Heydər Əliyev
və Azərbaycanda arxeologiya elminin inkişafı
Azərbaycan ərazisi ən qədim tarixə və mədəniyyətə malik olan bir ölkədir. Respublikamızın ərazisində aparılan kompleks elmi tədqiqatlar zamanı bəşər tarixinin müxtəlif inkişaf mərhələlərinə aid zəngin maddi mədəniyyət qalıqları aşkar edilmiş və Azərbaycan ərazisinin ən qədim sivilizasiya mərkəzlərindən biri olması elmi faktlarla sübuta yetirilmişdir. Son 50 ildə Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji kəşfiyyat işləri nəticəsində qədim insanların meydana gəlməsi və formalaşması tarixini tədqiq etmək üçün arxeoloji , paleontoloji və paleoantropoloji tapıntılar qeydə alınmış və tədqiq olunmuşdur.
Tapılmış elmi
materiallar əsasında Azərbaycanın
uzaq keçmişinin
tarixi, insanlığın ilkin
inkişaf mərhələləri və ulu sakinlərin yaratdıqları maddi mədəniyyət qalıqlarının
ayrı-ayrı xüsusiyyətləri tədqiq edilmişdir.
Son illərdə bu sətirlərin müəllifinin Beynəlxalq İNTAS – 2000 proqramı əsasında Avropa alimləri ilə birgə apardığı elmi araşdırmalar zamanı Azərbaycan ərazisində ibtidai insanların 2,5 milyon il bundan əvvəllərdən məskunlaşmağa başlamaları arxeoloji materiallar əsasında sübuta yetirilmişdir. Halbuki 1953-cü ilə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai insanların yaşamadıqları göstərilirdi. Ancaq Azərbaycan arxeoloqlarının apardıqları elmi tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi, respublikamızın ərazisinin insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallar əsasında sübuta yetirildi. Eyni zamanda, Azərbaycanda qədim sivlizasiyanın özünəməxsus xüsusiyyətləri olduğunu və bunun əsasında ölkəmizdə, Qafqaz və Yaxın Şərq ərazisində ən qədim arxeoloji mədəniyyətin müəyyən olunmasına şərait yaratdı. Bu qədim mədəniyyət tarixə Quruçay arxeoloji mədəniyyəti kimi daxil olmuşdur.
Bütün bu elmi nailiyyətlərin əldə olunmasında 1969-cu ildə Azərbaycanda rəhbərliyə başlayan ümumimilli liderimiz Heydər Əlirza oğlu Əliyevin xüsusi xidmətləri olmuşdur. Ulu öndərin Azərbaycanda siyası hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq arxeoloji, tarixi və memarlıq abidələrinin elmi tədqiqi üçün əlverişli şərait yaradılmağa başlandı. O, Azərbaycanda elmin inkişafı üçün misilsiz işlər gördü. İlk növbədə 1970-ci ildən başlayaraq, azərbaycanlı gəncləri ölkənin elim mərkəzləri olan Moskva və Leninqrad şəhərlərində (indiki Sankt-Peterburq) yüksək səviyyədə mutəxəssis hazırlanmaları üçün onların aspiranturaya qəbul olunmaları və təcrübə keçmələri üçün sərəncam verdi. Məhz bunun nəticəsində bir qrup gənc azərbaycanlı ölkənin nüfuzlu elm mərkəzlərində yüksək ixtisaslı arxeoloq və etnoqraf kimi hazırlanıb respublikamızda arxeoloji tədqiqata başladı.
Ümummilli liderimiz
tarixi keçmişimizin
elmi tədqiqinə və təbliğ
olunmasına xüsusi qayğı göstərmiş,
bunun üçün
xüsusi tədbirlər planının
hazırlanıb həyata keçirilməsinə sərəncam
vermişdir.
1974-cü ildə yerli arxeoloq kadrların olması nəzərə
alınaraq, respublikada arxeoloji
kəşfiyyat işlərinin keyfiyyətini artırmaq məqsədilə
Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun tərkibində arxeologiya
və etnoqrafiya sektoru
təşkil edilmişdir. Məhz bu vaxtdan başlayaraq
Qarabağın dunya şöhrətli
Azıx və Tağlar qədim insan düşərgələrində kompleks şəkildə arxeoloji
tədqiqat işlərinə başlanmışdır. Görkəmli alim Məmmədəli
Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası
Qarabağın Quruçay vadisində
apardığı elmi tədqiqat işləri
zamanı müəyyən olunmuşdur ki, hələ çox qədim
zamanlardan bu ərazidə
canlı həyatın inkişafı üçün
əlverişli təbii coğrafi şərait
olmuşdur. Məhz
buna görə də Azərbaycanın ilk sakinləri paleolit
dövründə Azıx və Taglar
mağaralarında yaşamağa
başlamışlar. Ona görə ki, Qarabağın Quruçay
vadisi ibtidai
insanların ovçuluq,
yığıcılıq və əmək alətləri
hazırlamaları üçün zəngin
xammal mənbəyinə malik
olmuşdur.
Çoxtəbəqəli Azıx qədim insan düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı daş dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid 10 mindən artıq daş məmulatı və bir milyondan çox ovlanmış heyvan və quş sümükləri tapılmışdır. Düşərgənin çöküntülərində müxtəlif arxeoloji mədəniyyətlərə aid 10 təbəqə qeydə alınmışdır. Çoxtəbəqəli Azix qədim insan düşərgəsinin VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 300-dən artıq daş məmulatı və fauna qalıqları aşkar edilmişdir. Düşərgənin ən aşağı təbəqələrinin daş məmulatı içərisində nəhəng kobud çapma alətləri xüsusi maraq doğurur. Hələlik ölkəmizin və Qafqazın paleolit düşərgələrindən belə kobud çapma alətləri qeydə alınmamışdır. Ona görə də təsvir olunan əmək alətlərini Azıx tipli çapma alətlər adlandırılmışdır.
1970-ci illərin ortalarında Azərbaycan Albaniyasının paytaxt şəhəri olan Qəbələnin məhv olmaq təhlükəsi yaranmışdı. SSRİ Müdafiə Nazirliyinin planına əsasən, Qəbələ radiolakasiya stansiyasının (RLS) tikintisi üçün yüksək gərginlikli elektrik xətlərinin qədim Qəbələ şəhərinin ərazisindən keçməsi nəzərdə tutulmuşdur. Bu barədə Tarix İnstitutunun direktoru, akademik İqrar Əliyev o vaxt Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyevə məlumat verdikdən sonra, məsələ Sov. İKP MK Siyasi Burosunda müzakirə edilmiş və ulu öndərimizin nüfuzu və dəmir məntiqi sayəsində qədim Qəbələ şəhərinin zəngin maddi-mədəni tarixi abidələri məhv olmaq təhlükəsindən xilas edilmişdi.
1975-ci ildən başlayaraq,
Naxçıvan, Şamaxı, Qəbələ, Şəki, Quba, Gəncə və digər bölgələrdə
arxeoloji bazalar təşkil
olundu. Çoxtəbəqəli Azıx, Tağlar, Qobustan, Qəbələ
abidələrində, orta əsr Şabran şəhər yerində və
Bakının içəri şəhər ərazisində kompleks şəkildə arxeoloji
qazıntı işlərinə başlandı.
1981-ci ilin sentyabr ayında Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan KP MK və Nazirlər Sovetinin “Azərbaycan SSR-də memarlıq və arxeoloji abidələrin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri” haqqinda qərarı qəbul olundu. Azərbaycanda 1970-1980-cı illərdə arxeoloqlara və etnoqraflara qayğı nəticəsində elmi potensial daha da yüksəldi. Arxeologiya və etnoqrafiya sektorunda hər il bir neçə doktorluq və namizədlik dissertasiyaları müdafiə olundu. Bu isə sektorun müstəqil elmi tədqiqat institutuna çevrilməsinə zəmin yaratdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 iyul tarixli qərarı ilə həmin sektorun bazasında Arxeologiya və Etnoqrafiya İnstitutu təşkil olundu. Bu, Azərbaycanda arxeologiya və etnoqrafiya elminin daha genış və beynəlxalq miqyasda tədqiqatlar aparılmasına şərait yaratdı.
Azərbaycanın Qarabağ,
Naxçıvan, Abşeron, Gəncə-Qazax,
Quba, Xaçmaz, Lənkəran,
Masallı, Lerik, Astara
və digər bölgələrinə təşkil olunmuş arxeoloji
ekspedisiyaların fəaliyyəti nəticəsində yeni-yeni abidələr qeydə alınaraq, tədqiq
olunmağa başlanmışdır.
Ümummilli liderin
şəxsi təşəbbüsü və köməkliyi
ilə 2001-2002-ci illərdə kompleks
şəkildə Naxçıvan-Gəmiqaya ekspedisiyası təşkil
edilmişdir. Ekspedisiya
Kiçik Qafqazın ən yüksək
zirvəsində yerləşən Gəmiqaya qayaüstü
təsvirlərin elmi tədqiqi ilə məşğul
olmuşdur.
Heydər Əliyev özünün bütün fəaliyyətində alimlər və ziyalıların əməklərini yüksək qiymətləndirmiş və vaxtaşırı onlarla görüşərək fikir mübadiləsi aparmışdır. 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşündə demişdir: “Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara tanıdaq. Bu sahədə tarixçilərimizin qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük məsuliyyət düşür. Mən o vaxtlar – Azərbaycanda işlədiyim dövrdə də deyirdim, indi də bu sözlərin üstündə dururam ki, tarixçilərimiz üçün bütün şəraiti yaratmağa hazıram. Bir şərtlə ki, bu şəraitin əvəzində biz tarixçilərimizdən Azərbaycan tarixini bu gün üçün, gələcək nəsillər üçün və bütün gələcək üçün yaxşı əks etdirən əsərlər ala bilək. Odur ki, bu baxımdan bir məsələyə də toxunmaq istəyirəm: tarixi təhrif etmək olmaz. Bu 70 illik sovet dövründə tarix, ümumiyyətlə dünya tarixi, o cümlədən Azərbaycan tarixi, habelə keçmiş Sovetlər İttifaqının ərazisində yaşayan digər millətlərin tarixi təhrif edilib. Nə üçün təhrif edilib? Çünki o vaxt vəziyyət belə idi və bu, çox adi bir hal idi...”
Ulu öndərin bu fikirlərini əsas tutan
tarixçilərimiz xalqımızın keçdiyi
uzunmüddətli inkişaf dövrlərini
yenidən tədqiq etməyə başladılar. Eyni zamanda, Heydər
Əliyevin tövsiyələrini nəzərə alan Azərbaycan Respublikası Elmlər
Akademiyasının Rəyasət Heyəti çoxcildli
“Azərbaycan tarixi”nin
hazırlanıb nəşr olunması haqqında qərar qəbul
etdi. Nəticədə bir
neçə il ərzində yeddi cildlik “Azərbaycan tarixi” hazırlanıb çap
olundu. “Azərbaycan tarixi”nin I cildində arxeoloji, etnoqrafik, epiqrafik, paleontoloji, paleoantropoloji və
yazılı mənbələr əsasında ölkəmizdə
ibtidai icma quruluşunun arxeoloji mədəniyyətləri,
təbii coğrafi şəraiti, mənəvi
həyatı, ovçuluq,
yığıcılıq təsərrüfatının
xüsusiyyətləri, tuncun meydana gəlməsi ilə
əlaqədar olaraq ibtidai
icma quruluşunun
dağılması, ilkin sinifli
cəmiyyətin və dövlətlərin meydana
gəlməsi, şəhər həyatı, mədəniyyəti,
xalqın yadelli işğalçılara
qarşı mübarizəsi, etnik məsələlər
və digər problemlər şərh olunmuşdur.
I cilddə qədim daş dövründən
başlamış eramızın III əsrinin birinci
rübü ilə başa
çatan böyük
bir tarixi dövr əhatə olunmuşdur.
“Azərbaycan tarixi”nin II-VII cildlərində eramızın III əsrindən başlamış XX əsrin sonlarınadək olan mühüm tarixi dövrlər, o cümlədən feodal dövləti, ərəb əsarəti, monqol işğalları, orta əsr feodal dövlətləri, ölkənin təsərrüfat həyatı, mədəniyyəti, Səfəvilər dövləti, Azərbaycan xanlıqları, Azərbaycan Demokratik Respublikasının daxili və xarici siyasəti və digər tarixi hadisələr geniş şərh olunmuşdur.
1980-ci illərin ortalarından etibarən
ölkədə ictimai siyasi
hadisələr nəticəsində durğunluq
və tənəzzül dövrü
keçirən Azərbaycan Elmlər Akademiyası üçün 1997-ci il
yanvarın 31-i yeni mərhələnin əsasını
qoydu. Möhtərəm Prezident
Heydər Əliyev Elmlər
Akademiyasının bir qrup
aparıcı alimi ilə
görüşdə söylədiyi tarixi
çıxışı ilə Azərbaycan Elmlər
Akademiyasına ikinci bir
həyat bəxş etdi. Uzun müddət təzyiqlərə
məruz qalan Azərbaycan elmi
yenidən dirçəliş yoluna qədəm
qoydu. İclasın gedişində Heydər
Əliyev akademik və müxbir
üzvlərin rütbə məvaciblərinin 10 dəfə
artırılması haqqında sərəncam verdi.
Heydər Əliyev akademiya alimləri ilə görüşü
zamanı elmimizin qarşısında duran problemlərin dərin təhlilini verərək,
bizə dünya səviyyəli elmi işlərlə bərabər, həm də
dövlətimizə, xalqımıza lazım olan
strateji problemlərlə məşğul
olmağı məsləhət görmüş, Azərbaycanda elmin
inkişaf strategiyasının əsas
müddəalarını, Elmlər Akademiyasının onlardan irəli gələn vəzifələrini
müəyyənləşdirmiş və elm sahəsində əsaslı
islahatların aparılmasının zəruriliyini qeyd etmişdir: “Məlumdur ki, geniş
kütlə, xalq, millət üçün ən çox
təsirli humanitar elmlərdir və
xüsusən, onun ədəbiyyatının,
mədəniyyətininin tarixidir. Əlbəttə,
müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və başqa fənlər
hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus
çərçivəsi vardır. Amma tarix hər bir insan üçün
yeniyetməlikdən başlayaraq
lazımdır. O cümlədən, mədəniyyətimizin,
elmimizin tarixi
lazmdır”.
2003-cü il yanvarın 4-də AMEA-nın respublikada elmin inkişafını təşkil və təmin etdiyini, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirdiyini, elmi müəssisə və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirdiyini və istiqamətləndirdiyini, respubikamızı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil etdiyini nəzərə alaraq, ümummilli lider Heydər Əliyev Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi və AMEA prezidentinin təsdiqi haqqında tarixi fərman imzalamış, Milli Elmlər Akademiyasının işini müstəqil dövlətimizin siyasətinə uyğun olaraq daha səmərəli qurması və dövlət əhəmiyyətli prioritet istiqamətlər üzrə elmi araşdırmaların aparılması, Azərbaycan elminin dünya elminə daha sıx inteqrasiya olunması, dövlətin, millətin sabahına xidmət etməsi məqsədilə elmin strukturunun təkmilləşdirilməsi üçün proqram xarakterli tapşırıqlar vermişdir. Ulu öndər deyirdi: “Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir, onu qoruyub saxlamalıyıq”. Dahi rəhbərin dediyi bu sözlər bütövlükdə Azərbaycan elminə, Milli Elmlər Akademiyası işçilərinə verilən ən yüksək qiymətdir.
Azərbaycan alimləri ümummilli
liderin qayğısını yüksək
qiymətləndirmiş və özlərinin bütün
fəaliyyətlərində bu
qayğını doğrultmağa
çalışırlar.
2001-ci ildən başlayaraq, respublikamizda paleolit problemləri üzrə aparılan elmi tədqiqat işləri beynəlxalq xarakter almışdır. Çünki Azərbaycanın paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının bəşər sivilizasiyasının inkişaf tarixini öyrənmək üçün mühüm elmi əhəmiyyəti vardır. Məhz bu faktı əsas tutan Azərbaycan, Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Hollandiya alimləri beynəlxalq İNTAS—2000 adlı proqram hazırlamışlar. 2001-ci il iyulun 3-4-də Fransanın Totavel şəhərində keçirilən elmi konfransda bu sətirlərin müəllifi Azərbaycan üzrə əlaqələndirici seçilmişdir. Proqrama uyğun olaraq Avropa alimləri 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək Bakıya gələrək çoxtəbəqəli Azıx, Tağlar, Qazma və digər paleolit düşərgələrindən tapılmış arxeoloji, paleontoloji və paleoantropoloji tapıntıların elmi tədqiqi ilə məşğul olmuşlar. 2001-2005-ci illərdə bizim Avropa alimləri ilə birgə apardığımız elmi tədqiqat işləri nəticəsində respublikamizda ibtidai insanların məskunlaşma tarixinin daha qədim olması müəyyən olunmuşdur.
XX əsrin sonları – XXI əsrin əvvəllərindən
başlayaraq, Azərbaycanda beynəlxalq əhəmiyyətli
layihələrin həyata keçirilməsi arxeoloqları bu layihələrin əhatə etdiyi ərazilərdə elmi
tədqiqat işləri aparmalarına şərait yaratdı.
Əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş Bakı- Tibilisi-Ceyhan
neft kəmərinin tikintisi
ilə əlaqədar olaraq ərazidə
aparılmış arxeoloji tədqiqatlar
zamanı arxeologiyanın müxtəlif dövrlərinə aid maddi mədəniyyət
qalıqları və yeni abidələr
tapılaraq tədqiq edilmişdir. Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham
Əliyevin Azərbaycan xalqının milli
mənafelərinə qulluq edən fəaliyyəti
nəticəsində dövlət müstəqilliyimiz möhkəmlənmiş,
iqtisadiyyatın inkişafı həyatımızın bütün sahələrinə öz təsirini göstərmişdir.
Dövlətimizin yaratdığı əlverişli imkan nəticəsində ölkəmizin uzaq keçmişinə olan
diqqət sayəsində arxeoloji abidələrin
tədqiq olunmasına geniş imkanlar yaranmışdır.
2008-ci il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkədə əsaslı arxeoloji ekpedisiyaların fəaliyyətini genişləndirmək və səmərəliliyinin artırmaq məqsədilə Prezidentin Ehtiyat Fondundan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna əlavə bir milyon manat məbləğində vəsaitin ayrılması Prezidentin xalqın qədim tarixinə xüsusi diqqət və qayğısının əyani sübutudur.
2008-ci ilin tədqiqat
mövsümündə Prezident sərəncamının
həyata keçirilməsi sahəsində
aparılmış elmi tədqiqat işlərinin
nəticəsi olaraq respublikanın bütün bölgələrində Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyalari fəaliyyət göstərmişlər.
Nəticədə xalqımızın qədim tarixini əks etdirən zəngin maddi mədəniyyət qalıqları və
abidələr aşkar edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin arxeologiya elminə və arxeoloji tədqiqatlara yüksək qayğısı nəticəsində altı cildlik Azərbaycan arxeologiyası yazılıb başa çatdırılmışdır. Azərbaycan arxeologiyasının birinci cildində respublikamızın ərazisində daş dövrü üzrə aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış arxeoloji, paleontoloji, paleoantropoloji tapıntılar arxeologiya elminin son nailiyyətləri əsasında şərh edilmişdir. Əsərdə Qarabağın dünya şöhrətli Azıx, Tağlar çoxtəbəqəli paleolit düşərgələri, Naxçıvanın Qazma, Lerikin Buzeyir, Qobustanın çoxtəbəqəli mezolit, neolit və qayaüstü təsvirləri tədqiq olunmuş və aryı-ayrı arxeoloji abidələrdən qeydə alınmış maddi mədəniyyət qalıqlarının texniki və tipoloji xüsusiyyətləri müəyyən edilmişdir.
Eyni zamanda,
Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar əsasında
respublikamızın ərazisində yaşamış ibtidai insanların meydana gəlməsi,
formalaşması, inkişaf mərhələləri,
əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq, təsərrüfatının
xüsusiyyətləri ibtidai
yaşayış tikililərinin yaranması, odun
kəşf olunması, öz istək və
arzularını qayalar üzərinə həkk
etməsi və Qarabağın arxeoloji mədəniyyətlərinin
xarakterik xüsusiyyətləri
araşdırılmışdır.
2012-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi texniki bazasının gücləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Arxeologiya və Etnoqrafiya İnstitutuna 2 milyon manat vəsait ayrılmışdır. Bu faktın özü də möhtərəm Prezidentimizin xalqımızın qədim tarixinin tədqiq olunmasına göstərdiyi qayğı və diqqətin parlaq sübutudur. Şübhə yoxdur ki, ölkəmizin ərazisində yeni aparılacaq arxeoloji tədqiqat işləri zamanı uzaq keçmişimizə aid yeni arxeoloji abidələrin qeydə alınıb tədqiq olunmasına zəmin yaranacaqdır.
Əsədulla
CƏFƏROV,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
şöbə müdiri, tarix elimləri doktoru
Elm .- 2023.- 10 fevral.- S.5.