AMEA-da “Heydər Əliyev İli” çərçivəsində
hazırlanmış Tədbirlər Planı müzakirə olunub
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi
haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının
icrası üzrə Akademiyada fəaliyyət
göstərən Komissiya ilə
AMEA-nın Rəyasət Heyətinin oktyabrın 18-də birgə
iclası keçirilib.
Tədbiri AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq bildirib ki, xalqımızın Ümummilli
lideri, müstəqil Azərbaycan dövlətinin
qurucusu, görkəmli siyasi
və dövlət xadimi Heydər
Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Prezident
İlham Əliyevin “Azərbaycan
Respublikasında 2023-cü ilin “Heydər
Əliyev İli” elan
edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının
icrası ilə bağlı AMEA-nın Rəyasət Heyəti
tərəfindən 30 sentyabr 2022-ci il tarixli qərar qəbul edilib. Akademik Arif Həşimov qeyd edib ki, qərara əsasən,
nüfuzlu Azərbaycan alimlərindən
ibarət Komissiya yaradılıb, eyni zamanda, Akademiya
tərəfindən icra edilmək üçün əhatəli Tədbirlər
Planının hazırlanmasına başlanılıb.
Qısa
müddət ərzində Tədbirlər Planı ilə
bağlı AMEA-nın Rəyasət Heyətinin üzvləri,
müşavirləri, elmi bölmələri və
institutlarından 163 təklifin verildiyini diqqətə
çatdıran akademik Arif Həşimov vurğulayıb ki, təklif
olunan Tədbirlər Planında Ümummilli lider Heydər
Əliyevin şəxsiyyətinə, zəngin həyat təcrübəsinə,
ictimai-siyasi fəaliyyətinə həsr olunmuş
çoxsaylı tədbirlər – Heydər Əliyev irsinin daha
əhatəli öyrənilməsi üçün
Əliyevşünaslıq istiqamətində xüsusi
araşdırmaların aparılması, məqalələrin,
kitabların, monoqrafiyaların, albomların, broşürlərin,
Akademiyada nəşr olunan qəzet və jurnalların
xüsusi buraxılışlarının nəşri, beynəlxalq
və respublika səviyyəli simpoziumların, konfransların,
seminarların və digər tədbirlərin keçirilməsi,
müxtəlif filmlərin, videoroliklərin hazırlanması,
alimlərin kütləvi informasiya vasitələrində
çıxışlarının təşkil edilməsi və s. əksini tapıb.
O, Akademiyanın Tədbirlər
Planında - Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının
keçirilməsinin, “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” filminin
hazırlanmasının, Ulu Öndərin
100 illiyi Türkiyə Cümhuriyyətinin
100 illiyi ilə eyni vaxta düşdüyü üçün
Şuşada Türkiyə alimlərinin
iştirakı ilə “Bir millət, iki dövlət” mövzusunda,
həmçinin “Heydər Əliyev və neft
strategiyası”, “Heydər Əliyev: dahilik,
zaman və müasirlik”
və digər mövzularda beynəlxalq və
respublika səviyyəli konfransların,
simpoziumların, seminarların təşkilinin təklif olunduğunu söyləyib. Bundan
əlavə, akademik İsa
Həbibbəylinin “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham
Əliyevə” kitabının, o cümlədən
“Heydər Əliyev və tarix problemləri”,
“Heydər Əliyev və İlham
Əliyev: sabitlik, qüdrətli dövlət
və qələbənin fəlsəfəsi”, “Təsviri sənətdə
Heydər Əliyev obrazı” monoqrafiyalarının çapı
nəzərdə tutulur. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdən
birində nadir və itmək təhlükəsində
olan bitkilərindən və Şərq
çinarından ibarət meşə parkının
salınması, ali təhsil müəssisələrinin
tələbələri və ümumtəhsil müəssisələrinin
şagirdləri üçün
“Açıq qapı” günlərinin keçirilməsi
və digər təkliflər iclas
iştirakçılarının diqqətinə
çatdırılıb.
Akademik
“Heydər Əliyev İli” ilə əlaqədar Akademiyada
yaradılmış Komissiyanın öz fəaliyyətini
2023-cü il ərzində də davam etdirməsinin nəzərdə
tutulduğunu və bundan irəli gələrək
sözügedən Tədbirlər Planının icrası
zamanı təqdim ediləcək sanballı təkliflərin
də həyata keçiriləcəyini bildirib.
Akademik Arif Həşimov çıxışının sonunda AMEA-nın geniş Tədbirlər Planının təsdiqləndikdən sonra xüsusi dövlət əhəmiyyətli olan bir neçə nəşrin və tədbirin respublika miqyasında qeyd olunması üçün müvafiq dövlət orqanına göndəriləcəyini söyləyib.
Daha sonra akademiklər – İsa Həbibbəyli, Rasim
Əliquliyev, İradə Hüseynova, Tofiq Nağıyev, Gövhər Baxşəliyeva,
Adil Qəribov, Fikrət Əliyev, Akif Əlizadə, Yaqub Mahmudov, Nailə Vəlixanlı, Əhliman
Əmiraslanov, Qərib Məmmədov və başqaları
çıxış edərək qeyd olunan təkliflərlə bağlı fikirlərini
səsləndiriblər.
Sonda “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Tədbirlər Planının müvafiq düzəlişlərdən sonra yekun variantının yaxın günlərdə təsdiqlənməsi qərara alınıb.
Elm .- 2022.- 21 oktyabr.- S.4.