Onun adı bəşər tarixinin
və dünya siyasətinin ən parlaq simaları ilə bir
sırada çəkilir. Hər bir
azərbaycanlı onun miras
qoyduğu, qurucusu olduğu dövlətin vətəndaşı
olması ilə fəxr edir, bu dövlətin daha da inkişaf etdirilməsi
və çiçəklənməsi naminə ölkə rəhbəri
cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti fəal şəkildə
dəstəkləyir.
Ulu
Öndərin gələcək nəsillərə əmanət
qoyduğu bu zəngin və çoxşaxəli elmi-nəzəri
irsi xalqımızın milli-mənəvi dəyəridir və
onu qoruyub-saxlamaq hər bir Azərbaycan vətəndaşının
şərəfli vəzifəsi olmalıdır.
Heydər Əliyevin xalqımız və millətimiz qarşısındakı böyük xidmətləri, onun çoxcəhətli fəaliyyəti daim öyrənilməli və təbliğ edilməlidir. Bu baxımdan dövlət başçısının müvafiq Sərəncamı biz tarixçilər qarşısında mühüm vəzifələr qoyur. Düzdür Heydər Əliyev irsinin öyrənilməsi sahəsində son dövrdə böyük işlər görülmüş, xüsusi elmi istiqamət Əliyevşünaslıq təşəkkül tapmışdır. Lakin bu istiqamətdə hələ görüləcək işlər çoxdur. İlk növbədə Heydər Əliyevin dövlətçilik fəaliyyətini özündə əks etdirən sənədlərin toplanması və nəşri vacib məsələlərdən biridir. Bugün Heydər Əliyev irsinin öyrənilməsi Azərbaycan ictimai-humanitar elminin əsas tədqiqat istiqamətlərindən birinə çevrilməlidir. A.A.Bakıxanov adına Tarix İnstitutunda Əliyevşünaslıq şöbəsi fəaliyyət göstərir. Fikrimizcə Ulu Öndərin 100 illiyi ərəfəsində bu sahədə elmi tədqiqatların daha yüksək səviyyədə təşkili və koordinasiyası məqsədilə Əlievşünaslıq sahəsində böyük təcrübəyə malik olan bu şöbəni Respublika mərkəzinə çevirmək yaxşı olardı. Hazırda bu şöbədə Əliyevşünaslığın bütün önəmli sahələrini əhatə edən xüsusi proqram hazırlanmışdır və həyata keçirilir.
Həmin proqramda Heydər Əliyevin həyatının, ictimai-siyasi fəaliyyətinin öyrənilməsi, onun fəaliyyətinin müxtəlif dövrlərinə aid olan sənədlərin ölkə və xarici arxivlərdən üzə çıxarılaraq sistemləşdirilməsi, nəşr edilməsi nəzərdə tutulur. Heydər Əliyevə həsr edilmiş respublika və beynəlxalq miqyaslı elmi konfransların keçirilməsi və bu konfransa nüfuzlu xarici alimlərin, tədqiqatçıların, ictimai-siyasi xadimlərin cəlb edilməsi planlaşdırılır. Heydər Əliyev ili çərçivəsində respublikanın tanınmış tarixçi-alimlərini cəlb etməklə “Heydər Əliyev – 100” elmi monoqrafiyasının hazırlanması sahəsində işlər davam etdirilir. Eyni zamanda, əməkdaşlarımızın Ulu Öndərin fəaliyyətinə həsr edilmiş məqalələrin hazırlaması, KİV-də onun irsinin təbliği ilə bağlı çıxışları nəzərdə tutulur.
Tam əminliklə qeyd etmək istəyirəm
ki, bu Sərəncam
Heydər Əliyev irsinin daha
geniş və əhatəli öyrənilməsinə,
bu böyük şəxsiyyətin
Azərbaycan xalqı və dünya
qarşısında xidmətlərinin tanıdılmasına mühüm təkan verəcək və “Heydər
Əliyev İli” elan
edilmiş 2023-cü il
“Əliyevşünaslıq” elminin
inkişafında yeni mərhələ
olacaqdır. Bu isə Böyük
Öndərimizin əziz xatirəsinə layiqli
töhfə olacaq.
Ədalət QASIMOV,
AMEA-nın Tarix İnstitutunun Əliyevşünaslıq
şöbəsinin müdiri, tarix elmləri doktoru
Elm .- 2022.- 21 oktyabr.- S.6.