“Naxçıvan
etnoqrafiyası”nın II cildi çapdan çıxıb
İkicildlik “Naxçıvan etnoqrafiyası”
monoqrafiyasının ikinci cildi işıq üzü
görüb.
Monoqrafiyanın elmi redaktoru akademik İsmayıl
Hacıyev, redaksiya heyətinin üzvləri isə AMEA-nın
müxbir üzvləri, professor Hacıfəxrəddin Səfərli,
professor Vəli Baxşəliyev, mərhum etnoqraf alim Hacı
Qadir Qədirzadə, tarix üzrə fəlsəfə doktoru,
dosent Asəf Orucov və tarix üzrə fəlsəfə
doktoru Aytəkin Qəhrəmanovadır.
“Naxçıvan etnoqrafiyası” ikicildliyi
Naxçıvan diyarının milli-mənəvi dəyərlərinin
araşdırıldığı maraqlı və sanballı
çoxmüəllifli tədqiqat əsəridir. Monoqrafiyada
ailə, ailə məişət, ictimai məişət məsələləri,
bayramlar, mərasimlər, xalq yaradıcılığı,
xalq təbabəti, xalq arasında istifadə olunan çəki
və ölçü vahidləri, arxaik inanclar, qədim dini
ayinlər kimi maraqlı mövzular tədqiq olunub. Tarixin
müxtəlif mərhələlərində
Naxçıvanda elm və təhsilin inkişafı, habelə
müstəqillik illərində maddi və mənəvi irsə
münasibət məsələlərinin təhlili və tədqiqi
də araşdırmaların bir hissəsini təşkil edir.
9 fəsildən ibarət kitabın ilk fəsli “Ailə
və ailə məişəti” adlanır. İlk fəslə
5 yarımfəsil daxildir. Burada ailə məfhumunun mənəvi
dəyərlərin qorunmasında rolu, ailənin strukturu,
funksiyaları, onun forma və tipləri əhatəli təsvir
olunmuş, sadə və mürəkkəb ailələr, təkrar
ailə, təknəsilli, üçnəsilli ailələr,
habelə ailədaxili münasibətlər geniş təhlil
edilmişdir. Toplanmış etnoqrafik materiallar əsasında
nikah münasibətlərinin və nikahın formaları
qruplar üzrə öyrənilmişdir. Toy, dəfn və yas
mərasimləri bağlı adətlər, uşaqların
doğulması və tərbiyəsi ilə bağlı
inanclar geniş təsvir olunmuşdur.
Monoqrafiyanın “Xalq bayram və mərasimləri” və
“Dini bayram və mərasimlər” adlanan növbəti fəsillərində
Susəpən, Çillə gecəsi, Kiçik çillə,
Günəşbanu, Nuhdaban, Xıdır Nəbi mərasimi, eləcə
də folklor və etnoqrafiyamızda xüsusi yeri olan Novruz
inanc və mərasimləri əhatəli şərh
olunmuşdur. Qurban bayramında, Ramazan və Məhərrəmlik
aylarında icra olunan Orucun 15-i, Ələm gəzdirmə,
Ömər bayramı mərasimləri etnoqrafik materiallara əsaslanmaqla
izah olunmuşdur.
“Xalq
yaradıcılığı və ictimai məişət”
başlıqlı dördüncü fəsildə milli mədəniyyətimizin
aparıcı qolu olan musiqi ifaçılığı, xalq
mahnıları, aşıq yaradıcılığı ilə
bağlı diqqətçəkən məlumatlar yer
almışdır. Qeyd etdiyimiz fəsildə mərasim və
ayinlər zamanı icra olunan rəqslər, yallı rəqsləri
barədə ətraflı təhlillər
aparılmış, diyarın yetirdiyi aşıq sənətinin
seçilən nümayəndələri, tanınmış
musiqiçilər haqqında məlumat verilmişdir. “Oyun və
əyləncələr” adlanan yarımfəsildə uşaq
oyunlarının uşaqlarda təfəkkürün, ilkin
dünyagörüşünün, əxlaqi
anlayışların formalaşmasına təsirlərinə
diqqət çəkilmişdir. Həmin oyunlar
uşaqların yaşı və cinsi nəzərə
alınmaqla üç qrupda
araşdırılmışdır. Yanaşı olaraq
Naxçıvan əhalisinin sahib olduğu qonaqpərvərlik
ənənəsindən və əmək prosesində
qarşılıqlı yardım formalarından bəhs
olunmuşdur.
“Elm və təhsil” fəslində
bölgədə elm və təhsilin keçdiyi inkişaf
yolu nəzərdən keçirilmiş, “Xalq təbabəti və
ya türkəçarə” adlanan VI fəsildə isə
Naxçıvanda bitkilərdən, heyvan mənşəli məhsullardan,
mineral tərkibli maddələrdən və mədən
sularından təbii müalicə məqsədilə istifadə
qaydaları, bəzi xəstəliklərin türkəçarə
ilə müalicə üsulları qeyd olunmuşdur.
“Xalq çəki və
ölçü vahidləri”indən bəhs edən fəsildə
isə ölçü və çəki vahidlərinin
öyrənilməsinin etnoqrafiya elmində
aktuallığı diqqətə
çatdırılmış, xalq arasında qismən də
olsa işlədilən, yaxud arxaikləşmiş addım,
qulac, qarış, arşın, ağac, fərsəng,
xışma, batman, misqal, xalvar, hoqqa, tağar və başqa
vahidlər barədə məlumat verilmişdir.
Əsərin “Arxaik inamlar və qədim dini ayinlər”
başlığı daşıyan növbəti fəslində
arxaik inamlarda mifik varlıqlarla bağlı inamların
mövcudluğu məsələsi izlənilmiş,
toplanmış materiallar əsasında insanların,
heyvanların, ev və təsərrüfatın qorunması ilə
bağlı inanclardan ətraflı bəhs olunmuşdur.
“Müstəqillik illərində maddi və mənəvi
irsə münasibət” adlı sonuncu fəsildə milli-mənəvi
dəyərlərimizin qorunmasında dövlət amilinin
vacibliyi vurğulanmış, etnoqrafik materiallarla bağlı
aparılan tədqiqatlar, əldə olunan uğurlar nəzərdən
keçirilmişdir.
Qeyd edək ki, əsərin ərsəyə gəlməsində
220 mənbədən istifadə olunub. Kitabdan ümumiləşdirici
əsərlərin, dərs vəsaitlərinin, xüsusi nəşrlərin
hazırlanmasında istifadə edilə bilər.
İnanırıq ki, “Naxçıvan etnoqrafiyası” bu
gün unudulmaqda olan, yaxud çox az bilinən etnoqrafik bilgilərin
təbliğində və gələcək nəsillərə
ötürülməsində dəyərli mənbə rolu
oynayır.
© Bütün
hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən
www.science.gov.az saytına istinad zəruridir.
Elm .- 2024.- 15 noyabr(№37).- S.8.