Cəbi Bəhrəmov:
"Qərbi Azərbaycan tarixi ilə bağlı mənbələrin
toplanması, analizi və elmi dövriyyəyə gətirilməsi
qarşıya qoyulan əsas vəzifələrdəndir"
Məlum olduğu kimi, Azərbaycan
Respublikası Prezident İlham Əliyev Qərbi Azərbaycana
qayıdışla bağlı səsləndirdiyi fikirlərdə
bu torpaqlardan deportasiyaya, soyqırımına məruz
qalmış Azərbaycan əhalisinin taleyi ilə
bağlı son 200 illik tarix üzrə tədqiqatların
aparılması və Qərbi Azərbaycana qayıdış
konsepsiyasının hazırlanması göstərişini
verib. Artıq bu istiqamətdə genişmiqyaslı tədbirlərə,
fundamental tədqiqatların aparılmasına
başlanılıb.
Bununla əlaqədar
olaraq, AMEA Rəyasət Heyətinin qərarı ilə
akademiyada Qərbi Azərbaycanla bağlı üç
şöbə yaradılıb. AMEA-nın A.A.Bakıxanov
adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi
şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan
folkloru şöbəsi və Nəsimi adına Dilçilik
İnstitutunda Toponimika şöbəsi təşkil olunub.
Müsahibimiz AMEA-nın Tarix
İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin
müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov
rəhbərlik etdiyi şöbədə görülən
işlər, aparılan tədqiqatlar haqqında məlumat verib.
- Cəbi müəllim, bugünədək
Qərbi Azərbaycan tarixinin öyrənilməsi, bu bölgənin
tarixi coğrafiyasının yazılması istiqamətində
hansı işlər görülmüşdür?
- Əvvəlcə qeyd etmək
istərdim ki, tarixçi alimlərimiz istər Sovet
dövründə, istərsə də müstəqillik
dövründə Azərbaycanın milli mənafeyini əsas
tutaraq onun qorunması üçün əllərindən gələni
etmişlər. Ümumiyyətlə, Qərbi Azərbaycanla
bağlı tarixi məsələlər son 30 il ərzində
A.A.Bakıxanov adına Tarix İnstitutunun diqqət mərkəzində
olmuş, monoqrafiyalar və məqalələr
yazılmış, fəlsəfə doktoru və elmlər
doktoru elmi dərəcələrini almaq üçün
dissertasiyalar müdafiə
olunmuşdur. Tarix İnstitutunda Qərbi Azərbaycanla
bağlı əsaslı tədqiqatlara Azərbaycan
Respublikasının dövlət müstəqilliyi bərpa
edildikdən sonra başlanılmışdır. Məsələn,
İrəvan xanlığı haqqında geniş məlumat,
ilk dəfə olaraq 1993-cü ildə nəşr edilmiş
bir cildlik “Azərbaycan tarixi” kitabında öz əksini
tapmışdır.
1998-2003-cü illərdə nəşr
edilmiş 7 cildlik “Azərbaycan tarixi” kitabının 3, 4 və
5-ci cildlərində də bu barədə geniş məlumat
təqdim olunmuşdur. Çoxcildliyin bu cildlərində
Çuxur-Səəd bəylərbəyliyi, İrəvan
xanlığı, XIX əsrdə bu ərazilərin
işğalı, ermənilərin bu ərazilərə
köçürülməsi və məskunlaşdırılması
tarixi, İrəvan quberniyası, Qərbi Azərbaycan ərazilərinin
- İrəvan şəhəri və Zəngəzurun qərb
ərazilərinin ermənilərə güzəştə
gedilməsi, erməni-daşnak respublikasının
yaradılması, İrəvan quberniyası və Zəngəzurda
azərbaycanlı əhaliyə qarşı törədilən
soyqırımı cinayətləri məsələləri
öz əksini tapmışdır. Həmçinin
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSRİ ərazisindən deportasiya olunması, 1988-1991-ci illərdə
baş verən hadisələr ümumiləşmiş şəkildə
tədqiqata cəlb edilib. Daha sonralar, 2007-ci ildən Tarix
İnstitutunda İrəvan xanlığının tarixi ilə
bağlı tədqiqatlara başlanılıb. Bu
istiqamətdə tədqiqat aparan tarixçi alimlər
sırasında hazırda Qərbi Azərbaycan tarixi
şöbəsinin əməkdaşlarından olan
aparıcı elmi işçi, tarix üzrə fəlsəfə
doktoru, dosent Elmar Məhərrəmovun,
tarix üzrə fəlsəfə doktorları Elçin
Qarayev və Bəxtiyar Əhmədovun adlarını
çəkmək olar.
İrəvan xanlığı ilə bağlı kiçik bir kitab ilk dəfə 1996-cı ildə prof. F.Əliyev tərəfindən nəşr olunmuşdur. Qeyd etmək istərdim ki, Sovet dövründə İrəvan xanlığı ilə bağlı işıq üzü görmüş kitablarda bəzi təhriflərə yol verilmişdir. Bunun səbəbi həmin dövrdə fəaliyyət göstərən alimlərimizə olan təzyiqlər və mövcud olan senzura idi. Bir faktı da diqqətə çatdırmaq istərdim ki, bu dövrdə tarixçi alimlərimizdən birinə Ermənistan ərazisində Azərbaycan mədəniyyəti tarixi ilə bağlı doktorluq dissertasiyası mövzusu təqdim olunsa da, bu istiqamətdə tədqiqatların aparılmasına icazə verilməmişdir. Bu səbəbdən həmin illərdə bu ərazilərin tarixi ilə bağlı əsaslı tədqiqatlara rast gəlmək mümkün deyil. Yalnız 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra bu istiqamətdə tədqiqat işlərinə başlanılmışdır. Bu illərdə ömrünün böyük bir qismini İrəvan şəhərində yaşamış qocaman alim, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov tərəfindən çoxsaylı əsərlər yazılmağa başlanmışdır. Onun Sabir Əsədovla birgə ərsəyə gətirdiyi “Ermənistan azərbaycanlılarının acı taleyi”, eləcə də “Ermənistan zərbaycanlılarının tarixi coğrafiyası” və digər əsərlərini bunlara nümunə göstərmək olar.
Bundan başqa, vaxtilə Tarix İnstitutunda Azərbaycanlıların
deportasiyası və soyqırımı şöbəsi fəaliyyət
göstərirdi. Şöbənin rəhbəri isə
İsrafil Məmmədov olmuşdur. Hazırda bu şöbə
elmi qrup olaraq fəaliyyətini davam etdirir. Bu şöbənin
Qərbi Azərbaycanla bağlı çox sayda əsərlərin
yazılmasında böyük rolu olmuşdur. Həmçinin
t.ü.f.d., dos. Kamran İsmayılovun, t.ü.f.d. İlqar Niftəliyevin,
t.ü.f.d. Elmar Məhərrəmovun və mənim müəllifliyimlə
İrəvan quberniyasında və Zəngəzurda 1918-1920,
1948-1953 və 1988-1991-ci illərdə azərbaycanlı əhaliyə
qarşı törədilən
soyqırımlarla bağlı
kitablar və məqalələr nəşr
olunmuşdur. Dünya xalqlarının 8 dilinə
tərcümə olunan “İrəvan xanlığı, Rusiya
işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi” adlı monoqrafiya
2009-cu ildə işıq üzü görmüşdür.
2012-ci ildə bu monoqrafiya Dövlət mükafatına layiq
görülmüşdür. Bundan başqa, t.ü.f.d.
Elçin Qarayev və Nazim Mustafa İrəvan şəhərinin
tarixi, xanlıqda hökmranlıq etmiş sülalələr,
şəxsiyyətlər barədə geniş monoqrafiyaların,
şöbəmizin əməkdaşı t.ü.f.d. Ziyad
Əmrahov isə “İrəvan quberniyasının tarixi” əsərinin
müəllifidir.
- Şöbədə Qərbi Azərbaycanla
bağlı aparılan tədqiqatların əsas istiqamətləri
barədə məlumat verərdiniz.
- Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi
bütövlüyümüz bərpa olundu, Azərbaycanın
ağrılı problemlərindən olan Qarabağ məsələsi
birdəfəlik həll edildi. Hazırda Azərbaycanın
yeganə problemi öz əzəli və əbədi
torpaqları olan Qərbi Azərbaycan torpaqlarının həqiqi
sahiblərinə geri qaytarılması, vaxtilə bu torpaqlarda
yaşamış Azərbaycan əhalisinin
hüquqlarının bərpa olunmasıdır. Avropada XVI əsrdə
qəbul olunmuş və bütün xalqlara tətbiq olunan
legitimlik prinsipi mövcuddur. Bu prinsipin mahiyyəti ondan ibarətdir
ki, qədim zamanlardan müəyyən torpaqlarda məskunlaşmış
yerli əhalinin ərazisini bölmək, işğal etmək,
mənimsəmək yolverilməzdir. Azərbaycan
xalqının hüquqları pozulub, ərazisi iki hissəyə
bölünüb, ərazilərinə ona düşmən kəsilən
bir xalq köçürülüb və ona qarşı ən
ağır cinayətlərdən olan soyqırımı
törədilib. Xalqımızın pozulmuş
hüquqlarının, tarixi ədalətin bərpası
olduqca zəruri məsələlərdəndir.
Bu səbəbdən cənab
Prezident İlham Əliyev 2022-ci ilin 24 dekabr tarixində Qərbi
Azərbaycan İcmasının inzibati binasında həmin
bölgədən olan bir qrup ziyalı ilə
görüşündə Qərbi Azərbaycana
qayıdışla bağlı fəaliyyətin bu
torpaqların tarixi üzərində qurulmasının gərəkliliyini bildirmişdir. İclasda cənab
Prezident demişdir: “İndi baxın, görün, Cənubi Qafqazın
digər ölkələrinə – Azərbaycanda,
Gürcüstanda, bizim şəhərlərimizdə, əksər
şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər
var. İstər Bakı olsun, Gəncə olsun,
Naxçıvan, Şəki, Qəbələ, digər
bütün şəhərlərdə. Bəs, necə ola
bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə
suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona
görə ki, bu tarixi mərkəz Azərbaycan
xalqının tarixi irsi idi, hansı ki, onlar
dağıdıblar. Şəhərsalma adı altında
bütün tarixi binalarımız, o cümlədən İrəvan
qalası, Sərdar sarayı dağıdılıb. Yəni,
bütün bunlar göstərilməlidir. Yəni, siyasi və
hüquqi tərəfdən başqa, istənilən məsələdə
bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir.
Ona görə bizim işimiz bu tarix üzərində
qurulmalıdır”.
Təbii ki, bu torpaqlar Azərbaycanın doğma torpaqlarıdır. Bizim daha öncələr apardığımız tədqiqatlarda da bu, faktlarla sübuta yetirilib. 1918-ci ildə İrəvan şəhəri və onun ətrafında olan torpaqlar ermənilərə verilərkən Azərbaycan xalqının fikri öyrənilməyib, sorğu və ya referendum keçirilməyib, qərar qəbul edilərkən oradan seçilən üç deputatın - Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyovun etirazları qəbul edilməyib. Beləliklə, hər bir xalqın ümdə hüququ olan yaşamaq hüququ pozulub. Digər tərəfdən, Sovet Rusiyası 1920-ci ildə Azərbaycanı işğal etdikdən sonra xalqımızın razılığı olmadan həmin ilin noyabr ayından 1929-cu ilin fevralın 18-dək 20.8 min kv.km Azərbaycan SSR ərazisini Ermənistan SSR-ə güzəştə gedib. Buna görə də, bu məsələ xalqımızın ümummilli probleminin bir hissəsidir. Qərbi Azərbaycan bütöv Azərbaycanın bir hissədir. Bütün bu qeyd olunan məsələlər Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən görüşdə geniş müzakirə olunmuşdur. Görüşdə ölkə başçısının səsləndirdiyi əsas fikirlər həmin ərazilərin Azərbaycan xalqına qaytarılması, pozulmuş hüquqların bərpa edilməsi, ərazinin tarixinin yazılması və milli atlasın tərtib edilməsi, bu ərazilərlə bağlı bütün dövrlərə aid mənbələrin toplanılması və onların çeşidlənərək sistemləşdirilməsi, o cümlədən bu problemin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı idi. Biz bu istiqamətdə işlərə artıq başlamışıq. Dövlət başçısının çağırışlarına müvafiq olaraq, AMEA Rəyasət Heyəti akademiyanın 3 institutunda bu istiqamətdə fəaliyyət göstərəcək 3 şöbənin yaradılmasına dair qərar qəbul edib. Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinə rəhbərliyin mənə həvalə olunması qürurvericidir. Bu məsələnin ümummilli bir məsələ olduğunu nəzərə alaraq şöbəyə rəhbərlik olduqca məsuliyyətli işdir. Bu şöbəyə cəlb etdiyimiz mütəxəssislər müxtəlif dövrlər üzrə tədqiqatlar aparmış yüksəkixtisaslı kadrlardır. Bundan əlavə, şöbəmiz digər şöbələrlə birbaşa əlaqəli şəkildə fəaliyyət göstərməyə başlayıb.
Şöbədə aparılan tədqiqatların
əsas istiqamətlərini ən qədim dövrdən
bugünədək Qərbi Azərbaycanın tarixinin
araşdırılması, tarixi atlasın tərtib edilməsi
təşkil edir. Bu iki məsələnin həlli
üçün dünyanın müxtəlif ölkələrində
ayrı-ayrı dillərdə yazılmış elmi ədəbiyyatın
toplanması işləri həyata keçirilir. Həmçinin kütləvi informasiya vasitələrində
bu istiqamətdə çıxışlar, sənədli
filmlərin çəkilişi və s. tədbirlərin
görülməsi nəzərdə tutulur. Əminəm ki, həmkarlarımızla
birgə bu işlərin öhdəsindən layiqincə gələcəyik.
- Tədqiqatlar
zamanı ictimaiyyətə məlum olmayan yeni faktlar üzə
çıxıbmı?
- Bəli, İrəvan şəhərinin ermənilərə
verilməsi ilə bağlı müxtəlif fikirlərə
rast gəlmək mümkündür. Bəzi yazı və
çıxışlarda şəhərin guya 99 illik icarəyə
verildiyini, bəziləri isə həmin dövrdə beynəlxalq
vəziyyətin indiki kimi olmadığını qeyd edirlər.
Lakin ilk növbədə, tarixi faktlar araşdırılarkən
arxiv sənədlərinə istinad olunmalıdır. Dövlət
başçısı İlham Əliyev tarixi sənədlərlə
yaxından tanış olduğu üçün öz fikrini
hər zaman qətiyyətlə ifadə edir. Tarix hadisələri
olduğu kimi, faktlarla təqdim etməyi tələb edir.
Birinci məqam ondan ibarətdir ki, İrəvan
şəhəri ermənilərə verilərkən Azərbaycan
xalqına müraciət olunmamış, razılıq
alınmamışdır. Digər tərəfdən,
Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra
ölkəmizin 20.8 min kv. km ərazisini Ermənistana
vermişdir. 1988-ci il noyabr ayının 23-dən dekabrın
7-dək Sovet ordusunun iştirakı ilə bütün Qərbi
Azərbaycan ərazisindən, 22 rayondan azərbaycanılılar
deportasiya edilmişdir. Mən bu hadisənin şəxsən
şahidi olmuşam. Əlbəttə ki, bu məsələnin
bir çox məqamları tədqiqatlar zamanı aşkara
çıxarılacaq. Bəzən bir faktın sübut
olunmasına xeyli vaxt tələb olunur. Bu da təbiidir. Şəxsi
təcrübəmdən deyə bilərəm ki, bir tarixi
faktın aşkara çıxarılmasına 20 ildən
çox vaxt sərf etdiyim də olub.
1918-ci ilin iyununda Osmanlı Türkiyəsi
höküməti ilə Erməni-daşnak
Respublikasının üzvləri arasında imzalanmış
məxfi müqavilənin 6-cı maddəsində 4 bənd yer
alıb. Bu bəndlərdə Azərbaycan əhalisinin
hüquqlarının qorunmasından söhbət gedir. Lakin bu
müqavilənin şərtlərinə indiyədək əməl
olunmayıb. Bu faktların dünya ictimaiyyətinə
çatdırılması olduqca zəruri məsələlərdəndir.
1918-ci ilin may ayının 29-dək həmin ərazidə
Ermənistan adlanan beynəlxalq hüququn bir subyekti mövcud olmayıb. Ermənilər
və onların Rusiya Federasiyası, ABŞ, Fransa və Avropanın
bir sıra ölkələrindən, o cümlədən
İrandan olan havadarları iddia edirlər ki, ermənilər
bu ərazilərin yerli əhalisidir və bununla
saxtakarlığa əl atırlar. Bir faktı qeyd etmək
vacibdir ki, Azərbaycan ərazisində hazırda da bir
çox xalqlar yaşayır. Bu xalqlar ümumi Azərbaycan
dövləti ərazisində yaşayırlar, Azərbaycan
xalqının torpaqlarına göz dikməyiblər. Lakin ermənilər
öz havadarlarının təhriki ilə həmin illərdən
başlayaraq Qərbi Azərbaycan ərazisinə
köçürülərkən ərazi iddiaları ilə
çıxış etməyə başladılar. Bu, yolverilməz bir fakt olmaqla bərabər, həm də
cinayətdir. Əminəm ki, yaxın zamanda
apardığımız tədqiqatların nəticələri
olaraq ermənilərin bu ərazilərdə törətdikləri
genişmiqyaslı cinayətlərlə bağlı yeni
sübutlar üzə çıxacaq.
- Bildiyimiz kimi, şöbədə
Qərbi Azərbaycanın atlasının hazırlanması nəzərdə
tutulur. Atlasda hansı məlumatlar öz əksini tapacaq?
- Hazırlanması nəzərdə tutulan”Qərbi Azərbaycan tarixi atlası”nda qədim dövrdən bugünədək Qərbi Azərbaycan ərazisində baş verən ictimai-siyasi proseslər, ərazinin sərhədlərinin müəyyən edilməsi və bir çox digər faktlar öz əksini tapacaq. Hazırda bu istiqamətdə işlər görülür, mövcud xəritələr, mənbələr nəzərdən keçirilir. Atlasın akademik səviyyədə nəşrinə nail olmağı planlaşdırırıq. Çalışacağıq ki, əlimizdən gələn bütün imkanlardan istifadə edərək, mənbələrin toplanmasını tam şəkildə həyata keçirək. Bu işə şöbəmizin əməkdaşları ilə yanaşı, Azərbaycanın müxtəlif dövrlərdəki tarixini tədqiq edən digər şöbələrin əməkdaşları da cəlb olunub. Alimlərimiz tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, ermənilər bu ərazilərə XIX əsrin birinci yarısında, daha dəqiq desək, 1830-cu illərdən başlayaraq 1982-ci ilədək köçürülüb. Fransız əsilli rus məmuru İvan Şopenin, S.Qlinkanın, N.Şavrovun və başqa məmurların hazırladıqları sənədlərdə, o cümlədən SSRİ hökumətinin qəbul etdiyi qərarlarda bu faktlar açıq şəkildə öz əksini tapıb. XX əsrin əvvəlində, 1911-ci ildə rus məmuru N.Şavrov öz qeydlərində bildirib ki, bu ərazilərdə yaşayan 1 milyon 300 min erməninin bir milyonunu ruslar Qərbi Azərbaycan torpaqlarına köçürüb. Qeyd edim ki, ermənilərə neft sənayesində təmsil olunan bir sıra şirkətlər dəstək olmuşdur. Fransa və onun müttəfiqi olan dövlətlər bu gün də BMT, Avropa Şurası səviyyəsində anti-Azərbaycan fəaliyyəti ilə məşğuldurlar. Məlum olduğu kimi, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya Federasiyası sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. Etiraz aksiyaları bir aydan çox davam etməsinə baxmayaraq, Avropa ölkələri hələ də susur, bu məsələyə heç bir münasibət bildirmirlər.
Qeyd edim ki, AMEA Tarix İnstitunda Qərbi Azərbaycan
tarixi şöbəsinin yaradılması kampaniya xarakteri
daşıyan bir məsələ deyil. Bu
şöbənin yaradılmasında əsas məqsəd Qərbi
Azərbaycan torpaqlarının Azərbaycan xalqına məxsus
olduğu faktını bir daha sübut etmək, doğma vətənlərindən
məhrum edilmiş həmyerlilərimizin hüquqlarını
bərpa etməkdən ibarətdir. Daha bir faktı da
qeyd etmək istərdim. Apardığım tədqiqatlar nəticəsində
müəyən olunub ki, 1918-1920-ci illərdə Nobel
qardaşları erməni cinayətkar qruplaşmaları ilə
əlbir olub, vəsait ayıraraq silahlar alıb və erməni-daşnak
partiyasına göndəriblər. Beləliklə, Azərbaycan
xalqına qarşı cinayət törədilib. Bu barədə
Rusiya və Avropa alimləri də öz əsərlərində
qeyd ediblər. Bundan başqa, Nobel Sülh mükafatı
1938-ci ildə tarixin ən qəddar və cinayətkar siyasətçilərindən biri
A.Hitlerə, 1990-cı ildə isə Azərbaycanda 20 Yanvar
hadisələrini törətmiş M.Qorbaçova təqdim
olunub. Bu fakt Nobel qardaşlarının əsl simasını
üzə çıxarır. Bu ərazilərə
qayıdış tarixi ədalətin bərpası baxımından
çox önəmlidir.
Ermənilərin törətdikləri
ağılasığmaz və dəhşətli cinayətlərdən
biri də Qərbi Azərbaycanın tarixi ilə
bağlıdır. Bu ərazidə bütün toponimlərin
adları ermənilər tərəfindən dəyişdirilmişdir.
Təbii ki, bu ərazilər erməni
torpaqları olsa idi, bu addıma ehtiyac duyulmazdı. 1918-ci il
may ayının 30-dan 1920-ci il ilin noyabrınadək 17 ərazinin,
dağların, çayların, göllərin adı dəyişdirilib.
1920-ci ilin noyabrından 1936-cı ilədək 11, 1936-cı
ildən 1991-ci ilədək 850-dən çox ərazi
adı dəyişdirilib. Hazırda bu məsələlərin
aşkara çıxarılması üçün geniş
Fəaliyyət Proqramı tərtib olunub. Bundan
başqa, Fransa 1993-cü il aprel ayının 30-da BMT-də Kəlbəcərin
işğalı ilə bağlı qətnamə qəbul edərkən bu ölkənin səfiri
Jan Meryenin təşəbbüsü ilə “Ermənistan
Resublikası Silahlı Qüvvələri” sözü qətnamənin
mətnindən çıxarılaraq “yerli erməni hərbi
qüvvələri” yazılmışdır. Bu qüvvələri
silahlandıran isə Rusiya Federasiyası idi. 1994-1997-ci illərdə
1 milyard dollardan çox silahı təmənnasız Ermənistana
verən Rusiya Federasiyasının hərbi-siyası dairələri
olmuşdur. Xocalı faciəsinin
törədilməsində də Rusiya Federasiyasının
366-cı alayının cinayətkar rolu olmuşdur.
Azərbaycan xalqına Prezident İlham Əliyev kimi bir liderin rəhbərlik etməsi xalqımız üçün böyük xoşbəxtlikdir. İnanıram ki, dövlət başçımızın rəhbərliyi ilə Qərbi Azərbaycan problemi də tez bir zamanda öz həllini tapacaq. Mən Prezident İlham Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adının, “Şah İsmayıl” ordeninin verilməsi təklifi ilə çıxış etmişəm. Çünki millətinin Qarabağ kimi böyük bir syasi problemini həll edən lider xalqın milli qəhrəmanı adına layiqdir.
Vətən müharibəsində bir millət olaraq dəmir yumruq kimi birləşərək Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradə və qətiyyətlə Zəfər qazandığımız kimi, Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birlik sayəsində öz doğma torpaqlarımıza geri qayıdacağımıza əminik. Qəti inamla qeyd etmək istərdim ki, Qərbi Azərbaycana qayıdış mütləq baş tutacaq, Vətən müharibəsindəki tarixi Zəfərin davamı olaraq bu tarixi vətənimizə də dönüş mümkün olacaq.
Cənab Prezident İlham Əliyev RBK televiziya
kanalına müsahibəsində müxbirin “Müharibəni
dayandırmaq istəmirsinizmi?” sualına “…gizli deyil ki, bu
gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir.
Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin
edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin
edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla
dollar dəyərində texnikanı iki həftə ərzində
məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur.
Bütün bunlar Rusiyadan pulsuz göndərilir.
Qaz təchizatı Rusiyadan güzəştli
qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən
dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və
İranla sərhədini rusiyalı sərhədçilər
qoruyur. Əgər belə olmasaydı, sərhəd
boş qalardı. Ermənistana təsir
göstərmək üçün daha hansı ölkənin
bu qədər vasitələri var? Heç bir ölkənin…
” cavabını verib.
Ulu öndər Heydər Əliyev hər zaman öz nitqlərində
bir millətin, xalqın azad olmasının vacibliyini qeyd edib. Ümummilli Liderin 1997-ci ildə
səsləndirdiyi “Biz azadıq, müstəqilik, öz
taleyimizin sahibiyik. Biz öz gələcəyimizin,
sərvətlərimizin sahibiyik”- fikirləri onun Azərbaycançılıq
məfkurəsinə, milli dövlətçiliyə nə qədər
bağlı olduğunu nümayiş etdirir. Biz də bu
milli yolu davam etdirməli, bir vətəndaş olaraq bu yolda lazım gələrsə
canımızdan keçməyə hazır olmalıyıq.
- Son olaraq, gələcəkdə Qərbi
Azərbaycanla bağlı tədqiqatların genişləndirilməsi
üçün nə kimi tədbirlərin görülməsi
nəzərdə tutulur?
- Qərbi
Azərbaycan ərazilərinin arxeologiyası, etnoqrafiyası,
coğrafiyası, təbii sərvətləri, folkloru, dil məsələləri,
sənətkarlıq tarixi, ümumilikdə mədəniyyət
tarixi, o cümlədən əhalinin adət-ənənələri,
mətbəxi və s. geniş tədqiqatlara cəlb ediləcək.
Tədqiqatların kompleks şəkildə
aparılması nəzərdə tutulur. İlk
addım olaraq şöbə təşkil olunub.
Güman edirəm ki, gələcəkdə tədqiqat dairəsinin
genişlənməsi, bu məsələnin strateji və
ümummilli məsələ olması ilə əlaqədar
olaraq maddi-texniki bazanın genişləndirilməsinə
böyük ehtiyac duyulması nəzərə alınaraq bu
istiqamətdə elmi mərkəz yaradılacaq
Hazırda şöbədə 9 nəfər əməkdaş
fəaliyyət göstərir, həmçinin kənardan
mütəxəssislər bu işə cəlb olunur. Biz bu tədqiqatları əsaslı
şəkildə aparacağıq və nəticələri təqdim
edəcəyik
Qeyd etmək
istərdim ki, Qarabağın tədqiqində akademiklər –
Əbdülkərim Əlizadə Ziya Bünyadov, İqrar
Əliyev, Nailə Vəlixanlı, professorlar Məmmədəli
Şərifli, Məmmədəli Hüseynov, tarix elmləri
namizədləri İsaq Cəfərzadə, Saleh Qazıyev və
digər görkəmli alimlərimizin böyük xidmətləri
olmuşdur. Biz alimlər də Prezidentin
çağırışlarını əsas götürərək
tədqiqatlarımızı yüksək səviyyədə
həyata keçirirək Azərbaycan torpaqlarına qayıdış
proqramına öz tövhəmizi vermək
üçün var gücümüzlə çalışacağıq.
Nərgiz Qəhrəmanova
Elm.- 2023.- 19 yanvar.- S.7.