100 yaşını
qeyd edən Naxçıvan Muxtar Respublikası monoqrafik tədqiqatda
Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan
Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi
haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı
muxtar respublikaya göstərilən diqqətin təzahürü
olmaqla bərabər, həm də 100 illiyini qeyd etdiyimiz
Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi
inkişaf yolunun daha geniş öyrənilməsinə şərait
yaratmışdır.
AMEA-nın Naxçıvan Bölməsinin sədri,
akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar
Respublikasının yaranması və inkişaf tarixi” adlı
yeni monoqrafiyası işıq üzü görüb.
Monoqrafiya Naxçıvan Muxtar Respublikasının
yaradılmasının 100 illiyinə ithaf olunub. Əsərin
elmi redaktoru tarix elmləri doktoru, professor Qasım Hacıyev, rəyçiləri
AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli,
tarix elmləri doktoru, professor Oktay Sultanov və tarix elmləri
doktoru, dosent Fəxrəddin Cəfərovdur. İrihəcmli
monoqrafiya “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda
çapdan çıxıb.
Naxçıvan Muxtar Respublikasının yaranması
və inkişaf tarixinin xronoloji ardıcıllıqla işlənildiyi
əsər “Giriş”, 7 fəsil, “Nəticə”, “Ədəbiyyat”,
“Şəxsi adlar göstəricisi”, “Coğrafi adlar göstəricisi”
və “Əlavələr”dən ibarətdir.
Əsərin girişində Naxçıvan diyarının
Azərbaycan tarixindəki özünəməxsus rolu,
muxtariyyətin qazanılması ərəfəsində və
sonrakı dövrdə mövcud vəziyyət qısa şərh
olunur, bölgədə cərəyan edən mühüm
ictimai-siyasi hadisələrə ümumi nəzər yetirilir.
Muxtariyyət tarixini araşdıran tədqiqatçılar,
öyrənilən problemlər qeyd olunur. Vurğulanır ki,
monoqrafiyanın yazılmasında əsas məqsəd Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzaladığı Sərəncamdan irəli gələn vəzifələrə
uyğun yeni bir monoqrafiyanın hazırlanması olmuşdur.
Çünki Naxçıvan diyarının muxtariyyət
statusu əldə etməsi və bu əsasda muxtar
respublikanın yaradılması Azərbaycan dövlətçiliyi
tarixində, Azərbaycanın tərkibində tarixi əhəmiyyətə
malik şərəfli yol keçməsi ilə
bağlıdır.
Monoqrafiyanın ilk fəsli “Naxçıvan Azərbaycan
Xalq Cümhuriyyəti dövründə” adlanır. Fəslin əhatə
etdiyi 5 yarımfəsil Naxçıvan əhalisinin Azərbaycanda
dövlətin bərpası uğrunda mübarizəsindən,
bölgənin Xalq Cümhuriyyəti ilə əlaqələrindən,
Türkiyənin Naxçıvana siyasi-hərbi
yardımından, İngiltərə və ABŞ-nin
Naxçıvanla bağlı yürütdükləri ikili
siyasətdən, həmçinin ermənilərin
Naxçıvana qarşı irəli sürdükləri ərazi
iddiaları və törətdikləri soyqırımı
siyasətindən bəhs edir.
“Araz-Türk Cümhuriyyətinin yaranması, fəaliyyəti
və süqutu” başlıqlı ikinci fəsildə 1918-ci
ilin payızında bölgədə hökm sürən vəziyyət
nəzərə alınaraq regionda yeni bir dövlət
strukturunun yaradılması məsələsinin gündəmə
gəlməsindən, Araz-Türk Respublikasının fəaliyyətindən,
bölgədəki vəziyyətdən yararlanaraq
torpaqlarımız hesabına “ərazilərini” genişləndirmək
arzusunda olan daşnaklara qarşı mübarizəsindən bəhs
olunur. Müəllif burada Araz-Türk Cümhuriyyəti ilə
bağlı təhrifə uğramış, yaxud tarix elmi
üçün müəmməlı bəzi məsələlərə
aydınlıq gətirir.
Monoqrafiyanın üçüncü fəsli
“Naxçıvanda Sovet hakimiyyətinin qurulması, muxtariyyət
statusu və Naxçıvan MSSR-in təşkili” mövzusunu əhatə
edir. Bölgədə Sovet idarəçiliyinin tətbiqindən
başlayaraq Naxçıvanın Azərbaycanın tərkibində
qorunub saxlanması üçün görülən işlər,
Moskva və Qars beynəlxalq müqavilələrinin
bağlanması, Naxçıvan MSSR-in təşkili və
Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi
statusu məsələləri qeyd etdiyimiz fəsildə
geniş tədqiq olunub.
“Naxçıvan MSSR XX əsrin 20-30-cu illərində”
adlanan dördüncü fəsil sovet hökumətinin tətbiq
etdiyi məcburi kollektivləşdirmə siyasətindən,
sonrakı illərdə sənayedə qeyd alınan bərpa və
inkişafdan bəhs edir. Əhalinin mənafeyinə zidd qərarların
qəbul olunmasının səbəb olduğu
narazılıqların böyüyərək üsyana
çevrilməsi, əhaliyə qarşı aparılan repressiya
siyasəti tədqiqata cəlb olunub.
Əsərin növbəti iki fəsli müvafiq olaraq
“Naxçıvan Muxtar Respublikası 1941-1945-ci illər
müharibəsi dövründə” və “Naxçıvan
Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni
inkişafı (1946-1990)” adlanır. Burada hər zaman
mübarizliyi ilə fərqlənən
naxçıvanlıların 1941-1945-ci illərdə
müharibənin ən qızğın cəbhələrində,
habelə arxa cəbhədəki fəaliyyəti diqqətə
çatdırılır. Müharibədən sonrakı
dövrdən 1990-cı ilə qədər muxtar
respublikanın ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni
inkişafı əsaslı təhlil olunur, əldə olunan
uğurlar nəzərdən keçirilir.
Muxtar respublikanın müstəqilliyimizin bərpası
ərəfəsindəki durumunun və günümüzədək
inkişafının araşdırıldığı sonuncu
fəsil “Naxçıvan Muxtar Respublikası müstəqillik
illərində (1990-2024)” başlığı
daşıyır. İsmayıl Hacıyev 1990-1993-cü illəri
Naxçıvan tarixində Heydər Əliyev dövrü
adlandırır. Nəinki Naxçıvan,
bütövlükdə Azərbaycan üçün
mühüm tarixi əhəmiyyət kəsb edən həmin
dövrdə Ulu Öndərin işğal olunmaq təhlükəsi
ilə üzləşən bölgənin müdafiəsi, əhalinin
aclıq və səfalətdən xilası üçün
gördüyü işlər diqqətə
çatdırılır. Burada muxtar respublikanın əsası
Ümummilli Lider tərəfindən qoyulmuş inkişafı
dövrü hərtərəfli öyrənilir.
Əsərin “Nəticə”sində sistemli
araşdırılan məsələlər, aparılan təhlillər
ümumiləşdirilir. Monoqrafiyanın ərsəyə gəlməsində
250-ə yaxın Azərbaycan, türk, ingilis, rus dillərində
elmi ədəbiyyat və arxiv sənədlərindən
istifadə olunub.
Tədqiqat əsərində işlənən şəxs
adlarının və coğrafi adların əlifba
sırası ilə monoqrafiyanın sonuna əlavə
olunması kitabda adlara əsasən axtarış
aparmağı, müəyyən məsələləri təhlil
etməyi asanlaşdırır.
Əsərdəki “Əlavələr” bölməsində
Moskva və Qars müqavilələrinin Naxçıvana aid
olan maddə və əlavələri, Naxçıvanın
idarəsi ilə bağlı qəbul olunan qətnamələr,
iclas protokalları, mühüm dövlət qərarları,
həmçinin muxtar respublikanın 25, 40, 50, 60, 75, 80, 85, 90 və
100 illik yubileylərinin qeyd edilməsi haqqında qərar və
sərəncamlar verilib. Yanaşı olaraq Naxçıvan
Araz-Türk Respublikasının, eləcə də muxtar
respublikanın Moskva və Qars müqavilələri ilə təsbit
olunmuş, həmçinin müasir dövrdəki ərazi xəritələri,
muxtariyyətin qazanılmasında və formalaşmasında
böyük xidmətləri olmuş şəxsiyyətlərin
fotoşəkilləri monoqrafiyaya daxil edilib.
Elm .- 2024.- 7 noyabr(№36).- S.8.