Qərbi Azərbaycanın
mənimsənilməyə cəhd edilən mədəni irsi
- Qız qalası
Ermənilərin ermənicə tərcümədə
“Axçka Berd” adlandırdıqları Qız qalası Qərbi
Azərbaycanın (indiki Ermənistan) Tovuz mərzi deyilən ərazisində
yerləşir. 1995-ci ildə ermənilər tarixi
saxtakarlığa yol verərək ərazinin adını dəyişib
“Tavuş” adlandırıblar. Ermənilərin sahib
çıxmaq istədikləri Qız qalası abidəsinin
kimə məxsus olması və nə məqsədlə, kim
tərəfindən tikildiyini öyrənmək
üçün qalanın adına nəzər salaq.
"Qız" sözünün qədim mənalarını
araşdıranda məlum olur ki, bu, erməni mədəniyyətindən
çox uzaqdır. Belə ki, erməni lüğətlərində
tapılmayan bu sözə qədim türk sözlüklərində
rast gəlinir. Məlum olur ki, qədim türk sözlüklərində
“qız” sözünün iki mənası olub: biri gənc
qadın, digəri isə quzğun (yırtıcı quş).
Bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun əməkdaşı Faiq
İsmayılovun “Qərbi Azərbaycanın mənimsənilməyə
cəhd edilən mədəni-irsi - Qız qalası” adlı məqaləsində
yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Qədim türklər qartal, quzğun, şahin kimi
yırtıcı quşları totem və onqonlarına daxil
etmişdilər. Türklər bu quşlara xilaskar, qoruyucu kimi
baxırdılar və yaşadıqları yerlərə hətta
övladlarına da bu quşların adlarını verirdilər
ki, totem və onqonlar onları qorusunlar. Məhz bu baxımdan
Qız qalasının adının da bu inamdan
yarandığı ehtimalı daha uyğun görünür.
Hələ Hun dövründən məlum olan “qırqız”
etnonimində də “qız” sözü “quzğun” mənasında
işlənib. “Qır” sözü isə indi də türk
dillərinin çoxunda “bozqır”, “səhra”, “çöl”
kimi mənalandırılır. Ehtimal etmək olar ki,
qalanın qır-qız - yırtıcı çöl
quşu adlandırılması türk mənşəyinə
uyğunluğunu sübut edir. Eyni zamanda, bu ad xalqın əzmkarlığını,
iradəsini, cəsurluğunu, döyüşkənliyini ifadə
edir ki, bu da yalnız türk xalqlarına aid xarakterdir.
Qız qalası meşə ilə örtülü
gözəl görüntülü Araxçan çayı ətrafındakı
dağ zirvəsində tikilib. Qalanın ətrafı
sıldırım qayalar, hündür mühafizə
divarları və qüllələrlə əhatə olunub.
Qala iki hissədən - yuxarı qala və aşağı
qaladan ibarətdir, təxminən 10 hektar ərazini əhatə
edir. Qalanın Şimal hissəsində çoxlu sayda bina
xarabalıqları öz mövcudluqlarını indi də
qoruyub saxlayır.
Hazırda Qız qalası barədə erməni alimlərinin
uydurduqları nağıl və rəvayətlərin
heç biri reallığı əks etdirmir. Belə ki, Azərbaycanın
bu mədəni irs nümunəsini mənimsəmək
üçün, erməni rəvayətlərinin və hətta
“tədqiqatlarının” heç birinin elmi əsası
yoxdur. Hətta ermənilərin qala barədə bir mənbədə
uydurduqları, digər erməni mənbələrində elə
özləri tərəfindən təkzib olunur. Erməni mənbələri
qalanın adının “Cayenne” olduğunu iddia edir və monqol
işğalı zamanı işğalçılara tabe
olmayan erməni qız özünü qaladan çaya atıb
öldürür. Bundan sonra “Cayenne” qalası, “Qız
qalası” adlandırmağa başlayırlar. Erməni məlumatından
belə məlum olur ki, qala monqol işğalından öncə
mövcud olub. Qalanı sonralar monqollar işğal ediblər.
Lakin digər erməni mənbələrində qalanın XII əsrdə
tikildiyini iddia edirlər. Bu iddia qalanın monqol
işğalı dövrü mövcud
olmadığını göstərir. Ermənilərin də
iddia etdikləri kimi qala XII əsrdə tikilibsə, həmin
dövr, yəni, XII-XIII əsrlərdə bu ərazilər Səlcuq
İmperiyasının tərkibində olub. Həmin dövrdə,
Səlcuq Dövləti xarici təcavüzlərdən qorunmaq
üçün, nəzarət etdikləri ərazilərdə
bir çox istehkamlar, qalalar tikirdilər ki, onun biri də Tovuz
mərzində yerləşən Qız qalasıdır.
Abidənin memarlıq quruluşunun müayinəsi
zamanı onun həqiqətən də XII-XIII əsrlərdə
Səlcuqlar tərəfindən tikildiyini ehtimal etmək olur.
Lakin ermənilər bu qalanın da divar yazılarını, qəbirüstü
abidələri, qala daxilindəki tikintilər üzərindəki
elementləri dağıdaraq qala haqqında bütün məlumatları
məhv ediblər. Üzərindəki divar
yazılarının silinməsi abidəni öz tarixindən
məhrum etmək məqsədi daşıyır və bu, ermənilər
tərəfindən törədilən növbəti vandalizm
aktıdır.
Göründüyü kimi, bu abidəni öz mədəni
irslərinə aid etmək üçün ermənilərin
iddialarının heç bir əsası yoxdur. Belə ki, XX əsrin
əvvəllərində Azərbaycan torpaqları üzərində
Rusiya tərəfindən suverenliyi elan olunan Ermənistan bu ərazilərdəki
daşınan və daşınmaz mədəni irs nümunələrini
mənimsəməklə özlərinə saxta tarix
yaratmağa cəhd edib.
Faiq İsmayılov
Elm .- 2024.- 22 noyabr(№38).- S.8.